Məhkəmə qərarları › İş №1-1(092)-18/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-18/2023

22.06.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-18/2023 22.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu ildə Şahbuz rayonunun Şada kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, 12 may 2023-cü il tarixdən N №-li hərbi hissə komandirinin sərəncamında olan, Şahbuz rayonunun Şada kəndində daimi qeydiyyatda olmaqla, Şahbuz rayonunun Badamlı kəndində yaşayan, barəsində 16 may 2023-cü ildə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborunun Şahbuz rayonunun Şada kəndi ərazisində yerləşən şərti olaraq “Ciciyurdu” adlanan mövqeyində manqa komandiri post böyüyü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində nəzərdə tutulan «komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq 10 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində zirehli gödəkçələrin tikilməsi barədə verdiyi göstərişi tam yerinə yetirmədikləri üçün süpürgənin taxta dəstəyi ilə tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs1 belindən və qarnından, Zərərçəkmiş şəxs2 isə sol qolundan vurmaqla, təkrarən 12 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində yataqxananı vaxtında təmizləmədikləri üçün telefon enerji doldurucusunun kabeli ilə əsgər Zərərçəkmiş şəxs1 belindən və qarnından, əsgər Zərərçəkmiş şəxs3 isə sol qolundan vurmaqla, 13 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində qazanlara qar yığıb sobanın üzərinə qoyması barədə verdiyi göstərişi yerinə yetirmədiyi üçün süpürgənin taxta dəstəyi ilə əsgər Zərərçəkmiş şəxs1 sol qolundan vurmaqla, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon enerji doldurucusunun kabeli ilə onun belindən vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər kimi xidmət edir. 03 sentyabr 2021-ci il tarixdən isə N №-li hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünun 1-ci taqımının 1-ci manqasının xidmət apardığı şərti olaraq “Ciciyurdu” adlanan mövqedə manqa komandiri vəzifəsinə təyin olunmuşdur. Əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin mövqedə görüb tanımış, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Post böyüyü və manqa komandiri olduğundan, həmin əsgərlər onun tabeliyində xidmət etmişlər. 10 mart 2023-cü il tarixdə mövqedə olan əşyaəmlakın vəziyyətini yoxlamış və zirehli gödəkçələrin bir neçəsində cırıq və sökük olduğuna görə əsgərlər Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 həmin zirehli gödəkçələri tikmələrini tapşırmışdır. Sonra zirehli gödəkçələrin tikilib-tikilmədiyini yoxlamış, zirehli gödəkçələrin tam tikilmədiyini görüb əsəbiləşib süpürgənin qırılmış taxta dəstəyi ilə əsgər Zərərçəkmiş şəxs1 bir dəfə qarnından və bir dəfə də belindən vurmuş, həmin vaxt həmin taxta parçası ilə orada olan əsgər Zərərçəkmiş şəxs2 də iki dəfə sol qolundan vurmuşdur. Təxminən 12 mart 2023-cü il tarixdə tabor mərkəzindən rabitə ilə mövqeyə yoxlama gələcəyini bildirmişlər. Buna görə şəxsi heyəti işlərə bölüb əsgərləri yataqxananın təmizliyinə cəlb etmiş, daha sonra özü ilə iki əsgər götürüb səngərlərin təmizliyinə baxmağa getmişlər. Saat 08:00 radələrində yataqxanaya qayıdanda yataqxananın tam səliqəyə salınmadığını görmüş, buna görə də əsəbləşib əlində olan telefonun enerji doldurucusunun kabeli ilə əsgər Zərərçəkmiş şəxs1 bir dəfə belindən və bir dəfə də qarnından vurmuş, əsgər Zərərçəkmiş şəxs3 isə sol qolundan iki dəfə vurmuşdur. 2023-cü ilin mart ayının 13-də əsgər Zərərçəkmiş şəxs1 patrul xidmətində olan zaman ona çöldən qazanlara qar yığıb gətirib yataqxanada sobanın üzərinə qoyması barədə tapşırığını yerinə yetirmədiyinə görə saat 23:00 radələrində ona əsəbiləşərək süpürgənin başına bağlanmış taxta parçasını çıxararaq iki dəfə əsgər Zərərçəkmiş şəxs1 sol qolundan vurmuşdur. Bundan başqa, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın giriş hissəsində durub siqaret çəkdiyi üçün əsəbiləşib yataqxanada olan telefon enerji doldurucusunun kabelini götürüb əsgər Zərərçəkmiş şəxs1 belindən iki dəfə vurmuş və ona bir daha həmin yerdə siqaret çəkməməsini tapşırmışdır. 27 mart 2023-cü il tarixdə, axşam saatlarında posta hərbi prokurorluqdan və təhqiqat xidmətindən əməkdaşlar gəlib araşdırma aparan zaman əsgər Zərərçəkmiş şəxs1 vurduğuna görə və istirahət vaxtından kəsdiyinə görə onu evlərinə şikayət etdiyini, valideynlərinin də onu hərbi prokurorluğa şikayət etdikləri bilmişdir. Onun həmin halla bağlı izahatı alınmış, taxta parçasını və telefon enerji doldurucusunun kabelini hərbi prokurorluğun əməkdaşlarına təhvil vermişdir. Təhqiqat dövründə hər üç əsgərdən üzr istəyib onu bağışlamalarını xahiş etmiş, onlar da onu bağışladıqlarını bildirmişlər. Həmçinin o, əsgər Zərərçəkmiş şəxs1 anası Səriyyə Sadiqovadan da üzr istəmiş, Səriyyə Sadiqova da onu bağışlamışdır. Tutduğu əməldən peşman olmuş, tabeliyində olan əsgərlərə zor tətbiq edib vurduğuna görə özünü günahkar hesab edir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bir daha üzr istədiyini, törətdiyi əməldən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, MAHHXHQ-su Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborunun Şahbuz rayonunun Şada kəndi ərazisində yerləşən şərti olaraq “Ciciyurdu” adlanan mövqeyində manqa komandiri - post böyüyü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində nəzərdə tutulan «komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq 10 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində zirehli gödəkçələrin tikilməsi barədə verdiyi göstərişi tam yerinə yetirmədikləri üçün süpürgənin taxta dəstəyi ilə tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs1 belindən və qarnından, Zərərçəkmiş şəxs2 isə sol qolundan vurmaqla, təkrarən 12 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində yataqxananı vaxtında təmizləmədikləri üçün telefon enerji doldurucusunun kabeli ilə əsgər Zərərçəkmiş şəxs1 belindən və qarnından, əsgər Zərərçəkmiş şəxs3 isə sol qolundan vurmaqla, 13 mart 2023-cü il tarixdə, saat 23:00 radələrində qazanlara qar yığıb sobanın üzərinə qoyması barədə verdiyi göstərişi yerinə yetirmədiyi üçün süpürgənin taxta dəstəyi ilə əsgər Zərərçəkmiş şəxs1 sol qolundan vurmaqla, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon enerji doldurucusunun kabeli ilə onun belindən vurmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə, gecə saatlarında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona və əsgər Zərərçəkmiş şəxs2 zirehli gödəkçələrin sökülmüş yerlərinin tikilməsi barədə tapşırıq vermişdi. Səhər saatlarınadək zirehli gödəkçələrin 2-3 ədədini o, 1-2 ədədini isə əsgər Zərərçəkmiş şəxs2 tikmiş, ancaq bəzi gödəkcələri çatdırıb tikə bilməmişlər. Saat 08:00 radələrində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs zirehli gödəkçələrin hamısının tikilmədiyini görüb əsəbiləşmiş, əlindəki süpürgənin qırılmış taxta tutacağı ilə iki dəfə onun belindən və bir dəfə də qarnından vurmuşdur. Onu vurması nəticəsində bir neçə dəqiqəlik yüngül ağrı hiss etsə də, heç bir xəsarət almamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 də vurmuşdur. Ancaq Zərərçəkmiş şəxs2 harasından və neçə dəfə vurmasını xatırlamır. 12 mart 2023-cü il tarixdə mövqeyə yoxlama gələcəyi üçün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs mövqenin əsgərlərini işlərə bölmüş, onlara müxtəlif tapşırıqlar verib, yataqxana, odun damı, səngərlər və s. yerləri təmizlənib səliqə-səhmana salınmasını tapşırmışdır. Həmin vaxt o və bir neçə əsgər yataqxananı təmizləyib səliqə-səhmana salmışlar. Sonra saat 08:00 radələrində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxanaya gəlib yataqxananın tam təmizlənmədiyini görüb əsəbiləşmiş və telefonun doldurucu kabeli ilə bir dəfə belindən və bir dəfə də ayağından vurmuş, bir neçə dəqiqəlik ağrı hiss etsə də, heç bir xəsarət almamışdır. Həmçinin həmin vaxt yanında olan əsgər Zərərçəkmiş şəxs3 də vurmuş, ancaq Zərərçəkmiş şəxs3 konkret olaraq harasından və neçə dəfə vurmasını xatırlamır. Onları vuran zaman əsgər Şahid2 yanlarında olmuşdur. Güman ki, Təqsirləndirilən şəxs onları vurmasını görmüşdür. 13 mart 2023-cü il tarixdə, patrul olarkən Təqsirləndirilən şəxs ona qazanları qarla doldurub sobanın üzərinə qoymağı tapşırmış, yaddan çıxdığı üçün qazanları doldurmadığından Təqsirləndirilən şəxs saat 23:00 radələrində gəlib qazanların boş olmasını görüb yataqxananın qarşısında əlindəki süpürgənin qırılmış taxta dəstəyi ilə iki dəfə sol qolundan vurmuşdur. 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində ayıq növbə olarkən hava pis olduğundan yataqxananın qarşısında durub siqaret çəkən zaman Təqsirləndirilən şəxs onun siqaret çəkməyini görüb əsəbiləşərək telefonun doldurucu kabeli ilə iki dəfə belindən vurmuşdur. 27 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs evə zəng etmək üçün telefonunu istəmiş, həmin telefonla dayısına zəng edib ona yerini dəyişmələrini, postda qala bilmədiyini, əziyyət çəkdiyini demişdir. Bundan sonra dayısı Ceyhun Naxçıvan şəhərində olmuş, narahat olmamasını, bu barədə aidiyyəti üzrə şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs ondan üzr istəmişdir və Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs bağışlamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona və əsgər Zərərçəkmiş şəxs1 zirehli gödəkçələrin sökülmüş yerlərini tikilməsi barədə tapşırıq vermişdir. Həmin vaxt bəzi zirehli gödəkçələr çatdırıb tikə bilməmişlər. Saat 08:00 radələrində Təqsirləndirilən şəxs yataqxanaya gələrək həmin zirehli gödəkçələrin bəzilərinin tikilmədiyini görüb əsəbləşmiş və həmin vaxt süpürgənin taxta dəstəyi ilə iki dəfə onun sol qolundan vurmuşdur, lakin heç bir xəsarət almamışdır. Daha sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 belindən və qarnından vurmuş, sonra o oradan ayrılıb getmişdir. 27 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 valideyini prokurorluğa şikayət etdiyi üçün MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində araşdırma aparılıb onu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurduğuna görə onun barəsində cinayət işi açılmışdır. O digər əsgərlərlə birlikdə zərərçəkmiş şəxs kimi tanınıb ifadə vermişdir. Araşdırma zamanı ona məlum olmuşdur ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 12 mart 2023-cü ildə yataqxananı yaxşı təmizləmədikləri üçün telefon doldurucusunun kabeli ilə əsgər Zərərçəkmiş şəxs3lə əsgər Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən, 13 mart 2023-cü ildə qazanlara qar yığıb sobanın üzərinə qoymağı tapşırsa da, əsgər Zərərçəkmiş şəxs1 həmin tapşırığı icra etməməsi səbəbindən süpürgənin taxta dəstəyi ilə onun qolundan iki dəfə və 14 mart 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkməsi səbəbindən telefon doldurucusunun kabeli ilə onun belindən iki dəfə vurmuşdur. Təqsirləndirilən şəxs ondan üzr istəmiş və o, F. Həsənovu bağışlamışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə, səhər saatlarında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona və əsgərlər Şahid1, Məhəmməd Rzayevə, Zərərçəkmiş şəxs1, Şahid4 və Şahid3 yataqxananı təmizləyib səliqəyə salmağı tapşırmışdır. Saat 08:00 radələrində Təqsirləndirilən şəxs yataqxanaya gəlib yaxşı təmizləmədiklərinə görə onlara irad bildirmişdir. Həmin vaxt əlində olan telefon doldurucusunun kabeli ilə onun sol qolundan iki dəfə vurmuşdur. Bundan heç bir xəsarət almamışdır. Sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 da əlindəki həmin telefon kabeli ilə vurmuşdur, lakin həmin vaxt onun hansı nahiyəsindən vurmasını dəqiq görməmişdir. Əsgər Zərərçəkmiş şəxs1 ona deməsinə görə Təqsirləndirilən şəxs onu bir dəfə belindən və bir dəfə də ayağından vurmuşdur. 27 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 valideyninin prokurorluğa şikayət etməsi səbəbindən MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində araşdırma başlanmış və onu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğuna görə onun barəsində cinayət işi açılmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş və o, F. Həsənovu bağışlamışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə, mövqeyə yoxlama gələcəyi üçün səhər saatlarında MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona, əsgər Zərərçəkmiş şəxs3, Məhəmməd Rzayevə, Zərərçəkmiş şəxs1, Şahid4 və Şahid3 yataqxananı, ərzaq anbarını, odun damını təmizləyib səliqəsəhmana salmağı tapşırmışdır. Ərzaq anbarını səliqəyə salmaq ona həvalə olunmuşdur. Saat 08:00 radələrində Təqsirləndirilən şəxs yataqxanaya girmiş və bir az sonra Təqsirləndirilən şəxs bir az uca səslə “nə üçün yataqxananı yaxşı təmizləməmisiniz?” dediyini eşitmişdir. Həmin vaxt əsgərlər cəld şəkildə yataqxanadan bayıra çıxmış, ancaq Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs1 içəridə qalmışlar. Sonra onlar da bayıra qaçmışlar. Onlardan içəridə nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs telefon doldurucusunun kabeli onları vurduğunu bildirmişlər. Ancaq hansı nahiyələrindən vurduğunu deməmişlər. Təqsirləndirilən şəxs telefon doldurucusunun kabeli ilə əsgər Zərərçəkmiş şəxs1 belindən və qarnından, əsgər Zərərçəkmiş şəxs3 isə qolundan vurmasını araşdırma zamanı öyrənmişdir. Ancaq konkret olaraq neçə dəfə vurmasını, onların hər hansı xəsarət alıb-almamalarını bilməmişdir. Təqsirləndirilən şəxs barəsində araşdırma aparılarkən onun 10 mart 2023-cü il tarixdə, səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirehli gödəkçələri tikmədikləri üçün süpürgənin qırılmış taxta dəstəyi ilə, 13 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 qazanlara qar yığıb sobanın üzərinə qoymadığı üçün süpürgənin taxta dəstəyi ilə onun qolundan, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon doldurucusunun kabeli ilə onun bel nahiyəsindən vurmasını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hadisələrin üzərindən çox zaman keçdiyindən olanları doğru dürüst xatırlamır. İbtidai istintaq zamanı dindirilən zaman olanları xatırladğı üçün həmin vaxt verdiyi ifadəsi tam düzgündür. Ona görə də ola bilər ki, bəzi halları düzgün xatırlamasın. MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə xidmət etdikləri şərti olaraq “Ciciyurdu” adlanan mövqeyə yoxlama gələcəyi üçün ona, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Şahid3 yataqxananı təmizləyib səliqəyə salmalarını tapşırmışdı. Həmin vaxt yataqxananın təmizliyinə digər əsgərlər də cəlb edilmişdi. Bir az sonra Təqsirləndirilən şəxs gəlib yataqxananın tam təmizlənmədiyini, yaxşı səliqə-sahmana salmadıqlarını görüb əsəbiləşmişdir. Buna görə əsgərlər Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs1 telefon doldurucusunun kabeli ilə vurmuş, Təqsirləndirilən şəxs onların hansı nahiyyələrindən və neçə dəfə vurmasını xatırlamır. Həmin vaxt orada olmuşdur. Təqsirləndirilən şəxs onları vurmasını görmüşdür. Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirehli gödəkçələri tikmədikləri üçün süpürgənin qırılmış taxta dəstəyi ilə vurmasını, 13 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 qazanlara qar yığıb sobanın üzərinə qoymadığı üçün süpürgənin taxta dəstəyi ilə onun qolundan vurmasını, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon doldurucusunun kabeli ilə onun bel nahiyəsindən vurmasını araşdırma zamanı öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə səhər saatlarında həmin gün posta yoxlama gələcəyi üçün mövqe böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona, əsgərlər Şahid1, Məhəmməd Rzayevə, Zərərçəkmiş şəxs1 və Şahid4 yataqxananın təmizlənib səliqəyə salmağı tapşırmışdı. Saat 08:00 radələrində yataqxanada təmizlik işləri görən zaman rabitəyə zəng gəlmiş, tapşırıq üzrə radiostansiyanı çiyninə alıb çölə çıxmışdır. Rabitə ilə əlaqə yaratmağa başlamışdır. Həmin vaxt MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxanaya girmiş, bir az sonra yataqxananı təmizləyən əsgərlər səs-küylə yataqxanadan bayıra çıxmışlar. Buna görə də geriyə çevrilib həmin əsgərlərə uca səslə səsiz olmalarını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs telefon kabeli ilə əsgərləri vurmasını görməmişdir. Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 yataqxananı yaxşı təmizləyib səliqə-səhmana salmadıqlarına görə telefon doldurucusunun kabeli ilə vurmalarını rabitə ilə əlaqə saxlayıb qurtarandan sonra eşitmişdir. Onları hansı nahiyəsindən və neçə dəfə vurmasını bilməmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs barəsində araşdırma başlanmış, araşdırma zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirehli gödəkçələri tikmədikləri üçün süpürgənin qırılmış taxta dəstəyi ilə vurmuş, 13 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 qazanlara qar yığıb sobanın üzərinə qoymadığı üçün süpürgənin taxta dəstəyi ilə onun qolundan vurmuş, 14 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon doldurucusunun kabeli ilə onun bel nahiyəsindən vurmasını öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki,12 mart 2023-cü il tarixdə xidmət etdiyi “Ciciyurdu” mövqeyinə yoxlama gələcəyi üçün post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs ona əsgərlər Şahid2, Şahid1, Məhəmməd Rzayevə, Zərərçəkmiş şəxs1 və Şahid3 yataqxananın təmizlənilib səliqəyə salmağı tapşırmışdır. Bir az keçdikdən sonra, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs yataqxanaya gəlmişdir. Özü həmin vaxt bayırda durub siqaret çəkirmiş. Bir azdan əsgərlərin yataqxanadan çölə çıxdıqlarını görmüş, həmin vaxt əsgərlərdən nə olduğunu soruşduqda, onlar cavab olaraq MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs əsəbiləşərək əlində olan telefon kabeli ilə əsgərlər Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs1 vurduğunu bildirmişlər. Ancaq konkret olaraq onları hansı nahiyəsindən vurduğunu deməmişlər. Sonrakı günlərdə MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs barəsində araşdırma başlanmış və araşdırma zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə səhər saatlarında əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 zirehli gödəkçələri tikmədikləri üçün süpürgənin qırılmış taxta dəstəyi ilə, 13 mart 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 qazanlara qar yığıb sobanın üzərinə qoymadığı üçün süpürgənin taxta dəstəyi ilə onun qolundan, 14 mart 2023-cü il tarixdə, saat 12:30 radələrində əsgər Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında siqaret çəkdiyi üçün telefon doldurucusunun kabeli ilə onun bel nahiyəsindən vurmuşdur. Zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs1 barəsində 30 mart 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 07 aprel 2023-cü il tarixli, 98 №-li rəyində Zərərçəkmiş şəxs1 bədən səthi üzərində baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs2 barəsində 30 mart 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 07 aprel 2023-cü il tarixli, 97 №-li rəyində Zərərçəkmiş şəxs2 bədən səthi üzərində baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs3 barəsində 30 mart 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 07 aprel 2023-cü il tarixli, 96 №-li rəyində Zərərçəkmiş şəxs3 bədən səthi üzərində baş vermiş hadisə ilə əlaqədar hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. Bütün bunlarla yanaşı məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmini etiraf etməsini, yeni ailə həyatı qurmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan xidməti və həmçinin yaşadığı ərazi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs aid xidməti vərəqədən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində cəzalandırılmışdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunaca cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 329.2.1-ci və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hal kimi qəbul edərək belə hesab edir ki Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona həmin Məcəllənin 329.2.1-ci və 329.2.2-ci maddəlrinin sanksiyasında müəyyən edilən intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzalarından daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, cəzanı yüngülləşdirən hallara, habelə onun islah olunmasına və ya ailəsinin həyat şəraitinə təsirinə, həmçinin cəzanın məqsədlərinə uyğun olacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Həmin maddəyə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər(62.2-ci maddə). Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 04 aprel 2023-cü il tarixdə N saylı hərbi hissənin Qarizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam və hərbi xidmətə yararlı olduğu barədə qərara gəlmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd telefon enerji doldurucusunun kabeli isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs verilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 16 may 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 10% (on faiz) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində 16 may 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd telefon enerji doldurucusunun kabeli isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədr Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar