Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-96/2023 27.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X15, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X10 iştirakı ilə 07 avqust 1989-cu ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İran İslam Respublikası, Ərdəbil şəhəri, Aslandüz qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının Biləsuvar şəhərində İran vətəndaşı “Mehran” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasında əldə edib saxlayıb daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, o,əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 15 avqust 2022-ci il tarixdə qrupun digər üzvü ilə görüşüb ondan bir ədəd idman çantasına qablaşdırılmış külli miqdarda- 5295,0 qram narkotik vasitə olan heroin, külli miqdarda-5920,0 qram narkotik vasitə olan həşiş qətranı, külli miqdarda-1360,0 qram psixatrop maddə olan metamfetamini, külli miqdarda-4560,0 qram narkotik vasitə olan tiryəki və küllü miqdarda-2010,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyaraq həmin gün saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini DSX-nin Göytəpə sərhəd dəstəsinin, Biləsuvar rayonunun ərazisində yerləşən 5cı sərhəd zastavasının 6-cı sahəsində müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək həmin külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib Biləsuvar rayonnun Səmədabad kəndində, Quşçuluq fabrikinin yaxınlığında olan “Murad” adlı kafenin həyətində üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 16 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb üzərində şəxsi axtarış zamanı bir ədəd idman çantasının içərisində 6 ədəd bağlamalarda ayrı-ayrılıqda-1525,0 qram, 1115,0 qram, 475,0 qram, 1025,0 qram, 405,0 qram və 750,0 qram olmaqla cəmi, külli miqdarda-5295,0 qram narkotik vasitə olan heroin, 12 ədəd bağlamalarda ayrı-ayrılıqda-505,0 qram, 505,0 qram, 510,0 qram, 510,0 qram, 510,0 qram, 520,0 qram, 505,0 qram, 515,0 qram, 515,0 qram, 500,0 qram, 505,0 qram və 320,0 qram olmaqla cəmi, külli miqdarda-5920,0 qram narkotik vasitə olan həşiş qətranı, 2 ədəd bağlamalarda ayrı-ayrılıqda-980,0 qram və 380,0 qram olmaqla cəmi, külli miqdarda-1360,0 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda-1185,0 qram, 1010,0 qram, 1230,0 qram və 1135,0 qram olmaqla cəmi, külli miqdarda-4560,0 qram narkotik vasitə olan tiryək və 1 ədəd bağlamada küllü miqdarda-2010,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-c maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli, yəni CM-nin 318.2-ci maddəsi ilə özünü təqsirli, CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, İran İslam Respublikasının (bundan sonra İran) vətəndaşıdır, İranın Germi şəhərində doğulmuşdur, subaydır, İranın Ərdəbil şəhərinin Aslandüz qəsəbəsində yaşamış və tikintidə fəhlə işləmişdir. Əvvəllər narkotiklərdən istifadə etsə də, sonradan narkotiklərdən istifadə etməmişdir. 2022-ci ilin avqust ayının əvvəlində işləmək məqsədi ilə Azərbaycan Respublikasına gəlmək üçün İranın Biləsuvar şəhərində olan gömrüyünə getmiş, lakin xarici pasportu olmadığı üçün gömrükdən buraxmamışdır. Sonra qərara gəlmişdir ki, İranın Biləsuvar şəhəri ərazisindən qaçaq yolla dövlət sərhədi keçib Azərbaycana gəlsin. Bu məqsədlə o, 15 avqust 2022-ci il tarixdə, axşam saatlarında İranın Biləsuvar şəhərinin Babək kəndinə gəlib dövlət sərhədi olan əraziyə yaxınlaşmışdır. Sonra o, İranla Azərbaycan arasında olan dövlət sərhədini keçmək üçün orada olan su kanalına girmiş, bundan sonra dəmir tikanlı torları aralayıb altdından keçmişdir. Dəmir tikanlı torları aralayıb keçərkən əynindəki köynək dəmir tora ilişib cırılmışdır. Sərhədi keçərkən əlində bir ədəd sellofan torba və bu torbanın içərisində özünə məxsus bir ədəd şalvar, şampun və sənədləri olmuşdur. Həmin vaxt əlindəki torbanın içərisində narkotik maddələr, həmçinin idman çantası olmamışdır. Sərhəddən özü təkbaşına keçmiş, ona heç kim köməklik göstərməmişdir. Azərbaycanda heç bir yerə tanımadığından bir xeyli piyada hərəkət etmiş və yolun kənarında kafenin olmasını görüb ora getmiş, lakin kafe bağlı olmuş, həm də orada heç kim olmamışdır. Sonra o, orada su ilə əl-üzünü yuyub paltarını təmizləmiş və kafenin həyətində olan stulların birinə əyləşmiş, daha sonra elə orada stulların üzərinə uzanıb yatmış, gecəni orada qalmışdır. Səhər açıldıqdan bir xeyli sonra kafeyə əvvəl bir şəxs, sonra isə kafenin sahibi gəlmiş, həmin şəxslə söhbət etmiş, əynindəki köynək yaş və cırılmış vəziyyətdə olduğu üçün kafe sahibi ona qara rəngli köynək vermiş, sonra da oturub çay içmişdir. Bir az sonra polis əməkdaşları kafenin həyətinə gəlib onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən əlində içərisində bir ədəd şalvar, şampun və sənədlər olan sellofan torba olmuş, başqa heç nə olmamışdır. Polis şöbəsində sorğusual edilib ondan nəyə görə İrandan gəldiyi ə hansı yolla gəldiyi soruşulanda o, işləmək üçün Azərbaycana gəlmək istədiyini, lakin xarici pasportu olmadığına görə qanuni qaydada gömrükdən keçə bilmədiyinə görə qaçaq yolla dövlət sərhədi keçib Azərbaycana gəldiyini bildirmişdir. Bundan sonra polislər onu döymüş və əlinə bir ədəd iri çantası verib ona məxsus olmasını və içərisindəki narkotik maddələr olan həmin çantanı onun İrandan gətirdiyini boynuna götürməsinə məcbur etmişlər. Bundan sonra vəkilin (müdafiəçinin) və tərcüməçinin iştirakı ilə, həm də videoçəkilişlə üzərində axtarış aparılmış, üzərində və özünə məxsus sellofan torbanın içərisində qadağan olunmuş əşyalar aşkar olunmamış, lakin polislərin ona təqdim etdiyi çantaya baxış zamanı çantanın içərisindən çoxlu sayda bükümlər və həmin bükümlərin içərisində narkotik maddələrin kütlələri aşkar edilmişdir. Həmin vaxt polislərin ona təzyiqləri olduğu üçün o, içərisində narkotik maddələr olan çantanı ona İranda bir nəfər tanışının verdiyini bildirmişdir. Əslində isə aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin maddələri o, İrandan Azərbaycana gətirməmiş, həmçinin İranda “Mehran” adlı şəxsləri tınısa da, içərisində narkotik maddələr olan çantanı ona heç kim, o cümələdən “Mehran” adlı şəxs verməmişdir. Polis şöbəsində olarkən polislər onu döymüş və içərisində narkotik maddələr olan çantanı qarşısına qoyub ona məxsus olmasını bildirməyə məcbur etmişlər, ona görə də o, ifadə verərkən həmin narkotik maddələrin özünə məxsus olmasını bildirmişdir. Vəkilin iştirakı ilə dindirilərkən qorxduğu üçün döyülməsi barədə heç nə deməmişdir. Narkotiklə bağlı verilmiş ittiham üzrə o, özünü təqsirli bilmir, lakin qanunsuz olaraq dövlət sərhədini keçib İrandan Azərbaycana gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 17 və 18 avqust 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, o, tutulmamışdan bir neçə gün əvvəl işləmək məqsədi ilə Azərbaycana gəlmək istəmiş, lakin xarici pasportu olmadığından İranın Biləsuvar gömrükdən buraxmayıb geri qaytarılmış, elə bu səbəbdən o, İranın Biləsuvar şəhəri ərazisindən qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməyə qərara almışdır. Onun İrandan qaçaq yolla Azərbaycan tərəfə keçəcəyini tanışı “Mehran” adlı şəxs bilib ona “bir ədəd bağlama var Azərbaycan ərazisinə keçir, qayıdan zaman sənə 300 ABŞ dolları verəcəm” demiş, o da pula görə həmin şəxslə razılaşmışdır. 15 avqust 2022-ci il tarixdə Mehran ona narkotik vasitənin hazır olduğunu və həmin maddəni Azərbaycan Respublikasının Biləsuvar şəhərinə aparıb orada yol nişanın altına qoymaq lazım olduğunu, verəcəyi çantanı sərhəddən qaçaq yolla keçirib Azərbaycan Respublikasına aparandan sonra onunla əlaqə saxlayıb narkotik vasitəni götürəcək şəxsə məlumat verəcəyini bildirmişdir. Bu razılaşmadan sonra 15 avqust 2022-ci il tarixdə, saat 18 radələrində İranın Biləsuvar şəhərində Mehran ona təxminən 20 kq ağırlığında bir ədəd qara rəngli idman çantası vermişdir. Bundan sonra o, saat 20 radələrində İranın Biləsuvar şəhərinin Babək kəndinə gəlib həmin ərazidə sərhədə yaxınlaşıb orada olan su kanalını keçmək üçün bədənin yarısına kimi suya girib dəmir torları aralayıb altdından keçmiş, həmin vaxt dəmir tor əynindəki köynəyi cırmışdır. O, sərhədi keçdikdən sonra heç bir yeri tanımadığından xeyli piyada yol getmiş, yolda olarkən Mehranla əlaqə saxlayıb sərhədi keçdiyini bildirmiş, Mehran da ona yol nişanın harada olmasını çətinliklə izah etmişdir. Sonra o, çantanı yol nişanın yanına atmaq istəyərkən Mehran ona zəng vurub çantanı həmin yerə qoymamağı, gəlib çantanı ondan götürəcəklərini bildirdiyindən o, çantanı yol nişanın yanına qoymamışdır. Bundan sonra o, sərhəddən uzaqlaşmaq üçün gecənin qaranlığında istiqamət bilmədən piyada hərəkət etmiş, təxminən gecə yarısından sonra yol qırağında olan bir kafeyə çatmış, orada dayanıb su ilə əl-üzünü yuyub paltarını təmizləmişdir. Həmin vaxt kafe bağlı olmuş və o, çöldə olan stulların üzərində yatmış, idman çantasını da yanına qoymuşdur. Səhər açıldıqdan sonra səhər yeməyini yemək üçün kafenin açılmasını gözləmiş, bir neçə saat sonra kafenin sahibi gəlmiş, onunla görüşüb həmsöhbət olmuş, kafe sahibi köynəyinin olmadığını görüb ona bir ədəd qara rəngli köynək vermişdir. Bir az keçdikdən sonra polis əməkdaşları həmin kafeyə gəlib onu əlindəki idman çantası ilə birlikdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçi və tərcüməçinin iştirakı ilə polis əməkdaşları onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı özü əlindəki çantanı təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin çantaya baxış zamanı çantadan 25 ədəd bükülü və həmin bükülülərin içərisində narkotik maddələr aşkar edilmişdir. Aşkar olunmuş narkotik maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Mehranın mobil nömrəsini mobil telefonunda qeyd etməmiş, bu nömrə yadında qalmamış, həmçinin İrandan qaçaq yolla Azərbaycana gətirdiyi narkotik maddələri ondan qəbul etməli olan şəxsin adını və mobil nömrəsini bilməmiş, Mehran ona yol nişanın yanına gedib çantanı ora atacağını, daha sonra isə gözləməli olduğunu, narkotik vasitəni ondan qəbul edəcək şəxsin onunla görüşəcəyini bildirmişdir. Saxlanılan vaxt və ya bundan sonra ona hər hansı təzyiqlər və ya zorakılıq halları olmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 19 avqust və 15 noyabr 2022-ci il tarixli ifadələrində məhkəmədə verdiyi ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib, sonuncu ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, İranda yaşayan “Mehran” adlı şəxsləri tanısa da, “Mehran” adlı şəxs ona içərisində narkotiklər olan çanta verməmiş və onu narkotiklə bağlı İrandan Azərbaycana göndərməmişdir. İstintaq zamanı ilkin ifadəsində bununla bağlı yazılanları təsdiq etmir. İrandan qaçaq yolla gələrkən üzərində və əlində olan balaca sellofan torbada narkotik maddələr olmamış, həmin torbada özünə aid sənədlər və əşyalar olmuşdur. İçərisində narkotik maddələr olan çanta ona məxsus deyil, həmin çantanı polis əməkdaşları gətirib qarşısına qoyub onun olmasını deməyə məcbur etmişlər. O, aşkar olunmuş narkotiklərə görə verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin İrandan qanunsuz olaraq dövlət sərhədini pozub Azərbaycana gəldiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞnin Səmədabad PB-nin əməkdaşıdır. 16 avqust 2022-ci il tarixdə bir nəfər İran vətəndaşının (X2) X13 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün saat 16 radələrində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat tədbiri nəticəsində əməliyyat qrupu tərəfindən İran vətəndaşı Təqsirləndirilən şəxs Biləsuvar rayonunun Səmədabad kəndinin ərazisində yerləşən Quşçuluq fermasının yaxınlığında, Vaqif adlı şəxsə məxsus kafenin qarşısında saxlanılmışdır. Saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərində, yəni çiynindən asılmış çanta olmuşdur. Təqsirləndirilən şəxs saxlanmasının səbəbi izah edilmiş və ondan üzərində və çantasında qanunsuz əşyaların, o cümlədən narkotik maddələrin olub-olması soruşulmuş, o da İran vətəndaşı olduğunu və İrandan gələrkən gətirdiyi çantanın içərisində narkotik maddələrin olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tutulub polis şöbəsinə aparılmış və şöbədə təhqiqatçı Azər Qəmbərli tərəfindən tərcüməçi və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmçinin ona məxsus çantaya baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya aşkar edilməmiş, lakin ona məxsus bir ədəd çantanın içərisində 25 ədəd kiçik və iri həcmli bağlamalar, həmin bağlamaların içərisində müxtəlib növ maddələr, yəni heroin, həşiş qətranı, tiryək, metamfetamin və qurudulmuş marixunaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı olduğunu, çantasında aşkar olunan maddələri ona İranın Biləsuvar şəhərində Mehran adlı İran vətəndaşının verdiyini, özünün də həmin maddələri qaçaqmalçılıq yolu ilə İrandan gətirib Mehran adlı şəxsin sonradan deyəcəyi şəxsə çatdırmalı olduğunu, geri qayıdandan sonra bu işlə bağlı Mehranın ona müəyyən məbləğdə pul verilməli olduğunu bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı formada təzyiq və təsir olmamışdır. Saxlanılarkən və üzərində şəxsi axtarış zamanı, eləcə də ona məxsus çantaya baxış keçirilməklə narkotik maddələrin aşkar olunması zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya etirazı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində bildirmişdir ki, onun Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən “Murad” adlı kafesi vardır və kafeni özü işlədir. 16 avqust 2022-ci il tarixdə o, kafe üçün Biləsuvar şəhərinə bazarlıq etməyə getdiyindən səhər saatlarında kafeyə gedə bilməmiş, günorta saatlarında kafeyə getmişdir. O, kafeyə gələn vaxt tanımadığı bir nəfər şəxsin kafenin qarşısındakı stulların birində əyləşdiyini görmüşdür. O, həmin şəxsi tanımamış, əvvəllər də görməmişdir. Həmin şəxsin boynunda üzərində xaç işarəsi olan bir ədəd boyunbağı, əynində cırılmış köynək, əlində balaca sellefan torba və yanında bir ədəd iri həcmli idman çantası olduğunu görmüşdür. O, yaxınlaşıb həmin şəxslə söhbət edərkən bu şəxsin iranlı olduğunu bilmiş, adını bilmədiyini həmin şəxs gecə saatlarında Biləsuvar gömrüyünün yaxınlığında olan “Bolqar” adlı çaydan keçməklə İrandan Azərbaycana qeyri-qanuni gəldiyini bildirmişdir. Bundan sonra o, həmin şəxsdən bir az kənara çəkilib bu barədə ərazidə olan polis bölməsinə məlumat vermiş, sonra bu şəxsin yanına gəlib söhbətini davam etdirmiş və geyinməsi üçün ona bir ədəd qara rəngli köynək də vermişdir. Bir az sonra polis əməkdaşları gəlmiş və həmin şəxsi tutub polis bölməsinə aparmışlar. O, həmin şəxsi ilk dəfə görürmüş və əlindəkin çantasında nə olmasını bilməmişdir. Sonradan eşitmişdir ki, həmin şəxsin çantasının içərisindən narkotik maddələr aşkar olunmuşdur. İşdə olan, Biləsuvar RPŞ-nə ünvanlanmış 16 avqust 2022-ci il tarixli ərizə ilə müəyyən edilir ki, həmin tarixdə vət. ƏlŞahid5 məlumat verib bildirmişdir ki, Biləsuvar rayonunun Səmədabad kəndinin ərazisində işlətdiyi “Murad” kafesinə əvvələr tanımadığı, özünü İran vətəndaşı kimi təqdim edən şübhəli şəxs gəlmiş və söhbət zamanı həmin şəxs İrandan dövlət sərhədini qanunsuz olaraq keçib gəldiyini bildirmişdir. İşdə olan, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin əməkdaşının 16 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş məlumat əsasında həmin gün saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Biləsuvar rayonunun Səmədabad kəndinin ərazisində, Qumçuluq fermanın yaxınlığında Xeyrxah X1 polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 16 avqust 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Azər Qəmbərli tərəfindən tərcüməçi və müdafiəçinin iştirakı ilə, həm də videoçəkilişlə X2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində sənədlər və 1 ədəd 10.000-lik İrana aid pul əsginazı olan pul kisəsi aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd idman çantasının içərisində 12 ədəd büküdə həşiş qətranına oxşar, 4 ədəd bükümdə tiryəkə oxşar, 6 ədəd bükümdə heroinə oxşar, 2 ədəd bükümdə metamfetaminə oxşar və 1 ədəd bükümdə marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs müəyyən olunmuş yerə qoyması üçün həmin çantanı İranda Mehran adlı şəxsin ona verdiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı aparılmış videoçəkliş 1 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 17 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələr və psixotrop maddələr..." sözlər və imzalar olan kisədəki 6 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1525,0 qram, 1115,0 qram, 475,0 qram, 1025,0 qram, 405,0 qram, 750,0 qram olmaqla ümumi təmiz çəkisi-5295,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər. İki ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-980,0 qram, 380,0 qram olmaqla ümumi təmiz çəkisi-1360,0 qram olan ağ rəngli kristtal şəkildə olan maddələr-metamfetamindirlər. Dörd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1185,0 qram, 1010,0 qram, 1230,0 qram, 1135,0 qram olmaqla ümumi təmiz çəkisi-4560,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdirlər. Bir 1 ədəd bağlamada təmiz çəkisi-2010,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. On iki ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-505,0 qram, 505,0 qram, 510,0 qram, 510,0 qram, 510,0 qram, 520,0 qram, 505,0 qram, 515,0 qram, 515,0 qram, 500,0 qram, 505,0 qram, 320,0 qram olmaqla ümumi təmiz çəkisi-5920,0 qram olan maddələr “bitki mənşəli kütlə” narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla alınmış narkotik vasitə-həşiş qətarnıdırlar. Ekspertiza tədqiqatından sonra qalıq heroin 5294,4,9 qram, qalıq metamfetaminin 1359,8 qram, qalıq tiryək 4559,6 qram, qalıq qurudulmuş marixuana 2009,95 qram, qalıq həşiş qətranı 5919,4 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq- 5294,4,9 qram heroin, 1359,8 qram metamfetaminin, 4559,6 qram tiryək, 2009,95 qram qurudulmuş marixuana və 5919,4 qram həşiş qətranı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon aparatı saxlanması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, iş üzrə müdafiəçinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs baldır nahiyəsində xəsarət izinin olması faktı üzrə Biləsuvar rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs dövlət sərhətini qaçaraq keçərkən tikanlı məftillərə ilişərək baldır nahiyəsindən xəsarət alması müyyən edildiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 noyabr 2022-ci il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr vermiş İran vətəndaşı “Mehran” adlı şəxsin və digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (İranda yaşayan “Mehran” adlı şəxsləri tanısa da, “Mehran” adlı şəxsin ona içərisində narkotiklər olan çanta verməməsi və onu narkotiklə bağlı İrandan Azərbaycana göndərməməsi, içərisində narkotik maddələr olan çantanın ona məxsus olmaması və həmin çantanı polis əməkdaşları gətirib qarşısına qoyub onun olmasını deməyə məcbur etmələrinə aid hallar istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərilən xüsusatlar, yəni İranda yaşayan “Mehran” adlı şəxsləri tanısa da, “Mehran” adlı şəxsin ona içərisində narkotiklər olan çanta verməməsi və onu narkotiklə bağlı İrandan Azərbaycana göndərməməsi, içərisində narkotik maddələr olan çantanın ona məxsus olmaması və həmin çantanı polis əməkdaşları gətirib qarşısına qoyub onun olmasını deməyə məcbur etmələrinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Vaqif Ələkbərovun ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 17 və 18 avqust 2022-ci il tarixli ifadələri ilə (həmin ifadələrində və üzərində şəxsi axtarış zamanı o, ittiham üzrə göstərilən bütün xüsusatları etiraf etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşıması, habelə qaçaqmalçılıq və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə əməlində cinayətin tərkib əlamətləri vardır və onun törətdiyi bu əməldə cinayət hadisələrinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıması ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” “Həşiş qətranı”, “Tiryək” və “Qurudulmuş marixuana” olan maddələr narkotik vasitələri, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, həşiş qətranın 0,4 qramdan, tirykin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və heroinin və metamfetaminin 2 qramdan, həşiş qətranın 40 qramdan, tirykin 50 qramdan və qurudulmuş marixuananın 500 qramdan və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 5295,0 qram heroin, 5920,0 qram həşiş qətranı, 1360,0 qram metamfetamin, 4560,0 qram tiryək və 2010,0 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, habelə o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib bir ədəd çantada külli miqdarda narkotik vasitələri və psixotrop maddəni daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətlərin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 206.3.2ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə və CM-nin 318.2-ci maddəsindən bu Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə və CM-nin 318.2-ci maddəsindən bu Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməklə o, CM-nin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, 15 avqust 2022-ci il tarixdə İranın Biləsuvar şəhərində tanışı “Mehran” adlı şəxslə görüşüb ondan külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib bu maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib Biləsuvar rayonunun ərazisində ona deyiləcək şəxsə 300 ABŞ dolları müqabilində çatdırması üçün Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçib bir ədəd çantada həmin narkotik və psixotrop maddələri daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən “Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”, “Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsindən ibarətdir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-nin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməsi, eləcə də şəxsin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətini qabaqcadan əlbir olan bir qrup şəxslə törətməkdə (CM-nin 318.2ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə (digər şəxslərin iştirakçılığı ilə) Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi tələb olunur. Lakin, hazırki iş üzrə müəyyən olunmuş hallardan görünür ki, qrupun üzvü (və ya üzvləri) külli miqdarda narkotik və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşınması məqsədilə İranın ərazisində əldə edib Təqsirləndirilən şəxs versə də, həmin şəxs (və ya onlar) bu maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar birgə keçirməmiş, bu əməli Təqsirləndirilən şəxs təkbaşına (narkotik və psixotrop maddələri üzərində daşımaqla Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən kənar keçirməklə) icra etmiş, eləcə də Təqsirləndirilən şəxs digər şəxs və ya şəxslər birlikdə deyil, təkbaşına, həm də digər şəxslərin iştirakı olmadan Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmişdir. İrəli sürülmüş ittihamda da qaçaqmalçılığın və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmənin məhz bu şəkildə Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi göstərilir. Ona görə ədə onun bu əməlində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin obyektiv cəhətini səciyyələndirən “qabaqcadan əlbir olan bir qrup şəxs” əlamətləri yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətlərin icraçı kimi tək iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsindən bu Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə törədilən əməllər böyük ictimai təhlükə törətməyən, CM-nin 318.2-ci və 206.2-ci maddələri ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Beləliklə, iş üzrə tədqiq olunmuş sübutlara və dövlət ittihamçısının çıxışına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə, eləcə də CM-nin 318.2-ci maddəsindən bu Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməklə o, CM-nin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərini törətməklə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, İran vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunması barədə məlumat yoxdur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən əcnəbilər onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilər. Həmçinin həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı, habelə CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 5294,4 qram heroin, 5920 qram həşiş qətranı, 1359,8 qram metamfetamin, 4559,6 qram tiryək və 2009,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X13 X14 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə maddi subut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan dərhal sonra Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, habelə Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ bu hökm üzrə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 5294,4 qram narkotik vasitə olan heroin, 5920 qram narkotik vasitə olan həşiş qətranı, 1359,8 qram psixotrop maddə olan metamfetamin, 4559,6 qram narkotik vasitə olan tiryək və 2009,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi subut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-96/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-96/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver