Məhkəmə qərarları › İş №1(099)-95/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-95/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-95/2025 09.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi- Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 19/33 mənzil 46-da qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız olaraq ittiham verilmiş və ittihamda göstərilmişdir ki, “o, qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Vəhdət adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşları Şahid6, Şahid5, Şahid7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 7010 qram qurudulmuş marixuananı, təmiz halda çəkisi 1729,5 qram heroini, 400 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 16 qram metadonu və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 662,7 qram metamfetamini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik və psixotrop maddələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Vəhdət adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 12 avqust 2023-cü il tarixdə bu barədə Şahid5 məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs ilə birlikdə Şahid6 idarə etdiyi «Hyundai İX-35» markalı, «AZ **-LF-***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lənkəran rayonu ərazisinə gedərək, Əliyev X2 Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsü istiqamətində, Lənkəran rayonu ərazisindən Xəzər dənizi sahilindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 7010 qram qurudulmuş marixuananı, təmiz halda çəkisi 1729,5 qram heroini, 400 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 16 qram metadonu və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 662,7 qram metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışdır.” Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid5 bacısının əridir, Şahid6 isə Eduardın əmisi oğludur. 12 avqust 2023-cü il tarixdə saat 10 radələrində yeznəsi Şahid5 ona zəng edərək istirahət etmək üçün Lənkəran rayonuna gedəcəklərini demiş, ona da getməyi təklif etmiş, o da razılaşmışdır. Eduard və Nurəddin sonuncunun adına Bakı şəhərində «Hyundai» markalı avtombil kirayə götürmüşlər. Elə həmin gün yola çıxmışlar, ilk olaraq Masallı şəhərinə getmişlər. Masallı şəhərində onlar Eduardın tanışı olan Fərhad adlı şəxslə görüşmüş və çay içmişlər. Sonra onlar Fərhadı da götürüb Lənkərana getmişlər. Lənkərana çatıb orada dəniz kənarında yemək üçün süfrə sərmişlər. Sonra Eduard və Nurəddin paltarlarını soyunaraq dənizə girmişlər, bu zaman “pikap” növlü hərbi markalı avtombilin gəldiyini görmüş, buna görədə qorxduğu üçün oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, hər hansı bir cinayət əməli törətməmiş, istintaqdan gizlənməmiş, barəsində axtarış elan edilməsi barədə məlumatı olmamış, yaşadığı ünvana hər hansı bir çağırış məktubu, telefon zəngi olmamış, yalnız 2024-cü ilin iyun ayı ona zəng olunaraq istintaqa dəvət edilmiş, o, da dərhal könüllü olaraq istintaqa getmiş, günahı olmadığı üçün Səbayıl Rayon Məhkəməsi barəsində həbs seçilməsi barədə istintaqın vəsatətindən imtina etmiş, lakin sonra Bakı Apelyasiya Məhkəmsi onu həbs etmişdir. Eduradın narkotik əldə etməsi cinayətindən məlumatı olmamış, həmin cinayətdə iştirakçı olmamış, heç bir günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 12 avqust 2023-cü il tarixdə saat 22 radələrində «Balıqçılar» sahil nəzarəti bölməsinin şəxsi heyətinə toplanış komandası verilərək bölmənin bütün ərazisində gücləndirmə tədbirləri görülmüşdür. Səhəri gün, yəni 13 avqust 2023-cü il tarixdə səhər saatlarında «Balıqçılar» sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsü istiqamətində bir nəfər şəxs saxlanılmışdır. Söhbət zamanı saxlanılan şəxsin Masallı rayon Qodman kənd sakini Şahid6 olduğu müəyyən edilmişdir. O, söhbət zamanı bildirmişdir ki, Bakı şəhərindən icarəyə götürdüyü ağ rəngli «Hyundai İX-35» markalı avtomaşınla əmisi oğlu Şahid5lə, Eduardın qayını Murad və kəndçiləri Fərhad adlı şəxslə istirahət etmək üçün 12 avqust 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsinə dənizkənarına gəlmişlər. Həmin tarixdə, yəni 12 avqust 2023-cü il tarixdə saat 22 radələrində əmisi oğlu Şahid5 dənizdən əlində kisə ilə qayıdarkən maşın gəldiyini görüb qorxduğu üçün həmin ərazidən qaçmışdır. Eduard həmin vaxt əlindəki-kisəni atmışdır. Bundan sonra hal şahidlərinin iştirakları ilə əraziyə baxış keçirildi və Şahid6 Şahid5 atıb qaçdığı kisəni göstərmişdir. Kisə narıncı rəngli sintetik materialdan idi və kisənin içərisi dolu vəziyyətdə idi. Narıncı kisə dənizdən təxminən 20 metr aralı məsafədə qumluq və zibillik yerdə olmuşdur. Həmin yerdən təxminən 200 metr aralı məsafədə Nurəddin Əliyevin idarə etdiyi ağ rəngli «Hyundai İX-35» markalı ** LF *** dövlət nömrə nişanlı avtomaşın dayanmışdır. Əraziyə baxış keçirildikdən sonra həmin narıncı rəngli sintetik kisə götürülərək «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Bölmədə kisəyə baxış keçirilmiş və baxış zamanı kisədə olan qara rəngli parça torbanın içərisində narkotik vasitə metadona oxşar üzərində «Methadone 40» və farsca yazılar olan 400 (dörd yüz) ədəd dairəvi həblərin, 7 (yeddi) ədəd qara rəngli selofan bağlamalarda narkotik vasitə olan «marixuana»ya oxşar qurudulmuş ot formasında yaşıl rəngdə maddənin, 3 (üç) ədəd ağ rəngli dördkünc formasında plastik qablardan ikisinin içərisində tünd qəhvəyi rəngli palçıq formasında narkotik vasitə olan heroinə oxşar maddənin, birinin içərisində isə ağ rəngli kristal formasında psixotrop maddə metafetaminə oxşar kütlə olduğu aşkar edilmişdir. Aşkar olunmuş maddələr tərəzidə çəkilərək bağlamalarla birlikdə qablaşdırılaraq möhürlənmişdir. Həmin gün, yəni 13 avqust 2023-cü il tarixdə saat 09 radələrində Şahid5 də tərəflərindən saxlanılaraq «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Bundan sonra Şahid6, Şahid5 və iki nəfər hal şahidlərinin iştirakları ilə Şahid6 icarəyə götürdüyü «Hyundai İX-35» markalı avtomaşına baxış keçirilmiş, baxış zamanı həmin avtomaşının yük yerində (baqajında) olan paltarların içində Eduarda məxsus qara rəngli cins şalvarın sol qabaq cibindən kiçik şəffaf selofan bağlamanın içərisində iki ədəd xırda formalı bükümlər aşkar edilərək götürülmüşdür. Həmin iki ədəd bükümlərdə ağ kristal formasında maddə olduğu müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, hadisə yerində Təqsirləndirilən şəxs adlı şəxi görməmişlər, Eduard və Nurəddin saxlanılarkən onlarla şifahi söhbət zamanı Muradın Lənkərana narkotik əldə etmək üçün gəlməsi barədə heç bir söz deməmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 oğlu eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid3 Bahadır oğlu ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbiçiləri tərəfindən Lənkəran rayonu, Nirimanabad qəsəbəsi, dəniz kənarında baxış keçirilməsində hal şahidi kimi iştirak etmiş, saxlanılmış Nurəddin adlı şəxsində iştirakı ilə ərazidən bir ədəd narıncı rəngli sintetik kisə aşkar olunaraq götürülmüş və bölməyə gətirilmişdir. Bölmədə bağlamaya baxış keçirilmiş, müxtəlif novdə narkotik vasitələr aşkar olunmuşdur. Bundan başqa Hyundai markalı avtomaşına baxış keçirmişlər, baxışda Eduard adlı saxlanılan şəxs iştirak etmiş, avtomaşının yük yerindən qara rəngli cins şalvarın qabaq sol cibindən bir ədəd kiçik ölçülü şəffaf sellofan bağlamada içərisində narkotikə oxşar iki ədəd bükümlər aşkar olunaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. 12 avqust 2023-cü il tarixdə əmisi oğlu Nurəddinlə Lənkəran rayonuna gəlmələri barədə danışmışlar. Murada da onlarla getməyi təklif etmişlər Murad da razılaşmışdır. Murada Lənkərana istirahət etmək üçün gedəcəyini demişdir. Narkotik barədə ona heç bir söz deməmişdir. Həmin gün ilk olaraq Masallı rayonuna gəlmişlər, orada Fərhad adlı tanışını da götürüb Lənkərana gəlmişlər, Lənkəranda Nərimanabad qəsəbəsində dəniz kənarında yeyib-içmişlər, o, aralanaraq iranlı ilə danışıb narkotik götürməyə getmiş, iranlı ilə narkotik barədə danışması, narkotik əldə etmək üçün gəlməsi barədə Murada heçnə deməmiş, yalnız istirahət üçün Muradı Lənkərana dəvət etmişdir. O, narkotik vasitələri götürən zaman Murad artıq çıxıb getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun Lənkəran rayonuna narkotik vasitə dalınca gəlməsindən məlumatı olmamış, Masallı rayonunda çayxanada olarkən orada narkotiklə bağlı heç bir söhbət aparılmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 12 avqust 2023cü İl tarixdə əmisi oğlu Şahid5 və sonuncunun qayını Muradla istirahət etmək üçün Lənkərana yola düşmüşlər, ilk olaraq Masallı şəhərinə çatıb Eduardın tanışı Fərhad adlı şəxsi də götürərək Lənkəran rayonu dəniz kənarına getmişlər. Onlar dəniz kənarında yeyib-içmişlər. Sonra Murad çıxıb getmişdir. Eduardın Muradla narkotik barədə hər hansı bir söhbət etməsini görməmişdir. Sonra o dəniz kənarında yatmış, oyandıqda avtombilə tərəf gedərkən sərhədçilər onu tutmuşdur. Sərhədçilər onu dəniz kənarında gəzdirərək orada bir ədəd bağlama tapmışlar. Baxış keçirilən zaman bağlamadan müxtəlif narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Sumqayıt şəhərindən gələrkən, eləcə də Masallı rayonunda çayxanada olarkən orada narkotiklə bağlı heç bir söhbət olmamışdır. İş üzrə şahid qsimində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Eduard tanışıdır. 12 avqust 2023-cü il tarixdə yaşadığı Masallı rayonunda olarkən Eduard ona zəng edərək Masallı rayonuna gəldiyini, onunla görüşmək istədiyini demişdir. Onlar Masallı rayonunda çayxanada görüşmüşlür, Eduard ona Lənkəran rayonuna gedib orada dəniz kənarında yeyib-içməyi təklif etmişdir. O, Eduard, Nurəddin və Murad Lənkəran rayonunda Nərimanabad qəsəbəsində dəniz kənarında oturub çörək yemişlər, sonra ona zəng gəldiyi üçün getməli olduğunu demişdir. O, dəniz kənarında gedərkən Murad çıxb getmişdir. Səhərisi günü Eduard və Nurəddinin tutulmasını bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Masallı rayonunda çayxanada görüşəndə orada narkotiklə bağlı heç bir söhbət olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarının 14 avqust 2023-cü il tarixli 3-16-16-2-7/1162 və 3-16-16/2-6/4360 №-li rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş kisəni açdıqda üzərində "DSX Sahil Mühafizəsi...LİTTER E" möhür əksi olan 04 ədəd qutuda külli miqdarda narkotik vasitə olan 7010 qram qurudulmuş marixuana, 1729,5 qram heroin, üzərlərində "Methadone 40 " markalanma göstəriciləri olan 40 ədəd konvalyutda (400 ədəd həb) metadon tərkibli dərman preparatı təsiredici maddəsinin ümumi miqdarı 16 qram, psixatrop maddə olan 662,7 qram metamfetamin və 2,046 qram metamfetamin olması müəyyən edilmişdir. Ekspertizaların keçirilməsində sərf edilmiş narkotik və psixatrop maddələr, güclü təsir edən dərman preparatları nəzərə alınmaqla, qurudulmuş mariuananın qalığı 7009,3 qram, heroinin qalığı 1729,1 qram, metamfetaminin qalığı 664,4 qram, metadon həblərinin qalığı 390 ədəd həb təşkil etmişdir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli 4241 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır və məcburi müalicəyə ehtiyyacı yoxdur. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 7009,3 qram qurudulmuş marixuananın, 1729,1 qram heroinin, 664,446 qram metamfetaminin və 390 ədəd metadon həbi Şahid5, Şahid6 və Şahid7 barələrində olan ********* nömrəli cinayət işi üzrə DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 13 avqust 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Astara sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsündə 01 ədəd narıcnı rəngli kisə aşkar edilərək götürülmüşdür. Hadisə yerində saxlanılmış Şahid6 içərisində narkotik vasitələr olan kisənin dənizdən Şahid5 tərəfindən götürüldüyünü və sərhədçilərin gəldiyini görərək ərazidə ataraq qaçdığını bildirmişdir. İş materiallarında 13 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Astara sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsündə aşkar edilərək götürülmüş 01 ədəd narıncı rəngli kisə açıldıqda içərisində narkotik vasitə olan üzərində «Methadone 40» yazılmış 400 (yüz) ədəd konvalyut və hər konvalyutda 10 (on) ədəd dairəvi həblər, marixuana, heroin və metamfetaminə oxşar maddələr müəyyən edilmişdir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmamın əvvəli həmin tarixdən hesablanmaqla «həbs»növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli «qətimkan tədbirinin dəyişdirilməsi haqqında» qərar ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxsin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla – Təqsirləndirilən şəxs, şahidlər – Şahid5, Şahid6 və Şahid7 (həm hazırki iş üzrə şahid qismində, həmdəki barələrində ibtidai istintaqı aparılmış 232960153№-li cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələri), həmçinin Şahid1, Şahid2 və Şahid3 Bahadır oğlu hazırki iş üzrə şahid qismində verdikləri ifadələr, “baxış keçirmə və götürmə”, “aşkar edilmiş bağlamaya baxış keçirilməsi”, “avtomaşına baxış keçirmə və götürmə”, “avtomaşından aşkar edilmiş bağlamaya baxış keçirilməsi” haqqında 13 avqust 2023-cü il protokollar, materialların məhkəmə ekspertizasının 4360 və məhkəmə-bioloji ekspertizasının 1162 nömrəli 14 avqust 2023-cü il tarixli rəyləri ilə müəyyən edilir ki, Şahid5 İran İslam Respublikası vətəndaşı olması güman edilən “Vəhdət” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs Murad İbrahlinin cinayət hadisəsi ilə əlaqəsininin olub-olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Şahid5, Şahid6 və Şahid7 barələrində ibtidai istintaq aparılan, həmçinin barələrində ola işə baxılarkən məhkəmədə vermiş olduqları ifadələrdən, eləcə də hazırki iş üzrə şahid qismində verdikləri ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs Şahid5 və qeyrilərinin cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını bildirmiş, eləcə də Təqsirləndirilən şəxs həmin gün Şahid5 və qeyrilərinin saxlanılmasından, həmçinin bu iş üzrə onun barəsində axtarış verilməsindən məlumatı olmamış, gündəlik normal həyatına davam etmiş, sonradan istintaqa dəvət olunaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində “Masallıda çayxanada olarkən Eduard Fərhada bildirdi ki, iranlı dənizdən mal gətirəcək və bizdə onu götürəciyik. Söhbətin dəqiq olaraq nədən getdiyini bilmədiyim üçün məsələyə qarışmadım” sözlərini bildirsə də, məhkəmədə verdiyi ifaadəsində belə sözü dediyini xatırlamadığını, mahiyyətini dərk etmədiyini, “mal” dedikdə söhbətin nədən getdiyini bilmədiyini göstərmişdir. İş üzrə şahidlər Eduar Əliyev, Şahid6 və Şahid7 ifadələrində ümumiyyətlə belə bir sözlərin istifadə olmadığını, yalnız istirahət üçün Lənkərana getdiklərini bildirmişlər. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qeyd olunan xüsusat Təqsirləndirilən şəxs və şahidlər Eduar Əliyev, Şahid6 və Şahid7 məhkəmə baxışında verdiyi ifadələrlə təsdiqini tapmır, əksinə təkzib edilir. Odur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində “Masallıda çayxanada olarkən Eduard Fərhada bildirdi ki, iranlı dənizdən mal gətirəcək və bizdə onu götürəciyik. Söhbətin dəqiq olaraq nədən getdiyini bilmədiyim üçün məsələyə qarışmadım” xüsusatı CPM 126.6-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilməsi yolverilməz olduğuna görə sübut növü kimi qəbul etmir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız Şahid5 və qeyriləri tərəfindən sözü gedən cinayət törədilən vaxt hadisə yerinə olması halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPMin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut- Şahid5 və qeyriləri ilə Lənkəran rayonu ərazisinə getməsi və həmin şəxslərin qeyd olunan ərazidən psixotrop maddə və narkotik vasitə əldə etməsi faktıdır. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamda qeyd edilmişdir ki: “Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, qəsdən tamah niyyət ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Vəhdət adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşları Şahid6, Şahid5, Şahid7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşınmaqla qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti istintaqa Vəhdət adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı, Azərbaycan Respublikası vətəndaşları Şahid6, Şahid5, Şahid7 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 7010 qram qurudulmuş marixuananı, təmiz halda çəkisi 1729,5 qram heroini, 400 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 16 qram metadonu və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 662,7 qram metamfetamini İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik və psixotrop maddələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Vəhdət adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 12 avqust 2023-cü il tarixdə bu barədə Şahid5 məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Şahid6, Şahid7 və Təqsirləndirilən şəxs ilə birlikdə Şahid6 idarə etdiyi «Hyundai İX-35» markalı, «AZ **-LF-***» dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Lənkəran rayonu ərazisinə gedərək, Əliyev X2 Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarəti bölməsinin 15ci yanalma körpüsü istiqamətində, Lənkəran rayonu ərazisindən Xəzər dənizi sahilindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr təmiz halda çəkisi 7010 qram qurudulmuş marixuananı, təmiz halda çəkisi 1729,5 qram heroini, 400 ədəd həb şəklində narkotik vasitə olan təsir maddəsinin miqdarı 16 qram metadonu və külli miqdarda psixotrop maddə təmiz halda çəkisi 662,7 qram metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşımışdır.” Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxslər Şahid5, Şahid6 və Şahid7, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eləcə də cinayət işi materiallarında olan ifadələr və digər sənədlərin kserosurətlərini çıxarıb hazırki işə əlavə etməklə tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Şahid5 və qeyriləri tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, CPM-in 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lənkəran rayonuna gəlməsində psixotrop maddə və narkotik vasitələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində narkotik vasitə əldə etmək niyyətində olmaması, Lənkəran rayonuna narkotik əldə etmək üçün deyil, istirahət məqsədi ilə getməsini göstərmişdir. Həmçinin Şahid5 və Şahid6 və Şahid7 barələrində ibtidai istintaqı aparılan 232960153№-li cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs, həmçinin barələrində cinayət işinə baxılarkən məhkəmə baxışı zamanı ifadələrində Təqsirləndirilən şəxs Lənkəran rayonuna istirahət üçün gəlməsini, onun narkotik vasitələrdən məlumatı olmadığını göstərmişlər. Məhkəmə qeyd edir ki, Şahid7 hazırkı iş üzrə istintaq zamanı şahid qismində dindirilməmiş, yalnız özü barəsində olan cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “Eduard narkotik barədə mənə bildirərkən Nurəddin və Murad da bu barədə eşitmişdir. Lakin danışmamışdır. Onların iştirakının nədən ibarət olduğunu bilmirəm” cümləsini göstərmişdir. Şahid7 barəsində olan cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsində isə Eduardın narkotik vasitə əldə etməsində Muradın məlumatı olması barədə ümumiyyətlə hər hansı bir məlumat verməmiş, əksinə “Eduard, Nurəddin və Muradla birlikdə istirahət etmək üçün Lənkəranda Nərimanabad ərazisində Xəzər dənizinin kənarına getdik. Lənkəranda dəniz kənarında yeyib-içdikdən sonra hava qaralanda mən Eduarda dedim ki, gecdir, evə getmək lazımdır. Eduard harasa getdi, gəlmədi. Mən də sonra yola çıxdım evimə getdim. Murad da oradan ayrılıb, amma Eduard və Nurəddin orada qalıblar” cümləsini göstərmişdir. İtiham tərəfi bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs Şahid5 və digərləri ilə Lənkəran rayonuna getməsi, həmçinin onun psixotrop maddə və narkotik vasitədə əldə etmək niyyətində olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. İstintaq orqanın Şahid7 hazırkı iş üzrə məhkəməyədək icraat zamanı ümumiyyətlə dindirməmiş, halbü ki o, hazırki cinayət işi üzrə istintaq zamanı bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmağı elan edilməli və bundan sonra şahid qismində dindirilməli və məhkəmə tərəfindən qiymətləndirilərək sübut kimi qəbul oluna bilər. Lakin istintaq orqanı göstərilənləri icra etməmişdir. Bunun əvəzində isə istintaq orqanı hazırki iş üzrə əsas Şahid7 özünün ittiham edilməsinə dair cinayət işində şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarının kserosurətlərini hazırkı işə əlavə etməklə, həmin kserosurətlərdə göstərilən “Eduard narkotik barədə mənə bildirərkən Nurəddin və Murad da bu barədə eşitmişdir. Lakin danışmamışdır. Onların iştirakının nədən ibarət olduğunu bilmirəm” cümləsini Təqsirləndirilən şəxs qarşı istifadə etməklə ona ittiham elan edilmişdir. Məhkəmə qeyd olunan halı sadə məntiqə belə sığmayan absurd hesab etməklə, Şahid7 özünün ittiham edilməsinə dair cinayət işində şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolunda göstərilən “Eduard narkotik barədə mənə bildirərkən Nurəddin və Murad da bu barədə eşitmişdir. Lakin danışmamışdır. Onların iştirakının nədən ibarət olduğunu bilmirəm” xüsusatı əlbətdə ki, hazırki iş üzrə hər hansı bir sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Şahid5 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməsi sübuta yetirilmir. Onun Şahid5 və qeyriləri ilə əlbir olmaması, sonuncuların narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. CM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. CPM-in 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsinin əsaslı olub-olmaması xüsusatını da araşdırmışdır. Belə ki, cinayət işinin materiallarından da görünür ki, DSX-in 25 avqust 2024-cü il tarixli xidməti məktubunda Təqsirləndirilən şəxs hadisə yerində olması qeyd edilmiş və istintaq orqanına məlumat verilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs istintaqa dəvət olunmasına dair istintaq orqanı tərəfindən hər hansı bir tədbir görülməmişdir, o cümlədən ünvanına məktub göndərilməmiş, məcburi gətirilmə haqqında qərar qəbul edilməmiş, rabitə vasitəsi ilə əlaqə saxlanılmamışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqa dəvət olunmasına dair heç bir tədbir görülmədiyi halda istintaq orqanının 02 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində “cinayət təqibi orqanından gizləndiyi” əsas göstərilərək barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi barədə qərar qəbul edilsə də, onun hansı cinayət törətməsində şübhəli olması göstərilməmiş, ümumiyyətlə axtarış üçün əsas ola biləcək şübhəli şəxs qismində tanınması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilməmiş, hər halda axtarış elan olunanadək qeyd olunan qərarlar cinayət işi materiallarında öz əksini tapmamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti tərəfindən 02 oktyabr 2023-cü il tarixdə axtarış elan edilməsi barədə idarəyə statistik uçot sənədi daxil olmamışdır. Təqsirləndirilən şəxs anket məlumatları isə bir neçə ay sonra, yalnız 07 dekabr 2024cü il tarixli xidməti məktubla istintaq orqanı tərəfdən əldə edilmişdir. Bu hal özü özlüyündə istintaq orqanının Təqsirləndirilən şəxs istintaqa cəlb edilməsində maraqlı olmasını belə şübhə altına alır. Məhkəmə yuxarıda qeyd olunan bu halları nəzərdən keçirərək Təqsirləndirilən şəxs ibtidai istintaqdan gizlənməməsi qənaətinə gəlir, barəsində cinayət işinin istintaq olunması barədə məlumat əldə edən kimi könüllü olaraq istintaqa özünü təqdim etməsini də nəzərə alır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsin saxlanılan 7009,3 qram qurudulmuş marixuana, 1729,1 qram heroin, 664,446 qram metamfetamin və 390 ədəd metadon həbinin Şahid5 və qeyriləri barələrində olan ********* nömrəli cinayət işinə aid olduğu üçün hazırkı cinayət işi CPM-nin 350.4-cü maddəsinə cinayət işi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346-347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 7009,3 qram qurudulmuş marixuana, 1729,1 qram heroin, 664,446 qram metamfetamin və 390 ədəd metadon həbinin Şahid5, Şahid6 və Şahid7 barələrində olan ********* nömrəli cinayət işi üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsin saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə cinayət işi ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar