Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-87/2023 11.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X1, onun nümayəndəsi Müdafiəçi2 və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1952-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Təzəkənd kəndində qeydiyyatda olub həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 iyun 2022-ci ildə saat 22:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E240» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Yolüstü kəndi ərazisindən keçən 16-cı kilometrində, Salyan istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, hərəkəti istiqamətində yolun sağ kənarından sərxoş vəziyyətdə iti yerişlə səndələyə-səndələyə sola doğru çəpəki keçən piyada X3 avtomobilin qabaq sağ tin hissəsi ilə hərəkət hissədə vurmuş, nəticədə ehtiyatsızlıqdan Fəxrəddin Cavadov baş beynin diffuz travması-sol gicgah sümüyünün sınığı, baş beyin maddəsinə qansızma, sol baldır sümüklərinin açıq sınıqları kimi dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almış, nəticədə Fəxrəddin Cavadovun ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 25 iyun 2022-ci il tarixdə bacısı oğlu Şirvan şəhərində toy etmiş, həmin toyda iştirak etmək üçün o, oğlu Fuad, gəlini Ulduz, azyaşlı nəvələri Mədinə, Əli və Feyruz birlikdə idarə etdiyi avtomobillə oraya getmişlər. Sürücülük vəsiqəsinin müddəti bu ilin aprel ayında bitmiş, lakin özünün bundan xəbəri olmamışdır. Avtomobili hər zaman qaydasında sürmüş, bu səbəbdən onu heç pir polis saxlamamışdır. Toyda iştirak etdikdən sonra saat 22 radələrində onlar evə qayıtmaq üçün yola düşmüşlər. Avtomobili özü idarə etmiş, Fuad qabaq sağ oturacaqda, Ulduz isə uşaqlarla birlikdə arxa oturacaqda əyləşmişdir. Saat 22:30 radələrində onlar Salyan rayonu Yolüstü kəndi ərazisindən keçən hissəsi ilə 40-50 km/saat sürətlə Salyan istiqamətinə hərəkətdə olmaqla yolun sol kənarındakı şadlıq sarayının qarşısından keçdikləri vaxt görmüşdür ki, yolun sağ kənarında dayanmış daş satan yük avtomobillərin arasından bir nəfər piyada yola çıxmışdır. Həmin piyadanı 2-3 metr məsafədə görmüş, piyada qəfil yola çıxaraq, özünü maşına tərəf atmışdır. Özü heçnəyə fürsət tapmamış, piyada birdən-birə telefon qulağında girmiş maşının altına. O, həmin piyadanı vurmuş, daha sonra avtomobili on metr qarşıda saxlamış və tez ona yardım etmək üçün avtomobildən düşərək yaxınlaşmışdır. Bu zaman həmin yerə toplaşmış adını bilmədiyi şəxslər onu vurrub, döymüşlər. Buna baxmayaraq, oradakı şəxslərin köməkliyi ilə piyadanı tanımadığı VAZ-2107 minik markalı avtomobilə qoyub Şirvan şəhər xəstəxanasına yola salmışdır. Özüdə başqa maşınla arxasınca getmişdir. Xəstəxanaya çatdıqda Azər həkimi görmüş, ondan əlindən gələni etməsini xahiş etmişdir. Lakin həkim artıq gec olduğunu bildirmişdir. Bundan sonra o, hadisə yerinə qayıtmış və sənədlərini ora gəlmiş müstəntiq və polis əməkadaşlarına təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etməklə piyadanın vurulduğu yeri göstərmiş, onlar isə ölçüb-biçmişlər, sonra maşını aparmışlar. Uşaqları da başqa maşınla evə yola salmışdır. Müstəntiq isə onu ekspertizaya aparıb içkili olub-olmadığını yoxlamışdır. Səhərisi gün isə zərərçəkmişin yasına getmişlər, lakin onları həyətə buraxmamışlar, onlar isə qəbirstanlığa gedərək dəfndə iştirak etmişlər. Həmin vaxt oğlu və kənddən on nəfər kişi qohum-əqraba yasa getmişdir. Dəfndən sonra da hər gün onların evinə getmişlər, yasda iştirak etmişlər. Özü isə zərərçəkmiş tərəfin tələbi ilə 3000 manat hüzrə çəkilən xərci, 4500 manat baş daşının xərcini, əlavə olaraq zərərçəkmiş şəxsin arvadının yol xərcini ödəmək məqsədilə 500 manat pul ödəmişdir. Cəmi 8000 manat pul ödəmiş, məqsədi onlarla barışıq əldə etmək olmuş, həmin pulları kartla köçürmə vasitəsilə onlara çatdırmışdır. Müstəntiqə isə istintaq zamanı onlara daha 5000 manat pul verə biləcəyini bildirmiş, lakin zərərçəkmiş şəxs barışmamışdır. Çünki ondan 50 000 manat barışıq üçün pul tələb etmişlər. Daha sonra isə müəyyən məbləğə gəlmək üçün təkliflər verməyini tələb etmişlər. Zərərçəkmişin arvadı ilə gələn iki nəfər kişi, həmin qadının qayınları ilə bu məsələlər barədə dəfələrlə danışmışlar, lakin onlar külli miqdarda pul tələb etdiklərindən, həmin pulu ödəməyə maddi imkanı olmadığından, aralarında barışıq əldə edilməmişdir. Özü ağır şəkər xəstəsidir, yaşlıdır, hadisənin təsirindən ayağında qanqren olmuş, iki barmağı kəsilmişdir. Əməlindən çox peşmandır, sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmamışdır, piyadanın ölümünə görə isə böyük təəssüf hissi keçirir, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs hadisə anında hərkət sürətinin 40-50 km/saat yox, 55-60 km/saat olduğunu bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, saat 22:30 radələrində onlar Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Yolüstün kəndi ərazisindən keçən hissəsi ilə 40 km/saat sürətlə Salyan istiqamətinə hərəkətdə olmaqla yolun sol kənarındakı "Azəri" şadlıq sarayının qarşısından keçdikləri vaxt görmüşdür ki, yolun sağ kənarında dayanmış yük avtomobillərin arxasından təxminən 40-45 yaşlarında kişi piyada iti yerişlə səndələyə-səndələyə çəpinə yola çıxmışdır. O, tormozdan istifadə edib avtomobili yolun sola doğru istiqamətləndirməyinə baxmayaraq avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin alın şüşəsinə dəyərək yolun kənarına düşmüşdür. O, avtomobilin bir qədər qarşıda saxlamış və tez avtomobildən düşərək piyadaya yaxınlaşmış, piyada baş nahiyəsindən xəsarət almış, yerdə uzanıqlı vəziyyətdə hərəkətsiz qalmışdır. Piyadanı yolun sağ kənarındakı yük avtomobillərən arxasından yola çıxaraq vurulduğu yerə kimi çəpinə qədər təxminən 5-6 metr məsafəni iti yerişlə səndələyə-səndələyə qət etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, idarə etdiyi avtomobilinin sürət həddinin daha çox olduğunu, piyadanın isə qəfildən Kamaz markalı avtomobillərin arxasından yola çıxdığını, həmin vaxt onunla aralarındakı məsafənin iki metr olduğunu, müstəntiqə isə elə ifadə vermədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci ildə saat 22:30 radələrində o, əri Fəxrəddin və oğlu ilə birlikdə yaşadığı Yolüstü kəndi ərazisindəki Azəri şadlıq sarayında keçirilən toy məclisində iştirak etmişlər. Hadisədə elə həmin şadlıq sarayının qarşısında baş verib. Toyda olduqları vaxt əri Fəxrəddin çölə çıxmış, təxminən 5 dəqiqə sonra ona bildirmişlər ki, Fəxrəddini yolda avtomobil vurub. Xəbəri eşidən kimi dərhal yola qaçmış və görmüşdür ki, Fəxrəddin yolun kənarında uzanıqlı vəziyyətdə qalıb. Həmin vaxt ərinə yaxınlaşmış onu çağırmışdır. Daha sonra onu avtomobilə qoyub Şirvan şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər müayinə edib Fəxrəddinin öldüyünü bildirmişlər. Bundan sonra Fəxrəddinin meyiti onlara təhvil verilmiş və səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı Salyan rayonu Yolüstü kənd ərazisindəki qəbirstanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, Salyan rayonu Təzəkənd kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Fəxrəddini vurmuşdur. Eşitmişdir ki, ərini avtomobil durduğu yerdə vurub. Hadisə yerində isə daş maşınlarını görməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs qohumları yas mərasiminə gəlmişlər, dəfndə iştirak etmişlər. Sonradan isə mərhumun üç mərasimində də iştirak etmişlər, cümələrdə isə özü orada olmadığından gəlməkləri barədə də məlumatı yoxdur. Yas xərci, baş daşına görə isə ümumilikdə 8000 manat Təqsirləndirilən şəxs tərəfindən pul ödənilmişdir. Onlar yasın maddi xərclərin ödəsələr də, lakin Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, ondan şikayətçidir, çünki onlar yerdə qalan məsələlərlə bağlı maraqlanmamışlar, özünün üç övladı var, qaynana, qaynatası yoxdur, ailəni yeganə dolandıran şəxs isə əri olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs tərəfindən onlara köməklik göstərilməlidir. Özü Təqsirləndirilən şəxs müəyyən məbləğ istəyir, uşaqların saxlanılması üçün Təqsirləndirilən şəxs gəlib həmin məbləği razılaşdırmalıdır. Bu səbəbdən də, onunla barışmır, barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa zərəçəkmiş şəxsin hüquqi varisi çıxışında qəzanı Təqsirləndirilən şəxs yox, onun oğlu tərəfindən törədildiyini, odur ki, Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə hadisə baş vermişdir. Həmin vaxt o, atası Əlmaid, gəlinləri Ulduz, qardaşı oğlu Feyruz, qızı Mədinə, oğlu Əli ilə birlikdə atasının idarə etdiyi avtomobillə Şiravan şəhərində keçirilən toy məclisindən çıxıb evə qayıtmaq üçün yola düşmüşlər. Avtomobili atası idarə etmiş, o, qabaq sağ oturacaqda, Ulduz isə uşaqlarla birlikdə arxa oturacaqda əyləşmişdir. Saat 22:30 radələrində Salyan rayonu Yolüstü kəndi ərazisindən keçən hissəsi ilə hərəkətdə olduqları vaxt yolun sol kənarında dayanmış daş satan yük avtomobillərin arxasından bir nəfər kişi piyada birdən-birə özünü atmış maşının qabağına, piyada qəfildən gözlənilməz halda yola çıxdığından atası isə maşınla onu vurmuşdur. Piyada həmin vaxt özünü iti sürətlə asfalta atmış, hadisənin qarşısını almağa atasının imkanı olmamışdır. Sonra atası avtomobili bir qədər qarşıda saxlamış və tez avtomobildən düşərək piyadaya yaxınlaşmışdır, uşaqlar qorxub ağladığından özü maşında onlarla qalmış, daha sonra uşaqları başqa maşınla evə yola salıb hadisə yerində qalmışdır. Atası isə həmin piyadanı başqa maşınla xəstəxənaya yola salmış, özləridə arxasınca xəstəxanaya getmişlər. Hadisədən sonra piyada vəfat etmişdir. Daha sonra barışıq və baş sağlığı üçün dəfələrlə dəfndə, yas mərasimlərində iştirak etmişlər. Hüzrün yeddisindən sonra zərərçəkmiş tərəf onu çağırmış, barışıq üçün pul tələb etmişlər, şəxsən özü kart vasitəsilə 8000 manat pul göndərmişdir. Lakin, onlar barışıq üçün daha çox pul tələb edirlər, onların tələblərini ödəməyə isə maddi gücləri yoxdur. Onlarla barışıq üçün dəfələrlə cəhd etmiş, lakin çox pul tələb etdiklərdən aralarında razılıq əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə o, qayınatası Əlmaid, qaynı Fuad, Fuadın azyaşlı qızı Mədinə, oğlu Əli və onun öz oğlu Feyruz birlikdə qayınatası Əlmaidin idarə etdiyi avtomobillə Şiravan şəhərində keçirilən toy məclisində iştirak etmişlər. Toyda iştirak etdikdən sonra saat 22 radələrində onlar yaşadıqları Salyan rayonu, Təzəkənd kəndinə evə qayıtmaq üçün yola düşmüşlər. Avtomobili Əlmaid saatda 40-50 km sürətlə idarə etmiş, Fuad qabaq sağ oturacaqda, o, isə uşaqlarla arxa oturacaqda əyləşmişdir. Saat 22:30 radələrində görmüşlər ki, qəfil yolun sağ kənarında dayanmış yük avtomobillərinin arxasından piyada iti yerişlə yola çıxmış, həmin qayınatası piyadanı avtomobillə vurmuşdur. Bundan sonra onları başqa maşınla evə yola salmışlar, qaynı və qayınatası isə hadisə yerində qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əlmaid oğlu ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 22.30 radələrində ona qardaşı Fuad, ardınca isə işıq idarəsində işləyən tanışı Şahid3 zəng edərək bildirmişlər ki, atası Əlmaid idarə etdiyi avtomobillə Salyan rayonu Yolüstü kəndi ərazisində, piyadanı vurmuşdur. Həmin vaxt Salyan rayonu, Təzəkənd kəndində olmuş, dərhal hadisə yerinə getmişdir. Ora çatanda görmüşdür ki, piyadanı artıq Şirvan şəhər xəstəxanasına aparmışlar. Özü hadisə yerində qalmışdır. Bir qədər sonra eşitmişdir ki, atası Əlmaidin idarə etdiyi avtomobillə vurduğu piyada aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş azyaşlı Şahid6 qanuni nümayəndələri və müəllimin iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, özü 6-cı sinifə oxuyur. Baş vermiş hadisəni xatırlayır, tarix yadında qalmayıb, babası Əlmaid, əmisi Fuad, əmisi uşaqları Əli və Mədinə, anası Ulduz ilə birlikdə babası Əlmaidin idarə etdiyi avtomobillə Şirvan şəhərindən toyda iştirak etdikdən sonra evə Salyan rayonu, Təzəkənd kəndinə qayıtmışlar. Maşını babası sürmüş, bilməmişlər kimdi, birdən tap səsi eşitmişdir. Babası qabaqda maşını saxlamış, onlarda tanımadıqları başqa maşınla evə gəlmişlər. Babası və əmisi orda qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid7 qanuni nümayəndəsi və müəllimin iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, 15 yaşı var, tarix dəqiq yadında deyil babası Əmaid, atası Fuad, qardaşı Əli, əmisi uşağı Feyruz, onun anası Ulduz ilə birlikdə Şirvan şəhərinə toya getmişlər. Toydan sonra isə Salyan rayonu, Təzəkənd kəndinə evə qayıtmışlar. Yolda olanda gecə vaxtı olmuş, çoxda hadisəni xatırlamır, kimsə birdən qarşılarına çıxmış, maşın onu vurmuşdur. Sonra babası maşını saxlayıb, onlarda tanımadıqları başqa maşınla evə gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş azyaşlı Şahid8 qanuni nümayəndələri və müəllimin iştirakı ilə dindirilərkən ifadəsində göstərmişdir ki, 13 yaşı var, 7-ci sinifə oxuyur. Tarixi xatırlamır, Şirvan şəhərindən toydan gəlirmişlər. Maşını babası sürürmüş. Maşında atası, babası, özü, bacısı, əmisi arvadı və əmisi oğlu olmuşdur. Yolda birdən səs eşitmiş, maşına nəsə dəymişdir. Babası az qabaqda maşını saxlamışdır. Onlar isə düşüb başqa maşınla evə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü gecə saat 22:00-22:30 radələrində iş yoldaşları ilə birlikdə «Azəri» şadlıq sarayının həyətindəki çayxanada oturub çay içmişlər, restoranda isə toy məclisi keçirilmişdir. Bu vaxt yol tərəfdən səs-küy eşidib, demişlər ki qəza oldu. Tez kafedən olan hərkəslə birlikdə yola tərəf qaçmışlar. Orada bir nəfər kişinin yolun kənarında uzanıqlı vəziyyətdə qaldığını, başından zədələnib ağır vəziyyətdə olduğunu, onun ətrafına xeyli adamın toplaşdığını görmüş, həmin şəxsi isə avtomobil vurduğunu bildirmişlər. Onlar orada olduqları vaxtı Təqsirləndirilən şəxs və maşının da yolda dayandığını görmüşdür. Təqsirləndirilən şəxs oğlu Fuadı da orada görmüşdür. Digər oğlu Fərhada isə iş yoldaşı Nazim zəng edərək, hadisə barədə xəbər vermişdir. Eyni zamanda orada olan şəxslərdən bəziləri Əlamid Vəliyevin üstünə hücum çəkərək onu vurmağa çalışmışlar, o isə həmin şəxsləri aralamışdır. Daha sonra isə vurulan şəxsi Vaz 07 markalı maşına qoyub xəstəxanaya aparmışlar. Əlmaidin də sonradan kənd maşınlarından kimləsə onların arxasınca Şirvan şəhər xəstəxanasına getdiyini görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü «Azəri» şadlıq sarayının yaxınlığında iş yoldaşları, eləcə də Elminlə birlikdə kafedə çay içirmişlər. Birdən yoldan gələn səs-küyə kafedən çölə çıxmışlar. Görmüşlər ki, qəza baş verib və rəhmətlik yerdə uzanıqlı vəziyyətdədir. Həmin yerdə Təqsirləndirilən şəxs də görmüşdür. Orada ona məlum olmuşdur ki, Əlmaid maşınla adam vurub. Bundan sonra Əlmaidin oğlu Fərhada zəng vurub, bu barədə məlumat vermişdir. Sonra isə həmkəndlisi taksi sürücüsü Teyyuba məxsus maşına Fəxrəddini qoyub Şirvan şəhər xəstəxanasına yola salmışlar. Həmin vaxt Əlmaid hadisə yerində qalmışdır. Sonra isə zəng vurub maraqlandıqda Fəxrəddinin vəfat etdiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hadisə vaxtı «Azəri» şadlıq sarayının qarşısında dayanıb siqaret çəkib, söhbət edirmiş. Bu zaman rəhmətlik Fəxrəddin telefonla danışa-danışa çıxıb yolu əks istiqamətinə keçmişdir. Ondan sonra bərk səs eşitmişdir. Bu zaman bilmişdir ki, yolda olan maşınlardan hansısa nəyisə vurdu. Tez hadisə yerinə getmiş, görmüş ki, Fəxrəddin yerdə uzanıb, başından qan gəlir. Rəhmətliyi çevirəndə onu tanımış, qonşusu olduğunu bilmişdir. Bundan sonra qaçıb maşınını ora gətirmiş, köməkləşib onu maşının arxa oturacağına qoyub, dərhal Şirvan xəstəxanasına aparmışdır. Lakin xəstəxanaya hardasa beş km qalmış Fəxrəddin vəfat etmişdir. Hadisəyerində kimləri gördüyünü xatırlamır. Daş maşınları isə o biri tərəfdə obyektin qarşısında dayanmışdı. Hadisə olan yerdə isə əvvəlcə özü avtomobilini park etmiş, sonradan isə ordan maşınını götürmüşdür. Hadisə yerində isə Kamaz maşınını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, hadisə günü «Azəri» şadlıq sarayının qarşısında söhbət edirmiş. Birdən bərk səs eşitmiş, düşünmüş ki, maşın-maşına dəymişdir. Tez hadisə yerinə qaçmış, görmüş ki, Fəxrəddin qan içində asfaltın kənarında uzanıb. Bundan sonra tez təcili yardıma zəng vurmuşlar. Lakin təcili yardım maşınının gec gələcəyini düşündüklərindən onu Teyyuba məxsus maşına qoyub Şirvan xəstəxanasına yola salmışlar. Həmin yerdə Kamaz markalı daş satan maşınlar dayansa da, həmin maşınlar axşam tərəfi gedirlər. Hadisə baş verən yerdə isə daş satan Kamaz maşınını görməmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Mercedes Benz E 240 minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs iştirakı ilə Fəhlə qəsəbəsi, Çadırlı-Şirvan yolunun Salyan rayonu ərazisindən keçən 16-cı kilometrliyində baş vermişdir. Hərəkət zolağı 2 (iki) hissədən ibarətdir. (c 1, i.v 5-6). İş materiallarında olan 26 iyun 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. (c 1, i.v 11). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( c 1, i.v 28). İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016- 85468-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1952-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2017-ci il tarixdə (xx.xx.2022-ci il tarixədək müddətə etibarlı olan) AE seriyalı 522540 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. ( c 1, i.v 31). İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərəçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X4 zərərçəkmiş X2 hüquqi varisi qismində tanınmışdır. ( c 1, i.v 35). İş materiallarında olan Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər baş beynin diffuz travması-sol gicgah sümüyünün sınığı, baş beyin maddəsinə qansızma, sol baldır sümüklərinin açıq sınıqları küt əşyanın zərbəsi təsirindən törənmiş, 25 iyun 2022-ci il tarixdə hərəkətdə olan Mercedes Benz markalı avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 2-4 saat əvvəl baş vermişdir. X5 ölümündən əvvəl spirtli içki qəbul etmiş, (qanda spirtin qatılığı 0,9% promildir), narkotik vasitə qəbul etməmişdir, bu da məhkəmə kimya tədqiqatının nəticələri ilə təsdiq olunur. ( c 1, i.v 42-45). İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti başçısının Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Təzəkənd kəndində yaşayır, ailə tərkibi arvadı, oğlu, gəlini və nəvələrindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 1, i.v 47-48, 50). İş materiallarında olan Salyan Rayon Mərkəzi X12 Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 879 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Salyan RMX-da ambulator müalicə alır. DZ: Şəkərli diabet tip2, insulindən asılı forma. Diabetik polinevropatiya. Diabetik retnopatiya. Diabetik hepatoz ÜİX. İnfarktdan sonrakı kardioskleroz. AKŞ əməliyyatdan sonrakı hal. XÜÇ (c 1, i.v 49). İş materiallarında olan Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 8/2502 nömrəli rəyindən görünür ki, Mercedes Benz E240 markalı, **-NE- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır (c 1, i.v 78-81). İş materiallarında olan Salyan Rayon Mərkəzi X12 Şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Şəkərli diabet tip2, Diabetik pəncə, sağ-ayağın İ barmağın amputasiyası diaqnozu ilə xəstədir. (c 1, i.v 114). İş materiallarında olan Təbriz Med MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci ildən bu günə qədər (xx.xx.2022-ci il) Azər-İran kilinikasında sol ayağın İİ və İİİ barmaqlarının diabetik qanqrenası, İİ tip şəkərli diabet ağır forma insulin tələbli diaqnozu ilə müayinə və müalicələr alır. Sol ayağın İİ və İİİ barmağları lisfranq oynağı səviyyəsində amputasiya olub. Hal-hazırda müalicələr davam etdirilir. (c 1, i.v 115). İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci ildə Şahmar Quluzadəyə məxsus bank kartına 500 manat, xx.xx.2022-ci ildə Mehrac Quliyevə məxsus bank kartına 2000 manat, xx.xx.2022-ci ildə 3000 manat, xx.xx.2022-ci ildə 1000 manat, xx.xx.2022-ci ildə 1500 manat, ümumilikdə 8000 manat pul köçürülümüşdür. (c 1, i.v 115-116). İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə anında Mercedes Benz E240 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında X7 və ya Şahid2 Əlmaid oğlunun olması öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Mercedes Benz E240 markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. (c 1, i.v 117-122). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. (c 1, i.v 144-145). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan «Mercedes Benz E240» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Yolüstü kəndi ərazisindən keçən 16-cı kilometrində zərərçəkmiş şəxs X5 vurmuş, nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: hadisə zamanı hərəkətdə olarkən (əvvəlcə 40-50 km/saat, daha sonra hərəkət sürətinin 55-60 km/saat olduğunu bildirmişdir) yolun sağ kənarında dayanmış daş satan yük avtomobillərin arasından bir nəfər piyada yola çıxmış, həmin piyadanı 2-3 metr məsafədə görmüş, piyada qəfil yolun kənarında dayanmış Kamaz markalı yük avtomobillərinin arasından yola çıxıb özünü maşına atmış, özü isə heçnəyə fürsət tapmamış, piyada birdən-birə telefon qulağında maşının altına girmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspertiza rəyləri, maddi sübut, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə (cild İ – i.v. 141-143) təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində işin faktiki hallarına uyğun gələn ifadə vermişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs 40 km/saat sürətlə Salyan istiqamətinə hərəkətdə olmaqla yolun sol kənarındakı "Azəri" şadlıq sarayının qarşısından keçdikləri vaxt görmüşdür ki, yolun sağ kənarındakı yük avtomobillərinin arxasından yola çıxaraq vurulduğu yerə kimi çəpinə qədər təxminən 5-6 metr məsafəni iti yerişlə səndələyə-səndələyə qət etmişdir. Təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı piyadanın (ölmüş zərərçəkmiş şəxsin) yolun sağ kənarındakı yük avtomobillərən arxasından yola çıxması və hərəkət sürəti barədə bildirdikləri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və yol-nəqliyyat hadisəsinin sxemi ilə tam təkzib edilir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerində sürücü Təqsirləndirilən şəxs piyadanın vurulduğu yeri göstərir, həmin yerdə isə yolun sağ kənarında hər hansı bir yük avtomobili müşahidə edilmir, lakin hadisə yerində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes E240” minik markalı avtomobilin arxa tərəfdən görünüşündən görünür ki, daş yüklü yük avtomobili həmin “Mercedes E240” minik markalı avtomobilin dayandığı yerdən də bir neçə metr irəlidə yolun sağ kənarında durmuşdur. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi zamanı piyadını vurduğu yerdən xeyli irəlidə idarə etdiyi “Mercedes E240” minik markalı avtomobilini saxlamış, yolun sağ kənarında dayanmış daş yüklü yük avtomobilinin də “Mercedes E240” minik markalı avtomobilin dayandığı yerdən bir neçə metr irəlidə olmasını nəzərə aldıqda, Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxsin daş yüklü yük avtomobilinin arxasından yola çıxması barədə ifadəsində göstərdiyi xüsusatları tam təkzib edir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəlcə hadisə zamanı avtomobili 40-50 km saat sürətlə hərəkət etdirdiyini bildirsə də, daha sonra avtomobilinin sürətinin 55-60 km saat olduğunu qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrində göstərdiyi iddialarıda əsassız hesab edir, ifadəsində göstərdiyi bu xüsusiyyətləri də yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmış ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin hadisə baş verən günü avtomobili Təqsirləndirilən şəxs yox, onun həmin avtomobildə sərnişin qismində olmuş oğlu tərəfindən idarə edilməsi, məhz yol nəqliyyat hadisəsinin də Təqsirləndirilən şəxs oğlu Fuad tərəfindən törədilməsi ilə bağlı iddialarına münasibət bildirərək qeyd edir ki, ibtidai istintaq zamanı bu xüsusatla bağlı müvafiq araşdırma aparılmış, hadisə anında avtomobildə sükan arxasında X7 olması öz təsdiqini tapmadığından həmin xüsusatla bağlı cinayət təqibinin başlanması xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilmə haqqında qərarla rədd edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan «Mercedes Benz E240» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmişdir. O, avtomobili Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Yolüstü kəndi ərazisindən keçən 16-cı kilometrində idarə edərkən piyada hərəkət edən zərərçəkmiş şəxs X3 vurmuşdur. Zərərçəkmiş şəxs X5 avtomobilin onu vurması nəticəsində ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri) Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan zərərçəkmiş şəxsi avtomobillə vursa da, törətdiyi cinayət barədə səmimi peşmançılıq çəkmiş, habelə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zaman barışıq əldə etmək üçün yaxın qohumları və ailə üzvləri vasitəsilə ölmüş zərərçəkmiş şəxsin dəfn və yas mərasimində dəfələrlə iştirak etmişlər, zərərçəkmiş şəxsin qəbr daşını düzəltdirmişlər, dəfn və yas mərasiminin bütün xərclərini ödəmişlər. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxsin hüquqi varisinə və sonuncunun ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Nəticədə isə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən razı qalmayaraq, əlavə olaraq daha yüksək məbləğdə pul tələb etmiş, lakin təqsirləndirilən şəxsin daha artıq məbləğdə ödəniş etmək üçün maddi imkanı olmadığından onlar arasında barışıq əldə edilməmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməmiş, buna görə o, cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmiş, təqsirləndirilən şəxs hadisədən sonra hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi yardımın göstərilməsi üçün onu digər avtomobillə Şirvan ŞMX-na yola salmış və özüdə onun ardınca həmin xəstəxanaya getmiş, tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi zərər ödənilmişdir. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı (yas və dəfn xərclərinin, mərhumun qəbir daşının düzəldilməsi ilə bağlı bütün xərcləri, ümumilikdə 8000 manat olmaqla tam olaraq ödəmiş) qismən ödəməsini, eləcədə vurulmuş ziyanın azadılması ilə nəticələnmiş digər hərəkətlər etməsini, Məcəllənin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhdlər göstərməsini, əvvəllər məhkum olunmamasını, özünün 70-dən (yetmiş) çox yaşının olmasını, səhhətində ciddi problemlər olmaqla, AKŞ, yəni X16 geniş həcmli əməliyyat keçirib, bədəninin digər nahiyələrindən ürəyinə damarlar köçürülməsini, eyni zamanda İİ tip şəkərli diabet ağır forma insulin tələbli diaqnozu ilə şəkər xəstəliyindən əziyyət çəkməklə əvvəlcə sağ-ayağın İ barmağın amputasiyası əməliyyatı, daha sonra hadisədən sonra da sol ayağın İİ və İİİ barmaqlarının diabetik qanqrenası, sol ayağın İİ və İİİ barmağları lisfranq oynağı səviyyəsində amputasiya əməliyyatlarını keçirməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan «Mercedes Benz E240» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan «Mercedes Benz E240» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-87/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-87/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver