Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-920/2023 28.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Lənkəran rayonu, Küvənil kəndində qeydiyyatda olmaqla tutulanadək həmin kənddə yaşayan, 31 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(049)- 242/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən öz istifadəsi üçün, 01 ədəd sellofan bükümdə külli miqdarda-2,077 qram psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 31 avqust 2023-cü il tarixdə, saat 11:40 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Küvənil kəndində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra, üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman, həmin 01 ədəd sellofan bükümdə külli miqdarda-2,077 qram psixotrop maddə metamfetamin əynində olan şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək demişdir ki, təxminən 2 il olar ki, metamfetamindən, arada bir isə «kakos» kimi adını bildiyi heroindən də istifadə etmişdir. Əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri tanımadığı şəxslərdən əldə etmişdir. 31 avqust 2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri «Böyük bazar» adlanan yerdə bir nəfər tanımadığı şəxsdən 40 manat verib 01 ədəd sellofan bükümdə «şüşə», yəni, metamfetamin almışdır. Həmin sellofan bükümü əynində olan şalvarının sol yan cibinə qoymuşdur ki, ağrıları başlayanda istifadə edər. Daha sonra saat 11-12 radələrində kəndə gəlmişdir. 31 avqust 2023-cü il tarixdə saat 12 radələrində Lənkəran rayonu, Küvənil kəndində tək piyada hərəkət edən zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları üzərində metamfetamin olduğunu bilirlər və onlara etiraz etmədən birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,49 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən götürülmüş metamfetamin ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və möhürlənmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Lənkəran rayonu, Küvənil kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlandıqdan sonra Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak edirmişlər. 31 avqust 2023-cü il tarixdə saat 11:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu, Küvənil kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına Müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş vasitəsi Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan kütləni çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilən zaman içərilərində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin psixotrop maddə metamfetamin olduğunu, Lənkəran şəhərində «böyük bazar» deyilən ərazidə tanımadığı şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,49 qram təşkil etmiş, ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Protokol tərtib edilmiş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Lənkəran ŞRPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdə, saat 11:40 radələrində Lənkəran rayonu, Küvənil kəndində saxlanılaraq polis şöbəsinə gətirilməsi və polis şöbəsində üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,077 qram psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi faktı əsasında Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 01 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 1, i.v. 1-46) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 31 avqust 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:05-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 13) -«şəxsi axtarış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin 01 ədəd psixotrop maddə metamfetaminin çəkisi 2,49 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, həmin büküm özünə məxsusdur, Lənkəran şəhəri, böyük bazar deyilən ərazidə tanımadığı şəxsdən 40 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır.(i.v. 29-31) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 31 avqust 2023-cü il tarixli 19/831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm.... » sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi - 2,077 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v. 43-45) -«təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması barədə» 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(049)-242/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 49-50, 64-65) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 04 sentyabr 2023-cü il tarixli, 860 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sendromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v. 66) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 06 sentyabr 2023-cü il tarixli, 10413 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v. 77) -«maddi sübut qismində tanıma haqqında» 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə, təmiz çəkisi - 2,077 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış 01 ədəd bükümdə, təmiz çəkisi-1,977 qram psixotrop maddə metamfetamin istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 90-91) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 31 avqust 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının və ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v. 75) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 09 sentyabr 2023-cü il tarixli, 12-30/475 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi atası, anası və arvadından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v. 73-74). Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş metamfetaminin külli miqdarda-2,077 qram təşkil etməsini, əməlindən peşman olmasını, ilk məhkumluğunun olmasını, ailə, maddi və sosial vəziyyətini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) nəzərə alaraq təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 31 avqust 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(049)-242/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 04 sentyabr 2023cü il tarixli, 860 nömrəli rəyi nəzərə alınaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi- 1,977 qram təşkil edən psixotrop maddə metamfetamin höküm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materialarına əlavə edilmiş Təqsirləndirilən şəxsn üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasının videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Lənkəran Rayon Məhkəməsinin 02 sentyabr 2023-cü il tarixli, 4(049)-242/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran-Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,977 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış keçirilməsi haqqında» 31 avqust 2023-cü il tarixli istintaq hərəkətinin icra edilməsinin videogörüntüsü olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-920/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-920/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver