Məhkəmə qərarları › İş №1(099)-92/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-92/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-92/2025 03.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Əli-bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulduğu vaxta qədər həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,858 qram, 9,434 qram, 9,759 qram, 10,374 qram, 2,889 qram, olmaqla ümumi təmiz çəkisi 33,314 qram olan külli miqdarda psixotrop maddə metamfetamini, 19 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 189 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi narkotik vasitə metadon olan və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 7,56 qram olan külli miqdarda narkotik vasitə metadon həblərini və narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan 02 ədəd işlək vəziyyətdə olan elektron tərəziləri istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, istifadəsində olmaqla idarə etdiyi “Toyota Prius” markalı **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda yerləşən qolaltı hissəsində 01 ədəd sellofan torbanın içərisində daşımaqla saxlamış və xx.xx.2024-cü il tarixdə saat 03:05 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “Toyota Prius” markalı **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilib avtomobilə baxış keçirilən zaman avtomobilinin qolaltı hissəsində satış məqsədi ilə qanunsuz olaraq daşıyaraq saxladığı yuxarıda qeyd olunan miqdarda psixotrop maddə metamfetamin, metadon həbləri və narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan 02 ədəd işlək vəziyyətdə olan elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkmə istintaqı zamanı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan vaxta qədər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Saxlanıldığı gün Bakı şəhərindən qayıdırmış, gecə saat 02 radələrində evinin həyətinə girmiş, həmin vaxt Fərman, İsmayıl adlı polis əməkdaşları və növbədə olan post patrul işçiləri, həmçinin bir nəfər mülki şəxs həyətə daxil olmuşlar. Polis əməkdaşları ona evində axtarış aparacaqlarını söyləmiş və həmin vaxt onun qarşısına narkotik vasitə qoyaraq üzərinə götürməyini bildirmişlər. Onlarla razılaşmadığı təqdirdə narkotik vasitəni onun evinə qoyacaqlarını, anası və qardaşını da tutacaqlarını qeyd etmişlər. Polislərin hədəsindən qorxduğu üçün dedikləri ilə razılaşmış və məhkəmədə sanksiya seçilən vaxtda da hədələnməsi ilə bağlı bir şey deməmişdir. Həmçinin, evindən içində özünə məxsus şəxsiyyət vəsiqəsi, texniki pasport, sürücülük vəsiqəsi, bank kartları, 25 ədəd 100 manat, 23 ədəd 50 manat və 1 ədəd 100 dollar olan pul qabı polis əməkdaşları tərəfindən götürülmüşdür. O, bu barədə və qanunsuz saxlanması ilə bağlı prokrorluğa şikayət etsədə, heç bir cavab almamışdır. Tərəzi ona aid olmamışdır, Şahid2 tərəfindən qoyulmuşdur. Onun həmin polis əməkdaşları arasından Şahid2lə əvvəldən ədavəti olmuşdur və bu hadisədə onun əli olduğunu düşünür. İbtidai istintaqda etirafedici ifadə verməsinin əsas səbəbi qardaşı ilə hədələnməsi olmuşdur. Belə ki, o, tutularkən və barəsində həbs qətimkan tədbiri seçilən zaman qardaşı polis şöbəsində ona təzyiq vasitəsi kimi saxlanılmışdır. Əgər həbs qətimkan tədbirinə baxılan zaman məhkəməyə həqiqəti danışarsa, qardaşının tutulacağı ilə hədələnmişdir, onun evi Şirvanda bağ evləri deyilən yerdə, X1 yanında yerləşir, evindən polis şöbəsinə təxminən 1-2 kilometr, 5 dəqiqəlik məsafədir, polis şöbəsi də həmin prospektdə yerləşir, anten dairəsində göstərilən “instyle/Şirvan” mağazası Bakı taksilərinin olduğu yerdir, həmin yer onun evi ilə polis şöbəsinin arasında yerləşir, hər ikisinə eyni məsafədədir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “... Təxminən 3-4 ay bundan əvvəl sosial şəbəkədən istifadə edərkən tanımadığı +98 904 551 26 40 saylı nömrədən ona sms gəlmiş və həmin şəxs adının Baba olduğunu, İran İslam Respublikası vətəndaşı olmasını və İranda yaşamasını bildirmişdir. Bundan sonra o həmin şəxslə danışmağa başlamış və həmin şəxs ondan narkotik vasitələrdən istifadə edib etmədiyini soruşduqda ona narkotik vasitələrdən istifadə etdiyini bildirmiş və bundan sonra Baba ona narkotik vasitə təklif etmiş ki, Azərbaycana göndərsin və o gedib həmin narkotik vasitə və ya psixotrop maddələri götürsün və satsın. Həmin vaxtdan sonra Baba ona təxminən 2-3 dəfə psixotrop maddə metamfetamin və narkotik vasitə göndərmiş və o həmin psixotrop maddələri gedib Bakı şəhərində yerləşən Hava Limanı yolunda yerləşən işıq dirəklərinin yaxınlığından götürüb satışı ilə məşğul olurmuş və əldə olunan puldan Babaya göndərirmiş ki, o, ona narkotik vasitə və ya psixotrop maddə göndərsin. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Baba ilə “WhatsApp” proqramı vasitəsi ilə danışmış və ondan psixotrop maddə olan metamfetamin və M-40 həbləri istəmiş və Babaya bildirmişdir ki, həmin psixotrop maddələrin pulundan ona 150 manat göndərəcək. Bundan sonra, Baba onunla razılaşmış və xx.xx.2024-cü il tarixdə ona “WhatsApp” proqramı vasitəsi ilə zəng vurub Bakı şəhəri, Hava Limanı yolunda yerləşən işıq dirəyinin yanına psixotrop maddə və M-40 həbləri qoymasını bildirmiş, həmin yerin şəklini ona atmışdır. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında istifadəsində olan “Toyota Pirus” markalı **-GS- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Bakı şəhərinə getmiş, Babanın ona həmin psixotrop maddə və M-40 həblərinin qoyduğu yerə, yəni işıq dirəyinin yanına yaxınlaşmış və oradan bir ədəd sellofan torbada olan psixotrop maddə və M-40 həblərini götürmüşdür. O, həmin psixotrop maddə və M-40 həblərini götürdükdən sonra Şirvan şəhərinə geri qayıtmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə gecə saat 03-04 radələrində o istifadəsində olan idarə etdiyi “Toyota Pirus” markalı **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şirvan şəhəri, H.Əliyev posropektində olan zaman Şirvan ŞPŞ-nin əməkdaşları onun avtomobilini saxlatdıraraq özlərini təqdim etmiş,... vəkilin iştirakı ilə polis şöbəsində avtomobilə baxış keçirilən zaman idarə etdiyi “Toyota Pirus” markalı **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində psixotrop maddə olmasını bildirmiş və bundan sonra avtomobilinin qapısını açaraq qolaltı hissəsində saxladığı 01 ədəd polietilen torbada olan psixotrop maddə metamfetmini, M-40 həblərini və 2 ədəd elektron tərəzini təqdim etmişdir...” Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı həm fiziki və psixi təsir göstərməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə, psixotrop maddə və tərəzilərin ona məxsus olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il aprel ayının 24-də Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatda şübhəli şəxsin Bakı-Nəvahi istiqamətindən Şirvan şəhərinə gedəcəyi qeyd olunmuşdur. Məlumata əsasən əməliyyat qrupu yaradılaraq gecə saat 03 radələrində Heydər Əliyev prospektində “Toyota Prius” markalı avtomobili idarə edən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməkdaşlar özlərini təqdim etmiş və ona onlarla bərabər şöbəyə getməli olduğunu bildirmişlər. Həmin şəxs polis əməkdaşlarından yayınmağa çalışsa da, onlar onu şöbəyə aparmış və o, şöbədə olarkən üzərində narkotik vasitə olmadığını bildirmişdir. Şəxsin üzərindən narkotik vasitə aşkar edilməmişdir. Sonra şəxs özü könüllü surətdə avtomobilində olan 1 ədəd torbanı təqdim etmiş, torbada 19 blisterdə dərman həbləri, 5 bükümdə metamfetaminə bənzər kütlə və 2 ədəd tərəzi olmuşdur. Şəxsə qarşı zor tətbiq edilməmiş və onun ifadəsində qeyd etdiyi polis əməkdaşı tərəfindən evindən pul götürülməsi kimi hal baş verməmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 2024-cü il aprel ayının 24-də Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə Şahid1 əməliyyat məlumatı daxil olmuş, məlumata əsasən əməliyyat qrupu yaradılmış və o, Heydər Əliyev prospektində saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim edərək onlarla şöbəyə getməli olduğunu qeyd etmişlər. Həmin şəxs əvvəl etiraz etmiş, sonra onlarla şöbəyə getmişdir. Şöbədə olarkən şəxsin üzərinə vəkilinin iştirakı ilə baxış keçirilmiş, ancaq onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Avtomobilinə baxış zamanı isə o, könüllü surətdə avtomobilində olan 1 ədəd torbanı təqdim etmiş, torbada 19 blisterdə metadon həbləri, 5 bükümdə metamfetaminə bənzər kütlə və 2 ədəd tərəzi olmuşdur. Şəxs həmin narkotik vasitəni İİR vətəndaşının atdığı konum vasitəsilə Bakı şəhərindən götürdüyünü bildirmişdir. Onun təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, şəxs saxlanılarkən ona qarşı zor tətbiq edilməmişdir. Həmçinin şəxsin evindən onun tərəfindən pul oğurlanması və qardaşı ilə hədələnməsi kimi hallar baş verməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqında ifadə verərək bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşıdır, Elnur saxlanılana qədər Bakı şəhərində sürücü işləmişdir, hadisə günü ona qapını açmasını, gəldiyini bildirmişdir. Elnur maşını həyətə salan vaxt 4-5 nəfər polis əməkdaşı həyətə girmiş, sonra evə qalxmışlar. Gedəndə qardaşı Elnuru da aparmışlar, Elnuru öz avtomobilində aparmışlar, saxlayanda üzərinə çıxmışlar, evdə axtarış aparılıbaparılmadığını bilmir, həmin vaxt evdə o və qardaşı Elnur olmuşdur, Elnur gələndə gecə saat 2 radələri olarmış, polis əməkdaşlarının Elnurla ədavəti olub-olmadığını bilmir, ona qarşı polislər tərəfindən təzyiq olunmamışdır, onu şöbəyə aparmamışlar, qardaşı saxlanılarkən onun telefonu şöbədə olmuş, onu polis şöbəsində saxlamamışlar, telefonunda heç bir şey olmadığı çün Elnur saxlanılandan 3 gün sonra gedib telefonunu şöbədən götürmüşdür. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, İşdə olan : - Şirvan ŞPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli raportdan görünür ki, məlum, qərəzsiz məbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (i.v.3) - «Şübhəli şəxsin tutulması haqqında» 24 aprel 2024-cü il tarixli, 319 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:20-də ARCM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 25-26) - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 aprel 2024-cü il tarixli, 320 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əlində olan idarə etdiyi avtomobilin açarını, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən qara rəngli “Samsung” markalı mobil telefonunu və şalvarının arxa sağ cibindən bir ədəd cib dəsmalını çıxarıb masanın üzərinə qoyduqdan sonra onun üzərinə şəxsi axtarış keçirilsədə hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. (i.v. 29-31) - «Baxış keçirilməsi və götürmə aparılması haqqında» 24 aprel 2024-cü il tarixli, 34 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Toyota Prius” markalı, **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman poletilen torbada 2 ədəd elektron tərəzi, 19 ədəd (list) Metadon həbləri sayılaraq avtomobilin ön hissəsinə sıra ilə yığıldıqdan sonra polietilen torbanın içində metamfetaminin olması görülmüşdür və müstəntiq tərəfindən polietilen torbada olan 5 ədəd metamfetaminə bənzər kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdə 3.10 qram, 10.07 qram, 10.00 qram, 10.54 qram və 0.94 qram çəkilərdə olmaları müəyyən olunmuşdur. Bundan sonra 5 ədəd sellofan kəsiyində olan metamfetaminə bənzər kütlələr 01 ədəd poçt zərfinə qablaşdırılaraq ağzı bağlanmış və 55 nömrəli möhürlə möhürləndikdən sonra iştirakçılar tərəfindən poçt zərfinin üzəri imzalanmışdır. Bundan sonra, 19 ədəd (list) hər listdə 10 ədəd, 1 listdə isə 9 ədəd həb olmaqla ümumilikdə 02 ədəd elektron tərəzi, 189 metadon həbləri sayıldıqdan sonra 01 ədəd poçt zərfində qablaşdırılaraq, üzəri 55 nömrəli möhürlə möhürləndikdən iştirkaçılar tərəfindən poçt zərfinin üzəri imzalandıqdan sonra götürülmüşdür. (i.v. 33-35) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 25 aprel 2024-cü il tarixli, 265 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 58-59) - Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 4(032)-97/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 76-82) - Məhkəmə-tibbi ekspertizasının 13 may 2024-cü il tarixli, 206 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. (i.v. 147-148) - Məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli, 3409 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulundan yarananan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 161-162) - Məhkəmə “mühəndis-texniki” ekspertizasının 30 may 2024-cü il tarixli, 3-16-16/2- 10/3313 nömrəli qərarınından görünür ki, ekspertizaya təqdim edilmiş hər iki elektron tərəzinin tədqiqatı aparılmış və tərəzilərin düzgün işlədiyi müəyyən edilmişdir. (131-134) - Məhkəmə-kimyəvi ekspertizasının 24 aprel 2025-ci il tarixli 3-16-16/2-18/431 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs avtomobilindən…» sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,858qram, 9,434qram, 9,759qram, 10,374qram, 2,889qram, ümumi çəkisi-33,314qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. (i.v. 48-51) - Məhkəmə psixiatrik ekspertizasının 10 may 2024-cü il tarixli, 1322 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v. 172-174) - «Şirvan şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli, 18-1-35/2-710/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin narkoloji kabinetində opioidlərin qəbulu nəticəsində fəal asılılıq sindromu xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v. 107) - «Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar və anten məlumatları ilə bağlı "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 01(bir) ədəd diskdə əks olunan anten məlumatlarından görünür ki, o, xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olmuş, saat 17 radələrində Bakı istiqamətində hərəkət etmiş, müxtəlif ünvanlarda olmuş, o cümlədən, saat 18:44-dən 21:38-dək Yasamal rayonu ərazisində vahid ünvanda hərəkətsiz olmuş, bundan sonra müxtəlif ünvanlarda olaraq Bakı istiqamətində hərəkət etmiş, saat 00:23 radələrindən etibarən Şirvan şəhərində müxtəlif ünvanlarda hərəkətdə olmuş, 02:30-dan etibarən vahid ünvanda-in-style/Şirvan anten dairəsində stabil qalmışdır.(i.v.159) - «Sübutların qiymətləndirilməsi haqqında» 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi-33,064 qram olan narkotik vasitə metamfetamin, qalıq çəkisi ümumilikdə 7,48 qram olan narkotik vasitə metadon dərman tabletləri və 02 ədəd işlək vəziyyətdə olan elektron tərəzi maddi sübut qismində tanınaraq Şirvan şəhər Polis Şöbəsinin maddi sübutları saxlanılma otağına təhvil verilmişdir. Həmçinin, “şəxsi axtarışın keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk və Azercell MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk sübut qismində tanınaraq, cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır.(i.v.195-208) - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 iyul 2024-cü il və 29 iyul 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi və pulunun oğurlanması şikayəti ilə bağlı cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir.(i.v. 169-170, 175- 177) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi:

1. Təqsirləndirilən şəxsin tutularkən fiziki zorakılığa və üzərinə qoyulmuş narkotik vasitə, psixotrop maddənin və elektron tərəzinin ona məxsus olduğunu etiraf etməyəcəyi halda qardaşının tutulacağı ilə bağlı hədələrə məruz qalması ilə əlaqədar dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, həmin dəlillər iş materialları, həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid3 ifadəsi ilə də təkzib olunur. Belə ki, əvvəla, işdə olan təqsirləndirilən şəxsin bədəni üzərində heç bir xəsarətin aşkar olunmamasına dair məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalmamışdır. Bundan əlavə, təqsirləndirilən şəxs qardaşının polis şöbəsinə aparılması, barəsində “həbs” qətimkan tədbirinə məhkəmədə baxılan zaman qardaşının polis əməkdaşları tərəfindən Şirvan şəhər X4 Eymanxaya təsir vasitəsi olaraq saxlanması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qardaşı Şahid3 ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, nə qardaşı Təqsirləndirilən şəxs saxlanılarkən, nə də barəsində qətimkan tədbirinin seçilməsinə məhkəmədə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılmamış, ona qarşı təzyiq olunmamış, yalnız qardaşı saxlanılarkən polislər onun telefonunu gəlib aparmış, telefon üç gün polis şöbəsində qalmış, 3 gündən sonra telefonu ona qaytarılmışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirməklə yanaşı, təqsirləndirilən şəxsin avtomobilinə baxış keçirilərkən müdafiəçisi Ulduzə Əhmədova tərəfindən verilmiş suala cavab olaraq, o, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya pisixi təsirlərin edilmədiyini, narkotik vasitə, psixotrop maddələri və tərəziləri könüllü təqdim etdiyini öz səsli nitqində bildirmişdir.

2. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhərində sürücü işləməsi, xx.xx.2024-cü il tarix, saat gecə 02 radələrində Şirvan şəhərinə qayıtması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əvvəla, təqsirləndirilən şəxs ifadəsində Bakı şəhərində sürücü işlədiyini qeyd etsə də, ona məxsus telefonun anten dairəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində olmuş, saat 17 radələrində Bakı istiqamətində hərəkət edərək orada müxtəlif ünvanlarda olmuş, o cümlədən, saat 18:44-dən 21:38-dək Yasamal rayonu ərazisində vahid ünvanda hərəkətsiz olmuş, bundan sonra müxtəlif ünvanlarda olaraq Bakı istiqamətində hərəkət etmiş, saat 00:23 radələrindən etibarən Şirvan şəhərində müxtəlif ünvanlarda hərəkətdə olmuş, 02:30-dan etibarən vahid ünvanda-in-style/Şirvan anten dairəsində stabil qalmışdır. Sadalanan anten məlumatlarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix, axşam radələrində narkotik vasitə və psixotrop maddəni iranlı Baba adlı şəxsin qoydurduğu yerdən götürməsi üçün Bakı istiqamətdə hərəkət etməsi, həmin narkotik vasitə və psixotrop maddələri götürüb Şirvan şəhərinə qayıtması ilə bağlı ibtidai istintaqdakı etirafedici ifadəsi anten məlumatları ilə üst-üstə düşür.

3. Həmçinin, təqsirləndirilən şəxsin gecə saat 02 radələrində Bakıdan birbaşa evinə gələrkən evində saxlanılıb polis şöbəsinə aparılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, anten məlumatlarından görünür ki, o, gecə 00:23 radələrindən artıq Şirvan şəhərində müxtəlif ünvanlarda, o cümlədən in-style/Şirvan ünvanında hərəkətdə olmuş, 02:30-dan etibarən vahid ünvanda-in-style/Şirvan ünvanında stabil qalmışdır. Təqsirləndirilən şəxs evinin polis şöbəsi ilə eyni prospektdə- Heydər Əliyev prospektində yerləşməsi, təxminən 1-2 km, 5 dəqiqəlik məsafədə yerləşməsi, in-style/Şirvan ünvanının polis şöbəsi ilə onun evinin arasında, təxmini eyni məsafədə yerləşməsi ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsi nəzərə alındıqda instyle/Şirvan ünvanının məhz Şirvan şəhər Polis Şöbəsinin anten dairəsi olması və onun 02:30 radələrindən etibarən polisin nəzarəti altında olması qənaətinə birmənalı gəlmək mümkün deyildir. Çünki, Təqsirləndirilən şəxs ifadəsində də qeyd etdiyi kimi, polis şöbəsi də, təqsirləndirilən şəxsin evi də iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanıldığı X1 üzərində yerləşir. Bundan əlavə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ittihamda qeyd olunan tarixdə və saatda Heydər Əliyev prospektində saxlanılmasını təkzib edən heç bir mötəbər sübut əldə edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki və psixi təzyiqlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri işdə olan digər sübutlarla uzlaşmamaqla, həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs evdən aparılması ilə bağlı bildirdiklərini yuxarıda sadalanan sübutlara əsasən faktın təkzib edilməsində əhəmiyyət kəsb etməyən, qardaşını müdafiə xarakterli kimi qiymətləndirir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa və avtomobilə baxışa dair və digər protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, ibtidai istintaqda verilmiş etirafedici ifadələrin işgəncə və qeyri-insani, ləyaqəti alçaldan, amansız rəftar nəticəsində verilməsi ilə bağlı müdafiə tərəfinin dəlillərini AR CPM-in 125.2.2-ci maddəsinə uyğun hesab etməyərək, məhz həmin ifadələri iş materialları ilə uzlaşan, Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini isə iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər sübut hesab edir.

Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur.

«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə, onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Narkotik vasitə metadonun şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,02 qram, külli miqdarının (qramla) aşağı həddi 1,6 qramdır.

«Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-0,858 qram, 9,434 qram, 9,759 qram, 10,374 qram, 2,889 qram, olmaqla ümumi təmiz çəkisi 33,314 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 19 ədəd listdə olan 189 ədəd, metadonun təsir maddəsinin ümumi miqdarı 7,56 qram olan külli miqdarda narkotik vasitə açıq-qəhvəyi rəngli “F/M40” göstəricili dərman həbləri şəxsi istehlak miqdarından artıqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan sayda və çəkidə narkotik vasitə və psixtotrop maddələri əldə edib yaşadığı evdən kənarda hamısını birlikdə üzərində daşıması, həmçinin, həmin maddələrin yanında 2 ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilməsi onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddələsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «baxış keçirilməsi və götürmə aparılması haqqında» protokol, və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə-kimyəvi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»nın rəyləri, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Toyota Prius” markalı, **-GS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 19 ədəd üzərində “Methadone 40” göstəricisi olan blisterdə 189 ədəd açıq-qəhvəyi rəngli “F/M40” göstəricili ümumi miqdarı 7,56 qram olan külli miqdarda narkotik vasitə metadon həbləri, ümumi çəkisi-33,314 qram olan psixotrop maddə metamfetamin və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 02 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 avqust 2017-ci il tarixli hökmü ilə ARCM-in 234.4.3-cü maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 dekabr 2023-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. (i.v. 108-115) - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 3279 nömrəli arayış və 273 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 15 ünvanında tək yaşayıb, yaşadığı ərazi üzrə nümayəndəliyə onun barəsində şifahi və yazılı heç bir şikayət daxil olmamışdır. (i.v. 135-136) Təqsirləndirilən şəxs ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən təkrar cinayət törətməsi cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirli bilindiyi cinayət qanunun maddəsinin yuxarı həddinin, yəni, 12 ilin üçdə ikisindən, yəni, 8 ildən az olmamaqla cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablanmalı, Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 4(032)- 97/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi-33,064 qram olan psixotrop maddə metamfetamin, qalıq çəkisi ümumilikdə 7,48 qram olan narkotik vasitə metadon dərman tabletləri və 02 ədəd işlək vəziyyətdə olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə sübut şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk və Azercell MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 230 manat 74 (iki yüz otuz manat yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekpertiza Mərkəzinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-də saxlanılan 33,064 qram olan psixotrop maddə metamfetamin, 7,48 qram olan narkotik vasitə metadon dərman tabletləri və 02 ədəd işlək vəziyyətdə olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk və Bakcell MMC-dən daxil olmuş telefon və anten məlumatlarının əks olunduğu 1(bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi 230 manat 74 (iki yüz otuz manat yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar