Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-89/2023 16.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1972-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Neftçala Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan RespublikasıCM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib 320 saat ictimai işlər cəzasına məhkum edilmiş, həmin məhkəmənin 22 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan tam olaraq azad edilmiş, məhkumluğu ödənilmiş, Neftçala rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2022-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə yaşadığı Neftçala rayonunun Yenikənd kəndi ərazisində, Kür çayı sahilində, yulğun kollarının arasındakı ərazidə 65 ədəd, külli miqdarda əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 10 avqust 2022ci il tarixdə saat 13 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əraziyə baxış keçirilən zaman orada 65 ədəd, külli miqdarda narkotik tərkibli aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü yanlız çətənə kollarını əkməkdə təqsirli bilir. Kolları əkdiyi, yəni Neftçala rayonunun Yenikənd kəndi ərazisində, Kür çayının sahilində, hər hansı bir hasarlama işi aparmamışdır. Əkdiyi çətənə toxumlarını Salyan rayonunun tərəvəz bazarından aldığı göyərti toxumların arasında görmüş, həmin çətənə toxumlarını 2022-ci ilin mart ayının əvvəllərində Kür çayının sahilinə yaxın kolluq ərazidə bir-birindən 20 metr aralıəkmişdir. Kolları əkməsi barədə heç kimə bir söz deməmişdir. Həmin sahə sıx kollarla əhatə olunduğu üçün heç kim onun əkdiyi çətənə bitkilərini görə bilməmişdir. Əkdiyi çətənə bitkilərinə su vermiş, onlar inkişaf etdikcə diblərini şumlamış, boşaltmış, onlara peyin vermişdir ki, inkişaf etsinlər. Məqsədi qurudulmuş marixuana əldə etmək üçün həmin toxumları əkərək onlardan çıxan çətənə bitkilərinin yarpaqlarını toplayıb özündə saxlamaq olmuşdur. Əkdiyi çətənə bitkilərinin sayı 65 ədəd olmuş, öz istifadəsi üçün əkmişdir. 10 avqust 2022-ci il tarixdə saat 13 radələrində çətənə bitkilərinə baxmağa gedərkən həmin bitkiləri əkdiyi yerə çatmışdır ki, əraziyə polis əməkdaşları və bir neçə nəfər də mülki şəxs gəlmişlər. Əraziyə aqronomun iştirakı ilə video çəkilişlə baxış keçirilmiş, əkdiyi 65 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Heç kimə narkotik satmamışdır. Həmin ərazi hasarlanmadığından bələdiyyəyə və ya kiməsə məxsus olduğunu bilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Neftçala rayonu, Yenikənd bələdiyyəsinin sədri Nümayəndə ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs çətənə bitkilərini əkib becərdiyi Neftçala rayonu, Yenikənd kəndi ərazisində, Kür çayı sahilində yulğun kollarının arasındakı əraziyə keçirilən baxışda iştirak etmiş, baxış zamanı 65 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Həmin ərazi hasarlanmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, çətənə bitkilərini gizlin əkmiş, onlara su vermiş, dibini şümlamış və qulluq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Neftçala rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik xassəli bitkilər əkib-becərməsi haqqında Neftçala RPŞ-nin əməliyyat aparatına məlumat daxil olmuşdur. Bununla bağlı məliyyat qrupu yaradılmış və dəvət edilmiş aqronomun iştirakı ilə 10 avqust 2022-ci il tarixdə səhər saatlarında Neftçala rayonu, Yenikənd kəndi ərazisində, Kür çayı sahilində yulğun kollarının arasındakı ərazinin yaxınlığına getmişlər. Məlumat olmuşdur ki, Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə baxmağa gələcək. Orada gizlənərək Akifi gözləmişlər. Saat 13 radələrində Təqsirləndirilən şəxs həmin yerə gəlmiş, özlərini ona təqdim edərək polis əməkdaşlarının olduğunu bildirmişdir. Aqranomun iştirakı ilə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkdiyi əraziyə videoçəkilişlə baxış keçirilmişdir. Həmin bitkilərin hər birinin dibi yumşaldılmış və suvarılmış vəziyyətdə olmuş, xüsusi aqrotexniki qaydada qulluq edilmişdir. Baxış zamanı qeyd olunan ərazidə 65 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Baxış zamanı gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq bitkilər kökündən çıxarılmış, torbalara qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmin ərazi hasarlanmamış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşları Şahid2, Şahid5, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 18/849 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs qanunsuz olaraq əkib-becərdiyi...” sözləri və imzalar olan 03 ədəd sintetik torbada ümumi sayı 65 ədəd, yaş vəziyyətdə, ümumi təmiz çəkiləri-44500,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 65 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 4929 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 10 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Neftçala rayonu Yenikənd kənldində Kür çayının axın istiqaməti üzrə sol sahilində torpaq bəndlə kənd arasında 140 sm enində, 114 metr uzunluğunda umumilikdə 65 ədəd narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər aşkar edilmişdir. İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayonunun Yenikənd kəndi ərazisində, Kür çayı sahilində, yulğun kollarının arasındakı ərazidə əkib-becərdiyi ümumilikdə yaş halda qalıq çəkisi 44493,50 qram olan 65 ədəd çətənə (kannabis) bitkiləri iş üzrə sübut kimi tanınmış və saxlanılmasından ötrü Neftçala RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan “Neftçala RMX” PHŞ-nin xx.xx.2022-ci il tarixli, PHŞ/6.63-2- 2022-131 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Neftçala RMX” PHŞ-nin narkoloji, nevroloji və əsəb-ruhi dispanser qeydiyyatlarında yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, şahid ifadələrini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və məhkəmədə tədqiq edilmiş digər sübutları işin obyektiv hallarına uyğun gəldiyindən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri kultivasiya etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı və təyin olunmuş cəza çəkilməlidir. 10 avqust 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 12 avqust 2022-ci il tarixdə CM-in 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Neftçala Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Qəniyev X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsilə təqsirli bilinib 320 saat ictimai işlər cəzasına məhkum edilmiş, həmin məhkəmənin 22 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan tam olaraq azad edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənildiyindən məhkum olunmayan şəxs hesab edilir. İş materiallarında olan Neftçala rayonu, Yenikənd kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 158 N-li arayışdan görünür ki, ailə tərkibi xx.xx.1940-ci il təvəllüdlü anası Tahirə Qəniyeva, xx.xx.1973-cü il təvəllüdlü arvadı Mehriban Qəniyeva, və xx.xx.2002-ci il təvəllüdlü qızı Xoşbəxt Qəniyevadan ibarətdir, birlikdə yaşayırlar. Neftçala rayonu, Yenikənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində ahıl yaşında anasının və bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 237.2.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Neftçala RPŞ-də saxlanılan 65 ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31(otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Neftçala RPŞ-də saxlanılan 44493,50 qram olan 65 (altmış beş) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim - Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-89/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-89/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver