Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-24/2021 17.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Vərməziyar kəndində qeydiyyatda olmaqla yaşayan, N №-li hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 3-cü taqımının 2-ci manqasının döyüş maşın komandirinin müavini-tuşlayıcı operator vəzifəsində, MAHHXHQ-su əsgər rütbəsində xidmət edən, 07 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Həsənov X1 şəhərində yerləşən N №-li hərbi hissənin 4-cü taborunda döyüş maşın komandirinin müavini-tuşlayıcı operator vəzifəsində xidmət edərkən 30 avqust 2021-ci ildə saat N radələrində hərbi hissənin ərazisində çayxananın yaxınlığındakı su borusunun yanında 3-cü taborda pulemyotçu vəzifəsində xidmət edən, aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs ailəsi ilə danışmaq üçün ondan telefonu istədikdə verməmiş, Zərərçəkmiş şəxs ona telefonda oxutdurduğu musiqini dəyişməsini dediyindən aralarında sözlü mübahisə yaranmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozub Zərərçəkmiş şəxs qarşı nalayiq sözlər işlədərək başından yumruq zərbəsi, sifət nahiyəsinə baş zərbəsi vuraraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq ona “burun belinin əzilmiş-cırılmış yarası, burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” ilə müşayiət olunan xəsarət yetirib sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş, lakin o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmiş, işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət verərək “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini, zərərçəkmiş şəxsin ailəsindən üzr istədiyini, törətdiyi əmələ görə peşiman olduğunu bildirmiş, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatəti müdafiə etmiş və ərizə ilə məhkəməyə müraciət edərək “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının onun barəsində tətbiq edilməsini və onun cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı gedişi zamanı dövlət ittihamçısı “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının qəbul edilməsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun cinayət təqibini istisna edən halların yarandığını bildirərək, hazırki cinayət işi üzrə yeganə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının tətbiq edilməsi və mövcud cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində ittiham irəli sürülmüş təqsirləndirilən şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair razılıq ərizəsini, o cümlədən cinayət işi üzrə icraatın materiallarını tədqiq edib, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarı tətbiq edilməklə, o, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, ilk növbədə qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmçinin qeyd etmək lazımdır ki, 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etmişdir. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, bu Qərar qəbul olunduğu gündən qüvvəyə minir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli 395-VİQR №-li Qərarının amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutan 10 və 11-ci bəndlərinin tələblərini hazırki cinayət işi üzrə nəzərdən keçirdikdə müəyyən olunur ki, həmin bəndlərdə amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulan şəxslər sırasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə təqsirləndirilən şəxslər göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 344-347, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfləri yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-24/2021
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-24/2021
17.11.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver