Məhkəmə qərarları › İş №1(099)-88/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-88/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-88/2022 28.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Astara rayonunun Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin həmin cəzanı çəkməmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 13 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 01 ədəd bükümdə 8,383 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə 10,782 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2021-ci ildə saat 19:50-də Astara RPŞ-nin əməkdaşlarının BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin üzərinə keçirilən baxış zamanı əynində olan ağ rəngli köynəyinin sol cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci ildə gecə vaxtı polis əməkdaşları evinə gələrək onu evdən çıxarıb polis şöbəsinə aparmış, polis şöbəsində ona təsir təzyiq göstərilərək yazılan sənədlərə imza etdirimiş, yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitələr polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə cibinə qoyulmuşdur. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və hadisə barədə ətraflı ifadələr verərək göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 11 avqust 2021-ci ildə günorta saatlarında Lənkəran şəhəri «Kiçik Bazar» adlanan ərazidən öz istifadəsi üçün üzdən tanıdığı adını və ünvanını bilmədiyi şəxsə 270 manat pul verərək 1 ədəd bükümdə narkotik vasitə olan heroin, 1 ədəd bükümdə isə psixotrop maddə olan metamfetamin almış, həmin gün saat 19-20 radələrində aldığı narkotik vasitəni istifadə etmək üçün dəniz kənarına gedərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmış, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki ağ rəngli düyməli köynəyinin sol cibində evdən çıxan zaman istifadə etməyi üçün qoyduğu 01 ədəd sellofan büküm heroin və 01 ədəd sellofan büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, müdafiəçinin suallarına cavab olaraq qeyd olunan narkotik vasitələrin ona məxsus olduğunu, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə məhkəmədəki ifadəsində göstərmişdir ki, 11 avqust 2021-ci ildə Astara rayonunun Şahağacı kəndində yaşayan Təqsirləndirilən şəxs Hadı oğlunun külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlaması, daşınması və satışı ilə məşğul olması barədə regional şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 19:50-də Təqsirləndirilən şəxs Şahağacı kəndində yaşadığı evin yaxınlığında, küçədə hərəkətdə olan zaman saxlanılmış, üzərində narkotik vasitə olması şübhəsi olduğundan üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonuncunun razılığı ilə Astara rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyin sol cibindən 1 bükümdə şəffaf sellofana bükülmüş spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 1 bükümdə kristal formada, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüş, aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərkən çəkiləri təxmini 8,9 qram və 11,3 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri Lənkəran rayon Kiçik Bazardan üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 50 manata aldığını bildirmiş, bu barədə protokol tərtib edilərək şitrakçılar, o, cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «Şəxsi axtarış və götürmə barədə» 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Ağayev X6 rayonunun Şahağacı kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Astara RPŞ-yə gətirilmiş, şöbəyə gətirildikdən sonra, üzərinə şəxsi axtarış keçirilən zaman, xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və dəvət olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyin sol cibindən 1 bükümdə şəffaf sellofana bükülmüş spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 1 bükümdə kristal formada, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli köynəyin sol cibindən 1 bükümdə şəffaf sellofana bükülmüş spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 1 bükümdə kristal formada, psixotrop maddə metamfetaminə bənzər kütlələrin çəkisi elektron tərəzidə çəkilərək müvafiq olaraq təxmini 8,9 qram və 11,3 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq DİN-in 84 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu və həmin narkotik vasitəni Lənkəran rayon Kiçik Bazardan üzdən tanıdığı şəxsdən özünün istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı digər cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 12 avqust 2021-ci il tarixli 19/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astara rayon Şahağacı kənd sakini Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş kütlələr sözlər və imzalar olan bir ədəd paketdəki, 01 ədəd bükümdə təmiz çəkisi 8,383 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 10,782 qram olan ağ rəngli kristal formpada olan maddə metmafetamindir. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 13 avqust 2021-ci il tarixli, 833 saylırəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azercell Telecom MMC-dən daxil olmuş 10 sentyabr 2021-ci il tarixli, 18978 saylı məktuba əlavə olunmuş 1 ədəd özündə telefon danışıqları barədə məlumatları əks edən CD diskə keçirilmiş baxış protokolundan görünüır ki, CD diskdə olan SMS məlumatlarında Təqsirləndirilən şəxs Hadı oğlunun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı nömrələrdən və həmin nömrələrə müxtəlif SMS-lər göndərilmişdir. Belə ki, xx.xx.2021-ci ildə saat 15:02:16-də **********37 saylı nömrədən **********58 saylı nömrəyə “Aya mənəm haci telfonu ac olürəm lomkadan s..... telfonu ac”; xx.xx.2021-ci ildə saat 13:43:48-də, **********26 saylı nömrədən **********58 saylı nömrəyə “Qardawim sahat yarim kecib agridayig axi sen niye mene zulom versen”; xx.xx.2021-ci ildə saat 19:55:40də, **********58 saylı nömrədən **********26 saylı nömrəyə “Eşidirsən oxumanın mesajimi marijuana manim pulunu gətir mənim zəngima cavab vermirsən maşın sənə görə galıb mənim zəgimə cavab vermirsən bodo yaxçlıq”; Anten dairələrinin məlumtlarına baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci ildə saat 15:02:16-də **********37 saylı nömrədən **********58 saylı nömrəyə SMS göndərilməsi və alınması, həmçinin xx.xx.2021ci ildə saat 13:43:48-də, **********26 saylı nömrədən **********58 saylı nömrəyə SMS göndərilməsi və alınması, bundan başqa xx.xx.2021-ci il tarixdə saat 19:55:40-də, **********58 saylı nömrədən **********26 saylı nömrəyə SMS göndərilməsi və alınması Astara rayonun Şahağacı kəndində həyata keçirilmişdir. Anten məlumatlarından görünür ki, 08.03, 12.04 və xx.xx.2021-ci il tarixlərdə **********58 saylı nömrədən yalnız Astara rayonun Şahağacı kəndi ərazisində istifadə edilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarından görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 11 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hadı oğlunun ifadəsinin “polis şöbəsində müdafiəçinin iştirakı ilə cibinə narkotik vasitə qoyulmuşdur, həmin narkotik vasitələrin ona məxsus olmaması ” hissəsinə tənqidi yanaşaraq onu mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gəlir və hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda 2 qram və ondan artıq miqdarda «heroin» isə “külli miqdar” narkotik vasitə kimi qiymətləndirilir. Bundan başqa, həmin Qanunun tələblərinə əsasən beynəlxalq adı «Metafetamin» olan psixotrop maddənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunursa, təmiz halda 2 (iki) qramdan artıq miqdarda «Metafetamin» “külli miqdar” psixotrop maddə kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs Hadı oğlunun əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs Hadı oğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə olunması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs Hadı oğlunun əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Hadı oğlunun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Hadı oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Hadı oğlu ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Hadı oğlunun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni – 11 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Astara rayon məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 11 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs Hadı oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 8,333 qram narkotik vasitə olan heroin və 10,732 qram çəkidə psixotrop maddə olan Astara rayon polis şöbəsində saxlanılır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Hadı oğlu əvvəllər Lənkəran Ağır Cinayətlər məhkəməsinin 1 (099)-286/2020 saylı, 18 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Astara rayon icra və probasiya şöbəsinin 14 yanvar 2022-ci il tarixli AM-53\03 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 13 (on üç) gün hissəsini çəkmiş, cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 4 (dörd) ay 11 (on bir) gün təşkil edir. Eləcə də həmin məktubdan görünür ki, Astara rayon icra və probasiya şöbəsi tərəfindən «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilməsi məsələsinə baxılması ilə bağlı 14 yanvar 2022-ci ildə Astara rayon məhkəməsinə təqdimat verilmişdir. İş materiallarında olan Astara rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 7 (018)-06\2022 nömrəli qərarından görünür ki, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin tətbiq edilməsi məsələsinə baxılması ilə bağlı Astara rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən Təqsirləndirilən şəxs Hadı oğluna Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 1 (099)-286\2020 nömrəli hökmü ilə təyin olunmuş 01 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən 01 (bir) il azaldılmış, hazırda Təqsirləndirilən şəxs 4 (dörd) ay 11 (on bir) gün çəkilməmiş cəzası qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hadı oğluna Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 4 (dörd) ay 11 (on bir) gün yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 11 (on bir) gün 07 (yeddi) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin cəzanın bir günü azadlıqdan məhrum etmənin iki gününə bərabər tutulmaqla çəkilməmiş 2 (iki) ay 5 (beş) gün 3 (üç) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Hadı oğlunun təqsirli bilindiyi cinayətlərdən birinin ağır cinayətlər təsnifatına daxil olduğunu və onun əvvəlki məhkumluğunun azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alıb, CM-in 56.1.2-ci maddəsinə istinadən hesab edir ki, o, təyin edilən qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hadı oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş 15 noyabr 2021-ci il tarixli 991 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Hadı oğlu evlidir, himayəsində heç bir yerdə işlməyən arvadı, üç uşağı olmaqla ikisi azyaşlıdır, Astara rayonunun Şahağac kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Hadı oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Hadı oğluna məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 8,333 qram narkotik vasitə olan heroin və 10,732 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış istintaq hərəkətinin videomüşahidəsinin əksini daşıyan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Hadı oğlundan alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 4 (dörd) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla çəkilməmiş 2 (iki) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 8,333 qram çəkidə narkotik vasitə olan heroin və 10,732 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış istintaq hərəkətinin videomüşahidəsinin əksini daşıyan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Cəlil Nəbiyev Müşfiq Məmmədov İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar