Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-88/2025 24.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1997-ci ildə Hacıqabul rayonu, Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Talış kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, 30 avqust 1999-cu ildə Hacıqabul rayonu, Meyniman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla, Hacıqabul rayonu, Talış kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə razılaşdığı tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra istifadəsində olan +99***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə danışaraq xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə, qazanc əldə etmək üçün, yəni tamah niyəti ilə əldə edib saxlamaqla daşıması barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2la birlikdə həmin şəxsdən istintaqa məlum olmayan tarixdə və vaxtda satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə edib, üzərilərində saxlamaqla Hacıqabul rayonu, Pirsaat qəsəbəsi ərazisinə daşımış, 16 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Pirsaat qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə qanunsuz olaraq satış məqsədilə əldə etdikləri iki ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 525,0 qram və 500,0 qram olmaqla, ümumi çəkisi 1025,0 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroin, bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 255,0 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sonuncunun sağ əlində saxladığı sellofan torbadakı bir ədəd üzəri yapışqan lentlə bağlanmış plastik qutunun içərisindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il aprel ayının 14-də iran vətəndaşı Babək adlı şəxs vatsap vasitəsilə ona yazaraq narkotik satdığını bildirmiş, həmin şəxsdən öz istifadəsi üçün 10 qram marixuana istəmişdir. Həmin şəxs ona 100 qramdan aşağı narkotik göndərmədiyini bildirdikdə onunla razılaşmışdır. Aprelin 16-da ona narkotik qoyulan yerin şəklini atıb götürməyini bildirmiş, o da narkotiki götürməyə tanışı Təqsirləndirilən şəxs2la getmişdir. Elşənin narkotikdən xəbəri olmamışdır. Narkotiki götürmədən polis əməkdaşları tərəfindən saxlanılmışlar, Elşəni yoldaşlı getmək məqsədilə aparmışdır, iranlı hesab etdiyi şəxs ona konum deyil, elektron tərəzinin üzərində 92 qram qurudulmuş marixuananın şəklini atmışdır, pulunu ona əvvəlcədən göndərməmişdir, narkotiki götürəndən sonra 700 manat pulun yarısını atacaqmış, polis şöbəsində üzərinə baxış keçirilmiş, üzərindən narkotik aşkarlanmamışdır, çəkiliş zamanı da 100 qram qurudulmuş marixuana əldə etmək üçün getdiyini bildirmişdir, həmin şəxsdən ilk dəfə narkotik vasitə almışdır, narkotik vasitənin olduğu yerə çatanda polisləri gördüyü üçün qaçmaq istəmiş və qaçmış, Elşənin psixi pozuntusu olduğu üçün o, donub yerində qalmış, polislər sellofan torbanı Elşənin əlinə vermişlər, narkotik vasitənin olduğu yerə çatana qədər Babək adlı şəxslə mesajlaşmışdır, müstəntiq telefonu əlinə alan kimi yazışmaları pozmuşdur, həmin vatsap yazışmalarında onların 100 qram marixuana əldə etmək üçün getmələri aydın görünürdü. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “.....Bu zaman Elşənlə birlikdə otaqda 01 ədəd sellofan torbanın olduğunu görmüşlər və göndərilən narkotik vasitənin həmin torbanın içərisində olduğunu anlamışlar. Lakin, ətrafa nəzər saldıqda mülki geyimdə olan şəxslərin olduqları yerə gəldiyini görmüşlər. Həmin vaxt onlara yaxınlaşan şəxslərin polis əməkdaşları olduğunu anlamış və qaçmaq üçün arxaya çəkilmişdir. Bu zaman Elşən yerdə olan 01 ədəd sellofanı əlinə götürərək qaçmaq istəyən zaman mülki geyimdə olan şəxslər olduqları yerə yaxınlaşıb onları həmin yerdə saxlamışlar.” (Cild 1, i.v. 154-157) Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Sonda təqsirləndirilən şəxs 92 qram qurudulmuş marixuana əldə etmək üçün getdiyini bildirərək, ARCM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il aprel ayının 16-da Ruslan ona bir şəxslə görüşəcəyini bildirmiş və onunla birlikdə Pirsaata getməyini xahiş etmişdir. Ruslanın dediyi yerə çatdıqda polis əməkdaşları onları saxlamışdır. Polis əməkdaşları bağlamanı onun əlinə vermişlər, onun narkotikdən xəbəri olmamışdır. İstintaq zamanı müdafiəçisinə bağlamanın ona polis əməkdaşları tərəfindən verildiyini bildirmişdir, Ruslan Pirsaatda asfaltın yanında adamla görüşəcəyini demiş, lakin, orada adamla görüşməmişdir, Ruslanın deməsi ilə o da maşından düşmüşdür, təhqiqatçıya narkotikdən xəbəri olmadığını bildirmişdir, narkotik vasitə istifadəçisi deyil, Ruslan ona həmin gün getməyi təklif etmişdir, taksidən xeyli aralanmışlar, narkotik vasitə olan yerə çatanda Ruslan polisləri görüb qaçmış, o, qaça bilməmiş, torbanı polislər onun əlinə vermişlər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “.....15 aprel 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Ruslanın mobil telefonuna mesaj yazandan etibarən o, Ruslanın yanında olmuş, həmin şəxslərin arasında gedən bütün söhbətlərdən xəbərdar olmuşdur. Buna görə də, 16 aprel 2024-cü il tarixdə saat 18 radələrində Ruslan ona İran İslam Respublikası vətəndaşının Hacıqabul rayonu, Pirsaat qəsəbəsi ərazisinə özü üçün narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin atdıracağını, birlikdə gedib həmin narkotik vasitəni və psixotrop maddəni götürməyi təklif edən zaman o, Ruslana kömək etmək məqsədi ilə onunla birlikdə getməyə razı olmuşdur. Bundan sonra Ruslanla birlikdə taksi tapmaq üçün Hacıqabul rayonu, Talış kəndinin mərkəzinə gəlmişlər. Orada taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Şahid6 onları Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə aparıb gətirməyi xahiş etmişdir. Samir Ruslandan nə üçün Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə getdiklərini soruşmuşdur. Ruslan, onun orada qohumu, yəni bibisioğlu olduğunu, qohumu ilə görüşüb yola salacaqlarını bildirmişdir... Qarşıda Ruslan, arxada isə o gəlmişdir. Ruslan və o tikilinin içərisini axtarmışlar. Həmin vaxt Ruslan istifadəsində olan mobil telefonun fanarında istifadə edərək, ətrafı işıqlandırmışdır. Bu zaman onunla birlikdə 01 ədəd sellofan torbanın otaqda olduğunu görmüşlər və göndərilən narkotik vasitə marixuananın və psixotrop maddə metamfetaminin həmin torbanın içərisində olduğunu anlamışdır. Lakin, Ruslan ətrafa nəzər saldıqda mülki geyimdə olan şəxslərin olduqları yerə gəldiyini görmüşlər. Həmin vaxt onlara yaxınlaşan şəxslərin polis əməkdaşları olduğunu anlamış və qaçmaq üçün arxaya çəkilmişdir. Həmin vaxt Ruslan yerdə olan 01 ədəd sellofan torbanı yerdən götürərək, qaçmağa başlamışdır. Lakin, hər ikisi polis əməkdaşları tərəfindən saxlanılmışlar.” Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il 16 aprel tarixində əməliyyat məlumatı daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə edilmiş, əməliyyat qrupu yaradılmışdır. Məlumat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Həmin gün saat 21 radələrində Bakı-Ələt magistralında hərəkətdə olarkən iki nəfərin yolun sağ tərəfində olan yarımtikilidən çıxdığını görmüşlər. Şəxslərin əlində sellofan torba var olmuş, şəxslərə özlərini təqdim edib saxladıqdan sonra polis şöbəsinə aparmışlar. Şöbədə olarkən Təqsirləndirilən şəxs2 əlində olan torbanı təqdim etmiş, torbadan kapron boru aşkarlanmışdır. Təqsirləndirilən şəxs2 kapron boruda olan bükümlərin içərisində narkotik vasitələrin olduğunu və həmin narkotik vasitələri Ruslan adlı şəxsin İran vətəndaşından əldə etdiyini bildirmişdir. Taksi sürücüsünün üzərində və avtomobildən narkotik vasitə aşkarlanmamışdır. Sürücü ifadəsində Ruslan və Elşəni 20 manat müqabilində gətirdiyini bildirmişdir. Kapron borunun içərisində üç bükümdə marixuana, heroin və səhv etmirsə metamfetamin aşkarlanmışdır, şəxləri magistral yolun kənarında saxlamışlar, onları saxlayan zaman torba əllərində olmuşdur, şəxslərə qarşı zor tətbiq etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsləri Hacıqabul rayonundan üzü şəhər istiqamətinə piyada hərəkətdə olarkən saxlamışlar, saatın neçə olduğunu xatırlamır, hava qaralmışdır, şəxlərin əlində bağlama olmuşdur, bağlamada heroin olduğu yadındadır, şəxslərə qarşı zor tətbiq etməmişdir, vəkillə təmin edilmişlər. İş üzrə dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid5 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, şəxslər həmin yerə VAZ2199 markalı avtomobillə gəlmişdir, piyada hərəkətdə olarkən saxlamışlar, saatın neçə olduğunu xatırlamır, hava qaralmışdır, şəxlərin əlində bağlama olmuşdur, şəxslərə qarşı zor tətbiq etməmişdir, vəkillə təmin edilmişlər, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid3 şahidlər Şahid2, Şahid1 və Şahid5 ifadəsinə uyğun ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, bağlama Elşənin əlində olmuşdur, Ruslanın nə dediyini xatırlamır, Elşən öz istifadəsi üçün götürdüyünü bildirmişdir, şəxsləri saxlayanda saat 21 radələri olmuşdur, hava qaranlıq olmuşdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid6 ifadəsində bildirmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, taksi sürücüsü işləyir, hadisə günü Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq bibisi oğlu ilə görüşəcəyini, onu və Təqsirləndirilən şəxs1 Pirsaata aparmağını xahiş etmişdir. Maşına oturanda ona 20 manat pul vermişlər, onları dedikləri yerə aparmış, təxmini yarım saat gözlədikdən sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları maşına baxış keçirmiş və heçnə aşkarlanmamışdır, Ruslan maşında kiminləsə danışırmış, danışığın məzmununu bilməmişdir, maşından düşəndə gələcəklərini bildirmişlər, maşına baxış zamanı Ruslan və Elşən də iştirak etmişdir, Elşən və Ruslanın üzündə xəsarət görməmişdir, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir, Ruslan və ya Elşənin daha az narkotik arxasınca gəldikləri barədə gileyləndiyini eşitməmişdir, Elşən ona yaxınlaşanda axşam vaxtı olmuşdur, onları düşürtdüyü yerdə gözləmiş, gəlməklərini görməmişdir, polislərə narkotikdən məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, işdə olan : - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, satış məqsədi ilə narkotik vasitə əldə etmələri və tanışları Şahid6 idarə etdiyi "VAZ 21093 minik" **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə narkotik vasitə əldə etmək məqsədi ilə Hacıqabul rayonu ərazisinə gəlmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. (C-İ, i.v. 05) - «Şübhəli şəxsin tutulması haqqında» 16 aprel 2024-cü il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:50-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 23-24) - «Şübhəli şəxsin tutulması haqqında» 16 aprel 2024-cü il tarixli prokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:45-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 43-44) - «Şəxsi axtarış və götürmə haqqında» 16 aprel 2024-cü il tarixli prokotollardan və ona əlavə edilmiş videodisklərdən görünür ki, Təqsirləndirilən şəxs2 sağ əlində saxladığı sellofan torbadakı bir ədəd üzəri yapışqan lentlə bağlanmış plastik qutunun içərisindən iki ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 566,0 qram və 535,0 qram narkotik vasitə heroinə bənzər maddə, bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 316,0 qram qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 üzərindən qanunsuz əşya aşkar edilməmişdir. (C-İ, i.v. 29-31, 49-51) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 18 aprel 2024-cü il tarixli, 525 və 530 nömrəli müvafiq qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddə ilə ittiham elan edilmişdir. (C-İ, i.v. 126,127,146,147) - Hacıqabul Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(071)-25/2024 və 4(071)-26/2024 nömrəli müvafiq qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmədə özlərini təqsirli bilmişlər. (C-İ, i.v.166-169) - Məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 17 aprel 2024-cü il tarixli 3-16-16/2-18/406-407 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd kağız paketdəki: 02 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri 525,0 qram, 500,0 qram, ümumi çəkisi 1025,0 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bükülüdə təmiz çəkisi 255,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. ( C-İ, i.v. 89-93) - Məhkəmə-narkoloji ekspertizasının 07 may 2024-cü il tarixli, 3424 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 kannabinoidlərdən istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( C-İİ, i.v. 114-115) - Məhkəmə-narkoloji ekspertizasının 31 may 2024-cü il tarixli, 3876 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( C-İİ, i.v. 116-117) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 21 aprel 2024-cü il tarixli qərardan görünür ki, müvafiq ekspert rəyinə əsasən tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 254,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, faktiki olaraq təmiz çəkisi 1024,9 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Hacıqabul rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid6 üzərlərində şəxsi axtarış və qeydiyyat şəhadətnaməsinə əsasən Şahid6 məxsus “VAZ 21093 minik” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 04 (dörd) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (C-İİ, i.v 22-23) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 21 aprel 2024-cü il tarixli, 577 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi 9A”” markalı **********60161 və **********60179 imei kodlu və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi Note 8”” markalı **********44864 və **********44872 imei kodlu mobil telefonlar maddi sübut kimi tanınaraq saxlanması üçün Hacıqabul Rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş və həmin mobil telefonlara baxış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir.(C-İİ, i.v. 26-27) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 may 2024cü il tarixli, 1516 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hal-hazırda şizofreniya paranoid forma, fasiləsiz gedişli formasında xroniki ruhi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən psixi xəstəlik törətdiyi əməl zamanı remissiya mərhələsində olmuşdur, yəni qərarda göstərilən əməli törətdiyi zaman o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 müəyyən edilən şizofreniya paranoid forma, fasiləsiz gedişli formasında xroniki psixi xəstəlik onu təsvir olunan cinayət əməli dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs2 anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs2 diqqətində bir qədər dayanıqsızlıq, təfəkkürünün autik olması, əhval-ruhiyyə fonunun dəyişkənliyi emosional-iradi sferasında bir qədər enmə müəyyən edilir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 onda müəyyən edilən psixi xəstəliyə görə öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır. (C-İİ, i.v. 122-125) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 may 2024cü il tarixli, 1518 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. (C-İİ, 118-121) - Məhkəmə tibbi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 165 saylı rəyinə əsasən müayinə zamanı, Təqsirləndirilən şəxs1 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Sol baldırın ön səthinin orta 1/3 hissəsində 1,2*04 sm ölşüdə orta hissədə bərkimiş qartmağı olan ətraf hissədə qartmağı qopmuş sıyrıq aşkar olunmuşdur. Müayinə olunanın deməsinə görə həmin xəsarəti tutulmamışdan bir neçə gün qabaq öz əli ilə qaşıdıqdan sonra əmələ gəldiyini göstərmişdir. (C-İİ, i.v. 74-75) - Məhkəmə tibbi ekspertizasının 19 aprel 2024-cü il tarixli 166 saylı rəyinə əsasən müayinə zamanı, Təqsirləndirilən şəxs2 hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (C-İİ, i.v. 76-77) - Hacıqabul Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 18- 1-41/2-355/2024 nömrəli məktuba əsasən, Həsənov X1 rayon X3 Hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda deyildir. (C-İİ, i.v. 52) - Hacıqabul Rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 18- 1-41/2-356/2024 nömrəli məktuba əsasən, Mənəfov X2 rayon X3 Hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin ruhi-əsəb kabinetində 2020-ci il tarixdən qeydiyyatda dayanır, lakin narkoloji kabinetində qeydiyyatda deyildir. (C-İİ, i.v. 53) - «Baxış keçirilməsi haqqında» 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 +**********08 saylı İİR operatoruna məxsus nömrə ilə qeydiyyatdan keçmiş Babək adı ilə qeyd etdiyi şəxslə yazışmış, 16 aprel 2024-cü il tarixdə, saat 20:54də “qardaş mənə bi cavab ver də tapa bildin ərazini, götürə bildin mən bi dənə okey versən mən fikrim arxayın olar” yazışması, telefonun qalereya bölməsində narkotik vasitələrin, onların olduğu yer və qəbzlərin olduğu fotoşəkillər aşkar edilmişdir. (C-İ, i.v. 8-21) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə Təqsirləndirilən şəxs1 100 qram qurudulmuş marixuana növündə narkotik vasitə əldə etmək üçün getdiyi, bu məqsədlə iranlı hesab etdiyi şəxsin tutulmazdan bir gün əvvəl ona sellofan torbanın içərisində elektron tərəzinin üstündə 92 qram qurudulmuş marixuananın şəklini göndərdiyi, satış məqsədilə heroin əldə etmək niyətinin olmaması, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün getməsindən xəbərinin olmaması, narkotik vasitə dolu torbanın polislər tərəfindən əlinə verilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən məhkəmə həmin dəlilləri mötəbər hesab etmir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, müdafiə tərəfi ittiham tərəfinin sübutlarını təkzib edən heç bir mötəbər dəlili məhkəməyə təqdim etməmiş, həmçinin, onlara saxlanılarkən zor tətbiq edilməsini məhkəməyədək icraat dövründə mübahisələndirməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxslər nə də onların müdafiəçiləri polis əməkdaşlarının onlara qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamla təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, “ondan aşkar edilərək götürülmüş narkotik maddə qurudulmuş marixuananı və heroini dostu Ruslanın telefonuna gələn sms vasitəsilə İİR vətəndaşından vatsapp vasitəsilə danışaraq əldə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs1 isə həbs qətimkan tədbiri seçilən zaman özünü elan edilmiş ittihamla təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, narkotik maddə qurudulmuş marixuananı və heroini onun telefonuna gələn sms vasitəsilə İİR vətəndaşından vatsapp vasitəsilə danışaraq əldə etdiyini qeyd etmişdir. Bundan əlavə, məhkəmə-tibbi ekspertizası»nın müvafiq rəylərindən görünür ki, təqsirləndirilən şəxslərin üzərində tutulduqları günə uyğun hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Bundan əlavə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 yalnız 100 qram qurudulmuş marixuana əldə etmək üçün Təqsirləndirilən şəxs2la birlikdə ittihamda qeyd olunan yerə getmələri barədə dəlillərini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs1 telefonuna baxış protokolundan görünür ki, sonuncunun Babək adı ilə qeyd etdiyi iranlı hesab olunan şəxslə aralarındakı vatsap yazışmasında Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi kimi, 10 qram qurudulmuş marixuana əldə etmək istəyi, Babək adlı şəxsin 100 qramdan aşağı qurudulmuş marixuana satmadığı, bu məqsədlə 100 qram narkotik vasitə əldə etmək barədə razılaşması və müvafiq ödənişi göndərməsinə dair qəbzlər, bir sözlə, şəxsin 100 qram qurudulmuş marixuana alğı-satqısı barədə iranlı hesab olunan şəxslə razılaşma əldə etməsinə dair sübutlar yoxdur. Telefondan aşkar edilmiş elektron tərəzinin üzərindəki 92 qram qurudulmuş marixuanın olduğu şəkilin mövcudluğu isə özü təklikdə Təqsirləndirilən şəxs2 əlindən aşkar edilmiş 1025 qram heroin və 255 qram qurudulmuş marixuananın onlara aidiyyətini inkar etməyə kifayət etmir. Belə ki, əvvəla, həmin şəkilin iranlı Babək tərəfindən göndərilməsi məhkəmə istintaqında müəyyən edilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 yalnız 92 qram qurudulmuş marixuana əldə etmək barədə iranlı ilə razılaşdığını bildirsə də, telefonun qalereya bölməsində elektron tərəzinin üzərində ayrı-ayrılıqda 0.98 qram, 8.90 qram, 10.30 qram növü müəyyən edilməmiş narkotik vasitələrə bənzər maddələr, həmçinin, 10k, 5P, 2K adı ilə qeyd edilmiş narkotik vasitəyə bənzər maddələrin şəkilləri müəyyən edilmişdir. Qeyd olunan şəkillər Təqsirləndirilən şəxs1 yalnız 92 qram qurudulmuş marixuana əldə etmək barədə dəlilini təkzib edən amillərdən biridir. Həmçinin, Təqsirləndirilən şəxs2 Ruslanın qohumu ilə görüşmək məqsədi ilə getdiyi üçün onunla yoldaşlıq məqsədilə getməsi, narkotik vasitədən məlumatının olmaması ilə bağlı dəlili Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında qeyd etdiyi Təqsirləndirilən şəxs2 birlikdə narkotik vasitə çəkmək üçün getməsinə dair ifadəsi, həmçinin, aralarındakı vatsap yazışmalarının məzmunu ilə də təkzib olunur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı dövründə verdikləri ifadələri özünümüdafiə xarakterli, iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər hesab edir, şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokollarını və ona əlavə edilmiş diskləri, müvafiq ekspertiza rəylərini və maddi sübutu mötəbər sübut kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin əldə edib daşıdığı narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarı, onların istifadə etdiyi narkotik vasitənin növünə uyğunsuzluğu onların həmin maddələri satış məqsədilə əldə etmək niyətini təsdiq edən sübutlardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokollar və ona əlavə edilmiş videoçəkilişlər, «Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası»nın, « Məhkəmə narkoloji ekspertizasının»nın rəyləri, “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş disklər, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş maddi sübut və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 27 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. ( C-İİ, i.v. 43) - DİN-in BƏSİİ-dən verilmiş 27 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. ( C-İİ, i.v. 44) - Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 199 və 200 nömrəli müvafiq arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyət arasında müsbət xarakterizə edilmişlər. ( C-İİ, i.v. 55-59) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində qeyd olunan əməl xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir, maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 16 aprel 2024-cü il tarixdən hesablanmalı, Hacıqabul Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 4(071)-25/2024 nömrəli qərarı ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99,48 manat (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99,48 manat (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ( hər birindən 49 manat 74 qəpik olmaqla) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi 9A”” markalı **********60161 və **********60179 imei kodlu və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi Note 8”” markalı **********44864 və **********44872 imei kodlu mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalı və həmin mobil telefonlara baxış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalı, şəxsi axtarış və avtomobilə baxış keçirilməsini özündə əks etdirən dörd ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan, qalıq çəkisi- 254,95 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, faktiki olaraq təmiz çəkisi 1024,9 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan 254,95 qram narkotik vasitə qurudulmuş marixuana, 1024,9 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və avtomobilə baxış keçirilməsini özündə əks etdirən dörd ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi 9A”” markalı **********60161 və **********60179 imei kodlu və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş və şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş “Redmi Note 8”” markalı **********44864 və **********44872 imei kodlu mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılsın, həmin mobil telefonlara baxış aparılmasını özündə əks etdirən 02 ədəd DVD disklər isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci kimi 99,48 manat (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ( hər birindən 49 manat 74 qəpik olmaqla) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-88/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-88/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver