Məhkəmə qərarları › İş №1-1(092)-16/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-16/2024

06.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-16/2024 06.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi iştirakları ilə xx xxx 1987-ci il tarixdə Şərur rayonunun Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmayan, N №-li hərbi hissənin sabiq hərbi qulluqçusu baş gizir, Şərur rayonunun Düdəngə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 04 sentyabr N3cü ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli dəmir yolu xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki,o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin 4-cü taborununun madditexniki təminat taqımının komandiri vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edərkən N3-cü ilin iyul ayının ortalarında taborun ərazisindən keçən “X5” Məhdud Məsuliyyətli Cəmiyyətin Vəlidağ-Arazdəyən mənzilinin 541-ci kilometrliyində yerləşən dəmiryolu xəttinin uzun müddət istifadəsiz və nəzarətsiz olmasına görə yaranmış əlverişli şəraitdən istifadə edərək həmin xəttin R65 tipli relslərini talayıb satmaq qərarına gələrək bu məqsədlə metal alışı və satışı ilə məşğul olan Şərur rayon, Aşağı Yaycı kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhər, Əliabad qəsəbəsi, döngə 12, ev 5-də yaşayan Şahid3 mobil nömrəsini öyrənib onunla əlaqə yaradaraq özünün sərəncamında dəmiryolu relsləri olmasını bildirib bir tonunu 250 manatdan ona satmaq bəradə razılaşmış, daha sonra relslərin doğranıb aparılacağı məsafədə boltlarını açaraq kəsilməsi üçün hazırlamış, həmçinin aralarındakı razılığa əsasən Şahid3 relslərin doğramasından ötrü usta, daşınması üçün fəhlə və yük avtomobili göndərməsini tapşırmış, buna görə sonuncu əvvəlcə Naxçıvan şəhər, Qaraçuq kəndində yaşayan Şahid5 Sədərək rayonunun Heydərabad qəsəbəsinə göndərmiş, Şahid5 110 metr uzunluğunda dəmir yolu relslərini 36 hissəyə bölərək doğradıqdan sonra o, Şahid3la Şərur rayonunun Mahmudkənd kəndində görüşərək sonuncunun doğranmış təxminən 8 ton çəkisi olan relslərə görə verdiyi ümumilikdə 2000 (iki min) manat məbləğində pulu qəbul etmiş, bundan bir neçə gün sonra, 21 iyul N3-cü il tarixdə, axşam saatlarında Şahid3 həmin relsləri daşımaları üçün fəhləliklə məşğul olan Şahid8, Şahid2, Şahid6 və Şahid1 özünün idarə etdiyi “Qaz 33021” markalı, “**-BG-*** dövlət qeydiyyat nişanlı və Şahid4 idarə etdiyi “QAZ-53” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı iki yük avtomaşını ilə Sədərək rayonunun Heydərabad qəsəbəsinə gətirmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E220” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onları yolda qarşılayaraq Şahid4 idarə etdiyi avtomaşına əyləşib yolu göstərərək onları təsərrüfat məqsədilə istifadə edilən ərazinin torpaq yolu ilə relslərin olduğu yerə aparmış, bundan sonra Təqsirləndirilən şəxs adı keçən şəxsləri relslərin onun ixtiyarında, habelə relslərin götürülməsindən müvafiq aidiyyəti şəxslərin məlumatı olmasına inandırıb onların vasitəsilə avtomobillərə yüklənib həmin ərazidən çıxarılmasına nail olaraq Şahid3 satmaqla, ümumi dəyəri 4400 manat məbləğində olan ictimai əhəmiyyətli dəmir yolu xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində Şərur rayonunun Düdəngə kəndində yaşamaqla xx.xx.N2-ci il tarixdən N nömrəli hərbi hissənin Sədərək rayonunda yerləşən 4cü taborunda maddi-texniki-təminat taqım komandiri vəzifəsində xidmət etdiyini, postlara təminat apararkən dəmiryolu relslərinin olduğu ərazidən keçdiyini, sonradan övladının xəstə olması səbəbindən onun müalicəsi üçün pul lazım olduğuna görə N3-cü ilin iyul ayının ortalarında həmin ərazidən keçən, “X5” MMC-yə məxsus, nəqliyyat daşıması üçün istifadə olunmayan relsləri talayıb satmaq qərarına gəldiyini, buna görə dəmir alışı və satışı ilə məşğul olan Şahid3 mobil nömrəsini tapıb ona zəng etdiyini, onunla danışarkən relslərin bir tonunu 250 manata satmasını bildirdiyini, bundan sonra relslərin daşınması üçün nəqliyyat vasitəsini və fəhlələri onun tapması şərti ilə relsləri ona satmaq barədə razılaşdığını sonra Qorxmazla danışıqlarına əsasən sözü gedən şəxs relslərin doğranması üçün N3-cü ilin iyul ayının ortalarında Nadir adlı şəxsi göndərdiyini, həmin şəxs yanında daha bir adam gətirdiyini, onları relslərin olduğu əraziyə aparıb 110 metr uzunluğunda relsləri doğratdırdığını, daha sonra 1 metri 65 kiloqram olan 110 metr uzunluğunda təxminən 8 ton etməsinə görə 2000 manata ona satmaq barədə Şahid3la razılaşdıqlarından Şərur rayonunun Mahmudkənd kəndində sonuncu ilə görüşərək həmin məbləğdə pulu ondan qəbul etdiyini, bundan sonra Qorxmaza əvvəlcədən razılaşdıqları qaydada relsləri götürə bilməsi üçün maşın və fəhlə göndərməsini tapşırdığını, 21 iyul N3cü il tarixdə axşam saatlarında Qorxmaz İlkin adlı şəxsin idarə etdiyi Qaz-53 markalı maşın danışdığını, həmin maşın və özünün idarə etdiyi QAZEL markalı iki maşınla Şahin, Emin, Ramil, Yavər adlı fəhlələrlə birlikdə relsləri götürməyə gəldiyini, onları Sədərək rayonunun Heydərabad qəsəbəsində, taborun yaxınlığında qarşıladığını, bundan sonra təsərrüfat məqsədləri üçün istifadə edilən torpaq yolla onları relslərin olduğu əraziyə apardığını, ora çatdıqdan sonra fəhlələr doğranmış relsləri yük maşınlarına yığdıqlarını, relslər yığıldıqdan sonra geri qayıdıb əsas yola çatanda düşüb öz maşınına minib oradan uzaqlaşdığını, bundan sonra yolda olarkən Qorxmaz zəng edib polis əməkdaşlarının onları saxladığını bildirdiyini göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınıb dindirilmiş Nümayəndə ifadəsində 21 iyul N3-cü il tarixdə X5 MMC-nin balansında olan Sədərək rayonunun Heydərabad qəsəbəsindən keçən dəmiryolunun 110 metr uzunluğunda relslərinin talandığını, həmin faktla bağlı ilkin olaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinin X4 şöbəsində araşdırma aparılaraq cinayət işi başlandığını, araşdırma zamanı həmin relslərin doğranıb hissələrə ayrılmaqla yük avtomobilləri ilə daşınmasını, polis əməkdaşlarının həmin şəxsləri saxlamasını, həmin şəxslərin içərisində bir hərbi qulluqçunun olması məlum olduğunu, talanmış relslər R-65 tipli relslər olduğunu, göstərilən relslər digər relslərdən böyük və hündür olmasına görə fərqləndiyini, bu relslərin 1 metrinin çəkisi 65 kq olduğunu, qeyd edilən relslərin talanmazdan əvvəl istifadəyə yararlı olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Babək rayonunun Kültəpə kəndində yaşamaqla fəhləliklə məşğul olduğunu, metal alışı və satışı ilə məşğul olan Şahid3 yanında fəhləlik etdiyindən onu tanıdığını, N3-cü ilin iyul ayının ortalarında Şahid3 ona Sədərək rayonunda metal alacağını, Nadir ustanın dəmirləri doğrayacağını, hazır olanda gedib gətirəcəklərini, bunun üçün ona 30 manat pul verəcəyini bildirdiyini, fəhlə kimi alacağı həmin pula görə həmin işi görmək barədə onunla razılaşdığını, sonrakı günlərdə Qorxmaz, özü və Qorxmazın yanında fəhlə işləyən Şahid2 Oğuzkənd kəndinə getdiyini, Qorxmaz orada QAZ-53 markalı maşının sürücüsü İlkin və fəhləliklə məşğul olan Şahin və Yavər adlı şəxslərlə metalların daşınması üçün razılaşdığını, sonra axşam saatlarında Sədərək rayonuna gedib hərbi hissənin taboruna çatmamış əsas yoldan çıxaraq torpaq yolla sərhədə yaxın, dəmiryolu olan əraziyə çatdıqlarını, sonradan adının Mərahim olduğunu öyrəndiyi şəxsin orada olmasını, həmçinin götürəcəkləri metalın dəmiryolu relsi olmasını gördüyünü, həmin relslər xətt üzərində müxtəlif ölçülərdə kəsilib hissələrə ayrıldığını, bundan sonra oğurluq olmasını bilmədiyindən həmin relsləri maşınlara yığmağa başladığını, sonra maşınlara minib gəldikləri yolla qayıdarkən Mərahim QAZ-53 markalı maşından düşüb yolun qırağında olan MERSEDES markalı maşına minib getdiyini, bir qədər sonra polis əməkdaşları onları saxladıqlarını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşamaqla metal alışı və satışı ilə məşğul olan Şahid3 yanında fəhləlik etməklə pul qazandığını, N3-cü ilin iyul ayının ortalarında Şahid3 Mərahim adlı şəxsdən metal aldığını, həmin metalı doğraması üçün Nadir ustanı Sədərək rayonuna göndərdiyini, sonra Şərur rayonunun Mahmudkənd kəndində görüşərək 2000 manat pulu Mərahimə verdiyini, 21 iyul N3-cü il tarixdə axşam saatlarında Qorxmazın QAZEL markalı maşını ilə onun yanında fəhləlik edən Şahid1lə birlikdə Şərur rayonuna gedib oradan İlkin adlı şəxsin sürdüyü QAZ-53 markalı maşın, Yavər və Şahin adlı iki fəhlə tapıb relsləri götürməyə getdiklərini, Şahid3 buna görə ona 30 manat ödəyəcəyini bildirdiyini, fəhlə kimi yükü daşımaq üçün Sədərək rayonuna getdiyini, ora çatanda Mərahim adlı şəxs onları qarşılayıb QAZ-53 markalı maşına minərək yolu göstərdiyini, bundan sonra relslərin olduğu əraziyə getdiklərini, Mərahim relslərin götürülməsində problem olmadığını dediyini, dəmiryolunun bir hissəsi əvvəldən olmadığından bunun problemsiz iş olduğunu düşündüyünü, buna görə fəhlələrlə birlikdə dəmiryolu relslərini avtomaşınlara yükləməyə başladığını, sonra hər kəs gəldiyi maşınlara minib geri döndüyünü, asfalt yola çıxmazdan əvvəl Mərahim maşından düşüb getdiyini, yolda olarkən polis əməkdaşları onları saxladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində N3-cü ilin fevral ayından metal alışı və satışı ilə məşğul olmağa başladığını, N3-cü ilin iyul ayının ortalarında, saat 11-12 radələrində Mərahim adlı şəxs ona zəng edərək metal satdığını bildirdiyini, ona maşın və fəhlələr özündən olarsa metalın 1 tonunu 250 manata ala biləcəyini dediyini, həmin gün bir neçə saatdan sonra Mərahim təkrar zəng edib metalı həmin qiymətə satmağa razı olduğunu, həmçinin metalı kəsməyə usta lazım olmasını dediyini, buna görə əvvəldən tanıdığı, qaynaq işi ilə məşğul olan Nadirə zəng edib 170 manata həmin işi görməsi ilə bağlı onunla razılaşdığını, növbəti gün Mərahimə zəng edib Nadir ustanı Sədərək rayonuna göndərdiyini, bir neçə saatdan sonra Nadir zəng edib hərbi hissənin ərazisindən keçib sərhədə yaxın bir yerə gəldiklərini, kəsəcəyi dəmirin rels olduğunu, problemi olacağını bildirdiyini, bundan sonra Mərahimə zəng edib “usta narahatdır, qorxur, işin problemi yoxdur?” deyə soruşduğunu, o isə cavabında narahat olmamasını, ustanın yanına getdiyini bildirdiyini, Nadir relsləri kəsib doğrayandan sonra axşamçağı yanında cavan bir oğlanla yanına gəldiyini, həmin vaxt doğradığı relsin 120 metrə yaxın olduğunu deyib pulunu alıb getdiyini, həmin gün axşam saat 17-18 radələrində Şərur rayonuna gedib Mahmudkənd kəndində Mərahimlə görüşüb fəhlə və maşınları özünün tapması şərti ilə 110 metr uzunluğunda, təxminən 8 ton çəkidə olan relsi 2000 manata satması barədə razılaşdıqlarından həmin məbləğdə pulu sonuncuya ödədiyini, 21 iyul N3-cü il tarixdə, axşam saatlarında öz yanında fəhlə işləyən Şahid2la Şahid1 onun idarə etdiyi QAZEL markalı, həmçinin relslərin götürülməsinə görə danışıb razılaşdığı Şahin və Yavər adlı fəhlələr Şahid4 idarə etdiyi QAZ-53 markalı yük maşınları ilə relsləri götürməyə getdiyini, Mərahim isə MERSEDES markalı maşını ilə gəldiyini, Sədərək rayonuna çatandan sonra Mərahim onları qarşılayıb öz maşınından düşüb QAZ- 53 markalı maşına əyləşdiyini, bundan sonra QAZ-53 markalı maşın qabaqda, onlar arxada olmaqla əsas yoldan çıxıb torpaq yolla gedib ətrafı qamışlıq, dəmiryolu relslərinin keçdiyi əraziyə çatdıqlarını, həmin vaxt dəmiryolu relslərinin xətt üzrə boltlarından açılıb 110-120 metr ölçüdə hissələrə doğrandığını gördüyünü, Mərahim relslərin Dəmirçi kəndindən ora qədər əvvəldən sökülüb aparıldığını, oranın heç kimə lazım olmayan sahə olduğunu, buna görə kəsib götürdüyünü, problem olmadığını bildirdiyini, fəhlələr doğranmış relsləri avtomobilin yük hissəsinə yığdıqlarını, yükləri yığdıqdan sonra gəldikləri maşınlara minib qayıdaraq əsas yola çıxdığını, orada Mərahim maşından düşüb öz maşınına minərək onları ötüb keçərək getdiyini sonra polis əməkdaşları onları saxlayıb Polis şöbəsinə apardığını, bundan sonra Mərahimin hərbi qulluqçu olmasını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şərur rayonunun Dərəkənd kəndində yaşamaqla özünə məxsus QAZ-53 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yüklərin daşımasını həyata keçirərək pul qazandığını, 21 iyul N3-cü il tarixdə dəmir alış və satışı ilə məşğul olan Aydın ona zəng vurub Sədərək rayonunda dəmir daşımağa yük avtomobili lazım olduğunu deyib Oğuz kəndə gəlməsini bildirdiyini, buna görə saat 19 radələrində ora getdikdə Aydın Qorxmazla onu tanış edərək onun dəmirlərini götürməyə gedəcəyini dediyini, Qorxmaz bunun üçün ona 60 manat ödəyəcəyini bildirdiyini, həmçinin dəmirlərin yüklənməsinə kömək etməsi üçün özü ilə tanımadığı iki fəhlə gətirdiyini, həmçinin fəhləlik edən, rayondan tanıdığı Yavərlə Şahini də götürdüyünü, bundan sonra Yavər və Şahin onun idarə etdiyi avtomobillə, digərləri QAZEL markalı maşınla Sədərək rayonuna yollandıqlarını, Sədərək rayonuna çatanda MERSEDES markalı avtomaşından sonradan adının Mərahim olduğunu öyrəndiyi şəxs onları qarşılayıb Qorxmazla görüşərək onunla nəsə danışdığını, sonra Mərahim Heydərabad qəsəbəsinin yaxınlığında torpaq yolda onun idarə etdiyi maşına əyləşdiyini, bundan sonra Mərahim ona gedəcəkləri yolu göstərdiyini, saat 20:00 radələrində sərhədə yaxın bir əraziyə çatdıqlarını, həmin vaxt götürəcəkləri metalın boltları açılmış, doğranaraq hissələrə ayrılmış dəmiryolu relsləri olmasını gördüyünü, lakin onların oğurluq olmasını bilmədiyini, sonra maşının arxasını relslərin olduğu istiqamətdə verib dayandığını, fəhlələr düşüb relsləri maşınlara yığdıqlarını, daha sonra qayıdıb oradan çıxmaq üçün hərəkətə başladığını, maşının işıqlarını yandırmaq istədikdə Mərahim qoymadığını, yola çatmağa yaxın Mərahim maşından düşüb öz maşınına minib onları ötüb getdiyini, magistral yola çıxandan bir qədər sonra polis əməkdaşları onları saxladığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini, belə ki, iş üzrə məhkəmə istintaqında ifadə vermiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, iş üzrə digər zəruri sənədlərlə onun ittiham olunduğu cinayət əməlini törətməkdə təqsirliliyini tam sübuta yetirir. Cinayət işi üzrə Şahid7 xx.xx.N4-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, hal-hazırda Bakı şəhərində işə düzəlməyilə əlaqədar müəyyən vaxt səbəbindən və səhhətilə bağlı müalicə olduğu üçün üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işi üzrə Şərur rayon İcra Hakimiyyəti Yeni Havuş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış 23 fevral N4-cü il tarixli, 02/28 №-li arayışdan, iş üzrə şahid, Şərur rayon Xətai kənd sakini Şahid8 haliyədə ərazidə olmadığı, qohumları və yaxın ətrafı ilə söhbət aparıldıqdan sonra onun Türkiyə Respublikasına keçərkən həbs olunduğu müəyyən edildiyi göstərilmişdir. Məhkəmə, şahidlər Şahid7, Şahid8, Şahid5 və Şahid6 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 ifadəsində Bakı şəhəri, Binə qəsəbəsində yaşayır. N3-cü ilin iyul ayında Naxçıvan şəhərinə gəlib qayınatası Şahid5 evində qalarkən 16 iyul N3-cü il tarixdə qayınatası Şahid5la Şərur rayonuna getmiş, orada köhnəlmiş avtomobilləri kəsməklə məşğul olmuşdur. Həmin gün işlərini bitirəndən sonra Şahid5 Sədərək rayonuna dəmir kəsməyə getməsini bildirdiyindən tək qalmamaq üçün onunla getmişdir. Sədərək rayonunda bir şəxs onları qarşılayıb metalları kəsəcəkləri yerə aparmış, ora çatanda dəmiryolu relslərini kəsmək üçün gətirildiklərini bilmiş, buna görə Şahid5 onu göndərən adama zəng etmiş, sonra yanlarına mülki formada bir şəxs yaxınlaşıb rəhbərliyin məlumatı olmasını bildirmişdir. Bundan sonra relsləri kəsib qurtararaq qayınatası ilə birlikdə Şərur rayonuna qayıdıb Qorxmaz adlı şəxsdən əməkhaqlarını almışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ifadəsində Şərur rayonunun Xətai kəndində yaşayıb fəhləliklə məşğul olmaqla pul qazanır. 21 iyul N3-cü ildə metal alışı və satışı ilə məşğul olan Qorxmaz saat 19 radələrində kəndə gəlmiş, həmin vaxt yanında işlədiyi Vətən ona Sədərəkdə dəmir olduğunu, Qorxmazın fəhlə axtardığını, bunun üçün 30 manat verdiyini demiş, o da buna razılıq vermişdir. Həmin vaxt Qorxmaz əlavə adam tapmasını tapşırdığından əvvəldən tanıdığı, fəhləliklə məşğul olan Şahid6 zəng edib onu da çağırmışdır. Qorxmaz QAZEL markalı maşınla gəlmiş, yanında öz fəhləsi Ramil və əlavə olaraq bir nəfər adını bilmədiyi fəhlə də olmuşdur. QAZ-53 markalı maşınla yük daşıma işləri görən İlkinə isə Vətənin qardaşı Aydın zəng edib ora gəlməsini demiş, orada toplaşıb iki maşınla yola düşmüşlər. Sədərək rayonuna çatandan sonra önlərində hərəkət edən MERSEDES markalı maşın yolun kənarına keçib saxlamış, sonradan adının Mərahim olmasını öyrəndiyi şəxs maşından düşüb gəlib QAZ-53 markalı maşına əyləşib yolu göstərmiş, zəmi yolla bir qədər gedib sərhəddə yaxın bir əraziyə gedib çatmışlar. Həmin vaxt dəmir yolu relsi üzərində xətlərin müxtəlif yerlərindən çoxlu hissələrə bölünməsini görmüş, bunun problemi olacağını dedikdə Mərahim problem olmayacağını bildirmişdir. Bundan sonra relsləri maşınlara yükləyib geri qayıtmış, Mərahimin maşına mindiyi yerə çatanda düşüb öz maşınına minərək onları keçib getmişdir. Sədərək rayonunda gedərkən bir qədər sonra polis əməkdaşları maşınları saxlamış, bundan sonra Mərahimin Sədərək taborunda xidmət edən gizir olmasını öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 ifadəsində Naxçıvan şəhər Qaraçux kəndində yaşamaqla metal doğranması işi ilə məşğul olur. N3-cü ilin iyul ayının ortalarında əvvəldən tanıdığı, metal alveri ilə məşğul olan Şahid3 ona zəng edib Sədərək rayonunda ağır metal olmasını, daşına bilməsi üçün kəsib doğramaq lazım olduğunu demiş, onunla 170 manat müqabilində həmin işi görmək barədə razılaşmışdır. Həmin gün günortaya yaxın kürəkəni Şahid7 də götürüb taksi ilə Sədərək rayonuna getmiş, Heydərabad qəsəbəsinə çatanda mersedes markalı maşını ilə gəlmiş, sonradan adının Mərahim olmasını öyrəndiyi şəxs onları qarşılayıb taborun ərazisindən keçirərək dəmiryolu relslərinin olduğu əraziyə aparmışdır. Həmin vaxt orada relslərin boltlarının açılmasını görüb doğranacaq dəmirin relslər olmasını bilərək Qorxmaza zəng edib bunun problem olacağını bildirmiş, birazdan onları həmin əraziyə aparmış Mərahimin yanlarına gəlib hamının xəbərinin olduğunu, komandanlığın bildiyini, relsləri iki metrdən bir doğramasını demiş, buna görə 110 metrə yaxın relsləri 2 və 2,5 metr ölçülərdə təxminən 36 hissəyə doğramışdır. Bundan sonra oradan çıxıb Şərur rayonunda Qorxmazla görüşərək zəhmət haqqını almışdır. Sonrakı günlərdə həmin relsləri apararkən yolda polis əməkdaşlarının Qorxmazı saxlamasını, Mərahimin hərbçi olmasını öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 ifadəsində Şərur rayonunun Oğuz kəndində yaşamaqla fəhləliklə məşğul olur. 21 iyul N3-cü il tarixdə axşam kəndlisi Elvin ona zəng edib “burada bir neçə var, fəhlə axtarırlar, istəyirsənsə get, maraqlan” demiş, buna görə kənd mərkəzinə getmiş, orada sonradan adının Qorxmaz olduğunu öyrəndiyi şəxs ona yarım saatlıq dəmir yükləmə işi olmasını, Sədərək rayonuna gedib götürüb gələcəklərini, bunun üçün 30 manat verəcəyini bildirdikdə onunla razılaşmışdır. Bundan sonra iki yük avtomobili ilə saat 19 radələrində Sədərək rayonuna, dəmir yolu relsləri olan əraziyə getmişlər. Həmin vaxt Mərahim adlı şəxs də onlarla gəlmiş, ora çatanda götürəcəkləri metalın dəmiryolu xətti üzərində hissələrə doğramış relslər olmasını görmüşdür. Sonra Mərahim onlara “hamının xəbəri var, yuxarının məlumatı var, problem yoxdur” demiş, buna görə dəmiryolu relslərini maşınlara yığmışlar. Bundan sonra gəldiklərini yolla qayıdarkən QAZ-53 hərəkətə başlamazdan əvvəl hava qaraldığından İlkin maşının işıqlarını yandırmış, bu vaxt Mərahim işıqları söndərməsini tapşırmışdır. Şərur rayonu istiqamətində hərəkət edərkən polis əməkdaşları onları saxlamışdır. Məhkəmə ifadələri elan olunmuş şahidlər Şahid7, Şahid8, Şahid5 və Şahid6 elan olunmuş ifadələri məhkəmə araşdırması zamanı ifadə vermiş təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə ziddiyət təşkil etmədiyini, məzmunca törədilmiş cinayət əməli üzrə eynilik təşkil etdiyi müəyyən olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr N1-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olunması göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlaması və icraata götürülməsi haqqında 11 avqust N3-cü il tarixli qərardan X7 MMC-yə 4400 manat məbləğində maddi ziyan dəydiyi görünür. Cinayət işinin 1-ci cildinin 91-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 108-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən Təqsirləndirilən şəxs xidmət müddəti ərzində mənfi xarakterizə olunduğu görünür. Cinayət işinin 1-ci cildinin 110-cu vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən çıxarışdan təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs həvəsləndirilmədiyi, lakin müxtəlif səbəblərdən, xx.xx.N3-cü il tarixdə “Şiddətli töhmət” və xx.xx.N3-cü il tarixdə isə “Töhmət” cəzaları ilə cəzalandırıldığı görünür. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli, 288 №-li əmrindən çıxarışdan təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü motoatıcı taborun maddi-texniki təminat taqımının komandiri vəzifəsinə təyin edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edildiyi, cinayət törədən zaman onun, N №-li hərbi hissənin 4-cü motoatıcı taborunun maddi-texniki təminat taqımının komandiri vəzifəsində xidmət etdiyi görünür. Cinayət işinin 1-ci cildinin 117-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 210 №-li əmrindən çıxarışdan təqsirləndirilən şəxs baş gizir Təqsirləndirilən şəxs N iyul N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətdən ehtiyata buraxıldığı görünür. Cinayət işinin materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 210 nömrəli əmrindən çıxarışdan görünür ki, 4-cü motoatıcı taborun maddi-texniki təminat taqımının komandiri baş gizir Təqsirləndirilən şəxs “ Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanunun 41.0.7-ci maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinin 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq hərbi rütbəsindən məhrum edilməklə “əsgər” hərbi rütbəsində həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 120-ci vərəqəsinə əlavə edilmiş Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 10 avqust N3-cü il tarixli, 751 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş R65 tipli dəmir relslərinin 1 metrinin bazar qiyməti 40,00 manat, 110 metrinin qiyməti 4400,00 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 122-ci vərəqəsinə əlavə edilmiş zərər çəkmiş şəxs qismində tanınma haqqında 19 avqust N3-cü il tarixli qərardan hüquqi şəxs “X7” MMC-nin zərər çəkmiş şəxs qismində tanındığı görünür. Cinayət işinin 1-ci cildinin 124-cü vərəqəsinə əlavə edilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında 01 sentyabr N3-cü il tarixli qərardan, zərər çəkmiş hüquqi şəxs “X7” MMC-nin nümayəndəsi qismində Nümayəndə tanındığı görünür. Cinayət işinin 1-ci cildinin 193-cü vərəqəsinə əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə doğulmuş oğlu X6 rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş çıxarışda “diz oynağının reformasiyası” xəstəliyinin olması göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 9-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına X1 verilən xx.xx.N3-cü il tarixli, 1683 №-li məktubdan Təqsirləndirilən şəxs X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı görünür. Cinayət işinin 2-ci cildinin 70-77-ci vərəqələrinə əlavə edilmiş (Üzləşdirmədə dindirmə haqqında) 28 noyabr N3-cü il tarixli protokollarda iş üzrə Təqsirləndirilən şəxsla şahidlər Şahid3 və Şahid2 ifadələri arasında ziddiyyət olduğundan onların üzləşdirildiyi, üzləşmə zamanı hər iki şəxs Təqsirləndirilən şəxs dəmiryolu relslərini talayıb satması barədə ifadələrində göstərdikləri xüsusatları onun üzünə qarşı da dedikləri göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 88-ci vərəqəsinə əlavə edilmiş müvafiq məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs tərəfindən və ona telefonla ötürülən məlumatlar ələ keçirilərək Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən Şahid3 istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə ilk dəfə 14 iyul N3-cü il tarixdə zəng etməklə əlaqə saxladığı, bundan sonra onlar arasında həmin gün, eləcə də iyul ayının 15, 16, 17, 18, 20, 21, 23, 27 və 28-də mütəmadi danışıqlar olduğu, həmçinin Təqsirləndirilən şəxs oğurluğun baş verdiyi tarixdə və saatlarda Sədərək rayonunun anten(şəbəkə) dairəsində olduğu müəyyən edildiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 189-190-cı vərəqələrinə əlavə edilmiş Sədərək rayon, Heydərabad qəsəbəsi ərazisindən keçən X5 MMC-nin 541-ci km-də yerləşən 110 metr uzunluğunda dəmir yolu xətlərini 36 hissəyə bölünərək gizli olaraq talandığı hadisə yerinə baxış keçirildiyi, baxış zamanı Naxçıvan-Sədərək dəmiryolu xətti üzrə Naxçıvan istiqamətində relslərinin müəyyən məsafədən sonra əvvəlcədən olmadığı, Sədərək rayonunun Heydərabad qəsəbəsində daimi dislokasiya olunmuş tabor istiqamətində dəmiryolu xəttinin uzanması, dəmiryolu xəttinin keçdiyi ərazinin hər iki tərəfinin qamışlıq sahə olması, xəttin sol tərəfindən təsərrüfat məqsədləri üçün istifadə edilən əraziyə doğru, üzərində avtomobil hərəkəti nəticəsində yaranmağa xarakterik izlər olan cığır olması, qeyd edilən ərazidə sağdan-sola doğru uzanan dəmiryolu relslərinin döşəndiyi beton özül üzərində 55 metr məsafədə qoşa xəttin yataq zolağının olması, qeyd edilən məsafədə relslərin boltlarının açılıb kəsilərək götürülməsi, həmin zolağın hər iki, başlanğıc və davam edən hissələrində relslərin və yataq yerlərinin əvvəlcədən yerində olmadığı, bununla həmin relslər üzrə uzun müddətli dəmiryolu nəqliyyat daşımasının mövcud olmadığı müəyyən edildiyi görünür. Cinayət işinin 2-ci cildinin 213-224-cü, 3-cü cildinin 166-173-cü vərəqələrinə əlavə edilmiş şəxsin tanınmaya təqdim edilməsi haqqında 11 dekabr N3-cü il tarixli protokollardan Təqsirləndirilən şəxs əvvəlcədən xarici görkəmi və əlamətləri, habelə onu gördükləri hallar barədə şahid qismində dindirilmiş Şahid4 və Şahid6 eyni cinsdən və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə, həmçinin şahidlər Şahid2 və Şahid5 isə fotoşəkillər üzrə tanımaya təqdim edilmiş, onların həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs tanıdıqları müəyyən olunmuşdur. Cinayət işinin 2-ci cildinin 225-227-ci vərəqələrinə əlavə edilmiş baxış keçirilməsi haqqında 11 dekabr N3-cü il tarixli protokoldan X5 MMC-nin 541-ci km-də yerləşən relslərin gizli olaraq talanaraq yüklənib daşındığı yük avtomobillərinə baxış keçirilərkən həmin avtomobillərdən birinin “Qaz 33021” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və digərinin “QAZ-53” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınları olmaqla ilkin göstərilən avtomobilin yük hissəsində 25 hissəyə, digər avtomobilin yük hissəsinə isə 11 hissəyə bölünmüş, ölçüləri 2-2,5 metr arası dəyişən relslər, habelə kisə içərisinə reslərin açılmış “bolt-qayka” hissələrinin qoyulması, həmin relslərin ümumilikdə 36 ədəd olmaqla 110 metr uzunluğunda olması müəyyən edildiyi göstərilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai əhəmiyyətli dəmir yolu xətlərini gizli olaraq talamaqla oğurluq etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə tövsif olunmuşdur. Beləliklədə məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməldən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Cinayət Məcəlləsinin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət işinin mteriallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, 04 sentyabr N3-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “X5” MMC-yə məsul saxlanca verilmiş 120 metr uzunluğunda, 36 hissəyə doğranmış dəmiryolu relsləri “X5” MMC-nin istifadəsinə verilməlidir. İfadənin yerində yoxlanması, üzləşmələr zamanı aparılmış video çəkilişlərin olduğu üç ədəd DVD və İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, X3 ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “X5” MMC-yə məsul saxlanca verilmiş 120 metr uzunluğunda, 36 hissəyə doğranmış dəmiryolu relsləri “X5” MMC-nin istifadəsinə verilsin. İfadənin yerində yoxlanması, üzləşmələr zamanı aparılmış video çəkilişlərin olduğu üç ədəd DVD və İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar