Məhkəmə qərarları › İş №1-1(092)-35/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-35/2022

20.12.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-35/2022 20.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2003-cü ildə Kəngərli rayonunun Şahtaxtı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Kəngərli rayonunun Şahtaxtı kəndində qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissədə xidmət edən, barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 4-cü taborun, 13-cü bölüyünün, 3-cü taqımının, 3-cü manqasında qumbaraatan vəzifəsində xidmət etdiyini, 07 sentyabr 2022-ci ildə saat 08 radələrində “Qoqi-2” mövqeyində yerləşən əsgər yataqxanasında təmizlik işləri görərkən işlərini qurtarmamış üzünü qırxmağa getmək istəməsi səbəbindən tabelik münasibətlərində olmayan, onunla eyni mövqedə xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində onu sinəsindən itələmiş, bu səbəbdən manqa komandiri MAHHXHQ əsgər Şahid1 onları aralarında baş vermiş mübahisəni taqım komandiri baş leytenant Şahid2 məruzə etmələri üçün taqımın yerləşdiyi əraziyə göndərmiş, oraya gedərkən yolda saat 08:10 radələrində Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən öz hərəkətlərini davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruq zərbəsi vurub hər iki əli ilə yaxasından tutaraq yerə yıxdıqdan sonra sol göz nahiyəsindən yumruq zərbəsi vurmaqla ona “sol gözün üst qapağının və sağ gözaltı nahiyənin qançırları, burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarətini yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, 07 sentyabr 2022-ci ildə saat 06:00-dan 08:00-dək 3-cü manqanın xidmət apardığı “Qoqi-2 postunun müşahidə məntəqəsində döyüş növbətçiliyi xidmətini apardığını, onunla birlikdə əsgər Zərərçəkmiş şəxs da döyüş növbəsində olduğunu, saat 08 radələrində dəyişdirici əsgər Şahid3 yeni növbəni gətirib postu dəyişdirdiyini, bundan sonra mövqenin yataqxanasına gedib silah-sursatı təhvil verdiklərini, post böyüyü MAHHXHQ əsgər Şahid1 ona və əsgər Zərərçəkmiş şəxs yataqxanada təmizlik işləri görüb səliqə-səhman yaratmalarını tapşırdığını, bundan sonra içəridə təmizlik işlərinə başladıqlarını, bir az sonra Zərərçəkmiş şəxs “gedirəm üzümü qırxam” dediyini, Zərərçəkmiş şəxs da ona dəsmalları səliqəyə saldıqdan sonra getməsini dediyini, Zərərçəkmiş şəxs dəsmalları özünün səliqəyə salmasını dediyini, bu vaxt Zərərçəkmiş şəxs qışqıraraq dəsmalları səliqəyə salmayacağını bildirdiyini, yataqxananın qapısının yanında dayandıqlarını, Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs da onun sinəsindən bir yumruq zərbəsi vurduğunu, səs-küylərini eşidən Şahid1 yanlarına gəldiyini, nəyə görə mübahisə etmələrini soruşduğunu, Zərərçəkmiş şəxs da ona aralarında olanları danışdığını, Şahid1 rabitə ilə taqım komandiri baş leytenant Şahid2 məruzə etdiyini, bundan sonra taqımın xidmət apardığı mövqeyə gedib baş leytenant Şahid2 təqdim olunmalarını tapşırdığını, təxminən saat 08:10 radələrində mövqedən çıxıb həmin yerə yollandıqlarını, mövqedən bir az aralandıqdan sonra Zərərçəkmiş şəxs ona “sənə görə zibilə keçdim” dediyini, onun da, “mənə görə yox, sənə görə zibilə keçdik” deyə cavab verdiyini, bundan sonra Zərərçəkmiş şəxs ona “əgər mənə nəsə etsələr, sənin varyoxunu belə-belə edəcəyəm” dediyini, Zərərçəkmiş şəxs söyüş söyməsindən əsəbiləşib sağ əli ilə onun burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, daha sonra iki əli ilə yaxasından yapışdığını, Zərərçəkmiş şəxs yerə yıxdığını, yerdə olarkən sol göz nahiyəsindən bir yumruq zərbəsi daha vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs burununun qanadığını görüb ayağa durduğunu, Zərərçəkmiş şəxs da ayağa durduğunu, mövqeyə qayıdıb yataqxananın yan tərəfində olan su qabını götürüb Zərərçəkmiş şəxs yanına gəldiyini, Zərərçəkmiş şəxs əl-üzünü və burnunu yuduğunu, burnunun qanı dayandıqdan sonra birlikdə taqım komandiri baş leytenant Şahid2 təqdim olunduqlarını, əvvəlcə ona aralarında sözlü mübahisə olmasını dediklərini, lakin Zərərçəkmiş şəxs üzündə xəsarət olduğundan Şahid2 onların savaşdıqlarını, düzünü danışmalarını dediyini, bundan sonra baş verənləri ona danışdıqlarını, Şahid2 onları hərbi hissəyə göndərdiyini, Zərərçəkmiş şəxs müayinə olunmaq üçün 205 nömrəli hərbi hospitala aparıldığını, vurduğu yumruq zərbələrinin təsirindən Zərərçəkmiş şəxs “sol gözün üst qapağının və sağ gözaltı nahiyənin qançırları, burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” diaqnozlu yüngül xəsarət aldığını, sonradan Zərərçəkmiş şəxs üzr istəyib, etdiyi əməldən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 07 sentyabr 2022-ci ildə əsgər Təqsirləndirilən şəxs ilə birlikdə saat 06:00-dan 08:00-dək postun müşahidə məntəqəsində xidmətə təyin olunduqlarını, saat 08 radələrində növbəni təhvil verib yataqxanaya gəldiklərini, silahsursatı təhvil verdikdən sonra yataqxanada təmizlik işləri görməyə başladıqlarını, bir az sonra Təqsirləndirilən şəxs “mən gedirəm üzümü qırxmağa” dediyini, işlərini tam qurtarmadığı üçün ona getməməsini, dəsmalları səliqəyə salıb qurtardıqdan sonra getməsini dediyini, Təqsirləndirilən şəxs da üç ədəd dəsmal qaldığını, onları da onun düzəltməyini dediyini, əsəbiləşərək qışqırıb ona dəsmalları düzəltməyəcəyini bildirdiyini, bundan sonra yataqxananın qapısının yanında olan Təqsirləndirilən şəxs onu sinəsindən geriyə doğru itələdiyini, onun da Təqsirləndirilən şəxs sinəsindən bir yumruq zərbəsi vurduğunu, bu vaxt onların səsini eşidən manqa komandiri MAHHXHQ əsgər Şahid1 oraya gəlib nəyə görə mübahisə etdiklərini soruşduğunu, ona olanları danışdıqlarını, onun da taqım komandiri baş leytenant Şahid2 məruzə etdikdən sonra onlara “gedin taqım mərkəzinə və Şahid2 məruzə edin” dediyini, bundan sonra Təqsirləndirilən şəxsla yataqxanadan çıxıb taqımın yerləşdiyi əraziyə yollandıqlarını, təxminən saat 08:10 radələrində mövqedən 150 metr uzaqlaşdıqlarını, bu vaxt Təqsirləndirilən şəxs “sənə görə zibilə keçdim” dediyini, onun da “mənə görə yox, sənə görə zibilə keçdik” dediyini, bundan sonra əsəbi olduğu üçün Təqsirləndirilən şəxs “əgər mənə nəsə etsələr, sənin var yoxunu belə-belə edəcəyəm” deyib nalayiq ifadə işlətdiyini, həmin nalayiq ifadəni işlədən kimi Təqsirləndirilən şəxs onun burnundan bir yumruq zərbəsi vurduğunu, burnunun qanamağa başladığını, daha sonra hər iki əli ilə yaxasından tutduğunu, onun da Təqsirləndirilən şəxs yaxasından tutduğunu, Təqsirləndirilən şəxs onu yerə yıxdığını, yerdə olarkən sol göz nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs kənara çəkildiyini, onun da ayağa durduğunu, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmadığını, onun da Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq etmədiyini, Təqsirləndirilən şəxs gedib su gətirdiyini, burnunu yuduqdan sonra birlikdə taqımın dayaq məntəqəsinə getdiklərini, baş leytenant Şahid2 təqdim olunduqlarını, Şahid2 mübahisə etmələrini dediklərini, Şahid2 onun üzündə və burnunda olan xəsarəti görüb dalaşdıqlarını dediyini, ona aralarında olan mübahisəni və dalaşdıqlarını bildirdiklərini, bundan sonra Şahid2 onlara irad tutub baş verənləri aidiyyəti üzrə məruzə etdikdən sonra onu müayinə olunmağı üçün hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, daha sonra 205 nömrəli hərbi hospitala aparılıb rentgen müayinəsi edilən zaman Təqsirləndirilən şəxs vurduğu zərbələrin təsirindən burnunun qırıldığını öyrəndiyini, sonradan Təqsirləndirilən şəxs ondan üzr istəyib etdiyi əməldən peşman olduğunu bildirdiyini, onun da Təqsirləndirilən şəxs bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 07 sentyabr 2022-ci ildə şərti adı “Qoqi dayaq” olan mövqedə olduğunu, saat 08 radələrində 3-cü manqanın post böyüyü MAHHXHQ əsgər Şahid1 rabitə ilə onunla əlaqə saxlayıb həmin mövqedə xidmət edən əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini bildirdiyini, ona əsgərlərlə söhbət edib irad tutmağı üçün yanına göndərməsini tapşırdığını, təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun yanına gəldiklərini, Zərərçəkmiş şəxs üzündə sıyrıqlar olduğunu, sol gözünün də şişməsini gördüyünü, onlardan nə baş verdiyini soruşub aydınlaşdırdığını, sonra yuxarı komandanlığa məruzə edib onları hərbi hissəyə göndərdiyini, Təqsirləndirilən şəxs nizamintizamlı, vəzifə borclarını layiqincə bilən, hərbi işi vicdanla öyrənmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirən, ona təhkim olunmuş hərbi sursatı saz və döyüşə hazır vəziyyətdə saxlamış, verilən tapşırıqları layiqincə yerinə yetirən, bu hadisəyədək heç bir intizam pozuntusu olmayan əsgər olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 07 sentyabr 2022-ci ildə saat 08 radələrində baş atıcı olduğu üçün dəyişdirici vəzifəsini yerinə yetirdiyindən növbəni hazırlayıb müşahidə məntəqəsinə getdiyini, postda olan əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dəyişdirib yataqxanaya gətirdiyini, onların silahsursatını təhvil verdikdən sonra yataqxanada təmizlik işləri görməyə başladıqlarını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yataqxanada olarkən odun gətirmək üçün postun odun damına getdiyini, yataqxanaya qayıdan zaman manqa komandiri əsgər Şahid1 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs irad tutmasını gördüyünü, onların təmizlik işləri görərkən mübahisə etmələrini öyrəndiyini, Şahid1 hər iki əsgərə “Qoqi dayaq” şərti adlı mövqeyə gedib taqım komandiri baş leytenant Şahid2 məruzə etmələrini dediyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mövqeyə yollandıqlarını, təxminən 20 dəqiqə sonra taqım komandiri Şahid2 rabitə ilə Şahid1 Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs savaşdıqlarını dediyini, sonradan onlarla söhbət edərkən yataqxanada təmizlik işləri görən zaman Təqsirləndirilən şəxs işləri yarımçıq qoyub üzünü qırxmağa getmək istədiyi üçün Zərərçəkmiş şəxsla aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs sinəsindən bir yumruq zərbəsi vurduğunu, yolda olarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “əgər mənə nəsə etsələr, sənin var-yoxunu belə-belə edəcəyəm” deyərək ona qarşı nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs da bir yumruq zərbəsi Zərərçəkmiş şəxs burnundan, bir yumruq zərbəsi də sol göz nahiyəsindən vurduğunu dediklərini göstərmişdir. Şahid1 xx.xx.2022-ci il tarixli telefon məlumatında xidmət yerinin Laçın rayonuna dəyişdirildiyindən, məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə Şahid1 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 07 sentyabr 2022-ci ildə əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 2-ci növbə döyüş növbətçiliyinə təyin olunduqlarını, saat 08 radələrində növbəni dəyişdikdən sonra əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yataqxanaya gəlib silah-sursatlarını təhvil verdiyini, daha sonra onlara yataqxananı təmizləyib səliqəyə salmalarını tapşırdığını, özünün də digər işləri ilə məşğul olduğunu, yataqxananın qarşısında olarkən içəridən səsküy gəlməsini eşitdiyini, içəri girdikdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sözlü mübahisə etmələrini gördüyünü, onlardan nəyə görə mübahisə etmələrini soruşduğunu, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təmizlik işlərini qurtarmamış üzünü qırxmağa getmək istədiyini, buna görə də aralarında sözlü mübahisə yarandığını dediyini, onlara irad tutub bölük komandiri əvəzi baş leytenant Şahid2 məruzə etdiyini, hər iki əsgəri onun yanına göndərdiyini, təxminən 20 dəqiqə sonra Şahid2 ona rabitə ilə zəng edib Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yolda dalaşdıqlarını, Zərərçəkmiş şəxs üzündə xəsarət olmasını deyib, onları hərbi hissəyə göndərəcəyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 209 №-li rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol gözün üst qapağının və sağ gözaltı nahiyənin qançırları, burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı-bərk küt əşyanın təsirindən törənməyə xarakterik olması, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə törəndiyinin istisna olunmaması, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 27-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin arayışından aydın olur ki, N №-li hərbi hissənin 4-cü taborun, 13-cü bölüyün 3-cü taqımın 3-cü manqasının əsgəri Zərərçəkmiş şəxs ilə həmin bölüyün 3-cü taqımın 3cü manqasının qumbaraatanı əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibəti yoxdur. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin hərbi-həkim komissiyasının 16 sentyabr 2022-ci il tarixli, 1095 №-li arayışında Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 53-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Məhkəmə iclasında bölük komandiri əvəzi, taqım komandiri iş üzrə şahid baş leytenant Şahid2 ifadəsində təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs müsbət xarakterizə etdiyini, hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnaməni baş vermiş hadisəyə görə tərtib edildiyini göstərmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-nin 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran hallarla təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən, hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə görə hərbi xidmət üzrə məhdudlaşdırma müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəzanın növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının işin faktiki hallarına, Təqsirləndirilən şəxs şəxsiyyətinə, əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını, zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımındanda əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən də, onun islah olunması və bununlada cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət işi üzrə 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti məhkum edilsin və ona 06 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsi həyata keçirsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar