Məhkəmə qərarları › İş №1(099)-94/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-94/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-94/2023 23.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi2 və Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Abşeron rayonu, Masazır kəndi, H.Aslanov küçəsi ev 240-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 03 may 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi əldə edilməsi, saxlanması və daşınması ilə bağlı qabaqcadan razılıq əldə etmiş, cinayətkar qrupun üzvlərinin aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti məlum olmayan şəxs külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq, Azərbaycan Resublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətmiş, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs qeyd olunan külli miqdarda narkotik vasitələri və külli miqdar hesab edilən psixotrop maddəni götürmək üçün xx.xx.2022-ci ildə “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonunun Böyük Bəhmənli kəndinə gəlmiş, xx.xx.2022-ci ildə gecə saat 00.15 radələrində iki ədəd bağlamada külli miqdarda, təmiz halda çəkisi 1996,3 qram narkotik vasitə tiryəki, təmiz halda çəkisi 3921,8 qram narkotik vasitə heroini, təmiz halda çəkisi 17790 qram narkotik vasitə qurudulmuş marixuananı, 20 ədəd həbdən ibarət təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram narkotik vasitə metadonu və külli miqdarda təmiz halda çəkisi 2987,8 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb daşıyaraq idarə etdiyi “Hyundai Accent” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerləşdirdikdən sonra Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılmış, qeyd edilən çəkilərdə olan- külli miqdarda narkotik vasitələr və külli miqdar hesab edilən çəkilərdə olan psixotrop maddə metamfetamin avtomobildən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şəxsi işləri ilə əlaqədar Füzuli rayonuna getmək üçün Hyundai Accent markalı, **-LZ-*** dövlət nömrə nişanlı avtomobili icarəyə götürüb 30 aprel 2022-ci ildə saat 17-18 radələrində tanışı Gülşənlə Bakı şəhərindən çıxmış, Daşburun dairəsinə çatan hissədə ayaqyoluna getmək üçün maşından düşmüş, həmin vaxt 2 nəfər kolluq ərazidən çıxaraq onu, 2 nəfər isə arxa tərəfdən gələrək Gülşəni saxlamış, yolda gedərkən həmin şəxslər gözlərini bağlayaraq taxta ilə onu döymüş, o da məcbur qalıb izahat və ifadələrə imza etmiş, avtombildən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, həmin narkotik vasitələri onu saxlayan şəxslər tərəfindən avtomobilinə qoyulmuş, sonradan onu sahəyə apararaq sahədə şəkli çəkilmiş, telefonunda Vəli adlı şəxsin mobil nömrəsi olmamış, iranlı ilə danışmamış, rayona şəxsi işləri ilə bağlı getmişdir. Heç bir günahı olmadığından barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, hadisədən 10 gün əvvəl iranlı Vəli adlı tanışı ona Vatsapla zəng edərək Beyləqan rayonu ərazisində olan narkotik vasitənin yerini ona deyəcəyini, içərisində narkotik vasitə olan bağlamaları götürüb onun dediyi yerə aparıb qoymasını xahiş etmiş, sonuncunun təklifi ilə razılaşaraq 30 aprel 2022-ci ildə icarəyə götürdüyü Hyundai Accent markalı, **-LZ-*** dövlət nömrə nişanlı avtomobillə Beyləqan rayonuna yola düşmüş, həmin vaxt tanışı Gülşən də avtomobildə olmuş, Vəlinin bağlamaları qoyduğu yerə gedərək orada olan ziyarətgahın yanında avtomobili saxlamış, həmin vaxt Gülşən maşından düşüb ziyarətgaha getmiş, o, isə Vəlinin ona göndərdiyi yerə gedib narkotiki axtarmağa başlamış, həmin ərazidə ağacın altında 2 bağlama taparaq həmin bağlamaları götürüb maşına gətirmiş, arxa oturacağa qoyduqdan sonra sərhədçilər tərəfindən saxlanılmışlar. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə 18-cü sərhəd zastavasının xidməti ərazisində gizir Şahid2 ilə birlikdə pusqu xidmətinə təyin olunmuş, xx.xx.2022-ci ildə gecə saat 00.05-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətindən bir avtomobil həmin əraziyə gəlmiş, həmin avtomobildən bir qadın düşüb yaxınlıqda olan ziyarətgaha getmiş, sükan arxasından düşən sürücü isə yolun kənarında olan kolluq tərəfə gedərək orada nə isə axtarmağa başlamış, sonra qadın avtomobilə qayıtmış, kolluğa gedən digər şəxs isə oradan iki ədəd torbanı götürüb avtomobilə tərəf gəlmiş, həmin bağlamaları avtomobilin arxa oturacağına qoymuş, sonra onlar avtomobilə yaxınlaşıb həmin şəxsləri saxlayaraq onları avtomobillə birgə sərhəd zastavasına aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 01 may 2022-ci ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndinin ərazisində saxlanılan şəxsin idarə etdiyi Hyundai Accent markalı avtomobilə baxış keçirilərkən orada hal şahid qismində iştirak etmiş, baxış zamanı avtomobildən iki ədəd torba aşkar edilərək götürülmüş, sonra saxlanılan şəxsin bağlamaları götürdüyü əraziyə baxış keçirilmiş, həmin şəxs bağlamaları götürdüyü yeri göstərmiş, sonra avtomobildən götürülən bağlamalara baxış keçirilərkən onların içərisində narkotik vasitələr olan qurudulmuş marixuanaya, tiryəkə, heroinə və metadona, eləcə də psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar olunaraq götürülmüş, avtomobilə keçirilən baxışla bağlı tərtib olunan protokola orada iştirak edən şəxslər, eləcə də o da imza etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, şəxsiyyət vəsiqəsini dəyişmək məqsədilə 30 aprel 2022-ci ildə saat 16-17 radələrində tanışı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Füzuli rayonuna yola düşmüş, onlar gecə saat 22 radələrində Beyləqana çatmış, Emil Beyləqanda ziyarətgahın yanında maşını saxlamış, o, avtomobildən düşərək ziyarətgaha gedib nəzir verib geri qayıtmış, Emil isə maşından düşüb əkin sahəsinə getmiş, təxminən 3-5 dəqiqə sonra geri qayıdarkən əlindəki iki böyük torbanı avtomobilə qoymuş, Emildən bunun nə olduğunu soruşduqda, Emil ona sonra deyəcəyini bildirmiş, bu zaman onlar sərhədçilər tərəfindən saxlanılmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 05 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs onunla birlikdə avtomobildə olan Gülşən Əhmədovanın ona qarşı olunan qanunsuzluqları bilavasitə gördüyünü bildirərkən, Gülşən Əhmədova sonuncunun göstərdiklərinin yalan olduğunu, Təqsirləndirilən şəxs iki ədəd bağlamanı gətirib avtomobilə qoyduğunu, heç kimin onlara qarşı fiziki zor tətbiq etmədiyini, Emili heç kəsin döymədiyini, sonuncunun üzünə qarşı demişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə komandirinin məktubundan görünür ki, xx.xx.2022-ci ildə 18-ci sərhəd zastavasının xidməti ərazisində xidmətdə olan sərhəd naryadları 18-ci sahənin arxa istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin dayandıqdan sonra bir nəfər şəxsin avtomobildən düşüb əkin sahələri istiqamətində hərəkət etdiyini müşahidə etmiş, sonra həmin şəxs əkin sahəsindən iki ədəd bağlamanı götürüb avtomobilə qoyduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılmış, bağlamalarda narkotik vasitələrə bənzər maddələrin olması müəyyən edilmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə” haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, baxış yeri Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 18-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa istiqaməti olmuş, Təqsirləndirilən şəxs həmin əraziyə gəldiyi avtomobilə baxış keçirilmiş, avtomobildən iki ədəd narıncı rəngli polietilen torba aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “Aşkar olunmuş predmetə baxış keçirilməsi” haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş narıncı rəngli polietilen torbaların içərisinə baxış keçirilmiş, torbaların içərisindən sıx yapışqan lentlə sarılmış bükümlər aşkar edilmiş, bükümlərdə 4200 qram narkotik vasitə heroinə oxşar maddə, 22110 qram narkotik vasitə marixuanaya oxşar maddə, 2100 qram narkotik vasitə tiryəkə oxşar maddə, 3200 qram psixotrop maddə olan metamfetaminə oxşar maddə, 20 ədəd üzərində “Metadon-40” yazılmış dərman həbi aşkar olunaraq götürülmüş, sonra möhürlənərək qablaşdırılmışdır. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş SAMSUNG markalı mobil telefonda olan “Whatsapp” proqramında səs yazıları, zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi aşkar olmuşdur. Belə ki, İran operatoruna məxsus + 98 933 *** ** ** mobil nömrə ilə xx.xx.2022-ci ildə saat 12.33 - Vəli adlı şəxs (Vəli bundan sonra) “yaxşıyam qadan alım nuş olsun” - Təqsirləndirilən şəxs (E.Ə. bundan sonra) “ çox sağol qardaş, yığacam danışarıq.(səs yazısı)” Vəli - “çıxmısan yola?” - E.Ə “ yol hələ, birazdan” - Vəli “yaxşı” Saat 18.27 - Vəli “salam, qaqa” Saat 20.00 - Vəli “qaqa qadan alım çıxıbsan? (səs yazısı)”- E.Ə “həri, dükanda düşmüşdüm. Şəhəri çıxmışıq (səs yazısı)” - Vəli- “başına dönüm sür gəl, Salyan yolu yox Bəhramtapa Daşburun yolu sür gəl. Biraz qıvraq sür, ehtiyatlı ol (səs yazısı)” - E.Ə “bilirəm Beyləqan yolu (səs yazısı) xx.xx.2022 saat 02.08”- Vəli “Emil başına dönüm, iş bizdən qurtarıb, qardaşın əlindədi. İstiyirsən get Bakıya, istiyirsən qal oteldə. Nə qədər xərcin çıxsa verəcəyik. Bağışla yol işidi, belə oldu. Biz sözü sənnən danışmışıq. Başqa adama deməyək. Sənə deyəcəm gedib götürərsən. Həmişə gedib ordan götürəcəksən (səs yazısı)” - E.Ə “narahat olma, gedim Bakıya günortadan sonra danışarıq. Saat 16.39” - Vəli “qardaş boş olanda yığarsan Saat 22.52” - Vəli “konum(məkanın dəqiq yeri)” - Vəli “ (yönləndirilmiş mesaj) Daşburundan gələndə Əhmədbəylini Balabəhmənlini keçir, sonra Mahmudlu plakatın keçir”-Vəli “(fotoşəkil-birinci Mahmudlu yazısı olan plakat)”- Vəli “(yönləndirilmiş mesaj) Bax bu plakatdan düz gedir solda seyidin qəbridir Saat 23.21”- Vəli “konum (məkanın dəqiq yeri) “ səs yazıları, sözlər və fotoşəkillər göndərilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 may 2022-ci il tarixli 7/422 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamalarda ümumi təmiz çəkisi 17790 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 may 2022-ci il tarixli 6/2438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamalarda ümumi təmiz çəkisi 3921,8 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, ümumi təmiz çəkisi 2987,8 qram ağ rəngli kristal şəlilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, ümumi təmiz çəkisi 1996,3 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir, üzərində “Methodone” markalanma göstəricisi olan 2 ədəd konvalyutda hər konvalyutda 10 ədəd, ümumilikdə 20 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 20 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertiza mərkəzinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin əsiri altına düşmür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2022-ci il tarixli, 3488 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut kimi tanınmış və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 17789 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3921,56 qram narkotik vasitə heroin, qalıq çəkisi 1996,1 qram narkotik vasitə tiryək, 15 həb narkotik vasitə metadon və qalıq çəkisi 2987,6 qram psixotrop maddə olan metamfetamin DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə marixuananı, eləcə də külli miqdar təşkil edən narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz yolla qazanc əldə etmək üçün əldə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yaxa qurtarmağa yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr marixuana və heroin, o cümlədən psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-c maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni xx.xx.2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X5 rayonu, Masazır kəndi, H.Aslanov küçəsi, ev 240-da himayəsində arvadı və iki azyaşlı uşaqları ilə birgə həmin ünvanda qeydiyyatda olsa da həmin ünvanda yaşayıb-yaşamaması barədə və heç bir rəsmi məlumat olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspretiza tədqiqatından sonra qalıq çəkisi 17789 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3921,56 qram narkotik vasitə heroin, qalıq çəkisi 1996,1 qram narkotik vasitə tiryək, 15 həb narkotik vasitə metadon və qalıq çəkisi 2987,6 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, ekspretiza tədqiqatından sonra qalıq çəkisi 17789 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3921,56 qram narkotik vasitə heroin, qalıq çəkisi 1996,1 qram narkotik vasitə tiryək, 15 həb narkotik vasitə metadon və qalıq çəkisi 2987,6 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar