Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-39/2023 20.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1993-cü ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, 1 uşaq atası, əvvəllər məhkum olunmayan, N №-li hərbi hissədə xidmət edən, ünvan 1 ünvanında daimi qeydiyyatda olan, 06 oktyabr 2023-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 06 avqust 2023-cü il tarixdə saat 11:30-da bölüyün Babək rayonu ərazisində yerləşən, şərti olaraq “77” adlandırılan döyüş mövqeyinin yataqxanasında olan zaman tabeliyində olan, həmin taqımın 1-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb boğazının ağrıması, xəstələnməsi barədə müraciət edərək hərbi hissənin tibb məntəqəsinə getmək istədiyini bildirmiş, maraqlandıqda əsgər Zərərçəkmiş şəxs təxminən 20 gündür xəstə olduğunu, lakin ona məlumat vermədiyini bilib, xəstəliyini vaxtında deməyib gizlətdiyinə görə irad tutaraq, onu həbsə göndərtdirəcəyini demiş və bu zaman əsgər Zərərçəkmiş şəxs “inşallah” cavabını verdiyi üçün əsəbləşib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə sifətinin sol tərəfinə bir sillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə özünü tam təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, 26 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətə başlamış, 21 iyul 2022-ci il tarixdən etibarən N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmətini davam etdirmişdir. Xidmət yeri Babək rayonunun ərazisində yerləşən, şərti olaraq “Yuxarı Buzqov” adlandırılan mövqe olmuşdur. Əsgər Zərərçəkmiş şəxs onun komandiri olduğu taqımın 1-ci manqasında, şərti olaraq “77” adlandırılan mövqedə xidmət edirmiş. 2023-cü ilin avqust ayının əvvəllərində, həmin mövqedə post başçısı kimi xidmət edən MAHHXHQ əsgər X2 hərbi hissədə manqa komandirlərinin toplantısına cəlb olunduğundan avqust ayının 4-də həmin mövqeyə gedib post başçısı kimi xidmətini davam etdirmişdir. 05 avqust 2023-cü ildə mövqedə olarkən əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb təxminən 20 gündür boğazının ağrıdığını, qarqara etdiyini, lakin keçmədiyini deyib hərbi hissənin tibb məntəqəsinə getmək istədiyini bildirmişdir. Ona bu barədə taborun həkiminə deyəcəyini, o, nə məsləhət görsə onu da edəcəyini bildirmişdir. Həftənin şənbə və bazar günləri olduğu üçün hərbi hospitala çıxış olmadığını bildiyindən səhərsi gün, yəni 06 avqust 2023-cü ildə səhər saatlarında bölük komandirinə zəng edib Zərərçəkmiş şəxs boğazının ağrıdığını, tibb məntəqəsinə getmək istədiyini məruzə etmişdir. O, da hazırda “Yuxarı Buzqov” mövqeyində olduğunu, aşağı düşəndə özünün gəldiyi maşınla Zərərçəkmiş şəxs də tibb məntəqəsinə aparacağını demişdir. Daha sonra Zərərçəkmiş şəxs bir neçə dəfə də ona yaxınlaşıb nə olduğunu, nə vaxt tibb məntəqəsinə düşəcəyini soruşduqda ona hər dəfəsində bölük komanidiri gələndə düşəcəyini demiş, saat 11:30 radələrində yataqxanada çarpayının üzərində oturarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb bölük komandirinə deyib-demədiyini yenidən soruşmuş, o da əsəbləşib bölük komandirinə dediyini, aşağı düşəndə gəlib aparacağını, 20 gündür xəstə olduğu halda nəyə görə xəstəliyini gizlətdiyini buna görə onu həbsə göndərtdirəcəyini demişdir. Bu vaxt Zərərçəkmiş şəxs ona “İnşallah” deyə cavab vermiş, Zərərçəkmiş şəxs ona bu cür kinayəli cavab verməyinə əsəbləşib yanına çağıraraq “sən qudurmusan mənə elə cavab verirsən deyib” sağ əli ilə sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs bir daha üzr istədiyini, törətdiyi əməldən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 06 avqust 2023-cü il tarixdə saat 11:30-da bölüyün Babək rayonu ərazisində yerləşən, şərti olaraq “77” adlandırılan döyüş mövqeyinin yataqxanasında olan zaman tabeliyində olan, həmin taqımın 1-ci manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşıb boğazının ağrıması, xəstələnməsi barədə müraciət edərək hərbi hissənin tibb məntəqəsinə getmək istədiyini bildirən zaman, maraqlandıqda əsgər Zərərçəkmiş şəxs təxminən 20 gündür xəstə olduğunu, lakin ona məlumat vermədiyini bilib, xəstəliyini vaxtında deməyib gizlətdiyinə görə irad tutaraq, onu həbsə göndərtdirəcəyini demiş və bu zaman əsgər Zərərçəkmiş şəxs “inşallah” cavabını verdiyi üçün əsəbiləşib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək sağ əli ilə sifətinin sol tərəfinə bir sillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü ildə SHXÇDX-nin Babək rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 2023-cü ilin mart ayının təxminən sonlarında N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 1-ci manqasında xidmətə təyin olunmuş və hal-hazırda həmin manqanın baş atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətini davam etdirir. Xidmət yeri şərti olaraq “77” adlandırılan döyüş mövqeyidir. 2023-cü ilin avqust ayının əvvəllərində manqa komandiri MAHHXHQ əsgər Elnur Məmmədov toplantıya cəlb olunduğundan mövqedə post böyüyü kimi taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs qalmışdır. Həmin vaxt bir neçə gün boğazı ağrımış, arabir duzlu su ilə qarqara etmiş, boğaz ağrısının keçmədiyini görüb 05 oktyabr 2023-cü ildə baş leytenant Təqsirləndirilən şəxs məruzə edib onu tibb məntəqəsinə göndərməsini xahiş etmişdir. O, da həkimə deyəcəyini, həkim nə məsləhət görsə onu edəcəyini bildirmişdir. Həmin gün təxminən saat 22 radələrində bir də Təqsirləndirilən şəxs müraciət edib həkimə deyib-deməməsini soruşanda Təqsirləndirilən şəxs da ondan boğazının neçə müddətdir ağrıdığını soruşmuşdur. Cavabında təxminən 20-25 gündür ki, ağrıdığını demişdir. O, da ona kinayə ilə “20 gün də gözlə” deyə bildirmişdir. 06 avqust 2023-cü ildə saat 11:30 radələrində boğazının yenə də ağrıdığı görüb mövqenin yataqxanasında Təqsirləndirilən şəxs yaxınlaşıb bu barədə bölük komandirinə və həkimə deyib-deməməsini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs çarpayıda uzanmış, ona “20 gündür xəstə olduğunu niyə demirsən, mənim bir yerimə kimi, xəstəliyini bildirmədiyinə görə səni həbsə göndərtdirəcəm” demiş, o da “inşallah” deyə cavab vermişdir. Bu vaxt Təqsirləndirilən şəxs onu yanına çağırıb “Sən qudurmusan həbsə göndərəcəm deyirəm, mənə inşallah deyib cavab qaytarırsan” deyib çarpayıda oturub ona çökməsini bildirmiş, o da yerə çökmüş, bu vaxt Təqsirləndirilən şəxs ona “səni vurub götbaş edərəm” deyib sağ əli ilə sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmuşdur.Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman şərti olaraq “77” adlandırılan döyüş mövqeyində xidmət etmişdir. Hal-hazırda isə N saylı hərbi hissənin 3-cü taborunun 7-ci bölüyündə xidmət edir. 2023-cü ilin avqust ayının 6-da manqa komandiri Elnur Məmmədov toplantıya getdiyindən tağım komandiri baş leytenant Təqsirləndirilən şəxs mövqeyə gəlib post böyüyü kimi onu əvəz etmişdir. 06 avqust 2023-cü ildə saat 11:35 radələrində yataqxanada istirahət edən zaman baş leytenant Təqsirləndirilən şəxs uca səslə danışdığını eşidib oyanmışdır. Baxanda yanında əsgər Zərərçəkmiş şəxs dayandığını görmüş, yuxulu olduğu üçün onların nə söhbət etmələrinə fikir verməmişdir. Əsgər Zərərçəkmiş şəxs gözləri dolmuş, yuxudan durduğu üçün çölə çıxıb ayaqyoluna gedəndə Zərərçəkmiş şəxs də çölə çıxmışdır. Ondan nə olmasını soruşmuş, o da Təqsirləndirilən şəxs onu vurduğunu demişdir. Hansı zərbələri vurduğunu, niyə vurduğunu soruşmayıb ayaqyolundan qayıdaraq gedib yatmışdır. Sonradan əsgər Zərərçəkmiş şəxs boğazı ağrıdığı üçün taqım komandiri Təqsirləndirilən şəxs onu tibb məntəqəsinə göndərməsini deməsini, onların arasında nəsə söhbət olmasını, Təqsirləndirilən şəxs əsəbləşib əsgər Zərərçəkmiş şəxs sifətindən bir sillə vurmasını eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman şərti olaraq “77” adlandırılan döyüş mövqeyidə xidmət edirmiş. 06 avqust 2023-cü ildə 2-ci döyüş növbəsində olduğundan saat 10:00-dan 16:00-dək mövqenin yataqxanasında istirahət edən zaman, təxminən saat 11:35 radələrində, baş leytenant Təqsirləndirilən şəxs səsinə yuxudan oyanmışdır. Onun əsgər Zərərçəkmiş şəxs nəsə dediyini eşitmişdir. Bu vaxt Zərərçəkmiş şəxs qapının yanına tərəf getmiş, çölə çıxan zaman onun gözlərinin dolduğunu görmüş, ondan nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs onu vurduğunu deyib başqa məlumat verməmişdir. Zərərçəkmiş şəxs qanıqara olduğu üçün ondan başqa heçnə soruşmamış sonra yenidən yatmışdır. Sonradan əsgər yoldaşlarından Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs boğazı ağrıdığını, tibb məntəqəsinə getmək istəməsini dediyini, onların arasında nəsə söhbət olduğunu və Təqsirləndirilən şəxs onu sillə ilə vurduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 06 avqust 2023cü il tarixdə, təxminən saat 12:30 radələrində bacısının oğlu olan Zərərçəkmiş şəxs onun cib telefonuna zəng vurmuş, onunla danışan zaman səsinin xoşa gələn olmadığını hiss edib bir neçə dəfə nə olduğunu soruşduqdan sonra Zərərçəkmiş şəxs ona tağım komandirinin onu sillə ilə vurduğunu demişdir. Taqım komandirinin nəyə görə onu vurmasını soruşduqda o, boğazı ağrıdığı üçün taqım komandirinə müraciət etdiyini və bunun üstündə aralarında nəsə söz olduğunu, taqım komandiri onu həbsə göndərəcəyini demiş və Zərərçəkmiş şəxs də ona “inşallah” deyə cavab verdiyini, bu zaman taqım komandiri əsəbləşərək onun sifətindən bir sillə zərbəsi vurmasını demişdir. Bundan sonra əvvəlcədən tanıdığı Əsgər adlı zabitə zəng vuraraq bu hadisə barədə məlumat verməklə tədbir görməsini xahiş etmiş, bundan sonra, taqım komandiri Təqsirləndirilən şəxs barəsində araşdırma başlanıldığını eşitmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs barəsində 23 avqust 2023-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, məhkəmə-tibb ekspertinin 23 avqust 2023-cü il tarixli, 269 №-li rəyində Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilmədiyi göstərilmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və bir az yaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan xidməti tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs xidmət müddətində mənfi xarakterizə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs aid xidməti vərəqədən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində müxtəlif vaxtlarda bir neçə dəfə cəzalandırılmışdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunaca cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat X1 alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam və hərbi xidmətə yararlı olduğu barədə qərara gəlmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinsin və 05 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 10% (on faiz) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədr Polad Həsənov
Məhkəmə qərarları › İş №1-1(092)-39/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-39/2023
20.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver