Məhkəmə qərarları › İş №1-1(092)-12/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-12/2024

03.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-12/2024 03.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 2000-ci il tarixdə Şərur rayonunun Xətai kəndində anadan olmuş, Şərur rayonunun Xətai kəndində qeydiyyatda olmaqla həminün ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəndə xidmət edən, barəsində 08 dekabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Eyvazov X10 Nazirliyinin Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 5-ci taborunun maddi-texniki təminat tağımının 1-ci avtomobil manqasında sürücü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 20 sentyabr 2023-cü il tarixdə saat N radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 24 nömrəli əmri ilə ona təhkim edilmiş «UAZ 31512» markalı «K 513 MR» hərbi nömrə nişanlı avtomobil ilə xidməti zərurətlə əlaqədar olaraq taborun Şərur rayonunun Havuş kəndi ərazisində yerləşən, şərti adı «Zirvə» olan döyüş mövqeyi istiqamətində dağlıq ərazidə torpaq yol ilə təxminən 20-25 km saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub vaxtında əyləci sıxaraq avtomobilin sürətini azaltmayıb, gəldiyi sürətlə sağa dönən döngəyə daxil olması səbəbdən idarəetməni itirdiyi üçün avtomobilin ön təkərləri istiqamətini sağ tərəfə dəyişmiş, həmin vaxt o, avtomobili sol tərəfə çevirmək istəsə də, artıq gecikdiyi üçün avtomobil təxminən 65 metr hündürlükdən sağ tərəfdə yerləşən dərəyə aşmış və törətdiyi qəza ilə ehtiyatsızlıqdan avtomobildə olan sərnişinlər, avtomobilin ön sağ oturacağında əyləşmiş, 5-ci tabor komandirinin müavini, mayor X3 dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları ilə müşayiət olunan beyinin kötüyünün və sərt qişanın cırılmaları, daxili orqanların kontuziyası, diafraqmanın, qaraciyərin cırılmış yaraları, qabırğaların çoxsaylı sınıqları, hemopnevmotoraks, homoperitoneum, müsariqənin və peritonarxası sahənin böyük ölçülü hematomaları» xəsarətlərini alaraq, aldığı xəsarətlərdən həmin gün saat 13:50 radələrində təxliyə edildiyi 205 nömrəli hərbi hospitalda ölməsinə, avtomobilin arxa oturacağında əyləşmiş, 5-ci taborun tibb məntəqəsinin feldşeri gizir Zərərçəkmiş şəxs isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «kəskin daxili qanaxma ilə müşayiət olunan, orqanın itirilməsi ilə nəticələnmiş darağın cırılması, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıqları, əzilmiş-cırılmış yaraları və qançırları» xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 2022-ci ilin sentyabr ayından N nömrəli hərbi hissənin 5-ci taborunun, MTT tağımının, sürücü manqasında sürücü vəzifəsində xidmət etdiyini, rəsmi qaydada əmrləşdirilib sonradan bildiyinə görə 2007-ci il buraxılışlı “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı maşının ona təhkim edildiyini, avtomobilin 6 aylıq texniki baxışdan keçirildiyini, xidmətə yararlı və saz olduğunu, əyləc sistemini yoxladıqda da normal işlədiyini, hər hansı bir problemin olmadığını, hadisə olan günü yəni 20 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində 5-ci tabor komandirinin müavini mərhum Vüqar Heydərovun ona 5-ci taborun Havuş istiqamətində olan “Gəlin Qaya” postuna onun xidmətində olan maşınla su aparmaları eləcə də postları yoxlamaılı olduqlarını dediyini, ilkin olaraq ona təhkim olunmuş K 513 MR nömrəli, UAZ markalı avtomobili gündəlik qrafikə uyğun olaraq V.Heydərovun iştirakı ilə texniki baxışdan keçirdiklərini, yol vərəqəsi tərtib edildikdən sonra ön sərnişin oturacağında mayor Vüqar Heydərovun, arxa sərnişin oturacağında isə taborun həkimi gizir Zərərçəkmiş şəxs oturaraq həmin istiqamətdə yola düşdüklərini, havanın aydın yağışlı olmadığını, yolüstü “Məmməd” postundan su qablarını dolduraraq “Gəlinqaya” postuna aparıb təhvil verdikdən sonra “Zirvə” postu istiqamətində getdiklərini, yolda gedərkən maşının normal qaydada işlədiyini, heç bir nasazlığın olmadığını, maşını üzü yuxarı həmin post istiqamətdə torpaq yolda 2-ci sürət ötürücüsündə saatda 20-25 km sürətlə idarə etdiyini, hər iki gücləndiricilərin isə qoşulu vəziyyətdə olduğunu, bir qədər yolda hərəkət etdikdən sonra Zirvə postuna az qalmış qarşılarına sərt bir döngə çıxdığını, döngəni tam kəsə bilmədiyindən və döngəni sağa dönəndən sonra maşın anidən yolun sağ kənarına doğru hərəkət etdiyini, həmin vaxt maşının sürətinin heç də çox olmadığını, təqribən 20-30 km sürətlə getdiyini, tez rolu sola döndərib düzəltmək istəsə də tam döndərə bilmədiyini, döngəni keçib yoxuşu qalxmaq üçün bir az maşının sürətini artırmaq üçün qazı sıxdığını, lakin hansısa istiqamətdə təkər altında daş qalmış kimi maşının yırqalandığını, sükanın amartizasiya edərək sağ qabaq təkərin yoldan çıxıb yolun kənarındakı torpaq səddin üzərinə qalxdığını, maşının sağ qabaq tərəfinin sağa tərəf sürüşdüyünü hiss etdiyini, tez əyləci sıxadıqda artıq gec olduğunu, həmin vaxt idarəetməni itirdiyini, maşının yoldan çıxıb torpaq səddi keçib sağ tərəf üstə dərəyə doğru aşmağa başladığını, təxminən 6-7 dəfə üzü aşağı diyirləndiyini, anidən nələrin baş verdiyini bilmədiyini, zərbənin təsirindən qabaq şüşədən bayıra düşdüyünü, özünə gəldikdən sonra maşının qabaq tərəfində yerdə olduğunu, maşının isə ondan bir az aralıda dərənin dibində sol yan üstə dayandığını gördüyünü, həmin vaxt mayor Heydərovun qışqırıb nələrsə dediyini, ayağının və bədəninin müxtəlif hissələrinin maşının altında qaldığını dediyini, həmin gizir Zərərçəkmiş şəxs isə maşının arxa tərəfindən Vüqar Heydərova tərəf getdiyini gördüyünü, onun da da həmin vaxt daxili orqanlarına nəsə olduğunu, yaralandığını dediyini, tez maşının yanına gəlib gizir Hüseynovla maşını ora bura bir qədər tərpədərək mayor Heydərovun ayağını çəkib maşının altından çıxartdıqdan sonra gizir Hüseynovla mayor Heydərovun qoluna girərək onu bir qədər kənara çəkib yerə uzatdıqlarını, ona əlavə nəsə köməkliklər etmək istədiyini, onun bərk ağrıdığını, tez-tez sızıldadığını, özündə ciddi bir şey olmadığından onu yenə qucağına alaraq daha rahat yerə çıxartdığını, gizir Hüseynovun isə tez şəbəkə olan yerə çıxaraq öz telefonu ilə kimlərəsə zəng edib bu barədə məlumat verib onların yanına qayıtdığını, onunla birlikdə məhrum Vüqar Heydərovu yuxarı, əsas yola çıxarmaq istədiklərini, lakin güclərinin çatmadığını, ilkin olaraq hadisə yerinə ağ rəngli Niva markalı maşında polis əməkdaşlarının oraya gəldiklərini, bir az sonra Zirvə postundan kapitan Abuşovun və digər hərbi qulluqçuların da onlara köməyə gəldiklərini, dərhal hadisə barədə telefonla Ağbulaqdakı posta və hərbi hissəyə məlumat verdiyini, köməyə gələnlər və özü də onlarla birlikdə mayor Heydərovu qucaqlarına alaraq yuxarıya, yola qaldırıb aşağıya hərbi hissəyə göndərdiklərini, göndərdiklərini, digər Niva markalı mülki maşınla gizir Hüseynovu da hospitalaapardıqlarını, bir qədər sonra isə oraya gələn hərbi L-200 markalı maşınla onu da hospitala apardıqlarını, mayor Vüqar Heydərovun vəziyyətinin ağır olduğunu, bir qədər sonra onun aldığı xəsarətlərdən öldüyünü eşitdiyini, eşitdiyi xəbərdən çox pis olduğunu, kaş belə olmayardı fikirləşdiyini, eşitdiyinə görə gizir Hüseynovun da əməliyyat olunub dalağını və ödünü çıxartdıqlarını, özünün də səhətində müəyyən problemlər olsa da halhazırda normal olduğunu, çıxışa getməmişdən əvvəl və ümumiyyətlə spirtli içki qəbul etmədiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən və zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istədiyini, onların da onu bağışladıqlarını, qəza törətməsi nəticəsində maşının tamami ilə yararsız vəziyyətə düşdüyünü, N saylı hərbi hissəyə bununla bağlı müəyyən miqdarda ziyan dəydiyini, buna görə də N saylı hərbi hissə tərəbindən onun barəsində N (on bir min iki yüz əlli) manat məbləğində maddi ziyana gğrə mülkü iddia qaldırıldığını, ona təhkim olunmuş maşının əksər hissələrinin köhnə və vaxtı keçmiş olduğunu, özünün təqribən 8.000 (səkkiz) min manat ödəmək gücündə olduğunu, hərbi hissə tərəfindən verilmiş mülkü iddia reallığı əks etdirmədiyindən, mülkü iddia çox olduğundan onunla razı olmadığın, həmin maşının ya özü tərəfindən düzəldilməsini ya da göstərilən məbləğin müəyyən miqdarının azaldılmasını, bir azyaşlı uşağının olmasını, dağlıq ərazilərdə xidmət etməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş kapitan Nümayəndə ifadəsində N №-li hərbi hissənin avtomobil xidmət rəisi vəzifəsində xidmət etdiyini, sürücü olduğu üçün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandirinin əmri ilə “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobil təhkim edildiyini, avtomobilin tabor komandirinin müavini mayor Vüqar Heydərovun xidməti avtomobili olduğunu, 20 sentyabr 2023-cü ildə saat N radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək Zirvə postuna gedərkən yolda avtomobilin aşdığını, avtomobilin dərənin dibinə düşdüyünü, avtomobildə olan gizir Zərərçəkmiş şəxs və mayor Vüqar Heydərovun yaralandıqlarını dediyini, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsini soruşduqda hadisəni olduğu kimi ona danışdığını, bundan sonra hərbi hissə komandirinə baş vermiş hadisə barədə məruzə etdiyini, bildiyinə görə avtomobildə olmuş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs, gizir Zərərçəkmiş şəxs və mayor Vüqar Heydərovu hərbi hospitala apardıqlarını, sonradan mayor V.Heydərovun hospitalda öldüyünü, sonradan məhrum mayor V.Heydərova ölümündən sonra xidmətlərini nəzərə alaraq ona şəhidlik adı verildiyini, gizir Zərərçəkmiş şəxs isə dalağı cərrahi əməliyyat zamanı çıxarıldığını bildiyini, dərhal qəzaya uğramış “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobilin aşdığı yerə gedilərək hərbi hissənin parkına gətirdiklərini, həmin avtomobilin 2007-ci ildə istismara buraxıldığını, istismar müddətinin isə hələlik bitmədiyini, həmin kateqoriya avtomobillər üçün istismar müddətinin 18 il olduğunu, avtomobilin qəzadan əvvəl texniki cəhətdən istismara yararlı olduğunu, hər il vaxtaşırı texniki baxışdan keçirilldiyini, avtomobildə qəzadan əvvəl hər hansı nasazlıq olmadığını, avtomobilin sonuncu dəfə 14 aprel 2023-cü ildə texniki baxışdan keçirilldiyini, avtomobil həmin vaxt istismara yararlı olmaqla onda hər hansı nasazlıq olmadığını, həmin avtomobilin hərbi hissənin daimi dislokasiya məntəqəsindən kənarda Məktəb postunda saxlandığı üçün onun sazlığı hər dəfə çıxışa getməzdən əvvəl həm sürücü tərəfindən həm də maşın böyüyü tərəfindən yoxlandığını, “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobili sürücünün səhvliyindən qəzaya uğratmaqla hərbi hissəyə N manat ziyan vurulduğuna görə N saylı hərbi hissə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs cinayət işi üzrə mülki iddia verdiyini, özünün isə hərbi hissə tərəfindən iş üzrə mülki iddiaçının vəkalətli nümayəndəsi təyin edildiyindən N saylı hərbi hissəyə dəymiş həmin məbləğın Təqsirləndirilən şəxs alınaraq hərbi hissənin hesabına köçürülməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun minaatan batareyasının komandiri vəzifəsində xidmət etdiyini, 20 sentyabr 2023-cü ildə saat N radələrində xidmət etdiyi Zirvə postuna Məktəb postundan rabitə vasitəsi ilə məlumat verilərək posta gələn “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşdığını, yaralıların olduğunu, tez onlara köməyə getmələrini dediklərini, dərhal MAHHXHQ-su əsgərlər Şahid2, Şahid3 və bir neçə əsgərlərlə hadisə yerinə getdiklərini, orada sürücü Təqsirləndirilən şəxs sifətinin qan içində olduğunu gördüklərini, “UAZ” markalı avtomobilin dərənin dibində aşmş vəşiyyətdə olduğunu, maşının hər tərəfinin əzildiyini, dərəyə aşdıqca hissələri sınıb yerə töküldüyünü gördüklərini, mayor Vüqar Heydərovun isə aşağıda, dərənin dibində yerdə uzandığını və sızıldadığını, gizir Zərərçəkmiş şəxs isə ondan bir az yuxarı hissədə olduğunu, tez iki ədəd kiteli bir-birinə bağlayaraq mayor V.Heydərov ayağa qalxa bilmədiyindən onu kitellərin üzərinə qoyaraq Təqsirləndirilən şəxs da köməkliyi ilə yuxarı qaldırıb yolun kənarına çıxardıqlarını, həmin vaxt oraya kömək üçün mülki “Niva” markalı avtomobillə bir neçə polis əməkdaşının gəldiyini, tez həmin maşınla yaralıları hospitala apardıqlarını, bir müddət sonra mayor V.Heydərovun aldığı xəsarətlərdən hospitalda öldüyünü eçitdiyini, gizir Zərərçəkmiş şəxs isə ciddi xəsarət aldığını hal hazırda hərbi xidmətdən tərxis olunduğunu, həmin vaxt Təqsirləndirilən şəxs içkili olmadığını gördüklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su kiçik çavuş Şahid2 ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun minaatan batareyasında, Zirvə postunda xidmət etdiyini, 20 sentyabr 2023-cü ildə saat N radələrində Məktəb postundan zəng edilərək “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşdığını, yaralılar olduğunu, onlara kömək lazım olduğunu dediklərini, dərhal kapitan Şahid1, Şahid3 və bir neçə əsgərlə hadisə yerinə getdiklərini, orada sürücü Təqsirləndirilən şəxs yolun kənarında oturduğunu və çənəsinin şişdiyini, “UAZ” markalı avtomobilin açaraq dərənin dibində olduğunu, maşının tamami ilə əzildiyini gördüklərini, avtomobildə qəza zamanı olan sürücüdən başqa mayor Vüqar Heydərovla gizir Zərərçəkmiş şəxs da olduqlarını, mayor V.Heydərovun aşağıda, dərənin dibində avtomobildən bir qədər kənarda yerdə, uzanaraq zarıdığını gördüyünü, gizir Zərərçəkmiş şəxs isə yolun alt hissəsində olduğunu, tez ağır olduğundan mayor V.Heydərovu iki ədəd kiteli bir-birinə bağlayaraq onun üzərinə qoyaraq köməkli yuxarı qaldırıb yolun kənarına çıxardıqlarını, bir azdan oraya gələn mülki “Niva” markalı avtomobillə digər yaralılarla birlikdə hospitala apardıqlarını, sonradan mayor V.Heydərovun aldığı xəsarətlərdən hospitalda öldüyünü eşitdiyini, həmin vaxt Təqsirləndirilən şəxs sipirtli içki qəbul etmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su Şahid3 ifadəsində N №-li hərbi hissənin 5-ci taborunda Zirvə postunda xidmət etdiyini, 20 sentyabr 2023-cü il tarixdə saat N radələrində postda olarkən xidmət etdiyi Zirvə postuna rabitə ilə məlumat verilərək posta gələn yolda “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşdığını və yaralılar olduğunu, təcili onlara kömək lazım olduğunu dediklərini, dərhal kapitan Şahid1 başda olmaqla bir neçə əsgər və MAHHXHQ-suların özü də daxil olmaqla hadisə yerinə getdiklərini, orada “UAZ” markalı avtomobilin yoldan çıxıb aşaraq dərənin dibinə düşdüyünü, maşının demək olar ki, hər tərəfinin əzildiyini, hissələrinin sınıb yerə töküldüyünü gördüklərini, bildiklərinə görə avtomobilin sürücüsü MAHHXHQ-su Kənan.Eyvazovdan başqa mayor Vüqar Heydərov və gizir Zərərçəkmiş şəxs maşında olduqlarını, oraya çatanda mayor V.Heydərovun aşağıda dərənin dibində avtomobildən bir qədər kənarda yerdə uzandığını və ağrıdan zarıdığını gördüklərini, ayağa dura bilmədiyi üçün tez iki kiteli bir-birinə bağlayaraq V.Heydərovu kitellərin üzərində köməkli yuxarı qaldıraraq oraya gələn Niva maşını ilə hər üçünü də hospitala yola saldıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs da V.Heydərovu yuxarıya, ana yola çıxarılmasında köməklik etdiklərini, hadisədən bir müddət sonra mayor V.Heydərovun aldığı xəsarətlərdən hospitalda öldüyünü eşitdiyini, qəza baş verən gün havanın günəşli və yolun quru olmaqla normal vəziyyətdə olduğunu, göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid4 ifadəsində N №-li hərbi hissənin X5 rəisi olaraq vəzifəsinin hərbi hissənin avtomobil parkından gündəlik çıxan avtomobillərin sazlığını yoxlamaqdan ibarət olduğunu, ümumiyyətlə texniki cəhətdən saz olmayan avtomobillərin istismara buraxımadığını, Təqsirləndirilən şəxs 5-ci taborunun MTT tağımında sürücü vəzifəsində xidmət etdiyini, sürücülük vəsiqəsinin olduğundan ona “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobilin təhkim edildiyini, həmin avtomobilin tabor komandirinin müavini mayor Vüqar Heydərovun xidməti avtomobili olduğunu və hərbi hissənin məktəb postunun avtomobil parkında dayandığını, 20 sentyabr 2023-cü ildə saat N radələrində hərbi hissənin avtomobil xidmət rəisi kapitan Nümayəndə onun mobil telefonuna zəng edərək “K 513 MR” hərbi nömrə nişanlı “UAZ” markalı avtomobilin Zirvə postuna gedərkən yoldan çıxaraq dərəyə aşdığını, yaralıların olduğundan tibbi yardım avtomobilini köməyə göndərmək lazım olduğunu dediyini, təcili hərbi hissənin tibb məntəqəsinə zəng edərək hadisə barədə ona məlumat verib tez tibbi yardım avtomobilini kömək üçün hadisə baş verən istiqamətə göndərdiyini, sonradan hadisənin necə baş verdiyini, maşında kimlərin olduğunu eşitdiyini, həmin şəxslərin hərbi hospitala təxliyyə edildiklərini, sonradan ağır xəsarət almış mayor V.Heydərovun hospitalda öldüyünü bildiyini, həmin avtomobilin 2007-ci il buraxılmışlı olduğunu, istismar müddətiinin bitmədiyini, həmin kateqoriya avtomobillər üçün istismar müddətinin 18 il olduğunu, həmin avtomobilin hərbi hissədən kənarda tabor mərkəzində olduğunu, bölük mərkəzi və postlarda xidmət aparan avtomobillər çıxışa hərbi hissənin avtomobil parkından deyil, olduqları məntəqədən çıxdıqlarından onların sazlığı bir qayda olaraq sürücü və maşın böyükləri tərəfindən yoxlanıldığından həmin avtomobilin sazlığı da sürücü Təqsirləndirilən şəxs və maşın böyüyü mayor V.Heydərov tərəfindən yoxlanılmalı olduğunu, bildiyinə görə də onların texniki cəhətdən saz olduğunu həmin vaxt yoxladıqlarını, həmin avtomobilin qəzadan əvvəl istismara yararlı olduğunu, avtomobilə sonuncu dəfə 14 aprel 2023-cü ildə texniki baxış keçirildiyini, avtomobilin saxlandığı Məktəb mövqeyinin hərbi hissədən uzaq məntəqə olduğu üçün həmin avtomobilə 3 günlük yol vərəqi tərtib edildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Seyidov X18 ifadəsində N №li hərbi hissənin 5-ci taborunun MTT tağımının komandiri vəzifəsində xidmət etdiyini, bildiyi qədər MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobil təhkim edildiyini, həmin avtomobilin tabor komandirinin müavini mayor Vüqar Heydərovun xidməti avtomobili olduğunu, 20 sentyabr 2023-cü ildə saat N radələrində tabor mərkəzində olarkən K. Eyvazovun idarə etdiyi avtomobillə Zirvə postuna gedərkən qəzaya düşərək dərəyə aşdığını və əzilərək yararsız vəziyyətə düşdüyünü, avtomobildə olan taborun feldşeri gizir Zərərçəkmiş şəxs və mayor Vüqar Heydərovun ciddi yaralandıqlarını eşitdiyini, təcili onları tabora oradan isə hospitala apardıqlarını, həmin gün mayor V.Heydərovun aldığı xəsarətlərdən hospitalda öldüyünü, gizir Zərərçəkmiş şəxs isə dalağının cərrahi əməliyyat edilərək çıxarıldığını eşitdiyini, avtomobilin qəzadan əvvəl istismara yararlı olduğunu, maşında hər hansı bir nasazlıqın olmadığını, hadisənin baş verdiyi gün havanın aydın və günəşli olduğunu göstərdi. Teleqrama ilə məhkəməyə müraciət edərək sağlamlığı ilə əlaqədar məhkəmə iclaslarında iştirak etməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində 20 sentyabr 2023-cü ildə saat 09-10 radələrində mayor Vüqar Heydərovun postlara su aparmalı olduğunu dediyini, Vüqarın da ona postlara gedib əsgərlərə bədən baxışı keçirməsini tapşırdığından sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobillə Məktəb postundan yola çıxdıqlarını, mayor V.Heydərov qabaq oturacaqda sürücü Təqsirləndirilən şəxs sağ tərəfində, özünün isə arxa oturacaqda sürücünün arxa tərəfində oturacaqda oturduğunu, əvvəlcə Məmməd postuna gedərək orada su qablarını doldurub Gəlinqaya postuna apardıqlarını, həmin posta suları təhvil verdikdən sonra Zirvə postu istiqamətində getməyə başladıqlarını, Zirvə postuna gedən yol torpaqlı və daşlı olduğunu, yol dağın yamacı ilə çəkildiyindən bir tərəfi dərəlik və sərt döngələr olduğunu, Zirvə postuna çatmağa 2500-3000 metr qalmış yolda sağa döndüklərini, bir az sol tərəfə dönüb gedəndə anidən avtomobilin qabağının yolun sağ tərəfində olan torpaq qalağının üzərinə çıxdığını, həmin vaxt mayor V.Heydərovun sürücü Təqsirləndirilən şəxs ucadan qışqırıb “saxla, nə edirsən” dediyini, avtomobilin sağ tərəfə doğru aşaraq yoldan çıxaraq anidən aşaraq dərəyə doğru getməyə başladığını, avtomobilin içində ora-bura çırpıldıqlarını, avtomobilin neçə dəfə aşmasını bilmədiyini, bir də ayılanda dərənin dibində torpağın üzərində uzandığını, avtomobilin ondan 2-3 metr aralıda sol yan tərəfi üzərində dayandığını gördüyünü, qarn hissəsinin möhkəm ağrıdığını, əllərinin qanadığını, ayağa durduğunu, həmin vaxt mayor V.Heydərovun qışqırıq səsini eşitdiyini, onun qışqıraraq onları köməyə çağırdığını, ona tərəf gedərək ayağının avtomobilin altında qaldığını dediyini, baxdıqda onun ayağının birinin təkərin altında qaldığını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs maşının ön tərəfində, yerdə torpağın üzərində olduğunu, tez onun yanına gedərək Təqsirləndirilən şəxsla avtomobili bir qədər yerindən tərpədib mayor V.Heydərovun ayağını maşının altından çıxarardıqlarını, Heydərovun dizi üstə durub “ tez olun kömək edin buradan çıxaq kənara maşın partlayacaq” dediyini, sürücü Təqsirləndirilən şəxs həmin vaxt akkumulyatorun çıxıb yerdə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxsla mayor V.Heydərovun qoluna girərək onu bir qədər kənara aparıb yerə uzatdıqlarını, onun rənginin ağardığını, sifətinin qan içində olduğunu, əsgər Təqsirləndirilən şəxs da çənəsinin şişdiyini, yanağının qan olduğunu gördüyünü, mayor V.Heydərovun Təqsirləndirilən şəxs onun telefonunu tapıb köməyə adam çağırmasını dediyini, özünün də tez bir az yuxarıya şəbəkə tutan yerə qalxaraq telefonla Məktəb postuna zəng edib hadisə barədə məlumat verdiyini, Eyvazovla yaralını yuxarı qaldırmaq istəsələr də güclərinin çatmadığını, özünün də ağrıdığından çətinliklədə olsa da yola qalxdığını, Təqsirləndirilən şəxs isə məhrum V.Heydərovun yanında qaldığını, yuxarıda, yolda Zirvə postu tərəfdən şəxsi heyətin qaçaraq onlara tərəf köməyə gəldiklərini, onların tez ilkin olaraq mayor V.Heydərovu qucaqlarına alıb köməkli yuxarıya qaldırdıqlarını gördüyünü, həmin vaxt onları oradakilərin köməkliyi ilə oraya gələn “Niva” markalı avtomobilə mindirərək Axura kəndinə, oradanisə onları hospitala apardıqlarını, dalağının hospitalda cərrahi əməliyyatla çıxarıldığını, mayor V.Heydərovun aldığı xəsarətlərdən hospitalda öldüyünü eşitdiyini, həmin vaxt avtomobildə hər hansı bir nasazlıq olmadığını, qəzadan əvvəl avtomobilin sürətinin təxminən 20-25 km/saat olduğunu, Zirvə postuna gedərkən yol vərəqəsi tərtib edildiyini, yolun quru və sürüşkən olmadığını, artıq səhəti ilə bağlı hərbi xidmətdən tərxis olunub ehtiyata buraxıldığını, bir az səhətində düzəlmələr olduğunu, məhkəmə baxışı iclaslarında iştirak edə bilməyəcəyini, hadisənin baş vermsinin ehtiyatsızlıqdan olduğundan Təqsirləndirilən şəxs ona zəng edərək hər hansı köməkliklər təklif etdiyini, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərmişdi. Teleqrama ilə məhkəməyə müraciət edərək ailə vəziyyəti ilə ilə əlaqədar məhkəmə iclaslarında iştirak etməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş zərəçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində qardaşı Vüqar Heydərov 2010-cu il tarixdən 2023-cü ilin sentyabr ayının 20-dək Naxçıvan MR-də yerləşən müxtəlif hərbi hissələrdə zabit kimi xidmət etdiyini, xidmətdə olarkən hər hansı narahatçılığı və çətinliyi ilə bağlı şikayət etmədiyini, 2009-cu ildə ailə həyatı qurduğunu, 2 azyaşlı övladının olduğunu, qardaşı X15 kəndində yerləşən postlardan birinə gedərkən rütbəsini bilmədiyi Kənan adlı hərbi qulluqçu tərəfindən hərbi avtomobilin idarəedilməsinin itirilməsi səbəbindən dərəyə aşdığını, nəticədə qardaşı V.Heydərovun dünyasını dəyişdiyini, 20 sentyabr 2023-cü ildə saat 13 radələrində ad və soyadını xatırlamadığı hərbi qulluqçunun onunla əlaqə saxlayaraq qardaşının ölümü ilə bağlı məlumat verdiyini, bundan sonra əmisi oğlu ilə birlikdə Naxçıvan şəhərinə gedərək qardaşının nəşini həmin gün axşam saat 23 radələrində Lənkəran şəhərinin Boladi kəndinə gətirdiklərini və ona şəhidlik statusu verildiyindən kənd qəbirstanlığında şəhidlər üçün ayrılmış xüsusi yerdə dəfn edildiyini, hadisənin baş vermə anının ehtiyatsızlıqdan olduğundan Təqsirləndirilən şəxs bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərmişdi. Cinayət işi üzrə 20 sentyabr 2023-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 27 sentyabr 2023-cü il tarixli, 342 №-li ekspert rəyində gizir Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin kəskin daxili qanaxma ilə müşayiət olunan, orqanın itirilməsi ilə nəticələnmiş dalağın cırılmasının, bədənin müxtəlif nahiyələrinin çoxsaylı sıyrıqlarının, əzilmiş-cırılmış yaralarının və qançırlarının bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənmələrinin istisna olunmadığı, (yəni 20 sentyabr 2023-cü ildə avtomobil qəzasında törənməsi) dərəcəsinə görə kəskin daxili qanaxma ilə müşayiət olunan, orqanın itirilməsi ilə nəticələnmiş dalağın cırılmasının həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlərin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 20 sentyabr 2023-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 20 sentyabr 2023-cü il tarixli, 2 №-li ekspert rəyində mayor X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunan xəsarətlərin bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmiş-cırılmış yaraları, sıyrıqları və qançırları ilə müşayiət olunan beyin kötüyünün və sərt qişanın cırılmalarının, daxili orqanların kontuziyasının, diafraqmanın, qaraciyərin cırılmış yaralarının qabırğaların çoxsaylı sınıqlarının hemopnevmotoraks, hemoperitoneum, müsariqənin və peritonarxası sahənin böyük ölçülü hematomalarının bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, mərhumun ölümündən az əvvəl törənməyə uyğun gəldiyi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni avtoqəza nəticəsində avtomobilin salonunun çıxıntılı hissələrinin təsirindən törənmələrinin istisna edilmədiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə aid olub hazırki hadisədə ölümlə nəticələndiyi, V.R.Heydərovun ölümünə səbəb beyin kötüyünün, qaraciyərin cırılmalarının, daxili orqanların kontuziyası, qabırğaların çoxsaylı sınıqları, kəskin massiv qanitirmə olduğu, ilkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən ölümün V.R.Heydərovun meyitinin xarici müayinəsindən 1-2 saat əvvəl baş verdiyi, məhkəm-tibbi ekspertiza zamanı aşkar olunanlara əsasən hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin (yəni 20 sentyabr 2023-cü ildə avtomobil qəzasında törənməsi) istisna olunmadığı, V.R.Heydərovun meyitindən götürülmüş qanda etil spirti, narkotik vasitələr, psixotrop və digər təsiredici (güclü təsiredici) maddələrin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 20 sentyabr 2023-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 27 sentyabr 2023-cü il tarixli, 341 №-li ekspert rəyində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin bədənin müxtəlif nahiyələrinin əzilmişsıyrılmış yara və qançırlarının bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilmiş tarixdə və şəraitdə törənmələrinin istisna olunmadığı (yəni 20 sentyabr 2023-cü ildə avtomobil qəzasında törənməsi) dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 13 oktyabr 2023-cü ildə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, 30 oktyabr 2023-cü il tarixli, 1023 №-li ekspert rəyində verilmiş məlumatlara əsasən “UAZ 31512” markalı “K 513 MR” hərbi qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olduğu, həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduqları göstərilmişdir. 20 sentyabr 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş, 20 sentyabr 2023-cü il tarixli, 2629 №-li baxış protokolu ilə müəyyən olunmuşdur ki, hadisə Şərur rayonunun Havuş kəndi yaxınlığında N №-li hərbi hissənin hərbi qulluqçularının xidmət apardığı “Zirvə” postuna gedən torpaq dağ yolunda baş vermiş, Təqsirləndirilən şəxs təhkim edilmiş “UAZ 31512” markalı “K 513 MR” nömrəli avtomobil həmin yerdə qəzaya uğramış, dərəyə aşmış, deformasiyaya uğramış vəziyyətdə olmuşdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 64 də olan 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs məxsus və onun idarə etdiyi “UAZ 31512” markalı, “K 513 MR” hərbi nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 85 də olan 25 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, mayor X8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 162 də olan 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs məhrum X4 qardaşı X12 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin 10 oktyabr 2023-cü il tarixli 32514\ 2-71-144saylı arayışından da görünür ki, mayor X9 xx.xx.2023-cü il tarixdə döyüş tapşırığını yerinə yetirən zaman həlak olduğundan ona “Şəhid” adı verilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 168 də olan 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, N saylı hərbi hissənin feldşeri gizir Zərərçəkmiş şəxs həmin tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs “UAZ 31512” markalı “K 513 MR” nömrəli avtomobili marşrut üzrə idarə etməsi üçün 18 sentyabr 2023-cü il tarixli 5964 nömrəli yol vərəqəsi verilmiş, yol vərəqəsi ilə qeyd olunan avtomobil mayor V.R.Heydərovun sərəncamında olmuşdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus AE 870960 nömrəli sürücülük vəsiqəsilə müəyyən edilmişdir ki, həmin vəsiqə BC kateqoriya olmaqla ona qeyd olunan avtomobili idarəetmə hüququ verir. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 2 nömrəli əmri ilə “UAZ 31512” markalı “K 513 MR” nömrəli avtomobil MAHHXHQ əsgər Təqsirləndirilən şəxs təhkim edilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 235-236-da olan arayış və iddia ərizəsindən görünür ki, N saylı hərbi hissə komandiri polkovnik Samir Həziyev tərəfindən verilmiş iddia ərizəsində göstərmişdir ki, MAHHXHQ-su Təqsirləndirilən şəxs idarə etdiyi “UAZ 31512” markalı “K 513 MR” nömrəli avtomobili aşırması nəticəsində N saylı hərbi hissəyə N (on bir min iki yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir.Həmin məbləğin mülkü cavabdeh kimi Təqsirləndirilən şəxs alınıb N saylı hərbi hissəyə ödənilməsi barədə mülki iddia qaldırmışdır. Mülki iddiaçı qismində də N saylı hərbi hissənin avtomobil xidmət rəisi kapitan Nümayəndə Xaliq oğlu göstərilmişdir. Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 02 noyabr 2023-cü il tarixli 1114 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmuşdur. Naxçıvan MR DİN-nin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Eyvazov Kə nan Coşqun oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2003cü il doğumlu Şərur rayon Tənənəm kənd sakini X2 xx.xx.2021-ci il tarixdə nigah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21 mart 2023cü il doğumlu X14 adlı azyaşlı övladı vardır. X6 Hərbi Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə 2007-ci il tarixdə istehsal olunmuş “UAZ 31512” markalı “K 513 MR” nömrəli minik avtomobilə dəymiş ziyanla bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi ilə ələqadar qərar çıxarılmış və həmin qərar icra olunması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin 03 aprel 2024-cü il tarixli 183 saylı X6 Hərbi Məhkəməsinə göndərilmiş Rəyində avtomobilə dəymiş ziyanın ümumi məbləği 9350,00 ( doqquz min üç yüz əlli) manat göstərilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, 263.2-ci maddədə isə göstərilir ki, bu məcəllənin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, hadisə baş verdikdən sonra hər iki zərərçəkmiş şəxsə hadisə yerində yardım göstərməsini, əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, hadisənin ehtiyatsızlıqdan törədilməsini və onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən də islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə N saylı hərbi hissə tərəfindən verilmiş mülki iddi ərizəsini araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs N saylı hərbi hissənin iddia ərizəsi əsaslıdır və cinayət işinin materialları, o, cümlədən 14 fevral 2024-cü il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 aprel 2024-cü ildə tarixli rəyi ilə təsdiq olunduğundan mülki iddia qismən təmin edilməli və “UAZ 31512” markalı “K 513 MR” hərbi qeydiyyat nömrəli avtomobilə dəymiş olan ziyan, 9350,00 (doqquz min üç yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq N saylı hərbi hissənin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və N saylı hərbi hissəyə məsul saxlanca verilmiş “UAZ 31512” markalı “K 513 MR” hərbi qeydiyyat nömrəli avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə istifadəyə verilməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. Məhkəmə -əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50(əlli) manat Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus AE 870960 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Şərur rayon Polis şöbəsinə göndərilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin qeydə alındığı bir ədəd DVD disk və cinayət işinin saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və onun barəsində 2 (iki) il 6(altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətininin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətində xidmət etdiyi hərbi hissə komandanlığına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, hərbi xidmətdən tərxis olunarsa davranışına nəzarət edən orqana, daimi yaşadığı və qeydiyyatda olduğu yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək bir vəzifə olaraq Təqsirləndirilən şəxs tapşırılsın. Cinayət işi üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) N saylı hərbi hissə tərəfindən verlmiş mülki iddia qismən təmin edilsin və mülki cavabdeh Təqsirləndirilən şəxs 9350,00 (doqquz min üç yüz əlli) manat alınaraq N saylı hərbi hissənin hesabına ödənilsin. Məhkəmə -əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Cinayət işi üzrə maddi sübut kimi tanınmış və N saylı hərbi hissəyə məsul saxlanca verilmiş “UAZ 31512” markalı “K 513 MR” hərbi qeydiyyat nömrəli avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra N saylı hərbi hissəyə istifadəyə verilsin. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs məxsus AE 870960 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi hökm qanuni qüvvəyə mindikdən sonra Şərur rayon Polis şöbəsinə göndərilsin. Cinayət iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsinin qeydə alındığı bir ədəd DVD disk və cinayət işinin saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar