Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-99/2024 28.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olan, Lənkəran şəhəri, H.Əliyev küçəsi 78/15, mənzil 20-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən 4 (dörd) ədəd bağlamada ümumi təmiz çəkisi 6054,915 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 1 ünvanının həyətində yerləşən anbara daşımış, həmin heroin bağlamalarından satış məqsədi ilə qanunsuz olaraq 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 4,981 qram, 4,934 qram, ümumi təmiz çəkisi 9,915 qramını ayırıb üzərində saxlamaqla daşımış, qalan 4 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 1995,0 qram, 2005,0 qram, 1005,0 qram, 1040,0 qram, ümumi təmiz çəkisi 6045,0 qram narkotik vasitə heroini anbarda yerləşən otaqda gizlətmiş, 27 mart 2023-cü il tarixdə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə edilmiş məlumatların yoxlanması məqsədilə Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 21:35-də Lənkəran şəhəri H.Əliyev prospektində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd bükümdə 9,915 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə yaşadığı ünvan 1 ünvanının həyətində yerləşən anbara keçirilən baxış zamanı anbarın otağından satış məqsədi ilə saxladığı külli miqdar hesab edilən 4 (dörd) ədəd bağlamada ümumi təmiz çəkisi 6045,0 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, narkotiklərdən heroindən istifadə edir. xx.xx.2023-cü ildə səhər saat 8 radələrində yuxudan durmuş, evdə hamama keçmişdir. Bu zaman səslər eşitmiş, anası qışqırmışdır. Birdə görmüş ki, 6-7 nəfər evin içərisindədir, evin pəncərəsi açıqdır, setkanı çıxarıb evə daxil olublar. Soruşmuş ki, kimsiz, hardan gəlibsiniz. Bu zaman böyükləri demişdir ki, “adım Səbuhidir, CAB-ın rəisiyəm”. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə isə, o demişdir ki, “sən kimsən ki özümü təqdim edəm” və təhqirə başlamışdır. Həmin vaxt Səbuhidən vəsiqə, evdə axtarış üçün icazə sənədin tələb etmişdir. Bu zaman ona cavab qaytarmışdır. Həmin şəxslər evi axtarmışlar, lakin heçnə tapmamışlar, daha sonra onu polis şöbəsinə aparmışlar. Şöbədə onu üçüncü mərtəbəyə Səbuhinin otağına qaldırmışlar, orada Səbuhi onu döymüş, təhqir etmişdir. Daha sonra Səbuhiyə cavab qaytardığına görə Səbuhi demişdir ki, “səni yükləyib göndərəcəm”. Səbuhinin bu sözünə isə demişdir ki, bəs allah. Səbuhi isə demişdir ki, allah sənə kömək edər. Sonra Səbuhiyə ondan da böyük vəzifəli şəxslər olduğunu bildirdikdə, Səbuhi demişdir ki, onlar da səni eşitməyəcəklər. Axşama kimi orda onu döymüşlər. Axşam saat 11-ə kimi döyüldükdən sonra, Səbuhi demişdir ki, evinə mal qoymuşam, götür boynuna, yoxsa evində bacın oğlu da var, onu gətirəcəm. Bundan əvvəl isə Səbuhi telefonu istəmiş, evdə olduğunu bildirmiş, günorta saat 4 radələrində gedib evlərindən telefonu da götürüb onlara vermişdir. Telefonu araşdırdıqda isə içərisindən heçnə çıxmamışdır. Özü isə bacısı oğlunun təzə ailə qurduğunu düşünüb, razılaşmışdır. Həm də ona görə razılaşmış ki, bunların əlindən çıxıb təcridxanaya gedib, oradan müvafiq orqanlara müraciətlər etsin. İttihamda yazılanlarla razı deyil, onun narkotikdən xəbəri olmamışdır. Narkotiklər Səbuhinindir. Özü o çəkiylə zona girməyəcək, çünki heç bir sübut yoxdur. Malın üzərində əl izi yoxdur, Səbuhi də məhkəməyə gəlməlidir. Bakı şəhərində saxlanıldığı gündən əvvəl, təxminən 3-5 gün əvvəl olmuşdur. Bakıya iş axtarmaq, dost-tanışla görüşmək üçün getmişdir. Ola bilər ki, şəhəri özü yaxşı tanımadığından, Elit ticarət, Dərnəgül tərəflərdən dost-tanışı ilə keçib. Həyətindəki anbara narkotiki Səbuhi qoyub, ya da qoydurub, məcbur qalıb onlarla razılaşıb ki, qohumlarına dəyməsinlər. Razılaşdıqdan sonra da həyətə gəlib həmin narkotiki götürüb vermişdir. Səbuhi tərəfindən döyülərkən sağ ayağından xəsarət almışdır. Onu malı boynuna qoymaq üçün döysələr də razılaşmamış, demişdir ki, “kişiyəm eybi yox döyülüm, sonra buraxarlar”, lakin bacısı oğlanlarının da həbs edəcəkləri ilə hədələndiyindən, onlar tutulmasın deyə hər şeyi etiraf etmişdir. İşi bağlananda isə MSY-də etiraz edərək, özünü kəsmişdir, həmin xəsarətləri isə o zaman almışdır. Ona qarşı bu qədər haqsızlıq edən Səbuhini cəzalandırmaq əvəzinə onu cəzalandırırlar, and olsun Allaha bu günün sahibi Allaha ki, bu cinayətdə onun heç bir barmağı, izi yoxdur, nə cibinə qoyulan, nə evinə qoyulan narkotik onun deyil, allaha and içir ki, şərlənib, bu günə düşmüşdür. Ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilib, ifadəsində bildirmişdir ki, o narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Təxminən 15 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitə heroini iynə yolu ilə damarlarına vurur. O hər gün demək olar ki, narkotik vasitədən istifadə edir. Hər gün iki-üç dəfə ümumi olaraq 1 qrama yaxın narkotik vasitədən istifadə edir. O narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə edir. Belə ki, 23 mart 2023-cü il tarixdə Bakı şəhərinə getmişdir. Bakı şəhərində olduğu zaman Dərnəgül yolunda Elit Ticarət mərkəzinin yaxınlığında zibilliyin yanında bağlama görmüşdür. Həmin bağlamaya baxanda içərisində sellofanlara bükülmüş vəziyyətdə 4 bağlama görmüşdür. Həmin bağlamalara baxanda içərisində narkotik vasitə heroinə bənzər maddə görmüşdür. Həmin bağlamaları götürüb həmin gün Lənkərana evinə gəlmişdir. Həmin narkotik vasitəni evinə gətirib həyətdə köhnə ev olan, hazırda anbar kimi istifadə olunan yerdə şkafın içərisində qoymuşdur. Həmin bağlamaların birinin içərisindən iki bükümdə narkotik vasitə ayırıb gödəkçəsinin sağ yan cibində qoymuşdur ki, istifadə etsin. 27 mart 2023-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri H.Əliyev prospektində piyada gəzərkən bir avtomobil gəlib yanında saxlamışdır. Avtomobildən bir neçə şəxs düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Lənkəran ŞRPŞ-nın əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olduğundan şübhəli olduqlarını deyib onu Lənkəran şəhərində yerləşən şöbəyə dəvət etmişlər. O heç bir etiraz etməmişdir. Daha sonra polis əməkdaşları onu Lənkəran ŞRPŞnə gətirmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin olunmuş və təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə videoçəkilişlə axtarış keçirtmişlər. Çəkiliş zamanı əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı sellofan bükümdə içərisində heroin olan iki ədəd bükümləri təqdim etmişdir. Həmçinin gödəkçəsinin sol yan cibində saxladığı “Samsung” markalı mobil telefonu təqdim etmişdir. O polis əməkdaşlarına bildirmişdir ki, evində də 5-6 kq heroin vardır. Bu barədə protokol tərtib edilmişdir. Polis əməkdaşlarına ərizə vermiş və evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə gedib evinə baxış keçirtmişlər. Evin həyətində anbarda narkotik vasitə saxlamağını demişdir. Polis əməkdaşları ilə birlikdə anbara daxil olmuşdur. Anbarda saxladığı bir ədəd qara torbanı götürüb polis əməkdaşına təqdim etmişdir. Həmin qara torbada 4 ədəd bağlamada narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşı həmin torbanı elektron tərəzidə çəkmiş və çəkisi 6 kq 200 qram olmuşdur. Polis əməkdaşları həmin heroini götürmüşlər. Evdən başqa heçnə aşkarlanmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrində yazılanların ona aid olmadığını, ifadəsində göstərilənlər Səbuhinin yazdıqları olduğunu, məcburiyyət qarşısında qalıb imza etdiyini, həmin vaxt ifadələrini oxumadığını, bacısı oğlanlarının da həbs ediləcəyi hədəsindən qorxduğu üçün, həmin vaxt polis əməkdaşları ilə razılaşdığını bildirmişdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 mart 2023cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin habelə onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat əldə etmişdir. Bu barədə raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Daha sonra şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, 27 mart 2023-cü il tarixli qərara əsasən, əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 27 mart 2023-cü il tarixdə saat 21:35-də Təqsirləndirilən şəxs Lənkəran şəhəri H.Əliyev prospektində olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər və şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və avtomobillə onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Axundov X6 ŞRPŞ-nə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə video-çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən 2 ədəd sellofan büküm çıxarıb tədim etmişdir. Həmin bükümə baxdıqda içərisində narkotik vasitə heroinə bənzər maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən isə Samsung markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroin bükümlərini istifadə etmək məqsədi ilə 23 mart 2023-cü il tarixdə Bakı şəhərində İran vətəndaşından əldə etmiş, həmin bükümlərə görə pul ödəməmiş, bükümlərdən yaşadığı evində də, 5-6 kq heroin vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini İran vətəndaşı Əhliman adlı şəxs ona verib demişdir ki, zəng etdikdə heroini aparıb bir yerə qoyacaq, kimsə götürüb ona əvəzində pul verəcəkdir. Daha sonra həmin 2 ədəd bükümlərdə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və bir zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılarla birlikdə onun yaşadığı ünvan 1 ünvanına getmişlər. Həyətə daxil olmuşlar. Həyətdə bir mərtəbəli ev və evin qarşısında da, anbar kimi istifadə olunan bir ev var imiş. Təqsirləndirilən şəxs həmin anbar kimi istifadə olunan yeri göstərib demişdir ki, həmin yerdə narkotik vasitə heroin saxlayır. Həmin vaxt video-çəkilişlə baxış keçirtməyə başlanılmışdır. Təqsirləndirilən şəxsla birlikdə həmin anbar kimi istifadə olunan yerə daxil olmuşlar, o anbarın künc hissəsindən 1 ədəd qara rəngli torbanı çıxarıb təqdim edərək bildirmişdir ki, həmin torbada narkotik vasitə heroin vardır. Həmin torba ümumilikdə elektron tərəzidə çəkilmişdir. Çəkisi 6 kq 200 qram olmuşdur. Həmin torbaya baxdıqda içərisində 4 ədəd skoçla bağlanmış içərisində heroinə bənzər maddə olan bağlamalar aşkar olunmuşdur. Həmin narkotik vasitələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmayıb, Səbuhi adlı polis əməkdaşı ümumiyyətlə tədbirdə iştirak etməyib, Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir təzyiq və təsir göstərilməyib, belə bir hal baş verməmişdir. Onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Saxlanılarkən Elçin özü hər şeyi səmimi etiraf edib. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində külli miqdarda narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, məlumatda narkotikin konkret çəkisi isə göstərilməmişdir. Təqsirləndirilən şəxs iranla bağlılığı var, oradan narkotik vasitə gətirib, ölkədə dövriyyəsi ilə məşğul olur. Əvvəlcə Təqsirləndirilən şəxs özü saxlanılmış üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar edilmiş, daha sonra evinə baxış keçirilib oradan da külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Özü şəxsən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və evinə baxışda iştirak etməmişdir. Adətən tədbir keçirilərkən ərazidə olur, əgər bir problem çıxsa ora yaxınlaşır. Hətta evindən mobil telefon da aşkar edilmiş, telefonu özü polis əməkdaşlarına evə baxış keçirilərkən təqdim etmişdir. Sənədləşdirmələrdə iştirak etmədiyindən dəqiq saatları xatırlamır. Pəncərədən Təqsirləndirilən şəxs evinə daxil olmamışlar, Elçinlə gəlib onun evində hamamdan mobil telefonun götürməmişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində və yaşadığı evdə saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 16) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 2 ədəd bükümdə ümumi 10,16 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni Bakı şəhərində əldə etdiyini bildirmişdir. (c İ, i.v 28-30) İşdə olan, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. (c İ, i.v 31) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış protokolundan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində olan anbardan 1 ədəd torbada dörd ədəd bağlamalarda ümumi 6200 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o narkotik vasitə heroinin özünə məxsus olduğunu 23 mart 2023-cü il tarixdə Bakı şəhərində əldə etdiyini bildirmişdir. (c İ, i.v 32-34) İşdə olan, materiallarım məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/354 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-4,981 qr; -4,934 qram; ümumi təmiz çəkisi 9,915 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş bir ədəd bağlamadakı, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi – 1995,0 qr; -2005,0 qr;- 1005,0 qr; -1040,0 qram: ümumi təmiz çəkisi 6045,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkarlanan 1 ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 6 ədəd olmaqla, ümumi təmiz çəkisi: -6054,915 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 6054,915 qr, cəmi təhqiqata sərf edildi 0,6 qr (hər ob.-0,1 qr), qalıq 6054,315 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,0 manat təşkil edir. (c İ, i.v 47-50) İşdə olan, xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Məhkəməsinin 4(049)-101/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 71-75) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 335 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulunundan yaranan asılılıq sindroçu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. (c İ, i.v 76) İşdə olan, xx.xx.2023-cü il tarixli 298 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 77- 78) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 7(101)-31/2011 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 04 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs İran İslam Respublikası Astara Rayon Mərkəzi İslam İnqilabi Məhkəməsinin birinci şöbəsinin xx.xx.2010-cu il tarixli hökmü əsasında İran İslam Respublikasının Dövlət Məsləhət şurası tərəfindən qəbul edilən İran İslam Respublikası X4 dəyişikliklər barədə 1997-ci il 8 noyabr tarixli Qanunun 8-ci maddəsinin 6-cı bəndinin 1-ci qeydinə, 16-cı, 31-ci və 32-ci maddələrinə əsasən təqsirli bilinib cəza müddətinin əvvəli 2010-cu ilin fevralın 14-dən hesablanmaqla 2000.000 rial nəğd cərimə, 30 şallaq zərbəsi və ömürlük həbs cəzasına məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən xx.xx.2010-cü il tarixli hökm Azərbaycan Respublikası Qanunvericiliyinə uyğunlaşdırılmış və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi tətbiq olunaraq 12 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. (c İ, i.v 100-101, 117-120) İşdə olan, Lənkəran ŞİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda A.Mirzəyev küçəsi, ev 5 ünvanında yaşayır, barəsində qonşulardan, ictimai yerlərdən və inzibati orqanlardan heç bir şikayət və ərizə daxil olmamışdır. (c İ, i.v 115-116) İşdə olan, 02 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətində yerləşən anbardan aşkar olunmuş 6 ədəd bükülülərdə narkotik vasitə olan heroinin ekspertiza tətqiqatından sonrakı qalıq çəkisi maddi sübut kimi tanınmış, saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən yaxın qohumlarına qaytarılması, şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi barədə çəkilmiş video görüntülərin yazıldığı 02 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması barədə qərar qəbul olunmuşdur. (c İ, i.v 125-133) İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, cinayət işindən narkotik vasitənin və psixotrop maddənin əldə edildiyi mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. (c İ, i.v 134-135) İşdə olan, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X1 Elçin Ağababa oğluna məxsus 1 ədəd Samsung markalı mobil telefonu Lənkəran ŞRPŞ-nin İB-dən təhvil almışdır. (c İ, i.v 137) İşdə olan, məhkəmənin sorğusu əsasında Bakı İstantaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sağ baldırın yuxarı1/3-nin öz səthində 3-4 sm ölçüdə tünd bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. Xəsarəti həbs olunan zaman aldığını bildirmişdir. Bakı İstintaq Təcridxanasında saxlanıldığı dövrdə xx.xx.2023-cü il tarixdə Lənkəran RPŞ-nin MSY-dən təcridxanaya xəsarət ilə daxil olmuşdur. Xəsarəti MSY-də istintaqa etiraz əlaməti olaraq özü-özünə yetirdiyini bildirmişdir. Müayinə zamanı qarının ön divarında, hər iki saidin ön səthində və boyunun hər iki yan tərəfində bir neçə üzəri qərtməkli səthi kəsilmiş yaralar müşahidə edilmişdir. (c İİ, i.v 42-49) İşdə olan, 06 noyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 228C-23 nömrəli matrial üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması Lənkəran rayon prokurorluğu tərəfindən rədd edilmişdir. (c İİ, i.v 65-68) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində, yaşadığı evdə heç bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərində iki büküm narkotik vasitə olduğunu, narkotik vasitəni ayın 23-ü Bakı şəhərində iranlı şəxsdən əldə etdiyini, iranlı şəxs narkotiki bir yerə atıb, özü isə götürüb, ardı da var, qalan 5-6 kq olar ki heroin hazırda evindədir, özü istifadə eliyəndi, iranlı ona demiş ki, zəng vuraram aparıb harasa qoyarsan, kimsə gəlib götürəcək, sənə də ***-**** manat pul verəcəm, iranlının adı Əhlimandır, evə baxış keçirilməsinə etiraz etmir, baxış və götürmə istintaq hərəkəti zamanı yaşadığı fərdi yaşayış evinin qarşısında anbar kimi istifadə olunan digər bir mərtəbəli evin içərisində olan bir ədəd qara rəngli torbada aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə və yaşadığı evə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bundan başqa hələ ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra tibbi müayinədən keçirilmiş, xx.xx.2023-cü il tarixli 298 nömrəli ekspert rəyindən də görünür ki, onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqlərinə, təhdidlərinə və pis rəftarına məruz qaldığını, fiziki təzyiqin isə döyülməsi, təhdidlərin isə ailə üzvlərinin, yəni bacısı oğullarının da polis əməkdaşları tərəfindən tutulması və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs iddia etdiyi hallarla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2023-cü il tarixli qərarla (cild İİ, i.v 65-68) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, yəni xx.xx.2023-cü ildə tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verdiyi izahatında da polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və mənəvi təzyiq və təsirin göstərilmədiyini bildirmişdir. X16 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən və yaşadığı evin həyətində yerləşən anbardan aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin predmetlərin üzərinə və evin həyətində yerləşən anbara polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 54-56) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 63-65) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 71-75) eləcə də üzərinə, yaşadığı evin həyətində yerləşən anbara video-çəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitəni Bakı şəhərində olduğu zaman Dərnəgül yolunda Elit Ticarət mərkəzinin yaxınlığında zibilliyin yanında 4 ədəd bağlamada tapdığını, həmin bağlamaları götürüb həmin gün Lənkərana evinə gəldiyini, həmin narkotik vasitəni evinə gətirib həyətdə köhnə ev olan, hazırda anbar kimi istifadə olunan yerdə şkafın içərisində qoyduğunu, həmin bağlamaların birinin içərisindən iki bükümdə narkotik vasitə ayırıb gödəkçəsinin sağ yan cibində istifadə etmək məqsədilə gəzdirdiyini səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı evə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 27 mart 2023-cü il tarixli şəxsi axtarış və götürməyə, eləcədə baxış keçirilməsinə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPMnin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 27 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkili İntiqam Hüseynov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə, eləcədə baxış keçirilməsinə dair 27 mart 2023-cü il tarixli protokollardan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki gödəkçəsinin sağ yan cibindən 2 (iki) ədəd bükümdə 9,915 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə yaşadığı ünvan 1 ünvanının həyətində yerləşən anbara keçirilən baxış zamanı anbarın otağından külli miqdar hesab edilən 4 (dörd) ədəd bağlamada ümumi 6045,0 qram narkotik vasitə heroin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntülərdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən video-görüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının, baxışın aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 6054,915 qram çəkidə narkotik vasitə heroini əldə etməsini, daşımasını, yaşadığı evdə saxlamasını və üzərində gəzdirməsini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən anbarın içərisindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün ümumi çəkisi 6054,915 qram çəkidə narkotik vasitə heroini tədarük etməsi, həmin narkotik vasitədən iki bükümdə ümumilikdə 9,915 qram olmaqla heroini ayıraraq üzərində gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 40366 dəfə) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitənin çəkilərək dörd ədəd böyük bükümdə və iki ədəd xırda bükümlərə bölünməsi həmin xırda bükümlərdən iki ədəd heroini üzərində saxlamaqla daşıması, üzərində və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən anbarın içərisində ümumilikdə külli miqdarda narkotik vasitə saxlaması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş maddələri satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilən zaman qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən altı il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, əvvəllər də bu qəbildən olan cinayətlərin törədilməsinə görə məhkumluq həyatı yaşamasını və əməllərindən nəticə çıxarmamasını, onun kriminal keçmişini, islah edilməz şəxsiyyətə malik olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 27 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6054,315 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6054,315 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı evə baxış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-99/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-99/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver