Məhkəmə qərarları › İş №1(099)-886/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-886/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-886/2023 26.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Sabirabad rayonu, Qalağayın kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan və yaşayan, 23 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 4(056)-49/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023cü ilin mart ayının axırında Sabirabad rayonu, Qaratəpə kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda-187 ədədini yetişdirərək kultivasiya etmiş, 23 aprel 2023-cü il tarixdə saat 12:30 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, oradan, ümumilikdə 187 ədəd yaş vəziyyətdə ümumi çəkisi-4 kiloqram 250 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı ittiham irəli sürülmüş Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə özünü tam təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuana olan «nəşə»dən istifadə edir. 2023-cü ilin yanvar ayında Sabirabad rayonu, Qalağayın kəndi ərazisində piyada hərəkət edən zaman yerdə 01 ədəd sellofan bükümünün olduğunu görmüşdür. Рəmin sellofan bükümünün yanına yaxınlaşmış və həmin bükümü götürərək içərisinə baxmışdır. Həmin sellofan bükümün içərisində təxminən 200-ə yaxın çətənə bitkilərinin toxumlarının olduğunu görmüşdür. Həmin toxumların iyindən narkotik tərkibli birtkilərin toxumları olduğunu bilmişdir. Toxumları əkmək qərarına gələrək götürmüşdür. Özündə saxladığı çətənə bitkisinin toxumlarının 25 ədədini 2023-cü ilin mart ayının axırlarında özünə məxsus həyətyanı sahədə əkmiş, mütəmadi olaraq həmin bitkilərə qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləyib, su vermişdir. Həmin toxumların yanında, özü tərəfindən əkilməsə də əlavə olaraq çətənə bitkiləri çıxmışdır. Çətənə bitkilərini əkməyindən ailə üzvlərinin xəbəri olmamışdır. 23 aprel 2023-cü il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətdə olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. Həmin vaxt iki hal şahidi dəvət olunmuşdur. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğu və özüözündən bitmiş cəmi 187 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. 187 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sellofan torbaya qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkilli Şahid2 ifadəsində bildirmişdir ki, 23 aprel 2023-cü il tarixdə Sabirabad rayonu, Qalağayın kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Emin Əliyev, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin komandiri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün Sabirabad rayonu, Qalağayın kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid5 və Sabirabad rayonu, Qalağayın kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən Şahid4 dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Həmçinin baxış keçirilməsində iştirak etmək üçün DAİM-in aqronomu X2 mütəxəssis kimi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər, Təqsirləndirilən şəxs özü həyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi barədə məlumat aldıqlarını bildirmiş və Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını demiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 187 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aqronom çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib onlara vermişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri torpaqdan çıxarılmış və qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı onlara 187 ədəd narkotik tərkibli çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Həyətyanı sahəyə baxış keçirildikdən sonra evə və yardımçı tikililərə də baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nin komandiri Şahid3 ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahidlər Şahid2 və Xəqani Rüstəmoa suallar verməyərək şahidlərin düzgün ifadələr verdiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik tərkibli bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməsinə dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 23 aprel 2023-cü il tarixli raport, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» qərar, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Sabirabad rayonu, Qalağayın kəndində yerləşən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillərdən, iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(i.v .3-21) -«baxış keçirilməsi haqqında» 23 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonu, Qalağayın kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 187 ədəd yaş vəziyyətdə ümumi çəkisi-4 kiloqram 250 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür.(i.v .14-21) -iş üzrə mütəxəssis qismində təyin edilmiş aqronom X1 23 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən (arayış) görünür ki, Təqsirləndirilən şəxs həyatyanı sahəsinə tərəflərindən baxış keçirilmiş, baxış zamanı həyatyanı sahədə bağ sahəsində 187 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar olunmuş, həmin çətənə bitkilərinə aqrotexniki qulluq olunduğunu və becərildiyini müəyyən etmişdir.(i.v. 17) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 23 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 30) -«məhkəmə bioloji ekspertizası»nın 24 aprel 2023-cü il tarixli, 18/439 nömrəli ekspert rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış...» sözləri yazılmış və imzalar olan sintetik torba bağlamada 1 ədəd polietilen torbada cəmi 187 ədəd yaş vəziyyətdə, ümumi çəkisi – 4250,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.(i.v. 42-45) -«maddi sübut kimi tanınma haqqında» 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 187 ədəd yaş vəziyyətdə ümumi çəkisi-4520 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4249,72 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(i.v. 48) -«təqsirləndirilən şəxs qismində cəlb etməklə ittihamın elan olunması haqqında» 25 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 4(056)-49/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sabirabad Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 4(056)-134/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 3 (üç) ay, 23 noyabr 2023-cü il tarixədək uzadılmışdır.(i.v. 56-57; 77-80; 108-111) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay-07 ayadək, yəni 24 avqust 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək uzadılmışdır.(i.v. 114-115) -«məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 18 avqust 2023-cü il tarixli, 5297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 153-154) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəllənin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 187 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 23 aprel 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 128) -Sabirabad rayon İcra Hakimiyyəti başçısının Qalağayın kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 5-70-22/2-350 nömrəli arayış və xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir az yaşlı uşağı var və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v.129- 130). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, himayəsində azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, xəstə olmasını, ailə, maddi və sosial vəziyyətini, xəstə olmasını (Cinayət Məcəlləsinin 59.2-ci və 61-ci maddəsi), cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X4rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X3 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 23 aprel 2023-cü il tarixdən hesablanmalı, Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 4(056)-49/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi «ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 18 avqust 2023-cü il tarixli, 5297 nömrəli rəyini nəzərə alınaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiriromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzrə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhətə görülmüşdür. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4249,72 qram çəkidə ümumi sayı 187 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə tərkibi, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H O K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 23 aprel 2023-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 4(056)-49/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 4249,72 qram çəkidə ümumi sayı 187 ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar