Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-32/2022 14.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: XXXXXX katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2004-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 04 aprel 2022-ci il tarixdə SHXÇDX-nin Ağcabədi rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, hal-hazırda “Naxçıvan” X1 çevik əməliyyat taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasında tuşlayıcı-operator vəzifəsində xidmət edən, 03 oktyabr 2022-ci il tarixində barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, “Naxçıvan” X1 çevik əməliyyat taborunun mexanikləşdirilmiş bölüyünün 1ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasında tuşlayıcı-operator vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 30 avqust 2022-ci il tarixdə özünü narahat hiss etmiş, hərarəti olduğundan baş leytenant Rahib Seyidov tərəfindən diviziyanın tibb məntəqəsinə göndərilmiş, tibb məntəqəsində müayinə olunduqdan sonra stasionar müalicəyə qəbul olunmuş, bir gün sonra onunla eyni taborda xidmət edən əsgər Zərərçəkmiş şəxs də hərarəti yüksək olduğundan o da tibb məntəqəsinə qəbul olunmuş, Zərərçəkmiş şəxslə eyni taborda xidmət etdiyindən onu əvvəlcədən tanımış, dostluq münasibətlərində olduğundan tibb məntəqəsində olarkən onunla birlikdə vaxt keçirmişlər. 02 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində tibb məntəqəsinin yeməkxanasında olarkən o, əsgər Zərərçəkmiş şəxs zarafatla “əclaf”, “şərəfsiz” demiş, bu zaman Zərərçəkmiş şəxs ona heç nə deməmiş, həmin vaxt aralarında hər hansı bir mübahisə olmamışdır. Lakin həmin gün saat 10:30 radələrində tibb məntəqəsinin qarşısında Zərərçəkmiş şəxslə söhbət edərkən tibb məntəqəsinin yeməkxanasında baş verən hadisə ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ondan nəyə görə yeməkxanada söyüş söydüyünü soruşmuş, ona qarşı bir də elə söyüş söyməməyini tələb etmiş, əl-qol hərəkətləri edərək “bundan sonra mənimlə zarafat etmə, mənimlə zarafat edən pox yeyər” demiş, “poxu sən yeyirsən” deyə o, Zərərçəkmiş şəxs cavab vermiş, bundan sonra Zərərçəkmiş şəxs yenə də əl-qol hərəkətləri ilə danışdığından, o, Zərərçəkmiş şəxs “əlini sal aşağı, yoxsa səni vuraram” demiş, Zərərçəkmiş şəxs “sən məni vura bilmərsən” cavabını verdikdə isə bundan əsəbləşib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub başı ilə onun burun nahiyəsindən bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “burun sümüyünün açıq, yerdəyişmiş xətti sınığı” ilə müşayiət olunan xəsarət yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində “Naxçıvan” X1 çevik əməliyyat taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasında tuşlayıcı-operator vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 30 avqust 2022-ci il tarixdə özünü narahat hiss etdiyini, səhhətində narahatçılıq olduğunu, hərarətinin olduğunu, bu səbəbdən də bölük komandiri əvəzi baş leytenant Rahib Seyidova müraciət etdiyini, Rahib Seyidovun onu hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, tibb məntəqəsində müayinə olunduqdan sonra stasionar müalicəyə qəbul olunduğunu, bir gün sonra onunla eyni taborda xidmət edən əsgər Zərərçəkmiş şəxs də hərarəti yüksək olduğundan tibb məntəqəsinə qəbul olunduğunu, Zərərçəkmiş şəxslə eyni taborda xidmət etdiyindən onu əvvəlcədən tanıdığını, dostluq münasibətlərində olduğunu, tibb məntəqəsində olarkən də birlikdə vaxt keçirdiklərini, 02 sentyabr 2022-ci ildə saat 08 radələrində tibb məntəqəsində səhər yeməyi yemək üçün məntəqənin yeməkxanasına getdiyini, əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid4 ilə eyni masada oturduqlarını, Zərərçəkmiş şəxslə söhbət edib zarafatlaşdığını, bu vaxt zaraftla Zərərçəkmiş şəxs “əclaf neynirsən?” dediyini, onun cavab vermədiyini, daha sonra ona zarafatla “şərəfsiz” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs ona yenə də heç nə demədiyini, aralarında hər hansı mübahisə olmadığını, normal qaydada səhər yeməyini bitirib palataya qayıtdıqlarını, həmin gün hər ikisinin müalicəsi başa çatdığından saat 10 radələrində tibb məntəqəsində çıxışlarını verib onlara saat 11 radələrində bölmələrinə göndəriləcəklərini dediklərini, daha sonra tibb məntəqəsinin rəisi kapitan Şahid3 ona, əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid1 tibb məntəqəsinin qarşısında təmizlik işləri görmələrini tapşırdığını, Zərərçəkmiş şəxslə birlikdə tibb məntəqəsinin qarşısını süpürdükdən sonra saat 10:30 radələridə oradakı qazonun yanındakı bardiorun üzərində oturub siqaret çəkdiklərini, bu vaxt Zərərçəkmiş şəxs ona “sən niyə yeməkxanada mənə söyüş söydün?” dediyini, onun da “əclaf sözünü deyirsən?” dediyini, Zərərçəkmiş şəxs “başqa söyüş söymədin?” dediyini, onun da “şərəfsiz sözünü deyirsən?” dediyini, Zərərçəkmiş şəxs ona “bir də mənə elə söyüş söymə” dediyini, onun da “pis sözdü ki?” deyə soruşduğunu, Zərərçəkmiş şəxs “bilmirsən güya pis söz olduğunu?” dediyini, onun da Zərərçəkmiş şəxs “sən də yaman ciddisən” dediyini, bu vaxt Zərərçəkmiş şəxs oturduğu yerdən durub əl-qol hərəkətləri edərək “bundan sonra mənimlə zarafat etmə, mənimlə zarafat edən pox yeyər” dediyini, “poxu sən yeyirsən” deyə cavab verdiyini, bundan sonra Zərərçəkmiş şəxs yenə də əl-qol hərəkətləri ilə danışaraq, ona “sənə deyirəm mənimlə zarafat etmə” dediyini, qarşılığında isə özünün Zərərçəkmiş şəxs “əlini sal aşağı, yoxsa səni vuraram” dediyini, Rəvanın “sən məni vura bilmərsən” dediyini, bundan sonra əsəbləşib hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub başı ilə onun burunundan bir zərbə vurduğunu, onun burnundan qan gəlməyə başladığını, qazonun içindəki otlaq sahədə oturduğunu, ona su gətirməsini dediyini, tez gedib ərazini sulamaq üçün olan su şlanqını gətirdiyini, əl-üzünü yusun deyə Zərərçəkmiş şəxs tutduğunu, onun əl-üzünü yuduqdan sonra əynindəki qara rəngli qısaqol köynəyini çıxarıb burununa tutduğunu, həmin vaxt ərazini təmizləməyə ayrılmış əsgər Şahid1 onların yanına gəldiyini, Zərərçəkmiş şəxs burnunun qanadığını görüncə nə olduğunu soruşduğunu, “heç nə olmayıb” dediklərini, Zərərçəkmiş şəxs əynində olan qısaqol köynəyini çıxardığından yaxınlıqda olan leytenant Şahid2 onu görüb köynəyini geyinməsini dediyini, daha sonra onların yanına gəldiyini, Zərərçəkmiş şəxs burnunun qanadığını görüb tez onu tibb məntəqəsinə apardığını, orada Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərildikdən sonra onun müayinə olunmaq üçün 205 nömrəli hərbi hospitala aparıldığını, günorta saatlarında vurduğu baş zərbəsinin təsirindən Zərərçəkmiş şəxs burununun qırılmasını öyrəndiyini bildirmişdir. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində “Naxçıvan” X1 Çevik əməliyyat taborunun 3-cü çevik əməliyyat bölüyünün 1-ci əməliyyat qrupunun kəşfiyatçı-rabitəçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 31 avqust 2022-ci ildə saat 06 radələrində park naryadı xidmətində olduğu zaman özünü narahat hiss etdiyini, üşüdüyünü, növbəni təhvil verdikdən sonra tabor üzrə cavabdehə narahat olduğunu dediyini, tibb məntəqəsinə göndərildiyini, orada ona tibbi yardım göstərdikdən sonra stasionar müalicəyə qəbul etdiklərini, 02 sentyabr 2022-ci ilədək tibb məntəqəsində müalicə olunduğunu, orada olarkən əsgər Təqsirləndirilən şəxs da tibb məntəqəsində müalicə olunduğunu, 02 sentyabr 2022-ci ildə saat 08:00-da tibb məntəqəsinin yeməkxanasında səhər yeməyi yediyini, əsgər Təqsirləndirilən şəxs və əsgər Şahid4 ilə eyni masada oturduğunu, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığından yemək yeyərkən öz aralarında söhbət etdiklərini, bu vaxt Təqsirləndirilən şəxs ona “əclaf”, “şərfsiz” dediyini, yeməkxanada səsküy olmasından ehtiyat etdiyi üçün özünün ona cavab vermədiyini, həmin vaxt aralarında hər hansı mübahisə olmadığını, lakin həmin gün təqribən saat 10:30 radələrində tibb məntəqəsinin rəisi kapitan Şahid3 tapşırığına əsasən əsgər Təqsirləndirilən şəxsla birlikdə tibb məntəqəsin qabağında olan qazonun ətrafını süpürdükdən sonra, bir yerdə oturub siqaret çəkdiklərini, bu vaxt Təqsirləndirilən şəxs “sən yeməkxanada mənə söyüş söydün?” dediyini, onun da “əclaf sözünü deyirsən?” deyə cavab verdiyini, “başqa söyüş söymədin?” dediyini, Təqsirləndirilən şəxs da “şərəfsiz sözünü deyirsən?” deyə soruşduğunu, “hə, bir də mənə bu cür söyüş söymə” dediyini, Təqsirləndirilən şəxs da “pis sözdü ki, o?” deyə soruşduğunu, “bilmirsən güya pis söz olduğunu?” dediyini, Təqsirləndirilən şəxs da “sən də yaman ciddisən” dediyini, əsəbləşib əl-qol hərəkətləri edərək Təqsirləndirilən şəxs “bir də mənlə elə zarafat etmə, mənimlə zarafat edən pox yeyər” dediyini, Təqsirləndirilən şəxs da “poxu sən yeyirsən, əlini sal aşağı, əlini aşağı salmasan səni vuracam” dediyini, ona “məni vura bilmərsən” deyə cavab verdiyini, bu vaxt Təqsirləndirilən şəxs hər iki əli ilə onun boğaz nahiyəsindən tutaraq başı ilə sifət nahiyəsindən bir zərbə vurduğunu, Təqsirləndirilən şəxs alın nahiyəsinin onun burun nahiyəsinə dəydiyini, burunundan qan açıldığını, möhkəm ağrı hiss etdiyini, yerdə oturduğunu, Təqsirləndirilən şəxs “su gətir əl-üzümü yuyum” dediyini, Təqsirləndirilən şəxs da ağacları suladıqlar şlanqı gətirib burnunu yuması üçün tutduğunu, həmin vaxt əynində olan qısaqol qara köynəyi çıxarıb burnuna tutduğundan yaxınlıqda olan leytenant Şahid2 ona “formanı niyə çıxarmısan geyin əyninə əsgər” dediyini, köynəyi geyinərkən leytenant Şahid2 onların yanına gəldiyini, burnunun qanadığını görüncə onu tibi məntəqəsinə apardığını, kapitan Şahid3 Təqsirləndirilən şəxs başı ilə burnundan vurub ona xəsarət yetirməsini dediyini, bundan sonra ona ilk tibbi yardım göstərib müayinə olunmağı üçün 205 nömrəli hərbi hospitala göndərdiklərini, hərbi hospitalda müayinə zamanı həkimlərin onun burun sümüyünün sındığını dediklərini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, əsgər Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş “Naxçıvan” X1 4-cü sərhəd komendantlığında xidmət edən əsgər Şahid1 ifadəsində 2022-ci ilin avqust ayının sonlarından 02 sentyabr 2022-ci ilədək “Naxçıvan” X1 Tibb məntəqəsində stasionar müalicə olunduğunu, 02 sentyabr 2022-ci ildə təxminən saat 10 radələrində tibb məntəqəsinin rəisi kapitan Şahid3 ona, əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tibb məntəqəsinin önündə təmizlik işləri aparmalarını tapşırdığını, saat 10:30 radələrində işlərini bitirdiklərini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tibb məntəqəsinin önündə olan qazonun yanındakı bardiorun üzərində oturduqlarını, siqaret çəkdiklərini, onlardan bir az kənarda olan su borusundan su içməyə tərəf gedəndə onların öz aralarında söhbət etdiklərini, onların nə söhbət etmələrinə fikir vermədiyini, su içərkən arxa tərəfdən nəsə səs gəlməsini eşitdiyini, geriyə dönüb baxdıqda Zərərçəkmiş şəxs burnunu tutub yerdə oturmasını gördüyünü, onların yanına getdiyini, Zərərçəkmiş şəxs burnunun qanadığını, nə olduğunu soruşduqda “heç nə olmayıb, sakit ol” dediklərini, sonra bir nəfər leytenant rütbəsində olan zabitin onların yanına gəldiyini, Zərərçəkmiş şəxs tibb məntəqəsinə apardığını, tibb məntəqəsində olarkən Təqsirləndirilən şəxs başı ilə Zərərçəkmiş şəxs burnundan vurub ona xəsarət yetirməsini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş “Naxçıvan” X1 Çevik əməliyyat bölüyünün atıcı-operatoru vəzifəsində xidmət edən əsgər Şahid4 ifadəsində 31 avqust 2022-ci il tarixdə hərarəti olduğunu və bu səbəbdən də həmin tarixdən etibarən “Naxçıvan” X1 Tibb məntəqəsində stasionar müalicəyə qəbul olunduğunu, tibb məntəqəsində müalicə olunarkən onunla eyni taborda xidmət edən əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs də tibb məntəqəsində müalicə aldıqlarını, 02 sentyabr 2022-ci ildə əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxslə birlikdə səhər yeməyi vaxtı tibb məntəqəsinin yeməkxanasında birlikdə yemək yediklərini, bu zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs öz aralarında söhbət etdiklərini, onların söhbətlərinə fikir vermədiyini, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs gülə-gülə “əclaf” və “şərəfsiz” sözlərini deməsini eşitdiyini, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cavab vermədiyini, onların arasında hər hansı başqa söhbət və ya mübahisə olmadığını, həmin gün tibb məntəqəsində olarkən səhər saatlarında əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs mübahisə etdiklərini və əsgər Təqsirləndirilən şəxs başı ilə zərbə endirərək əsgər Zərərçəkmiş şəxs burnunu qırdığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş “Naxçıvan” X1 Çevik əməliyyat taborunun 2-ci çevik əməliyyat bölüyünün komandiri vəzifəsində xidmət edən leytenant Şahid2 ifadəsində 2022-ci ilin avqust ayının sonlarında “Naxçıvan” X1 Tibb məntəqəsində stasionar müalicəyə qəbul olunduğunu, 02 sentyabr 2022-ci ildə saat 10 radələrində tibb məntəqəsində dərmanlarını qəbul etdikdən sonra hava almaq üçün çölə çıxdığını, saat 10:30 radələrində tibb məntəqəsinin kurilkasında siqaret çəkən zaman tibb məntəqəsinin qarşısındakı qazonda iki nəfər əsgərin olmasını gördüyünü, həmin əsgərlərdən birinin əynində olan qara rəngli qısaqol köynəyini çıxardığını, hava sərin olduğundan ucadan həmin əsgərə səslənib köynəyini geyinməsini dediyini, daha sonra həmin əsgərlərin yanına getdiyini, oraya çatanda köynəyini çıxaran əsgərin əsgər Zərərçəkmiş şəxs, digər əsgərin isə Təqsirləndirilən şəxs olduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını gördüyünü, Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün dərhal onu tibb məntəqəsinə apararaq, həkimə təhvil verdiyini və sonra dişini çəkdirməyə getdiyini, bundan sonra heç nədən xəbərinin olmadığını, lakin daha sonra tibb məntəqəsində əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs səhər saatlarında mübahisə etdiklərini və əsgər Təqsirləndirilən şəxs başı ilə vuraraq əsgər Zərərçəkmiş şəxs burnunu qırdığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş “Naxçıvan” X1 Tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən kapitan Şahid3 ifadəsində 2022-ci ilin avqust ayının sonlarında əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda hərarətləri olduğundan tibb məntəqəsində stasionar müalicəyə qəbul olunduqlarını, 02 sentyabr 2022-ci ildə onlar sağaldığından hərbi hissənin tibb məntəqəsindən çıxışlarının verildiyini, həmin gün saat 10 radələrində hər iki əsgərə tibb məntəqəsinin ərazisində təmizlik işləri görmələrini tapşırdığını, təxminən saat 10:30 radələrində tibb məntəqəsində müalicə olunan leytenant Şahid2 əsgər Zərərçəkmiş şəxs yanına gətirdiyini, həmin vaxt onun burnunun qanadığını, dərhal onu prosedur otağına aparıb, ilk tibbi yardım göstərdiyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs nə olmasını, burnunun niyə qanadığını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs ərazidə təmizlik işləri görərkən əsgər Təqsirləndirilən şəxsla mübahisə etdiyini və Təqsirləndirilən şəxs başı ilə onun burun nahiyəsindən bir zərbə vurduğunu dediyini, dərhal bu barədə aidiyyəti üzrə məruzə etdikdən sonra əsgər Zərərçəkmiş şəxs daha ixtisaslı müayinə və müalicə olunması üçün 205 nömrəli hərbi hospitala göndərdiyini, günorta saatlarında əsgər Zərərçəkmiş şəxs hərbi hospitalda rentgen müayinəsindən keçirildiyini və burun sümüyünün qırıldığını öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). X2 “Məhkəmə-Tibbi Ekspertizası”nın 09 sentyabr 2022-ci il tarixli 201 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“burun sümüyünün açıq, yerdəyişmiş, xətti sınığı”-bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törənməyə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v İ cild 33). “Naxçıvan” X3 komandirinin 05 aprel 2022-ci il tarixli, 078 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, çağırışçı Təqsirləndirilən şəxs və çağırışçı Zərərçəkmiş şəxs Qobustan toplanış məntəqəsindən gəldikləri üçün həmin tarixdən “Naxçıvan” X1 şəxsi heyətinin siyahısına daxil edilmiş, təminatın bütün növləri ilə təmin olunmuş, “əsgər” hərbi rütbəsi verilməklə Təlim-tədris mərkəzinə müdavim vəzifəsinə təyin edilmişlər (i.v İ cild 18, 21). “Naxçıvan” X3 komandirinin 31 may 2022-ci il tarixli, 0125 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, X1 Təlim-tədris bazasında təlim prosesi başa çatdığından 31 may 2022-ci il tarixdən Təlim-tədris mərkəzindən əsgər Təqsirləndirilən şəxs- Çevik hərəkət taborununun 2-ci hərəkət bölüyünə snayper vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə Çevik hərəkət taborununun 2-ci hərəkət bölüyünə atıcı vəzifəsinə təyin edilmişlər (i.v İ cild 19, 22). “Naxçıvan” X3 komandirinin 21 iyul 2022-ci il tarixli, 0169 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, Təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq 20 iyul 2022-ci il tarixdən etibarən əsgər Təqsirləndirilən şəxs çevik hərəkət taborununun 2-ci hərəkət bölüyünün snayperi vəzifəsindən azad olunaraq, Çevik əməliyyat taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasında tuşlayıcı-operator vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs isə Çevik hərəkət taborununun 2-ci hərəkət bölüyünün atıcı vəzifəsindən azad olunaraq, Çevik əməliyyat taborunun 3-cü çevik əməliyyat bölüyü 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-rabitəçisi vəzifəsinə təyin edilmişlər (i.v İ cild 20, 23). “Naxçıvan” X3 tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 51 №-li arayışda əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir (i.v İ cild 26). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 67). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 19 sentyabr 2022-ci il tarixli, 1101 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 35). “Naxçıvan” X3 tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir (i.v İ cild 15). “Qətimkan tədbirinin seçilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 109-110). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 332.2.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs “Naxçıvan” X1 çevik əməliyyat taborunun mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci mexanikləşdirilmiş manqasında tuşlayıcı-operator vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 02 sentyabr 2022-ci il tarixdə saat 08 radələrində Naxçıvan” X1 tibb məntəqəsinin yeməkxanasında əsgər Zərərçəkmiş şəxs zarafatla “əclaf”, “şərəfsiz” demiş, bu zaman Zərərçəkmiş şəxs ona heç nə deməmiş, həmin vaxt aralarında hər hansı bir mübahisə olmamışdır. Lakin həmin gün saat 10:30 radələrində tibb məntəqəsinin qarşısında Zərərçəkmiş şəxslə söhbət edərkən tibb məntəqəsinin yeməkxanasında baş verən hadisə ilə bağlı aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs ondan nəyə görə yeməkxanada söyüş söydüyünü soruşmuş, ona qarşı bir də elə söyüş söyməməyini tələb etmiş, əl-qol hərəkətləri edərək “bundan sonra mənimlə zarafat etmə, mənimlə zarafat edən pox yeyər” demiş, “poxu sən yeyirsən” deyə o, Zərərçəkmiş şəxs cavab vermiş, bundan sonra Zərərçəkmiş şəxs yenə də əl-qol hərəkətləri ilə danışdığından, o, Zərərçəkmiş şəxs “əlini sal aşağı, yoxsa səni vuraram” demiş, Zərərçəkmiş şəxs “sən məni vura bilmərsən” cavabını verdikdə isə bundan əsəbləşib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərini kobud surətdə pozaraq hər iki əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub başı ilə onun burun nahiyəsindən bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid “burun sümüyünün açıq, yerdəyişmiş xətti sınığı” ilə müşayiət olunan xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurma) mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin 06 sentyabr 2022-ci il tarixli tələbnaməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni beş il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəza növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli, sabit kriminal meyilli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələbə cavab verir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 03 oktyabr 2022-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi “Naxçıvan” X1 komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi “Naxçıvan” X1 komandanlığına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-32/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-32/2022
14.11.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver