Məhkəmə qərarları › İş №1(099)-89/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-89/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-89/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri- Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Lənkəran rayonu Şilavari kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və 22 avqust 1980-ci ildə Lənkəran rayonu Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məkum edilmiş, məhkumluğu ödənilmiş, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər və bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan 502,480 qram çəkidə heroin və külli miqdar təşkil edən 101,678 qram psixotrop maddə metamfetamini Astara-Ələt magistral yolun Lənkəran rayonu ərazisindən keçən 37-ci kilometrliyində üzərində “37” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanında, həmçinin külli miqdar təşkil edən 530,0 qram çəkidə narkotik vasitə heroini isə həmin magistral yolun Lənkəran rayonu ərazisindən keçən 21-ci kilometrliyində “İ” hərifi əks olunmuş yol nişanının yanında gizlədilməsi barədə İran İslam Respublikası vətəndaşları olmaları güman edilən “Fərzad” və “Çingiz” adı ilə tanınan şəxslər tərəfindən onlara məlumat verməsindən sonra, 30 iyul 2021-ci il tarixdə gecə saatlarında sözü gedən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qeyd olunan yerlərdən tanışları X4 ilə birlikdə götürüb üzərində daşımışlar, daxil olmuş məlumat əsasında 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, Ləvəngi dairəsinin yaxınlığında saxlanılarkən İlkin Əmrahov hadisə yerindən qaçmağa nail olmuş, onlar isə Lənkəran şəhəri-rayon polis şöbəsinin inzibati binasına gətirilib, barələrində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 iki bağlamada, müvafiq olaraq külli miqdarda 502,480 qram heroin və 101,678 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən isə külli miqdar təşkil edən 530,0 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildən çoxdur ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. X1 ilə söhbət zamanı sonuncu bildirmişdir ki, Çingiz adlı İran vətəndaşı narkotik vasitələr göndərə bilər və istəsə onunla birlikdə Çingizin göndərdiyi narkotik vasitələri götürməyi, əvəzində ona həmin narkotiklərdən bir qədər verəcəyini demişdir. O, da razılaşmışdır. Bundan sonra, onun özü də, Çingizlə mütəmadi olaraq narkotikin növü və göndərilməsi barədə telefon danışıqları aparmışdır. 30 iyul 2021-ci il tarixdə saat 23 radələrində İlkinlə Lənkəran rayonu Şilavar kəndi ərazisində görüşmüş, sonuncu Çingiz tərəfindən Ələt-Astara magistral yolunun 37-ci kilometr yol işarəsinin yaxınlığında içərisində narkotik vasitələr olan bağlama gizlətdiyini və gedib götürmələrini təklif etmişdir. Sonra həmkəndlisi Təqsirləndirilən şəxs2 da gələrək başqa bir iran vətəndaşından narkotik vasitələr sifariş etdiyini və onunda onlarla birlikdə ora gedəcəyini bildirmişdir. Sonra İlkin çağırdığı taksiyə əyləşib Ələt-Astara yoluna tərəf hərəkət etməyə başlamışlar. 37-ci kilometr yol işarəsininin yaxınlığında avtomobili saxlanılmış, bu zaman o, və İlkin avtomobildən düşüb həmin işarəyə tərəf getdikdə orada selofan torbanın içərisində iki ədəd bağlamanı götürüb dərhal avtomobilə əyləşmişlər. Sonra həmin avtomobillə irəlilədikdən sonra 20-ci yol işarəsinin yanında “İ” yol nişanının yaxınlığında avtomobili Təqsirləndirilən şəxs2 saxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs2 avtomobildən düşərək, yol nişanına tərəf getmiş və əlində sellofan torba ilə qayıtmışdır. Bundan sonra geri qayıtdıqda, artıq 31 iyul 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında taksidən düşüb piyada hərəkət etməyə başladıqda bir neçə nəfər polis əməkdaşları onlara yaxınlaşmışlar. Bu zaman İlkin Əmrahov üzərində olan İrandan göndərilmiş narkotik vasitə ilə birlikdə qaçaraq uzaqlaşmışdır. Polis əməkdaşları onu və Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparmışlar. Orada üzərində axtarış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları üzərinə narkotik vasitə və metamfetamin yerləşdirərərk şərləyib cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, əvvəllər də İlkin Əmrahovun bir neçə dəfə Çingiz adlı İran vətəndaşı ilə əlaqə saxlamasını, Ələt-Astara yolunun Lənkəran və Astara rayon ərazilərinə düşən hissələrində müxtəlif rəqəmli yol nişanlarının yanında gizlətdiyi heroin və metamfetamin olan bağlamaları götürüb İlkin Əmrahova təhvil verdiyini, bunun qarşılığında hər dəfə İlkin Əmrahovun ona 200-300 manat pul verməsini, hadisə baş verən gün polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində üzrində axtarış keçirilən zaman İrandan göndərilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin üzərindən aşkar edilməsini etiraf etmişdir. Məhkəməyə verdiyi ifadəsindən fərqli olaraq İlkin Əmrahovun polis əməkdaşlarından qaçan zaman həmin narkotik vasitə və metamfetmini də özü ilə aparması barədə hər hansı bir məlumatlar bildirməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Hadisədən bir neçə öncə həmkəndlisi İlkin Əmrahov ona İran vətəndaşı olan Fərzad adlı şəxslə münasibətinin olduğunu və onun vasitəsilə ölkə ərazisinə narkotik vasitə və psixotrop maddələr gətirməsini təklif etmişdir. O, da narkotik aludəçisi olduğuna görə, gətirilən narkotik vasitələrdən qəbul edəcəyini düşünərək razılaşmışdır. Bundan sonra lkin Əmrahov Fərzadın nömrəsini vermiş, o, da telefonla danışaraq narkotik vasitə və metamfetamin göndərməsini təklif etmişdir. Bundan sonra, 30 iyul 2021-ci ildə 15 radələrində Fərzad əlaqə saxlayaraq Ələt-Astara yolunda 20-ci kilometrliyi yaxınlığında “İ” radar yol nişanının yaxınlığında həmin maddələri qoyduracağını bildirmişdir. Həmin gün, saat 23-də Fərzad zəng edərək narkotik vasitəsinin artıq həmin yerdə olmasını bildirmişdir. Bundan sonra İlkin Əmrahov və həmkəndlisi Təqsirləndirilən şəxs1 taksi ilə gələrək yola çıxmışlar. Ələt-Astara yolunun 37-ci kilometr yol nişanlarının yanında İlkin və Təqsirləndirilən şəxs1 düşərək, iki bağlama götürərək, avtomobilə əyləşmişlər. Bir az da hərəkət etdikdən sonra 20-ci kilometr yol nişanının yanında “İ” yol nişanına yaxınlaşmışdır. İlkinlə maşından düşüb narkotiki axtarmışlar, lakin tapa bilməyərək qayıtmışlar. Sonra, 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında taksidən düşüb piyada hərəkətdə olan zaman polis əməkdaşları yaxınlaşmışlar, bu zaman İlkin 37-ci kilometrdə götürdüyü heroin və metamfetaminlə birlikdə qaçaraq getmişdir. Polis əməkdaşları onu və Təqsirləndirilən şəxs1 polis şöbəsinə aparmışlar, orada üzərində axtarış keçirilmiş, lakin qanunsuz heçnə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə heroin yerləşdirərək şərlənib həbs olunmuşdur. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, bir uşağının «autizm» xəstəsi olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Fərzad adlı şəxsdən aldığı narkotiki Ələt-Astara yolunda 20-ci kilometrliyi yaxınlığında “İ” radar yol nişanının yaxınlığında bağlamada götürmüş, avtomobilə əyləşdikdən sonra bağlamanı açaraq içərisində heroin olduğunu görmüş, polis tərəfindən tutularaq üzərində axtarış aparılan zaman həmin heroin aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran şəhər rayon polis şöbəsində əməliyyat müvəkkili işləyir, Təqsirləndirilən şəxs1 barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 31 iyul 2021-ci il tarixdə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri Ləvəngi dairəsində iki nəfər şəxslə hərəkət etdiyini görüb nəzarətə götürmüşlər. Dərhal yaxınlaşaraq özlərini təqdim etdikdə onun yanında olan şəxslərdən biri qaçaraq uzaqlaşmışdır. Həmin şəxs Lənkəran rayonu Şilavar kənd sakini X4 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs1 və onun yanındakı şəxs Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onların üzərinə şəxsi axtarış keçirilməsini bildirərək polis şöbəsinə dəvət etmişlər. Şöbədə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bağlama, sol yan cibindən bir ədəd bağlama təqdim etmişdir. Həmin bağlamalara baxış zamanı birində narkotik vasitə heroinə bənzər maddə, digər bağlamada psixotrop maddə metamfetaminə bənzrə maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bağlamanı və psixotrop maddə metamfetaminə bənzər maddə olan bağlamanı 31 iyul 2021-ci il tarixdə İlkin Əmrahov adlı tanınşının vasitəsilə İran vətəndaşı “Çingiz” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilməyə başlamışdır. Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarın sağ yan cibindən bir ədəd bağlama təqdim etmişdir. Həmin bağlamaya baxış zamanı narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bağlamanı Ələt-Astara yoludan İran vətəndaşı “Fərzad” adlı şəxsdən əldə etdiyini, həmin zaman yanında həmkəndliləri Təqsirləndirilən şəxs1 və İlkin Əmrahovun olduğunu, saxlanılan zaman İlkin Əmrahovun qaçıdığını bildirdiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 ifadələrində Şahid1 ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/714 nömrəli, 31 iyul 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamada.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükülüdə təmiz çəkisi 502,480 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim bir ədəd bağlamada ....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bağlamada təmzi çəkisi -101,678 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Qeyd: tədqiqatın dəyəri 65 manat təşkil edir. Tədqiqatdan sonrakı qalıq: heroin 502,430 qram, metamfetamin 101,628 qram. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/715 nömrəli, 31 iyul 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd büküm bağlama.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bağlamada təmiz çəkisi 530,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: tədqiqatın dəyəri 65 manat təşkil edir. Tədqiqatdan sonrakı qalıq: 529,95 qram heroin. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19/727 nömrəli, 13 avqust 2021-ci il tarixli rayindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərilərində “Təqsirləndirilən şəxs1 məxsus heroin və metamfetamin Rəy №19/714....” və “Təqsirləndirilən şəxs2 məxsus heroin Rəy №19/715....” sözlər və imzalar olan 2 ədəd paketdəki, heroinlər xarici görnüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: tədqiqatın dəyəri 65 manat təşkil edir. Tədqiqatdan sonrakı qalıq: 502,38 qram və 529,9 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 791 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 792 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq üzərlərində axtarış aparılarkən onlardan narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 həmin bağlamanı İran vətəndaşı “Fərzad” adlı şəxsin Ələt-Astara magistral yolun Lənkəran rayonu ərazisindəki hissəsində, “20-ci” km yol nişanı yaxınlığında gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə 30 iyul 2021-ci il tarixədə Təqsirləndirilən şəxs2 məxsus olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Bundan əvvəl mobil telefonda “Whatsapp” sisteminə baxış zamanı “Çini” adı ilə qeyd olunmuş və İran İslam Respublikasına aid mobil opratora məxsus olan +98-930-049-6757 mobil nömrəsi ilə 31 iyul tarixində sms yazıları və zəng bölməsində çox sayda zəngləşmə olması göstərilmiş, həmin mobil nömrənin Çingiz adlı İran İslam Respublikası vətəndaşına aid olduğunu və narkotik vasitələrin dövrüyyəsi mövzusunda danışıqlar aparılması müəyyən edilmişdir. Həmçinin, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 İran İslam Respublikası operatoruna məxsus və “Fər” adı altında qeyd olunmuş +98-911-831-0167 mobil nömrəsi ilə 30 iyul tarixində saat 15:45-dən başlayaraq səsli formada göndərilmiş 10 fayl aşkar olunmuşdur. Həmin mobil nömrənin Fərzad adlı İran vətəndaşına məxsus olduğu və narkotik vasitələrin əldə olunması mövzusunda, o cümlədən “Fərzad” adlı şəxs narkotik vasitəni Ələt-Astara yolunun 20-ci kilometrliyində “İ” radar işarəsinin yanında qoyacağını bildirmişdir. İş materiallarında olan istintaq orqanının 23 sentyabr 2021-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 502,480 (tədqiqatdan sonrakı qalıq 502,38) qram narkotik vasitə heroin, bir ədəd bükümdə təmzi çəkisi 101,678 (tədqiqatdan sonrakı qalıq 101,628) qram olan psixotrop maddə metamfetamin, bir ədəd “Samsung J3” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 530,0 (tədqiqatdan sonrakı qalıq 529,9) qram narkotik vasitə heroin, bir ədəd “Samsung Galaxy M20” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Lənkəran şəhər rayon polis şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən iki ədəd DVD disk və Təqsirləndirilən şəxs2 məxsus telefondan götürülmüş məlumatların olduğu bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 324.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs1 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs2 həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 01 avqust 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olmanın əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir dəfə məhkum olunmuş, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin köhnə redaksiyasnının 93- 3.2, 93-3.4 və 38 ci maddəsi ilə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2000-ci ildə qərarı ilə cəzası 12 ilə endirilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla anası və qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə ailə üzvləri ilə mehriban davranması, toy və yas mərasimlərində fəal iştirak etməsi, barəsində kənd sakinlərindən şikayət daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayış və xasiyyətnamədə qeyd olunur ki, Təqsirləndirilən şəxs2 Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla anası, arvadı və himayəsində olan 2013-cü il təvəllüdlü autizm xəstəliyindən əziyyət çəkən Qurbanəli, 2017-ci il təvəllüdlü Nihad adlı övladları ilə birlikdə yaşayır, yaşayış yeri üzrə özünü sakit və intizamlı aparması, fərdi əməklə məşğul olması, barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilməklə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslərin həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zaman ifadələrində “hadisə günü Ələt-Astara yolunun 37-ci kilometr yol işarəsininin yaxınlığında İrandan göndərilən narkotiki götrdükdən sonra, 31 iyul 2021-ci il tarixdə, saat 01 radələrində Lənkəran şəhəri, Ləvəngi dairəsi yaxınlığında taksidən düşəndən sonra polis əməkdaşları onları saxlayarkən İlkinin üzərində olan həmin narkotik vasitələri qaçaraq uzaqlaşması, bundan sonra polis şöbəsinə aparılması, üzərində axtarış keçirilməsi, lakin qanunsuz heç bir maddə aşkar edilməməsi, polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə və metamfetamin yerləşdirməsi, nəticədə şərlənib cinayət məsuliyyətinə cəlb edilməsi” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “hadisə baş verən gün polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsində üzərində axtarış keçirilən zaman İrandan göndərilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin üzərindən aşkar edilərək götürülməsi” sözlərini göstərmiş, İlkin Əmrahovun polis əməkdaşlarından qaçan zaman həmin narkotik vasitə və metamfetmini də özü ilə aparması barədə hər hansı bir məlumatlar bildirməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 “hadisə baş verən gün İlkin Əmrahovla maşından düşüb İrandan göndərilən narkotik vasitəni axtarması, lakin tapa bilməyərək qayıtmaları, sonra 31 iyul 2021-ci il tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində axtarış keçirilməsi, lakin qanunsuz heç bir maddə və əşya aşkar edilməməsi, polis əməkdaşları onun üzərinə heroin yerləşdirməsi nəticəsində şərlənərək həbs olunması” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “Fərzad adlı İran vətəndaşının göndərdiyi narkotiki Ələt-Astara yolunda 20-ci kilometrliyi yaxınlığında “İ” radar yol nişanının yaxınlığında bağlama götürməsi, avtomobilə əyləşdikdən sonra bağlamanı açaraq içərisində heroin olduğunu görməsi, polis əməkdaşları tərəfindən tutularaq üzərində axtarış aparılan zaman həmin heroin və psixotrop maddə aşkar edilməsi” sözlərini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onların məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özülərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi sözü gedən xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində icraçı kimi deyil, bu cinayətin törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin bu faktla bağlı əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların bu hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla, yəni həmin Məcəllənin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin onları satış məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvləri tərəfindən həmin narkotik vasitələri və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də onların İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəyini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilən narkotik vasitənin satışının təşkil olunmasını, yəni ona dair sərəncam verməyi qabaqcadan vəd etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıqda köməkçi qismində iştirak etdiyindən onların bu əməli CM-nin 32.5-ci maddəsinə istinad edilməklə tövsif olunmalı, yəni CM-nin 32.5,206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə, tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli qanuna müvafiq cəzalandırılmalıdır. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində biri autizm xəstəliyindən əziyyət çəkməklə iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə almalıdır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran müəyyən edilməmişdir. Məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxslər cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 502,38 və 529,90 qram miqdarda tiryəkdən kustar üsulla hazırlanmış heroin narkotik vasitələri, həmçinin 101,628 qram metamfetamin psixotrop maddəsi məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin videgörüntülərini əks etdirən iki ədəd DVD disklər, həmçinin “Samsung Galaxy M20” mobil telefondan götürülmüş məlumatların əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung J3” və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy M20” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 195 manat məbləğində ekspertiza xərci müştərək qaydada olmaqla təqsirləndirilən şəxslərin hər birindən 97 manat 50 qəpik tutularaq dövlət nəfinə keçirilməsini, cəzaçəkmə müddətinin 31 iyul 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 97 manat 50 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 97 manat 50 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər rayon polis şöbəsində saxlanılan - ekspertiza tədqiqatından sonrakı qalıq- 502,38 və 529,90 qram miqdarda tiryəkdən kustar üsulla hazırlanmış heroin narkotik vasitələri, həmçinin 101,628 qram metamfetamin psixotrop maddəsi məhv edilsin, təqsirləndirilən şəxslərin üzərinə axtarış keçirilməsinin videgörüntülərini əks etdirən iki ədəd DVD disklər, həmçinin “Samsung Galaxy M20” mobil telefondan götürülmüş məlumatların əks olunduğu bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung J3” və Təqsirləndirilən şəxs2 məxsus “Samsung Galaxy M20” markalı mobil telefonlar müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar