Məhkəmə qərarları › İş №1(099)-93/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-93/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-93/2023 30.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonu Alar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu Alar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə saat 20:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “VAZ- 21063” markalı, ** VL *** qeydiyyat nişanlı avtomobili idarə etməklə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 90,4-cü kilometrliyində Astara rayonu istiqamətində saatda 70 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələğlərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun sağ ehtiyyat hissəsindən sola doğru adi qaçışla keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasının və qişalarının əzilib-dağılması, başın ənsə nahiyəsinin əzilmiş yarası, ənsə nahiyəsinin əzilmiş yarası, alnın sol tərəfinin cırılmış yarası, sol bud, sol diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları, sol bud sümüyünün distal ucunun bayır kondilusunun açıq qəlpəli sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığı ağır zərər vuran xəsarətlər alaraq ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, sürücülük vəsiqəsi, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus, “VAZ 21063” minik markalı, ** VL *** qeydiyyat nişanlı avtomaşını idaər etmişdir. 19 sentyabr 2022-ci ildə saat 20:20 radələrində idarə etdiyi “VAZ 21063” markalı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayon istiqamətdə saatda təxminən 70 kilometr, bəlkədə 80-90 kilometr sürətlə hərəkətdə olmuşdur. Avtomaşının arxa oturacağında iki nəfər sərnişinlər oturmuşlar. Biləsuvar rayon ərazisindən keçdikdə qabaqda 10-15 metr məsafə bir nəfər şəxsin (adını sonradan bildiyi Zərərçəkmiş şəxs) yolun ehtiyyat hissəsində durduğunu görmüşdür. O, hərəkətini davam etdirməklə həmin şəxsin bərabərliyinə çatmağa 2-4 metr qalmış həmin şəxs qəflətən özünü avtomobilin qabağına atmışdır. Məsafə az olduğundan tormoz vermək imkanı olmamış və avtomobilin sükanın bir qədər sola doğru istiqamətləndirmiş, lakin məsafə yaxın olduğundan hadisədən yayına bilməmiş, nəticədə avtomaşının qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Daha sonra avtomaşını saxlamaqla piyadaya yardım etmiş və onu sərnişinlərin köməkliyi ilə öz avtomobilinə qoyaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Lakin xəstəxanaya çatdıqda həmin şəxsin artıq öldüyünü bilmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, hadisə zamanı avtomaşını 70/km saat sürtələ sürmüşdür. Biləsuvar rayonu ərazisindən keçəndə yolun sağ ehtiyyat hissəsində dayanmış piyadanın ani olaraq yolun soluna doğru adi qaçışla qaçmağa başladığını görmüşdür. Həmin anda onun əlləri yuxarıda olmaqla ona saxlamaq işarəsi vermişdir. Piyadanın asfalt üzərinə çıxdığını görmüş və sükanı sola doğru istiqamətləndirmişdir ki, hadisədən yayınsın. Lakin avtomaşının qabaq sağ tin hissəsi asfaltın üzərində piyadanı vurmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, göstərilən yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs doğma atasıdır. 19 sentyabr 2022-ci ildə axşam yaşadığı evdə olduğu zaman atası Əlinin Ələt- Astara yolunda yol qəzasına düşməsini eşitmiş və Biləsuvar rayonuna getdikdə atasının artıq vəfat etdiyini bilmişdir. Sonradan ona məlum olmuşdur ki, atası Biləsuvar rayonu ərazisində yolu keçmək istəyərkən onu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21063 markalı avtomaşın vurmuşdur. Hadisə nəticəsində atasının ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən onlara heç bir maddi ziyan ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Şahid1 məhkəmədə göstərdi ki, hal-hazırda Cəlilabad rayon Alar kəndində yaşayır. 19 sentyabr 2022-ci ildə saat təxminən 20:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21063 markalı avtomaşınla Ələt-Astara avtomobil yolu ilə Astara rayonu istiqamətdə saatda 70 km sürətlə hərəkətdə olmuşlar. Həmin vaxt o, Etibar adlı oğlanla birlikdə arxada əyləşmişlər. Biləsuvar rayon ərazisindən keçdikdə yolun sağ ehtiyyat hissəsində dayanmış piyada ani olaraq yolun soluna doğru keçməyə başlamışdır. Mehdi piyadanın asfalt üzərinə çıxmasını görərək onu vurmamaq üçün tormoz vermədən sykanı bir qədər sola doğru istiqamətləndirmiş, lakin vtomaşının qabaq sağ hissəsi piyadaya dəymişdir. Mehdi avtomaşını saxlamış piyadanı avtomaşına qoyaraq Biləsuvar rayon xəstəxanasına aparmışlar. Lakin avtomaşının vurduğu şəxs, adını sonradan bildiyi əli artıq vəfat etmişdir. Şahid2 da məhkəmədə Şahid1 ilə eyni məzmunlu ifadə verərək hadisə zamanı Təqsirləndirilən şəxs avtomaşını saatda 70 kilometr sürətlə idarə etdiyini göstərmişdir. İş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyini vermiş, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 məhkəmə baxışında şahid kimi dindirilərkən göstərdi ki, istintaq tərəfindən verilən məlumatlara əsasən hadisənin baş verməsi zamanı sürüsü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 markalı, ** VL *** qeydiyyat nişanlı avtomobil 70/km saat sürətlə hərəkətdə olmuş, hərəkt üçün təhlükə yarandığı, yəni piyadanın yolun ehtiyyat hissəsindən hərəkət hissəsinə doğru hərəkət etməyə başladığı andan vurulma yerinə qədər 6,8 məsafə qət etmişdir. Nəqliyyat vasitəsi ilə piyadanın vurulma hadisəsi üzrə tədqiqat metodikasına əsasən aparılmış hesalamaya əsasən hərəkət üçün təhlükə yarandığı anda 70 km/saat sürətlə hərəkətdə olan avtomobil piyadanın vurulma yerindən 55,4 metr məsafədə olmuşdur. Sürücünün avtomobili 52,9 metr məsafədə dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin sürücü hərəkət üçün təhlükə yarandığı anda avtomobilin sürətinin tam dayanma həddinədək azaltmaq üçün tədbirlər görməmişdir. Odur ki, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs avtomobili 70-90 km/saat süərtlə hərəkət etdirməsi şəraitində piyadanın 2-4 məsafədə onun yoluna çıxması barədə ifadəsi özünü müdafiə məqsədi daşıyır. Çünki bu halda piyada 6,8 metr hərəkət edə bilməzdi. Hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış Təqsirləndirilən şəxs iştirakı ilə 19 sentyabr 2022-ci il tarixdə hadisədən sonrakı saatlarda keçirilmişdir. Hadisə yerində tormoz izi müəyyən edilməmişdir. Baxış zamanı sürücü Təqsirləndirilən şəxs yolun sağ hissəsi ilə, öz hərəkət zolağı ilə 70 km/saat sürətlə hərəkətdə olduğu zaman yolun sağ ehtiyyat hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs yola doğu hərəkət etməyə başladığı yeri göstərmiş, onun hərəkətə başladığı nöqtə ilə toqquşma nöqtəsi arasındakı məsafənin ümumilikdə 6,8 metr, yolun hərəkət hissəsində isə 2,3 metr olması müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə 20 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, hadisə zamanı VAZ-21063 markalı avtomobili 70/km saat sürətlə idarə etdiyini, piyadan yolun hetiyyat hissəsində dayandığı və yola doğru hərəkətə başladığı və avtomaşının piyadanı vurduğu yeri göstərmişdir. Piyadanın yola doğru hərəkətə başladığı yerdən avtomaşının onu vurduğu yerə qədər məsafənin 6,8 metr olması müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 8\2571 saylı rəyindən görünür ki, hadisənin baş vermə mexanizminə uyğun olaraq “VAZ 21063” minik markalı, ** VL *** qeydiyyat nişanlı avtomabil 70/km saat sürətlə hərəkətdə olduğu zaman sürücünün hərəkət üçün təhlükənin yarandığını, yəni piyadanın yolun hərəkət hissəsinə doğru hərəkətə başladığını gördüyü andan, qəbul olunmuş normalara əsasən piyadanın adi qaçışla hərəkətinin orta sürət həddi (km/saat): Vp=8,6 metr nəzərə alınmaqla piyadanın hərəkətə başladığı nöqtədən 6,8 metr məsafəni qət etdikdən sonra toqquşmanın baş verməsi şəraitində hərəkət üçün təhlükə yararan anda avtomobil piyadanı vurma nöqtəsindən 55,4 metr məsafədə olmuşdur. Sürücünün isə 52,9 metr məsafədə avtomobili dayandırmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisənin baş vermə şəraitində sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkət üçün təhlükə yarandığı andan avtomobili dayandırımaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin QİS-in 26 sentyabr 2022-ci il tarixli, 016-123268-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə-tibb ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 14 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə-beyin travması, ənsə sümüyünün qəlpəli sınığı, baş beyin toxumasının və qişalarının əzilibdağılması, başın ənsə nahiyyəsinin əzilmiş yarası, ənsə nahiyyəsinin əzilmiş yarası, alının sol tərəfinin cırılmış yarası, sol bud, sol diz oynağı, nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sol bud sümüyünün distal ucunun bayır kondilusunun açıq qəlpəli sınığı ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomaşının hissələrinin təsirindən əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının və qişalarının əzilib dağılması səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqiatı nəticəsində etil spirti aşkar olunmamışdır. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 19 sentyabr 2022-ci il tarixli, 247 saylı tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2013-cü, xx.xx.2015-ci vaə xx.xx.2016-cı il tarixlərdə doğulmuş üç azyaşlı uşaqları vardır. Məhkəmə baxaşı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 təqdim etdiyi 20 dekabr 2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs ilə barışmasını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məktəbə yol-nəqliyyat hadisəsinin baş verməsi şəratini, işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-hadisə zamanı avtomobili 70-90 km/saat sürətlə hərəkət etdirməsi, zərərçəkmişin özünü 2-4 metrlik məsafədən avtomobilin üstünə atması barədə ifadəsini, özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra hadisə yerinə onun iştirakı ilə baxış keçirilərkən piyadanın yolun hərəkət hissəsi istiqamətində başladığı yeri göstərmiş və həmin nöqtədən piyadı ilə toqquşma yerinə olan məsafənin 6,8 metr olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ilkin ifadəsində, həmçinin ifadəsinin yerində yoxlanılması zamanı hadisənin baş verməsi zamanı avtomobili 70 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Həmçinin hadisə zamanı avtomaşında olan sərnişinlər Şahid1 və Şahid2 də ifadələrində hadisənin baş vermə anında avtomobilin 70 km/saat sürətlə hərəkətdə olmasını göstərmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsi avtomobilə qoyaraq hadisə yerindən xəstəxanaya aparmaqla ona tibbi yardım göstərməsini CM-nin 59.1.11-ci maddəsinə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.11 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş yüngülləşdirici həllar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddi 8 il müəyyən edildiyindən, ona təyin olunan cəzanın müddəti 6 ildən çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini-yəni cinayəti ehtiyyatsızlıq üzündən törətməsini, şəxsiyyətini-yəni ilk məhkumluğunu, ehtiyyatsızlıqdan törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində olmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq ona CM-nin 263-1.3-cü maddəsinində nəzərdə tutulmuş aşağı həddə, 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21063» markalı, 99-VL- 434 qeydiyyat nişanlı avtomobilin sahibinə verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21063» markalı, **-VL-*** qeydiyyat nişanlı avtomobilin sahibinə verilməsi nəzərə alınsın. Ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar