Məhkəmə qərarları › İş №1(099)-95/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-95/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-95/2022 11.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1981-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Türkədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirldəndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarından 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu, Türkədi kəndində yerləşən özünə məxsus evin həyətyanı sahəsindəki yarım tikilinin içərisində olan torpaq sahəsində 17 ədədini torpağı şumlamaqla həmin yerə qanunsuz olaraq əkmiş, həmin toxumlardan inkişaf etmiş 17 ədəd çətənə (kannabis) bitkilərini külli miqdarda yetişdirib aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2021-ci il tarixdə saat 19:20-də Kürdəmir RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə olan yarım tikilinin içərisində torpaq sahəsində 17 ədəd sıra ilə torpağa əkilmiş yaş vəziyyətdə ümumi təmiz çəkisi 2650 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitikisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqıdan təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, marixuanadan istifadə edir. 2021-ci ilin aprel ayının ortalarında hər dəfə narkotik qəbul edən zaman yığıb saxladığı təxminən bir ovuc çətənə toxumunu yaşadığı evin həyətində əkmiş, onlara su vermiş və qulluq etmişdir ki, toxumlar tez böyüsünlər. Toxumlardan 17 ədədi cücərib torpaqdan çıxmışdır. Əkdiyi çətənə bitkilərinə hər gün su verib onlara qulluq etmişdir. Həmin çətənə bitkilərinin hündürlüyü təxminən 80-120 santimetr olmuşdur. 17 avqust 2021-ci il tarixdə saat 19 radələrində evdə olarkən polis əməkdaşları onlara gəlib yaşadığı evin həyətində qanunsuz olaraq narkotik əkib becərməsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarına evin həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Həyətinə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman əkmiş olduğu həmin 17 ədəd çətənə bitkisini aşkar etmişlər. Həmin vaxt polis əməkdaşlarına çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini səmimi olaraq etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da həmin bitkilərə qulluq olunması barədə rəy tərtib etmişdir. Bitkilər aqronomun iştirakı ilə torpaqdan çıxarılmışdır. Heç vaxt heç kimə narkotik satmamış, onları gələcəkdə özü istifadə etmək məqsədilə əkmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin narkotikərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki 17 avqust 2021-ci il tarixdə Kürdəmir rayonu Türkədi kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyası ilə məşğul olması,habelə narkotik vasitə saxlaması, qəbul etməsi və daşıması barədə daxil olmuş məlumata əsasən həmin ünvana yollanmışlar. Yunisə həyətində narkotik tərkibli bitkilər əkməkdə və narkotik vasitələrdən istifadə etməkdə, daşımaqda, saxlamaqda şübhəli olduğunu bildirmişlər. Yunis evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Sonra o, həyətində olan damı açıq yarımtiklinin içərisində əkdiyi 17 ədəd çətənə bitkilərini təqdim etmişdir. Baxışda iştirak edən aqronom bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya edilmiş, dibləri boşaldılaraq sulanmışdır. 17 ədəd bitkilər torpaqdan çıxarılmış və qablaşdırılmışdır. Ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin polis nəfəri, X1 eyni məzmunlu ifadə verərək bir daha Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 18/892 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş 17 (on yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi- 2650.0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir rayonu, Türkədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi baradə məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 19:20-də Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətyanı sahəsinə yerləşən yarımtikiliyə baxış zamanı yarımtiklinin içərisində 17 ədəd torpağa əkilmiş, çətənə (kannabis) bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Həmin bitkilər ekspertizaya təqdim olunması üçün 01 ədəd kisəyə qablaşdırılaraq DİN-in 137 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2021-ci il tarixli 951 nömrəli məktubdan görünür ki, Əzizov X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış məhkumluq haqqında tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 20 avqust 2021-ci il tarixli qərarla ümumilikdə 17 ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 2650 qram olan çətənə (kannabis) bitikisinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 2649.66 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd, üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, şahid ifadələrini, ekspertizanın rəylərini, istitntaq hərəkətlərinin protokllarını və məhkəmədə tədqiq edilmiş digər sübutları işin obyektiv hallarına uyğun gəldiyindən təqsirləndirilən şəxslərin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. 17 avqust 2021-ci il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 237.2.3 –cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Kürdəmir Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ona alternativ olan “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3 -ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 237.2.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu cinayətin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlüksizliyidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbs olunmalıdır. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilməli və Bakı İstintaq Təcridxanasına keçirilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə və “ev dustaqlığı” nda saxlanıldığı müddəti cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 17 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb və hazırda Kürdəmir RPŞ-də saxlanılan narkotik tərkibli 17 ədəd (2649,66 qram) çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və “baxış aparılmasına dair” istintaq hərəkətlərinin görüntülərini əks etdirən 2 ədəd disk cinayət işinin materaillarıünda saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil verilsin və Bakı İstintaq Təcridxanasına keçirilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 49 (qırx doqquz ) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olub hazırda Kürdəmir RPŞ-də saxlanılan 17 ədəd, yaş vəziyyətdə ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 2649,66 qram narkotik tərkibli çətənə bitkilərin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar