Məhkəmə qərarları › İş №1-1(092)-21/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-21/2024

28.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-21/2024 28.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2003-cü il tarixdə Astara rayonunun Şahağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonunun Şahağac kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər, 15 dekabr 2023-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Rəhimov X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 27 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən 3-cü tabor mərkəzinin sıra meydanında şam yeməyinə düzülərkən həmin hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs, eləcə də bölüyün bir neçə əsgəri söhbət edərkən Zərərçəkmiş şəxs sırada gülməsi səbəbindən ona irad tutaraq nalayiq ifadə işlətmiş, bundan sonra onunla arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlədilməklə sözlü mübahisə yaranmış, şam yeməyinə gedib qayıtdıqdan sonra mübahisəni davam etdirərək saat 20:40-da əsgər Zərərçəkmiş şəxs tabor mərkəzinin ərazisində yerləşən səngərə aparmış, orada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» kimi tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs yaxasından yapışıb badalaq verərək yerə yıxdıqdan sonra sifət və baş nahiyəsinə iki yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “sol gözətrafı nahiyənin qançırı və sol gözün alt qapağının əzilmiş yarası ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, qarın nahiyəsinin sol yan səthinin sıyrığı və bel nahiyəsinin sağ yarısının qançırı” xəsarəti yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində xidmət etdiyi “Dəmirçi” tabor mərkəzində, sıra meydanında şam yeməyinə düzülüş verildiyini, həmin vaxt sırda olan əsgərlər Şahid1la Zərərçəkmiş şəxs qarşısındakı sırada dayandığını, əsgər Şahid1 əsgər Şahid4 zarafatla “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satarsan” dediyini, bu sözə Zərərçəkmiş şəxs güldüyünü, irad tutulacağını düşünüb Zərərçəkmiş şəxs nalayiq sözlə “sənə görə bizə irad tutacaqlar” dediyini, Zərərçəkmiş şəxs də ona qarşı nalayiq ifadələr işlətdiyini, cavabdeh, kapitan N.Şəfiyev gələrək onları şam yeməyinə apardığını, yeməkdə olarkən Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq sözlərə görə əsəbləşdiyini, buna görə yeməkdən sonra onun işlətdiyi sözə görə Zərərçəkmiş şəxs vurmaq qərarına gəldiyini, yataqxananın arxasında silahın təhkim olunmasına dair sənədi imza etdikdən sonra Zərərçəkmiş şəxs otaqdan çıxarkən qoluna girib ona işinin olmasını deyərək taborun ərazisində olan səngərə apardığını, saat 20:40-da səngərin içərisinə çatanda əsgər Zərərçəkmiş şəxs yaxasından yapışıb badalaq verərək onu yerə yıxdığını, yerdə olarkən onun sol gözünə bir yumruq vurduğunu, sonra bir yumruq da baş nahiyəsindən vurduğunu, həmin vaxt yaxınlıqda olan əsgər Şahid2 gəlib onları araladığını, əsgər Zərərçəkmiş şəxs üzr istədiyini, onunla barışdığını, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində tabor mərkəzində şam yeməyinə düzülüş verildiyini, sırada olarkən əsgər Şahid1 əsgər Şahid4 zarafatla “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satarsan” dediyini, onun bu zarafatına güldüyünü, həmin vaxt arxa sırada dayanmış əsgər Təqsirləndirilən şəxs ona nalayiq sözlə susmasını, onlara irad tutulacağını dediyini, onun bu ağır sözünə görə ona nalayiq ifadə işlədərək sırada olduğunu, onunla sonra danışacağını dediyini, Təqsirləndirilən şəxs ona qarşı nalayiq ifadə işlətdiyini, onun bu sözü sırada, şəxsi heyətin yanında deməsi yaxşı çıxmadığından ona qarşı nalayiq ifadə işlətdiyini, həmin vaxt cavabdeh şəxs, bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Nəzarət Şəfiyev sıranın qarşısına gəlib onları yeməyə apardığını, yeməkdən çıxandan sonra yataqxananın arxasında silahın təhkim olunmasına dair sənədi imza etmək üçün sıraya durduğunu, yazı otağına girib çıxdıqdan sonra əsgər Təqsirləndirilən şəxs onu çöldə gözləməsini gördüyünü, saat 20:40 radələrində Təqsirləndirilən şəxs onun qoluna girib “gedək söhbət edək, səninlə işim var” dediyini, onunla birlikdə taborun ərazisində olan səngərə getdiyini, səngərin içərisinə düşən zaman əsgər Təqsirləndirilən şəxs badalaq verərək onu yerə yıxdığını, yerə yıxılandan sonra əsgər Təqsirləndirilən şəxs sağ əli ilə sol gözünə bir yumruq zərbəsi vurduğunu, sonra baş nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, həmin vaxt yaxınlıqda olan əsgər Şahid2 gəlib onları aralaşdırdığını, əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onunla barışdığını, ondan hər hansı şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində xidmət etdiyi “Dəmirçi” tabor mərkəzində şam yeməyinə düzülərkən əsgərlər cərgədə söhbət etdiyini, arxa sıralardan səs-küy gəlməsini eşitdiyini, əsgərlər aralarında sözlü mübahisə etdiklərini, bölük komandirinin müavini, kapitan X1 qarşısına gəlib şəxsi heyəti yeməyə apardığını, yeməkdən sonra kapitan Nəzarət Şəfiyev komanda verib şəxsi heyəti yataqxanaya aparıb bölmənin təhkim olmalarını şəxsi heyətinə imzalatdığını, sonra yataqxananın arxasına qayıdanda əsgər Şahid2 qaçaraq səngərlərə tərəf getməsini gördüyünü, o, “kimsə dalaşır gedirəm yanlarına, sən də get məruzə et komandirə” dediyini, gedib bu barədə bölük komandiri kapitan Şahid5 məlumat verdiyini, əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dalaşmasını, Təqsirləndirilən şəxs yumruqla vurub əsgər Zərərçəkmiş şəxs sol gözünə xəsarət yetirməsini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində “Dəmirçi” tabor mərkəzinin yataqxanasının qarşısında şam yeməyinə düzülərkən arxa sırada dayanmış əsgərlərdən kiminsə sözlü mübahisə etməsini eşitdiyini, həmin vaxt bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan Nəzarət Şəfiyev gəlib şəxsi heyəti şam yeməyinə apardığını, yeməkdən sonra yataqxananın arxasında kapitan N.Şəfiyev bölmənin təhkim olmalarını bölüyün şəxsi heyətinə imzalatdığını, yataqxananın arxasına corablarını asmağa gedərkən 2 nəfər əsgərin yataqxanadan aralıda, səngərə tərəf getməsini gördüyünü, hava qaranlıq olduğu üçün onların kim olmasını görə bilmədiyini, bir neçə dəqiqə sonra səngərdən kiminsə yıxılması və ardınca qışqırıq səsi gəlməsini eşitdiyini, səngərin içərisinə getdikdə əsgər Zərərçəkmiş şəxs yerdə, əsgər Təqsirləndirilən şəxs onun başının üzərində dayanmasını gördüyünü, onların mübahisə etdiklərini, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs başından yumruqla vurduğunu, əsgər Təqsirləndirilən şəxs qarın nahiyəsindən qucaqlayıb onu aralaşdırıb kənara çəkdiyini, sonra əsgər Zərərçəkmiş şəxs su aparıb verdiyini, o, üzünə su vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sol gözünün şişməsini və gözündən qan gəlməsini gördüyünü, Zərərçəkmiş şəxs “Rəhimov yumruqla gözümdən vurub” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid5 ifadəsində 27 oktyabr 2023-cü il tarixdə axşam düzülüşündən sonra xidməti otağında xidməti sənədlərini işləyən zaman kapitan Nəzarət Şəfiyev şəxsi heyəti şam yeməyinə apardığını, şəxsi heyət yeməkdən gəldikdən sonra kapitan N.Şəfiyev şəxsi heyətə təhkim olunma ilə bağlı müvafiq sənədləri imzalatdığını, sonra şəxsi heyətə yuyunmaları üçün vaxt verildiyini, bir qədər sonra xidməti otağında olarkən, saat 20 radələrində əsgər Şahid3 gəlib “cənab kapitan səngərdə iki nəfər əsgər dalaşır, əsgər Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxsdir dalaşanlar” dediyini, hər iki əsgərin yanına gətirilməsini tapşırdığını, bir qədər sonra əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs yanına gətirdiklərini, baxan zaman əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinin qanamasını, əsgər İ,Rəhimovun sifətində sıyrıq olmasını gördüyünü, nə üçün mübahisə etmələrini, aralarında nə olmasını soruşduğunu, şam yeməyinə düzülüş vaxtı Zərərçəkmiş şəxs sırada gülməsi, Təqsirləndirilən şəxs gülməməsini deməsini, sonra aralarında bir-birilərinə qarşı təhqiredici sözlər işlətməklə sözlü mübahisə olmasını, yeməkdən sonra taborun ərazisində olan səngərə getmələrini, orada Təqsirləndirilən şəxs mübahisəni davam etdirib Zərərçəkmiş şəxs badalaq verib yerə yıxmasını, başından və sifətindən yumruqla vurmasını, Zərərçəkmiş şəxs sol gözünün qanamasını öyrəndiyini, bu barədə yuxarı komandanlığa məruzə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində şam yeməyi üçün yataqxananın qarşısında düzüldüklərini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yanında dayandığını, onun arxasında Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sonra isə Şahid4 dayandığını, zarafatla Şahid4 “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satarsan” dediyini, bu sözə əsgər Zərərçəkmiş şəxs güldüyünü, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs təhqiramiz şəkildə susmasını, irad tutulacağını dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxslə əsgər Təqsirləndirilən şəxs arasında nalayiq sözlər işlədilməklə sözlü mübahisə olduğunu, sonra cavabdeh kapitan N.Şəfiyev gəlib onları yeməyə apardığını, şam yeməyindən çıxandan sonra yataqxananın arxasında silahın təhkim olunmasına dair sənədi imza etmək üçün sıraya durduqlarını, sonra yataqxanaya getdiklərini, saat 21:30 radələrində bölük komandiri kapitan Şahid5 bölüyün şəxsi heyətini düzüb əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dalaşmalarını dediyini, əsgər Zərərçəkmiş şəxs xəsarət aldığını göstərmişdir. Cinayət işi üzrə Şahid4 ərizə ilə məhkəməyə müraciət edərək dağ sərhəd postunda xidmət etdiyini, hava şəraiti ilə əlaqədar məhkəmə iclasına gələ bimədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid4 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsində 27 oktyabr 2023-cü il tarixdə, saat 19:40 radələrində xidmət etdiyi “Dəmirçi” tabor mərkəzində şam yeməyinə düzülüş verildiyini, sırada yanında əsgər Təqsirləndirilən şəxs dayandığını, qarşılarında isə əsgərlər Şahid1la Zərərçəkmiş şəxs durduğunu, sırada olarkən əsgər Şahid1 zarafatla ona “mülkiyə çıxandan sonra Sabirabadda qarpız satarsan” dediyini, bu sözə əsgər Zərərçəkmiş şəxs güldüyünü, o, güldüyünə görə əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nalayiq şəkildə susmasını, ona görə əziyyət çəkəcəklərini dediyini, Zərərçəkmiş şəxs də ona qarşı nalayiq ifadə işlətdiyini, onlar arasında birbirilərinə qarşı nalayiq ifadələr işlədilməklə sözlü mübahisə etdiklərini, sonra cavabdeh, kapitan Nəzarət Şəfiyev şəxsi heyəti şam yeməyinə apardığını, yeməkdən sonra yataqxananın arxasında silahın təhkim olunmasına dair sənədi imza etmək üçün sıraya durduğunu, oradan yazı otağına girib imza edib çıxdıqdan sonra yataqxanaya getdiyini, saat 21:30 radələrində bölük komandiri kapitan Şahid5 bölüyün şəxsi heyətini düzüb “əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs dalaşıblar” dediyini, həmin vaxt onların mübahisələrinə səbəbin yeməyə gedən zaman onların arasında olan sözlü mübahisə olmasını, səngərdə mübahisə edən zaman əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs badalaq verib yerə yıxaraq başından və sol gözündən yumruqla vurmasını öyrəndiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə cinayət işi başlanması barədə qərar qəbul edilmişdir. Cinayət işinin 1-ci cildinin 72-ci vərəqəsinə əlavə edilmiş, 01 dekabr 2023-cü il tarixli qərarla əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 31-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 35-36-cı vərəqələrinə əlavə edilmiş xidməti vərəqələrdən görünür ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət müddətində komandirləri tərəfindən həvəsləndirilməmiş, lakin onlara intizam qaydasında cəza verilmişdir. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin bölüyün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında hər hansı bir tabelik münasibətləri yoxdur. Cinayət işinin 1-ci cildinin 50-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 394 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs “sol gözətrafı nahiyənin qançırı və sol gözün alt qapağının əzilmiş yarası ilə müşayiət olunan sol gözün ağlı qişasının qansızması, qarın nahiyəsinin sol yan səthinin sıyrığı və bel nahiyəsinin sağ yarısının qançırı” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətdir. Həmin xəsarətin xx.xx.2023-cü il tarixdə yumruqla vurulması nəticəsində əmələ gəlməsi ekspert tərəfindən inkar olunmamışdır. Sıyrıq və qançır xəsarətləri sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin olunmamışdır. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsinə əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli, 1231 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 101-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatda dayanmadıqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 99, 145-cü vərəqələrinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada narkoloji qeydiyyatda dayanmadıqları göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 143-cü vərəqəsinə əlavə edilmiş Astara rayon X4 Hüquqi Şəxs tərəfindən verilmiş məktubda Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, etdiyi əməldən peşman olması, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxslə barışması, ondan üzr istəməsi, zərər çəkmiş şəxsin onu bağışlaması, ondan hər hansı şikayəti və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, cəzanı ağırlaşdıran hallar olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 15 dekabr 2023-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablanmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası intizam xarakterli hərbi hissənin (N nömrəli h/h) komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar