Məhkəmə qərarları › İş №1-1(092)-3/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-3/2022

16.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-3/2022 16.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2001-ci ildə Babək rayonunun Qoşadizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmayan, Babək rayonu, Babək qəsəbəsi, Qoşadizə məhəlləsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Naxçıvan X3 15-ci sərhəd zastavasının 2-ci qrup komandiri vəzifəsində xidmət edən, 10 sentyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQsu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Kiçik çavuş Təqsirləndirilən şəxs “Naxçıvan” X3 Babək rayonu, Nehrəm kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasında qrup komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq 05 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində axşam yeməyi zamanı sıra meydanında olarkən tabeliyində olan əsgər X1 yaxasının düz durmaması səbəbindən yaxasından tutub qatlayaraq, nalayiq ifadə işlədib hər iki əli ilə sinəsindən vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su, kiçik çavuş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində əsgər şəxsi heyətini axşam yeməyi üçün sıra meydanında düzmüş, gənc əsgərlərlə yanaşı sırada N.Məmmədov da olmuşdur. Şəxsi heyət çəkmələrini çıxarıb təmizləyib qurutma otağına qoyub yeməyə tərlikdə gedirlər. Həmin gün N.Məmmədov sıraya çəkmədə gəldiyindən Neman Məmmədova gedib çəkməsini çıxarıb gəlməsini demişdir. N.Məmmədov “oldu” deyib getmiş çəkməsini dəyişib tərlikdə sıraya qayıtmışdır. Sıraya qayıtdıqdan sonra ağ yaxalığını düzgün tikmədiyindən onun sinəsindən tutaraq kitelinin yaxalarını qatlayıb hər iki əlinin içi ilə sinəsindən, kitelin yaxalarından vuraraq, ona ağ yaxalığın necə tikilməli olduğunu göstərmişdir. Bunu edən zaman N.Məmmədova qarşı zor tətbiq etmək niyyəti olmamışdır. Sadəcə ona ağ yaxalığın necə tikilməli olduğunu göstərmək istəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa dəfələrlə cəhd göstərmiş, lakin zərərçəkmiş şəxsin hüquqi varisi barışmaq istəməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini göstərmiş, həmçinin ilk dəfə cinayət törətməsinin nəzərə alınmasını və ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, kiçik çavuş Təqsirləndirilən şəxs “Naxçıvan” X3 Babək rayonu, Nehrəm kəndi ərazisində yerləşən 15-ci sərhəd zastavasında qrup komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq 05 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində axşam yeməyi zamanı sıra meydanında olarkən tabeliyində olan əsgər X1 yaxasının düz durmaması səbəbindən yaxasından tutub qatlayaraq nalayiq ifadə işlədib hər iki əli ilə sinəsindən vurmaqla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş və bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri və həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirmişdir ki, oğlu Neman Məmmədov xidmətdə olduğu müddətdə onlarla çavuş və ya gizirə məxsus telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu dəfə N.Məmmədov 05 sentyabr 2021-ci il tarixdə, saat 21:43 radələrində istifadəsində olan (070) ***-**-** mobil nömrəsinə (099) ***- **-** mobil nömrədən zəng etmiş, həmin vaxt onunla danışmış, oğlu heç bir probleminin olmamasını demişdir. N.Məmmədov həmişə hərbi qulluqda olduğu yerdən razılıq etmiş, heç vaxt bununla bağlı narazılıq etməmişdir. N.Məmmədovun hərbi xidmətlə bağlı hər hansı problemi, çətinliyi olmamışdır. N.Məmmədov xidmət yerində ona qarşı qanunsuz hərəkətlər edilməsi, habelə döyülüb-incidilməsi, təhqir edilməklə şəxsiyyətinin alçaldılması, xidmət yerinin dəyişilməsini istəməsi barədə heç nə deməmişdir. N.Məmmədovun nə hərbi xidmətdən əvvəl, nə də hərbi xidmət dövründə ailəsi və ya başqa bir şəxslə heç bir problemi olmamışdır. Oğluna edilmiş nizamnamədən kənar hərəkətlər nəticəsində oğlu həyatdan məhrum olmuşdur. Oğluna qarşı edilmiş əməlləri bağışlamır və təqsirləndirilən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1, əsgər Şahid2, əsgər Şahid3 oğlu, əsgər X7 və əsgər Şahid5 eyni məzmunlu ifadələr verərək ifadələrində gəstərmişlər ki, 05 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi heyəti axşam yeməyinə düzmüş, N.Məmmədov yubanaraq, ən axırda sıraya çəkmədə gəlmişdir. N.Məmmədov çəkməsini dəyişməyə icazə alanda, Təqsirləndirilən şəxs ona iki dəqiqə vaxt verib gec gələcəyi təqdirdə sürünə-sürünə gələcəyini bildirmişdir. N.Məmmədov kazarmaya gedib çəkməsini soyunub geri qayıdıb, cərgəyə durmaq üçün icazə istəmiş və cərgənin baş tərəfində durmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əsgər N.Məmmədova yaxınlaşıb onun kitelinin yaxasından hər iki əli ilə tutub “bu zibili, ya da poxu düzəlt, sənə görə mənə niyə söz gəlməlidir” demiş, yaxasını qatlayıb hər iki əli ilə açıq vəziyyətdə sinəsindən vurub belə ütülə demiş və bu da N.Məmmədova pis təsir etmişdir. İş materiallarından görünür ki, 06 sentyabr 2021-ci il tarixdə məhkəmə-tibbi ekspertizası təyin edilib rəy alınmış, 06 sentyabr 2021-ci il tarixli, 03 nömrəli ekspert rəyində mərhum N.Ş.Məmmədovun meyitinin məhkəmə-tibbi müayinəsi zamanı «giriş dəliyi qaşarası nahiyədə, çıxış dəliyi başın təpə-ənsə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, üz skeleti və kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin bütün paylarının əzilib-dağılması ilə müşayiət olunan, öndən-arxaya, bir qədər yuxarıdanaşağıya və sağdan-sola istiqamətli başın bir ədəd dəlib-keçən yarası» xəsarətlərinin aşkar olunduğu, qeyd edilən xəsarətin həyati, mərhumun ölümündən az əvvəl patronun mis tərkibli mərmi (güllə) ilə doldurulmuş, odlu silahdan açılmış bir atəş nəticəsində törəndiyi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid olduğu, hazırki hadisədə ölüm ilə nəticələndiyi, tibbi-kriminalistik laboratoriyanın müayinə aktında dəri parçasının (qaşarası nahiyədən götürülmüş) üzərində olan yaranın odlu silah-güllə yaralanmasının giriş yarası olduğu, patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətdən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş nəticəsində törənməyə uyğun gəldiyi, yara kənarlarında tam büruzə olunan sıyrıq və çirklənmə həlqələrinin olmamasına görə, odlu silahın kalibri haqqında fikir söyləməyin mümkün olmadığı, çıxış yarası baş geyimi ilə örtülü nahiyə olduğundan odlu silahın kalibrinin təyinində hadisə vaxtı mərhumun əynində baş geyimi olmuşdursa, həmin paltarın kriminalistik tədqiqatının əhəmiyyət kəsb etdiyi, mərhum N.Ş.Məmmədovun ölümünə səbəb kəllə və üz skeleti sümüklərinin çoxqəlpəli və xətti, defektli sınıqları ilə müşayiət olunan baş beyinin geniş həcmdə əzilib dağılması olduğu, ilkin meyit əlamətlərinin inkişaf dinamikasına əsasən ölümün N.Ş.Məmmədovun xarici müayinəsindən 6-8 saat əvvəl baş verdiyi, mərhum N.Ş.Məmmədovun meyitinin xarici və daxili müayinəsinə, odlu silah-güllə yaralanmasının giriş dəliyinin yerləşdiyi nahiyəyə və xüsusiyyətlərinə, tibbi-kriminalistik müayinənin nəticələrinə əsasən hadisənin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, mərhum N.Ş.Məmmədovun məhkəmə-tibbi müayinəsi zamanı sağ baldırın aşağı 1/3-nin arxa səthində aşkar olunan sıyrığı – bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, müddətinin şəxsin ölümündən əvvəlki bir sutkaya qədər müddət ərzində törənməyə uyğun gəldiyi, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsinin təyin olunmadığı, ölümlə səbəbli əlaqəsinin olmadığı, bədən səthində digər hər hansı bir xəsarət və ya xəsarət izlərinin, o cümlədən əlbəyaxa mübarizəyə və zorakı öldürülməyə xarakterik xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, məhkəmə-kimyəvi müayinə aktına əsasən N.Ş.Məmmədovun meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtlərinin, baribur turşusu törəmələrinin, alkaloidlərin (həmçinin tiryək qrupunun), fenotiazin, pirazolon, 1.4 benzodiazepin törəmələrinin və salisilatların aşkar olunmadığı, məhkəmə-tibbi bioloji müayinə aktına əsasən N.Ş.Məmmədovun meyitinin düz bağırsaq möhtəviyyatından hopdurularaq götürülmüş tamponun məhkəmə-tibbi bioloji müayinəsi zamanı tampon üzərində (düz bağırsaqdan götürülmüş) spermatozoidlərin aşkar olunmadığı göstərilmişdir. Həmçinin 17 sentyabr 2021-ci ildə məhkəmə-ambulator psixiatrik ekspertizası təyin edilmiş, 27 sentyabr 2021-ci il tarixli, 84 №-li ekspert rəyində X5 nevrotik reaksiyanın müşahidə olunduğu, onda olan nevrotik reaksiyanın hərbi xidmət dövründə yarandığı, N.Ş.Məmmədovda olan nevrotik reaksiyanın onun 06 sentyabr 2021-ci il tarixdə avtomat silahdan atəş açaraq özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, N.Ş.Məmmədovda nevrotik reaksiyanın qərarın təsviri hissəsində göstərilən ona qarşı edilmiş qanunsuz hərəkətlər, psixi sarsıntı nəticəsində yarandığı, N.Ş.Məmmədovun özünü öldürərkən anlaqlı olduğu göstərilmişdir. Cinayət işi üzrə 01 oktyabr 2021-ci ildə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, 27 oktyabr 2021-ci il tarixli, 275 №-li ekspert rəyində X4 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen-depressiv reaksiya əlamətlərinin müşahidə olunduğu, X4 özünü öldürməzdən əvvəlki dövrdə biabır olma və qorxu ilə müşayiət olunan emosional gərginlik halını keçirdiyi, X4 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının baş çavuş X2 ona qarşı mütəmadi olaraq alçaldıcı sözlər işlətməsi, söyüşlə təhqir etməsi, istirahət saatlarında onu işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək onu incitməsi, gənc əsgərlərə pis nümunə kimi göstərməsi, hər balaca səhvinə görə onu təhqiramiz ifadələrlə çağırması, digər əsgər yoldaşlarının yanında söyülərək alçaldılması və bezdirilməsi, həmçinin zastavaya gələn yoxlama barədə zastava növbətçisinə məlumat vermədiyi üçün, xidməti saatı qurtardıqdan sonra əsgər yoldaşlarının və zastavaya gələn yeni əsgərlərin qarşısında yenidən təhqir olunacağını, əsgərlərə pis nümunə kimi göstəriləcəyini, xidmətindəki səhvə görə daha ağır cəza alacağını yəqin etməsi ilə səbəblinəticə əlaqəsində olduğunu, X4 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının Təqsirləndirilən şəxs hərəkətləri, eləcə də onun hərbi xidmətə münasibəti, hərbi xidmətin çətinlikləri ilə səbəbli-nəticə əlaqəsində olmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 noyabr 2021-ci ildə komisyon məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, 22 noyabr 2021-ci il tarixli,11/430 №-li ekspert rəyində X4 fərdi-psixoloji xüsusiyyətlərinin içərisində üstünlük təşkil edən “sakit”, “mülayim”, “başı aşağı”, “içinə qapanıq”, “fağır”, “utancaq” və “çəkingən” kimi əlamətlərin onun ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür edə biləcəyini, X4 ölümündən bilavasitə əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olduğu, X4 ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halında olmasının onun qarşılaşdığı şəraitlə - 2021-ci ilin avqust ayının əvvəllərindən başlayaraq 15-ci sərhəd zastavasında təminat qrup komandiri vəzifəsində xidmət edən baş çavuş X2 müxtəlif vaxtlarda şəxsi heyət qarşısında “şəxsiyyətsiz”, “şərəfsiz”, “pasyak”, “heyvan” kimi nalayiq ifadələr işlədərək onu təhqir etməsi, istirahət saatlarında belə onu işlətməsi, təmiz olan yerləri yenidən təmizlədərək onu incitməsi, günün isti vaxtlarında ərazidə işlər görülməməsi barədə tapşırıq verilməsinə baxmayaraq onu idman şəhərciyində işlətməsi, əsgərlərin saçları qırxılan zaman onun saçını alayarımçıq qırxaraq ələ salıb gülməsi, zastavaya yeni təyin olunmuş gənc əsgərlərə pis nümunə kimi göstərməsi, gənc əsgərlərin qarşısında onu hörmətdən, nüfuzdan salması, onu “zastavaya ziyan verən əsgər” adlandırması, baş çavuş X2 ona qarşı etdiyi hərəkətlərdən bezdiyi üçün zastavaya gələcək yoxlamaya məruzə etmək istəməsi, lakin hadisədən bir neçə dəqiqə əvvəl zastavaya gələn yoxlama heyətinin gəldiyini görmədiyindən rabitəçiyə məruzə edə bilməməsi, müşahidə qülləsində zastava gözətçisi xidmət yerini tərk etdiyindən ona irad bildiriləcəyini, cəza alacağını, yoxlama getdikdən sonra yenə də əvvəlki qaydada şəxsi heyətin qarşısında təhqir olunacağını yəqin etməsi ilə səbəbli-nəticə əlaqəsində olduğu, X4 ölümündən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının kiçik çavuş Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu hərəkətlərlə birbaşa səbəblinəticə əlaqəsində olmadığı, X4 özünü öldürməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının yaranmasının onun hərbi xidmətə münasibəti və sərhəd zastavasında xidmətin çətin olması ilə şərtlənmədiyi göstərilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmişdir ki, bu hal məhkəmə istintaqı zamanı şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbi pozulmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə, təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası DİN-nin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün hec bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını – törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs aid xidməti vərəqədən, çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində həvəsləndirilməmiş və cəzalandırılmamışdır Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsinə zərurət yoxdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam və hərbi xidmətə yararlı olduğu qərarına gəlmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İşdə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəsini alanadək onun barəsində həbs növündə qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından həbs olunmalıdır. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onu həbsə alındığı 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində 10 sentyabr 2021-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs olunsun. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, hüququ olan şəxslər tərəfindən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə ona təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədr Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar