Məhkəmə qərarları › İş №1(099)-98/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-98/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-98/2022 29.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin şöbə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X3 iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Türkiyə Respublikasının Kilis şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, yük avtomobilinin sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Kilis şəhəri, Əhrəm Çətin məhəlləsi, Harun Rəşid küçəsi 39 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Türkiyə Respublikasının (bundan sonra - TR) vətəndaşı Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində TR-də digər şəxslərlə ona veriləcək on min ABŞ dolları pul məbləği müqabilində, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini (bundan sonra - heroin) cinayətkar qrupun digər üzvlərinə çatdırılması üçün İran İslam Respublikasında (bundan sonra – İran İR) əldə etmə, saxlama və daşıma, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirib Gürcüstan Respublikasının (bundan sonra - GR) Batumi şəhərində yerləşən dəniz limanındakı gəmiyə təhvil verməklə tranzit qaydada nəqlinin təmin edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında razılığa gəldikdən sonra, göstərilən məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada 14 may 2021ci il tarixdə İran İR-in Urmiya şəhərində cinayətkar qrupun İran İR-dəki digər üzvü ilə birlikdə əldə etdiyi, 152 ədəd mavi rəngli surət kağızına bükülərək üzəriləri şəffaf yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı, ümumi təmiz çəkisi 120554,00 qram, yəni külli miqdar təşkil edən heroini “DAF” markalı, AA4493XB dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, “SCB-S3B” modelli, AA1383Xİ dövlət qeydiyyat nişanlı soyuducu qoşqudan ibarət yük avtomobilinin qoşqusunun ön divarının hər iki səthinin arasındakı boşluqda, kustar üsulla xüsusi olaraq düzəldilmiş saxlanc yerində gizlədərək saxlamış, daşımış, malların aşkar edilməsini çətinləşdirən göstərilən üsuldan istifadə etməklə 15 may 2021-ci il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun (bundan sonra – DGK-nın CƏBGİ-nin Astara GP) yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttindəki Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişdir. Həmin heroinlər 17 may 2021-ci il tarixdə Astara GP-də qeyd edilən yük avtomobilinə baxış keçirilərkən gizlədildiyi göstərilmiş yerdən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etməmiş, onların satışı və ya qanunsuz dövriyyəsinə yönələn hərəkətlə məşğul olmamış, “Ufuk”, “Maho” adlı şəxslərlə, eləcə də hər hansı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə razılığa gəlməmişdir. Uzun müddətdir ki, Ukrayna Respublikasında (bundan sonra - UR) qeydiyyatdan keçmiş yükdaşıma şirkətinə məxsus “DAF” markalı, “AA4493XB/AA1383Xİ” dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə etməklə ölkələrarası yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. TR vətəndaşı “Ufuk” adlı şəxsi (bundan sonra – “Ufuk”) bilavasitə görməmiş və əvvəllər sonuncu ilə ölkələrarası hər hansı yükün daşınması ilə bağlı işbirliyi olmamışdır. “Ufuk”un xarici görünüşünü sonuncu ilə mobil telefonun “WhatsApp” proqramı vasitəsilə danışarkən həmin proqramdakı istifadəçi profilinə yerləşdirdiyi fotoşəklindən görmüşdür. Onun mobil nömrəsinin “Ufuk”a GR-də yaşayan sürücü tanışları tərəfindən verildiyini ehtimal edir. 2021-ci ilin fevral-mart ayında “Ufuk” istifadəsində olan +380 ********* mobil nömrədən ona zəng etmiş, telefon danışığı zamanı “Ufuk”un təklifi əsasında əldə etdikləri razılığa əsasən GR-in Batumi şəhərindən İran İR-in Təbriz şəhərinə göndəriləcək taxta yükünün daşınmasını təmin etmək üçün TR-dən GR-in Batumi şəhərinə gəlmiş, etibarnamə əsasında idarə etdiyi yük avtomobili ilə Azərbaycan Respublikası ərazisindən keçməklə İran İR-in Təbriz şəhərinə gəlmişdir. Həmin yükü orada ona deyilən ünvanda boşaltdıqdan sonra “Ufuk” onun mobil nömrəsinə zəng etmiş, telefon danışığı zamanı “Ufuk”un təklifi əsasında 13 may 2021-ci il tarixdə İran İR-in Urmiya şəhərindəki qarpız yükünün UR-in Odessa şəhərinə daşınmasını təmin etmək üçün Urmiya şəhərinə gəlmiş, əvvəllər tanımadığı “Maho” adlı İran İR vətəndaşı (bundan sonra – “Maho”) və adını bilmədiyi digər şəxslə birlikdə idarə etdiyi avtomobilə qarpız yükünün yüklənməsi üçün anbara getmişlər. Lakin ona məlum olmayan səbəbdən müvafiq yük avtomobilə yüklənməmişdir. Bundan sonra iki gün ərzində həmin avtomobil onun deyil, “Maho”-nun nəzarəti altında qalmış, özü isə oteldə qalmışdır. Bu müddət ərzində avtomobilin açarı özündə olmuş, avtomobilin kabinəsi və qoşqusunun qapıları açıq vəziyyətdə qalmışdır. 14 may 2021-ci il tarixdə axşam saatlarında “Maho” +964 ********** mobil nömrədən ona zəng edib qarpız yükünün idarə etdiyi avtomobilə yüklənildiyini demiş, bundan sonra həmin avtomobili idarə edib İran İR-in Astara şəhərinə gəlmişdir. 15 may 2021-ci il tarixdə UR-ə getmək üçün avtomobili Azərbaycan Respublikasının “Astara” GP-nin yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə sürmüşdür. Orada həmin avtomobil stasionar rentgen qurğusundan keçirilərkən qoşqusunun ön divarında şübhəli cizgilər müşahidə edildiyinə görə gömrük postunun yoxlama qrupuna göndərilmişdir. Yoxlanılacaq yük avtomobillərinin sayının çox olması səbəbindən idarə etdiyi avtomobil 17 may 2021-ci il tarixdə onun iştirakı ilə ətraflı yoxlanılarkən ön divarının hər iki səthinin arasındakı boşluqda kustar üsulla xüsusi olaraq düzəldilmiş saxlanc yerində cəmi 152 ədəd mavi rəngli surət kağızına bükülərək üzəriləri şəffaf yapışqanlı lentlə sarınmış heroinlər aşkar edilmiş, heroinlərin ümumi çəkisi 124680 qram təşkil etmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Həmin protokolun məzmununu təsdiq edir. 15-18 may 2021-ci il tarixlərdə Astara GP-də gömrük əməkdaşlarının nəzarəti altında saxlanılmış, idarə etdiyi avtomobil və açarları 17 may 2021-ci il tarixdə qoşqusundan heroinlərin aşkar olunmasınadək öz sərəncamında olmuşdur. İdarə etdiyi avtomobildə müvafiq saxlanc yerinin avtomobilin iki gün onun nəzarəti olmadan anbarda saxlanılarkən “Ufuk”un tapşırığı əsasında “Maho” və ona yaxın olan şəxslər tərəfindən düzəldildiyini hesab edir. Həmin narkotik vasitələrin idarə etdiyi avtomobilin qoşqusuna yerləşdirilməsindən məlumatı olmamışdır. Göstərdiklərinə əsasən idarə etdiyi avtomobildən aşkar edilmiş heroinlərin ona aidiyyəti yoxdur. İş üzrə ibtidai araşdırma zamanı 18 və 19 may 2021-ci il tarixlərdə müdafiəçisi və tərcüməçinin iştirakı ilə verdiyi, tərcüməçi tərəfindən ona elan edilmiş etirafedici ifadələrinin məzmununu tanımadığı gömrük əməkdaşları tərəfindən ona qarşı edilmiş, konkret olaraq göstərə bilmədiyi psixoloji təsir səbəbindən imzaladığına görə təsdiq etmir. Həmin ifadələrdə bildirdikləri öz fikirləri olmuşdur. Gömrük əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai istintaq zamanı müdafiəçisi və tərcüməçinin iştirakları ilə 18 və 19 may 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə 19 may 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində baxılarkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək göstərmişdir ki, 13 may 2021-ci il tarixdə İran İR-in Urmiya şəhərində olarkən “Maho” ona idarə etdiyi avtomobilə yerləşdiriləcək narkotik vasitələri GR-in Batumi şəhərində “Ufuk”un verəcəyi on min ABŞ dolları pul müqabilində Azərbaycan Respublikası ərazisindən tranzit qaydada keçirib GR-in Batumi şəhərində yerləşən dəniz limanındakı gəmiyə təhvil verməyi təklif etmiş, həmin heroinlərin Ukrayna Respublikasının Odessa şəhərinə aparılacağını demişdir. Bu təkliflə razılaşdıqdan sonra idarə etdiyi avtomobili və açarını “Maho”-ya yaxın olan şəxslərə verib oteldə qalmış, bir gün sonra həmin şəxslər idarə etdiyi avtomobili açarı ilə birlikdə ona təhvil vermişlər. Buna görə də onun idarə etdiyi avtomobilə “Maho” tərəfindən narkotik vasitə qoyulacağını bilsə də, onun külli miqdarda olacağını bilməmişdir (İ cild, səh. 103-107, 120-124, 133). Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1 və 337.2-ci maddələrinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş DGK-nin CƏBGİ “Astara” GP-nin böyük inspektoru Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 15 may 2021-ci il tarixdə CƏBGİ Əməliyyat və təhqiqat idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında İran İR-dən daxil olmuş “DAF” markalı, “AA4493XB/AA1383Xİ” dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Astara” GP-də gömrük baxışı keçirilmişdir. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq avtomobildə narkotik vasitə olmadığını göstərmişdir. Göstərilən avtomobil qoşqusunun ön hissəsinə kinoloji xidmət itinin reaksiya verməsinə görə “Astara” GP-nin inzibati ərazisində olan stasionar rentgen qurğusundan keçirilmiş, bu zaman qoşqunun ön divarında dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyinə görə ətraflı yoxlanılması üçün yoxlama qrupuna göndərilmişdir. Həmin vaxt Astara GP-də gömrük nəzarəti aparılmalı olan yük avtomobillərinin sayı çox olduğuna görə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ətraflı gömrük yoxlamasının aparılması üçün gömrük nəzarəti altında saxlanılmışdır. 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, tərcüməçi, iki nəfər hal şahidi və gömrük əməkdaşlarının iştirakları ilə həmin avtomobilin ətraflı yoxlanılması qoşqusunda olmuş qarpız yükünün boşaldılması və qoşquya kinoloq tərəfindən kinoloji xidmət itinin tətbiq edilməsi ilə başlanmışdır. İt qoşqunun ön divarına xüsusi reaksiya verdiyinə görə həmin hissədə olan metal üzlük xüsusi alətlə deşilərək daxilinə baxılmışdır. Bu zaman qoşqunun ön divarının hər iki səthinin arasındakı boşluqda - ön divarın orta hissəsində, sonradan kustar üsulla düzəldilmiş xüsusi gizli saxlanc yerinin olduğu müəyyən edilmişdir. Qoşqunun ön divarının metal üzlüyü xüsusi kəsici alətlə kəsilərkən həmin saxlanc yerində gömrük nəzarətindən gizlədilmiş, cəmi 152 ədəd mavi rəngli surət kağızına bükülərək üzəriləri şəffaf yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamaların içərisində heroinə oxşar kütlələrin olduğu müəyyən edilmiş, tərəzidə çəkilərkən ümumi çəkisi 124680 qram təşkil etmiş heroinə oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 198-200). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-nın CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin rəisi Şahid1, 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinə baxışda hal şahidi qismində iştirak etmiş Şahid3 Höcətula oğlu və X1 Sənan Nazim oğlunun ifadəsində göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş və əlavə olaraq göstərmişlər ki, Astara GP-də hər hansı gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz təsir, o cümlədən psixoloji təsir göstərilməmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Təqsirləndirilən şəxs barəsində olan sərhədkeçmə məlumatları və ona baxış keçirilməsi haqqında 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “DAF” markalı, AA4493XB dövlət qeydiyyat nişanlı dartıcı və “SCHMİTZ” markalı, “SCB- S3B” modelli, AA1383Xİ dövlət qeydiyyat nişanlı soyuducu qoşqudan ibarət yük avtomobilini idarə etməklə Astara sərhəd nəzarət məntəqəsindən sonuncu dəfə 22 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən çıxmış, 15 may 2021-ci il tarixdə saat 20:50-də Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur (İ cild , səh. 153-159). - 17 may 2021-ci il tarixdə DGK-nın CƏBGİ-nin Astara GP-də Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, “AA4493XB/AA1383Xİ” dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər və rentgen qurğusunun qeydə aldığı fotoşəkillərin surətlərindən həmin avtomobilə gömrük baxışının keçirilməsi mexanizmi və nəticələrinin iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmin yük avtomobilinin dartıcı və qoşqu hissələrinə dair qeydiyyat şəhadətnamələri, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı bir ədəd mobil telefon aparatı, 330,00 manat, 3850,00 ABŞ dolları, 55,00 türk lirəsi, 430,00 qrivni və 100000,00 İran tüməni məbləğində pul əskinasları, onun adına verilmiş doqquz ədəd bank və digər plastik kartlar, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd sürücülük kartlarının götürüldüyü müəyyən edilir (İ cild, səh. 12-15, 22). - Materialların məhkəmə ekspertizasının 18 may 2021-ci il tarixli, 19/429 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 152 ədəd bağlamalarda, ümumi təmiz çəkisi 120554,00 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlərdir. Onlar xarici görünüşlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 120553,35 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 73-75). - Məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 2509 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 46, 47). - “Mobil telefona baxış keçirilməsi haqqında” 21 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefon aparatına baxış keçirilərkən “WhatsApp” proqramında “Ufuk” adlı şəxsin istifadəsində olmuş +**********52 mobil nömrənin profil məlumatlarında həmin şəxsin fotoşəkli, Təqsirləndirilən şəxs 03-17 may 2021-ci il tarixlərdə “Ufuk” adlı şəxslə cəmi 7 dəfə, 14 may 2021-ci il tarixdə isə +964 ********** mobil nömrədən istifadə etmiş “Maho” adlı şəxslə bir dəfə telefon danışığının olduğu müəyyən edilmişdir (İ cild, səh. 170, 171). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, DGK-nin Əməliyyat İdarəsinin rəis müavini Vüqar Abdullayev tərəfindən tərtib edilmiş 01 iyun 2021ci il tarixli raport, ona əlavə edilmiş fotoşəkil, “Fotoşəkillərə baxış keçirilməsi və eyniliyin müəyyən edilməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Ufuk” adlı şəxs pasport seriya nömrəsi U14108324 olan Cesur Ufuk adlı Türkiyə Respublikası vətəndaşıdır. 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilərkən “Ufuk” adlı şəxsə aid olması ehtimal edilmiş fotoşəkillə əməliyyat tədbiri zamanı şəxsiyyəti müəyyən edilmiş “Cesur Ufuk” adlı şəxsin fotoşəklinin eyni şəxsə aid olduğu müəyyən edilmişdir (İ cild, səh. 176, 183, 184, 188, 189). - “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş, bir neçə şəxsə aid fotoşəkillər arasından “Ufuk Cesur”un fotoşəklini tanıyaraq göstərmişdir (İİ cild, səh.12, 13). - “Şəxsin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında” 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə TR vətəndaşı “Ufuk Cesur”un ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır (İİ cild, səh. 19-21). Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində iş üzrə: - ibtidai istintaq zamanı gömrük əməkdaşları tərəfindən ona qarşı psixoloji təsir göstərilməsi səbəbindən 18 və 19 may 2021-ci il tarixlərdə etirafedici ifadələr verməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil məhkəmə istintaqı zamanı ifadəsində həmin etirafedici ifadələri müdafiəçisi və tərcüməçinin iştirakı ilə öz fikirləri əsasında verməsi, onlara məzmunları tərcüməçi tərəfindən elan edildikdən sonra imza etməsi və gömrük əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilməməsini göstərməsi, ona hansı gömrük əməkdaşları tərəfindən, hansı formada psixoloji təsir edilməsini göstərə bilməməsi, eləcə də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılması aparılmış material üzrə 04 noyabr 2021-ci il tarixdə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarla Təqsirləndirilən şəxs CƏBGİ-nin gömrük əməkdaşları tərəfindən psixoloji təsir göstərilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi ilə, - ona qarşı irəli sürülmüş ittihamda idarə etdiyi yük avtomobilinin qoşqusundan aşkar edildiyi göstərilmiş heroinlərin ona aid olmaması, idarə etdiyi avtomobilə “Ufuk” adlı TR vətəndaşının tapşırığı ilə “Maho” adlı İran İR vətəndaşı tərəfindən onun xəbəri və razılığı olmadan yerləşdirilməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil isə özünün ibtidai istintaq zamanı verdiyi 18 və 19 may 2021-ci il tarixli etirafedici ifadələri ilə yanaşı, iş materiallarında olan digər sübut növləri və işin yuxarıda müəyyən edildiyi göstərilmiş faktiki halları ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 18 və 19 may 2021-ci il tarixli etirafedici ifadələrinin idarə etdiyi yük avtomobilində külli miqdarda narkotik vasitələrin olmasından məlumatının olmaması barədə olan hissəsi istisna olmaqla, qalan hissələrini müdafiəçisi və tərcüməçinin iştirakı ilə, hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin ibtidai istintaq zamanı verdiyi 18 və 19 may 2021-ci il tarixli ifadələri ilə ziddiyyət təşkil edən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissədə isə sübut kimi qiymətləndirir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi həmçinin, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə və həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxsin niyyəti ilə əhatə olunmuş qaydada ümumi təmiz çəkisi 120554,00 qram təşkil edən heroini ibtidai istintaq zamanı verdiyi 18 may və 19 may 2021-ci il tarixli ifadələrində göstərdiyi kimi, on min ABŞ dolları məbləğində pul müqabilində cinayətkar qrupun digər üzvlərinə təhvil vermə, yəni satış məqsədi ilə əldə etmə, saxlama və daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi möqeydən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Cinayət işi materialları ilə müəyyən olunmuş işin faktiki hallarından görünür ki, cinayətkar qrupun digər üzvləri külli miqdarda heroinləri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına daşınması məqsədilə İran İR ərazisində əldə edib Təqsirləndirilən şəxs versələr də, özləri heroinləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirməmiş, bu əməli Təqsirləndirilən şəxs həmin heroinlərin qoşqusunda gizlədildiyi yük avtomobilini Astara GP-nin yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttindəki Azərbaycan Respublikası ərazisinə sürməklə təkbaşına icra etmişdir. İbtidai istintaq orqanı da Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın məzmununda işin bu faktiki halı barədə eyni nəticəyə gəlsə də, sonuncunun müvafiq əməlini Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi əvəzinə, əsassız olaraq 206.3.2-ci maddəsinə tövsif etmişdir. Məhkəmə göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid3 Höcəttulla oğlu və X4 ifadələri, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsi, cinayət işi materiallarında olan yük avtomobilinə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntülər və rentgen qurğusunun qeydə aldığı fotoşəkillərin surətləri, materialların məhkəmə ekspertizasının 18 may 2021-ci il tarixli, 19/429 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2021-ci il tarixli, 2509 nömrəli rəyi, “Mobil telefona baxış keçirilməsi haqqında” 21 may 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər, DGK-nin Əməliyyat İdarəsinin rəis müavini Vüqar Abdullayev tərəfindən tərtib edilmiş 01 iyun 2021-ci il tarixli raport, ona əlavə edilmiş fotoşəkil, “Fotoşəkillərə baxış keçirilməsi və eyniliyin müəyyən edilməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 09 iyul 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəl, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası ərazisində məhkum olunmamışdır (İ cild, səh. 181). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, həmçinin, cinayətin iştirakçılarının aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı verdiyi 18 və 19 may 2021-ci il tarixli ifadələrində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, həmçinin “Ufuk” adlı TR vətəndaşı və “Maho” adlı İran İR vətəndaşının iştirakı ilə törətdiyini etiraf etməklə həmin şəxslərin törətdiyi cinayət əməllərinin açılmasına və ifşa edilməsinə fəal köməklik etmişdir. Buna görə də məhkəmə göstərilən halı Azərbaycan Respublikası CM-in 59.1.10cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, bu nəticəyə gəlməyə Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində iş üzrə idarə etdiyi avtomobildən aşkar edilmiş heroinlərin ona aidiyyətinin olmadığını bildirməsi mane olmur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, törətdiyi cinayət əməllərinin predmetini təşkil edən heroinlərin ümumi təmiz çəkisinin 120554,00 qram olmasını, onun şəxsiyyətini, yaşını, əməlində əvvəllər məhkum olunmaması (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), cinayətin açılması və cinayətin digər iştirakçıları olan “Ufuk” adlı TR vətəndaşı və “Maho” adlı İran İR vətəndaşının ifşa edilməsinə fəal köməklik etməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 52.1 və 52.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası, həmçinin, TR vətəndaşı olmaqla, əcnəbi olduğuna və ona münasibətdə Azərbaycan Respublikası CM-in 52.2-ci maddəsində göstərilən hallardan hər hansı biri olmadığına görə əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı (İ cild, səh. 133) ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə həbsetmənin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 18 may 2021-ci il tarixdən hesablansa da, iş materialları ilə Astara GP-də onun və idarə etdiyi yük avtomobilinin 15 may 2021-ci il tarixdə saxlanıldığı, bundan sonra onun şübhəli şəxs qismində tutulduğu 18 may 2021-ci il tarixədək gömrük əməkdaşlarının nəzarəti altında olduğu müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi, Azərbaycan Respublikası CPM-in 158.2, 158.6 və 175.5-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 15 may 2021-ci il tarixdən hesablanmalı, barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 120553,35 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarında xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq edilməklə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Cinayət işi mateiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - 11 may 2021-ci il tarixli müqavilə və ******* nömrəli beynəlxalq qaimənin surətlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda ona 11 may 2021-ci il tarixli müqavilə əsasında 13 may 2021-ci il tarixdə İran İR-in Astara şəhərində “X15 Co.” adlı şirkət tərəfindən Ukrayna Respublikasının Odessa şəhərində yerləşən "xxxx" MMC-yə göndərilmək üçün təhvil verilmiş 48 ədəd paletdə cəmi dəyəri 3171 ABŞ dolları, netto çəkisi 21140 kq. təşkil edən qarpız yükü olmuşdur (İ cild, səh. 16-19). - “Maddi sübut qismində tanıma” haqqında 20 may 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda olmuş qarpız yükü maddi sübut qismində tanınmış və satışının təmin edilməsi qərara alınmışdır (İ cild, səh. 138-140). - “Sübutların qiymətləndirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli qərarda iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda olmuş qarpız yükünün satışından əldə olunmuş 4971,75 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılır (İİ cild, səh. 100-116). Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda olmuş qarpız yükü oraya qanuni məqsədlə deyil, sonuncunun qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri ilə razılaşdıqları ümumi cinayətkar niyyətin reailizə edilməsi üçün nəqliyyat vasitəsinin qoşqusunda qanuni yükün olması görüntüsünün yaradılması və yerləşdirilmiş narkotik vasitənin gizlədilməsi məqsədilə yükləndiyinə görə həmin yükün satışından əldə olunmuş 4971,75 manat məbləğində pul Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən mülkiyyətin toxunulmazlığı haqqında Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsi, İnsan hüquqları üzrə Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirkar şəxsə məxsus nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onun malların və ya digər əşyaların gizlədilməsi üçün xüsusi saxlanc yerləri (malların gizlədilməsi üçün hazırlanmış, eləcə də nəqliyyat vasitələrində eyni məqsədlər üçün əvvəlcədən sökülmə və yığılmaya məruz qalmış konstruktiv tutum və əşyalarla təchiz olunmuş və düzəldilmiş gizli yerlər) ilə təchiz olunması müəyyən edildikdə, həmin nəqliyyat vasitəsi cinayətin törədilməsində istifadə olunmuş alət kimi qiymətləndirilərək xüsusi müsadirə olunur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Nəqliyyat vasitəsi və onun qoşqusuna dair müvafiq olaraq CXİ 573148 və CXC 899328 nömrəli qeydiyyat şəhadətnamələrinin surətləri, 26 avqust 2021-ci il tarixli aktdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, AA4493XB dövlət qeydiyyat nişanlı dartıcı və onun “SCHMİTZ” markalı, “SCB-S3B” modelli, AA1383Xİ dövlət qeydiyyat nişanlı soyuducu qoşqusu Ukrayna Respublikasında qeydiyyatdan keçmiş “AMİRAL TRANS LTD” şirkətinə məxsusdur. Buna görə də ibtidai istintaq orqanı “DAF” markalı, AA4493XB dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcı hissəsini qeydiyyat şəhadətnaməsinin əsli ilə birlikdə 26 avqust 2021-ci il tarixdə “AMİRAL TRANS LTD” şirkətinin nümayəndəsinə təhvil vermişdir (İ cild, səh. 20, 21, İİ cild, səh. 31). - Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə “SCHMİTZ” markalı, “SCB-S3B” modelli, AA1383Xİ dövlət qeydiyyat nişanlı soyuducu qoşqu üzərinə həbs qoyulmuşdur (İİ cild, səh. 23, 24). Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı və ittiham tərəfi “AMİRAL TRANS LTD” şirkətinin hazırkı cinayət işinin predmetini təşkil edən narkotik vasitələrə aidiyyətini təsdiq edən hər hansı sübutu əldə edə bilməmişdir. Digər tərəfdən, 11 may 2021-ci il tarixli müqaviləyə əsasən iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin qoşqusunda olmuş qarpız yükünün satıcı İran İR-in Astara şəhərində yerləşən “X15 Co.” adlı şirkət, alıcı Ukrayna Respublikasının Odessa şəhərində yerləşən "xxxx" MMC olmuş, “Amiral Trans LTD” şirkəti isə həmin yükün daşınması funksiyasını yerinə yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyini və işin göstərilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılan, Ukrayna Respublikasında qeydiyyatdan keçmiş “AMİRAL TRANS LTD” şirkətinə məxsus “SCHMİTZ” markalı, “SCB-S3B” modelli, AA1383Xİ qeydiyyat nömrəli soyuducu qoşqunun üzərinə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməli, həmin qoşqu CXC 899328 nömrəli qeydiyyat şəhadətnaməsinin əsli ilə birlikdə mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq işə materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı bir ədəd mobil telefon aparatı, onun adına verilmiş doqquz ədəd bank və digər plastik kartlar, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd sürücülük kartları ailə üzvünə qaytarılmalı və ya cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanası, yaxud cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus 330,00 manat, 3850,00 ABŞ dolları, 55,00 türk lirəsi, 430,00 qrivni və 100000,00 İran tüməni məbləğində pul əskinasları özünə qaytarılmalıdır. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 12 noyabr 2021-ci il tarixli qərarı ilə hazırki cinayət işi materiallarından “Ufuk Cesur” və “Maho” adlı şəxslər və qeyriləri barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrıldığı (İİ cild, səh. 117, 118) nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 15 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin. Həmin cəza Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra icra edilsin. Onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 120553,35 qram təşkil edən heroin məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilindən aşkar olunmuş qarpızın satışından əldə olunmuş, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan 4971,75 manat məbləğində pul Azərbaycan Respublikası CM-in 99-1.1.1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyində saxlanılan, Ukrayna Respublikasında qeydiyyatdan keçmiş “AMİRAL TRANS LTD” şirkətinə məxsus “SCHMİTZ” markalı, “SCB- S3B” modelli, AA1383Xİ qeydiyyat nömrəli soyuducu qoşqunun üzərinə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilsin, həmin qoşqu CXC 899328 nömrəli qeydiyyat şəhadətnaməsinin əsli ilə birlikdə mülkiyyətçisinə və ya qanuni sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq işə materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı bir ədəd mobil telefon aparatı, onun adına verilmiş doqquz ədəd bank və digər plastik kartlar, bir ədəd sürücülük vəsiqəsi, iki ədəd sürücülük kartları ailə üzvünə qaytarılsın və ya cəza çəkdiyi müddətdə saxlanılması və sonda özünə qaytarılması üçün saxlanıldığı istintaq təcridxanası, yaxud cəza çəkdiyi müəssisədə olan şəxsi işinə əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsində saxlanılan, Təqsirləndirilən şəxs məxsus 330,00 manat, 3850,00 ABŞ dolları, 55,00 türk lirəsi, 430,00 qrivni və 100000,00 İran tüməni məbləğində pul əskinasları özünə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar