Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 1-1(3-7)-30/2026 23.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, R X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı (sədrlik edən hakim C.İ.Bəşirov) hökmü ilə ## #### 2007-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilməsi, cəzasını çəkməsinin əvvəlinin o, intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablanması, barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına həvalə edilməsi hökm edilmişdir. Həmçinin məhkəmə məsrəfləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs Ağstafa rayonu Qırılı kəndi ərazisində dislokasiya olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun, 3-cü haubitsalı artilleriya batareyasının, 2-ci haubitsalı artilleriya taqımının 1-ci topun heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən ## ### 2026-cı il tarixdən 10 (on) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, ## #### 2026-cı il tarixdə saat 08:00-da məzuniyyətdən xidməti yerinə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, ## #### 2026-cı il tarixdə saat 10 radələrində 5-ci hərbi polis əməkdaşları tərəfindən Ağcabədi rayonu ərazisində tutularaq və həmin gün saat 20 radələrində xidmət yerinə qaytarılmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(*-**)-**/**** saylı hökmünün ləğv edilməsini və ona nəzərdə tutulmuş daha yüngül cəza həddinin təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1-ci maddələri ilə təqsirli bilinərək cəza təyin edilmişdir. Aşağıdakılara əsasən Gəncə Hərbi Məhkəməsinin *-*(*-**)-**/**** saylı hökmü Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ, onun şəxsiyyətinə uyğun olmadığından və qanunsuz və əsassız olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsinə sanksiyası həddində daha yüngül cəza təyin olunmalıdır. Hərbi hissəni tərk etməyi qərəzli niyyətdən, hərbi xidmətdən boyun qaçırmaq məqsədindən irəli gəlməmişdir. Həmin gün Təqsirləndirilən şəxs hərbi hissəyə gəlmiş və sonradan müəyyən səbəblərə görə geri qayıtmışdır. Həmin dövrdə yaranmış müəyyən səbəblərdən yaranan gərgin psixi durum vəziyyətinə təsir etmişdir. Bakı şəhərində işlərini bitirdikdən sonra əməlin xarakterini dərk edərək könüllü şəkildə hərbi hissəyə qayıtmış, istintaqla tam əməkdaşlıq etmiş və törətdiyi əməldən səmimi qəlbdən peşman olduğunu bildirmişdir. Hərbi xidmətə çağrılan gündən etibarən intizamsızlıq halları olmayıb, komandanlıq tərəfindən hər hansı mənfi xarakteristika almamışdır. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin tətbiqində onun şəxsiyyətini, ilk dəfə məhkum olunduğunu və cəmiyyət üçün yüksək təhlükə mənbəyi olmadığını nəzərə almamışdır. Əməl hərbi xidmətdən tamamilə yayınmaq, hərbi hissədən qaçmaq və ya xidmətdən imtina etmək məqsədi daşımamışdır. Bu, məhz şəxsi emosional səbəblərdən irəli gələn səhv və intizamsızlıq halı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərinə görə, cəza məqsədi islah olunmaqdan ibarətdir və törədilmiş əməlin ağırlığı ilə mütənasib olmalıdır. Məhkəmə cəza təyin edərkən AR CM-in 58 və 62-ci və ya 70-ci maddələrinin tələblərini rəhbər tutaraq daha yüngül cəza növü tətbiq edə və ya cəzanı şərti hesab edə bilməli olduğu halda bunu etməmişdir. Bundan başqa onun himayəsində nənəsi yaşayır, onun da törətdiyi cinayət əməlindən xəbəri olmamışdır, onun nənəsi şəhid anası olmaqla İ qrup əlildir və onun digər şəxsin köməyinə ehtiyacı vardır. Birinci instansiya məhkəməsi yuxarıda göstərdiyi halları nəzərə almamış, düzgün hüquqi nəticəyə gəlməmişdir. Yuxarıda göstərilən hallar və işdə olan digər hallar Təqsirləndirilən şəxs daha yüngül cəza təyin etməklə onun islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Lakin işə baxan məhkəmə instansiyası iş üzrə müəyyən edilmiş yüngülləşdirici halları tam nəzərə almamış təqsirləndirilən şəxsə cəza təyin edərkən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməmişdir. Ona görə də Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-**)-**/**** saylı hökmünün ləğv edilməsini və ona nəzərdə tutulmuş daha yüngül cəza həddinin təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfi apellyasiya tələbini dəqiqləşdirərək Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmünü dəyişdirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 333.1-ci maddəsinə CM-nin 62-ci maddəsini tətbiq etməklə ona daha yüngül cəzanın təyin edilməsi, bu mümkün olmadıqda isə ona təqsirli bilindiyi CM-nin 333.1-ci maddəsi ilə təyin edilmiş cəzasının CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə şərti tətbiq edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkum barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq CM-nin 62ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya CM-nin 70-ci maddəsinə əsasən cəzasının şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Bəhruz Cabbarlı məhkumun müdafiəçisinin apellyasiya şikayətinə qarşı etiraz etdi, birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökm çıxardığını, məhkumun əməlinin birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla tam təsdiq edildiyini, məhkumun əməlinin düzgün qiymətləndirilib tövsif edildiyini və məhkuma təyin edilmiş cəzanın ədalətli olduğunu, məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi və yüngülləşdirilməsi üçün əsasların olmadığını bildirdi. Odur ki, şikayətin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətini dəlilləri həcmində, həmçinin sadələşdirilmiş icraat materialları üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək təqsirləndirilən şəxsə təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi məhkumun əməlinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Məhkumun əməli CM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin məhkum tərəfindən törədilməsi özünün etiraf edici ifadəsi, şahidlərin ifadələri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməllərinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq, əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-nin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi inkar edilmir və əməlin tövsifi mübahisələndirilmir. Müdafiə tərəfi şikayətin təmin olunmasına əsas kimi onu göstərmişdir ki, birinci instansiya məhkəməsi məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eləcə də təyin edilən cəzanın onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışdır. Müdafiə tərəfi apellyasiya şikayətinin nəticəsi kimi CM-nin 70-ci maddəsini tətbiq etməklə məhkuma cəzanın şərti təyin edilməsini xahiş etsə də, şikayətin məzmununda CM-nin 62-ci maddəsi tətbiq edilməklə məhkuma daha yüngül cəzanın təyin edilməsi məsələsinə də toxunmuşdur. Ona görə də məhkəmə kollegiyası ilk növbədə CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı şikayətin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4 №li Qərarının 8-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal köməklik göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davarınışı nəzərə alınmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından və və birinci instansiya məhkəməsində araşdırılaraq qiymət verilmiş hallardan göründüyü kimi məhkum Təqsirləndirilən şəxs əməlində CM-nin 62-ci maddəsinin tətbiqini zəruri edən, xüsusən də onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud deyildir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, eləcə də CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasının müəyyən edilməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsində müəyyən edilmiş qeyd edilən cəzanı yüngülləşdirən hallar, eləcə də şikayətin dəlillərində istinad edilən digər hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası CM-nin 62-ci maddəsinin tətbiqinə aid hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və bu məsələdə də birinci instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin CM-nin 70-ci maddəsini tətbiq etməklə məhkuma şərti cəzanın təyin edilməsi dəlillərinə gəldikdə məhkəmə kollegiyası bu dəlillərə düzgün qiymət verilməsi üçün ilk növbədə CM-nin 70-ci maddəsinin məqsədlərinin aydınlaşdırılmasını zəruri hesab edir. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi məhkumun cəza çəkmədən islah olunmasının mümkün olması cəzanın şərti olaraq tətbiq edilməsi üçün cinayət qanunu ilə müəyyən edilmiş mühüm şərtdir. Eyni zamanda CM-nin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə zamanı həm də cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları da nəzərə almalıdır. CM-nin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cəzanın məqsədlərindən bəhs edən CM-nin 41.2-ci maddəsində göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. CM-nin 8.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cinayət qanununun sadalanan normalarının və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin əlaqəli təhlilinə görə cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa və bunları cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə zərərçəkmişlə barışıb cinayətinin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət hərəkətləri ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu halda təqsirkarın islah olunmağa başlamasından söhbət gedə bilər. Bu da öz növbəsində cəzanın məqsədlərindən bəhs edən CM-nin 41.2-ci maddəsində göstərilən nəticələrin əldə olunmasına yönəlmiş addım kimi qiymətləndirilə və onun barəsində cəzanın şərti hesab edilməsinə əsas da sayıla bilər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, təqsirkar Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra hərəkətlərindən səmimi peşmançılıq hissi keçirmişdir. Bu daha çox onunla sübut olunur ki, o, daha sonrakı dövrdə təhqiqat orqanı ilə səmimi əməkdaşlıq etmiş, səmimi izahat və ifadələr vermiş, təhqiqatın, habelə birinci instansiya məhkəməsindəki icraatın səmərəli yekunlaşmasında fəal iştirak etmişdir. O da nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs hərbi xidmətini davam etdirərək onu müvəffəqiyyətlə başa vurmaq arzusundadır. Birinci instansiya məhkəməsində hökm çıxarılarkən onun xidmət müddətinin bitməsinə iki ay qalmışdır. Hazırki əməli törətdikdən sonra hər hansı digər hüquqpozuntusu törətməmiş, bundan sonra nümunəvi davranış sərgiləməyə səy göstərmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən bu hallar kifayət qədər nəzərə alınmamışdır. Bundan başqa, hazırda Təqsirləndirilən şəxs xidmət müddətini başa vurmaq üzrədir. Onun xidmət müddətini başa vurmasına az bir vaxt qalmışdır. Belə ki, 2026-cı ilin oktyabr ayında onun xidmət müddəti başa çatır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəli nəticələrini, məhkumun şəxsiyyəti ilə bağlı halları nəzərə alıb əməlin tövsifi və ona təyin edilmiş cəzanın növü ilə bağlı düzgün nəticəyə gəlsə də, təyin edilmiş cəza ilə onun tətbiqi qaydası arasındakı ədalətli tarazlığa riayət edə bilməmiş, məhkumun cəzanı real olaraq çəkmədən də islah oluna bilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayət hadisəsindən sonrakı davranışı, əməlini səmimi etiraf etməsi, həmçinin əməlindən peşiman olması onun islah yoluna qədəm qoyduğuna dəlalət edir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən həm nəzərə alınmış, həm də nəzərə alınmamış halların məcmusu, həmçinin cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, xüsusən də əməlin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, ilk dəfə məhkum olunması, məhkumun şəxsiyyəti ilə bağlı yuxarıda göstərilən digər hallar, xüsusən hərbi xidmətini başa vurmasına az bir müddət qalması və onun hərbi xidmətini nümunəvi şəkildə davam etdirib xidmətini müvəffəqiyyətlə başa vurmaq arzusunda olması barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə əsas verir. Yuxarıda göstərilən səbəblərdən kollegiya Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı real olaraq çəkmədən də islah oluna bilməsini mümkün sayır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmü dəyişdirilməli, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməli, sınaq müddətinin əvvəli ##.##.2026-cı ildən hesab edilməli, sınaq müddəti ərzində onun üzərinə müəyyən vəzifələr qoyulmalıdir. CPM-nin 399.1 və 399.1.4-ci maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə görə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPMnin 397, 398, 399, 403, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Hərbi Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-**)-**/**** saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası, CM-nin 70-ci maddəsinə əsasən 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində məhkum Təqsirləndirilən şəxs üzərinə hərbi nizamnamələrin tələblərinə daha ciddi əməl etmək, öz davranışı ilə islah olunduğunu sübut etmək, asudə vaxtından səmərəli istifadə etmək, xidmətdən tərxis edildikdən sonra davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək və başqa yerə getməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli ##.##.2026-cı ildən hesablansın. Hökmün icrasına nəzarət məhkum Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu dövrdə hərbi xidmət yeri üzrə hərbi hissə komandanlığına, xidmətdən tərxis olunduqdan sonra isə yaşayış yeri üzrə Icra və Probasiya qurumuna həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №1-1(3-7)-30/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1-1(3-7)-30/2026
23.09.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver