Məhkəmə qərarları › İş №1-1(092)-40/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-40/2023

01.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-40/2023 01.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Babək rayonunun Payız kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşaq atası, orta təhsilli, məhkum olunmamış, Babək rayonunun Payız kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə xidmət edən, N oktyabr 2023-cü ildə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissənin 1-ci taborunun minaatanlar batareyasının 1-ci taqım komandirinin müavini-minaatan komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən N avqust 2023-cü il tarixdə, saat 16 radələrində 1-taborun yataqxanasında həmin taborun minaatan batareyasının 1-ci taqımının 2-ci manqasında baş tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs sırada dayanarkən sıra intizamını pozaraq dönüb arxaya baxdığı üçün sol ayaq nahiyəsindən bir təpik zərbəsi vurub ona dərəcəsi təyin edilməyən “sol baldırın ön səthinin sıyrığı” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs kiçik çavuş Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə xidmət etdiyini, N avqust 2023-cü ildə saat 16:00 radələrində yataqxanada taborun şəxsi heyətini sıraya düzdüyünü, yataqxanada səliqə-səhman yaratmaq üçün tapşırıq verəcəyini, sırada həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 və Şahid2 olduqlarını, sıranı düzdükdən sonra sağa bax düzül komandasın verərkən Zərərçəkmiş şəxs başını arxaya çevirib komandanı icra etmədiyinə görə əsəbləşərək sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayağından təpiklə bir dəfə vurduğunu, həmin vaxt ayağında hərbi çəkmə olduğunu, Zərərçəkmiş şəxs vurduqdan sonra onun sırada düzgün dayandığını, sonra yataqxanada görüləcək iş üçün şəxsi heyəti ayırdığını, 23 avqust 2023cü il avqust ayının 23-də saat 10:00 radələrində batereyanın dərs düzülüşü zamanı Zərərçəkmiş şəxs sıranın qarşısında dayandığını, batereya komandiri kapitan Taleh İbrahimovun onunla söhbət etdiyini gördüyünü, həmin vaxt kapitan T.İbrahimovun ona tərəf dönərək “taqımın əsgərindən sənin xəbərin var?” dediyini, nə olduğunu soruşduqda cavabında əsgərlərin dalaşdıqlarını, əsgərin ayağında xəsarət olduğunu dediyini, kapitan T.İbrahimova əsgərlərin dalaşmadıqlarını, Zərərçəkmiş şəxs sırada dayanarkən komanda veriləndə intizamsızlıq edib düzgün icra etmədiyi üçün ayağından təpiklə onun vurduğunu dediyini, kapitan T.İbrahimovun onu sonra tabor komandiri mayor Rahim Əhədovun yanına apardığını, Zərərçəkmiş şəxs hərbi hospitala göndərildiyini, həmin vaxt Zərərçəkmiş şəxs sol ayağından təpiklə vurduğu üçün sıyrıq yarandığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N avqust 2023-cü ildə saat 16:00 radələrində MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs xidmət etdikləri taborun şəxsi heyətinə yataqxanada düzülüş komandası verdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs sıranın qabağında dayandığını, onun həmin vaxt sağa bax düzlən komandası verdiyini, həmin vaxt fikri dağınıq olduğu üçün arxaya dönüb baxanda Təqsirləndirilən şəxs ona yaxınlaşaraq “fikrin məndə, qabaqda olsun, komandanı düzgün yerinə yetir” deyərək sağ ayağı ilə onun sol ayağının baldır hissəsinin ön tərəfindən təpiklə 1 dəfə vurduğunu, həmin yerin ağrıdığını, sonra yataqxananı təmziləməyə başladıqlarını, ciddi bir şey olmadığından bu barədə kiməsə müraciət etmədiyini, 23 avqust 2023-cü ildə saat 10 radələrində dərs düzülüşü vaxtı sıradan kənarda dayanan batareya komandiri kapitan Taleh İbrahimova yaxınlaşıb babasil xəstəliyi olduğunu, ağrıdığı üçün hərbi hissənin tibb məntəqəsinə müraciət etmək istədiyini dediyini, həm də ayağında yara olduğunu, oraya yod dərmanı vurduracağını bildirdiyini, kapitan T.İbrahimov ondan ayağına nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs üçün nəsə problem olmasın deyə əvvəl armatur dəydiyini dediyini, lakin kapitan T.İbrahimovun buna inanmadığını, ona görə əsgərlərlə zarafat edən zaman olduğunu dediyini, yenə də Təqsirləndirilən şəxs nəsə olmasını istəmədiyini, sonra kapitan T.İbrahimovun şəxsi heyəti dərsə aparmaq üçün düzərək onu sıranın önünə çıxarıb zarafat etdiyi əsgəri gətirməsini dediyini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs isə taqımının əsgərindən xəbərinin olub-olmamasını soruşaraq əsgərlərin dalaşdıqlarını dediyini, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs komanda veriləndə intizamsızlıq edib düzgün icra etmədiyi üçün onu ayağından təpiklə vurduğunu dediyini, sonra kapitan T.İbrahimovun onların hər ikisini də danlayaraq onu hərbi hissənin tibb məntəqəsinə göndərdiyini, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onunla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N avqust 2023-cü ildə saat 16 radələrində MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs xidmət etdikləri taborun şəxsi heyətinə yataqxanada düzülüş komandası verdiyini, sırada onun, əsgərlər Zərərçəkmiş şəxs, Şahid2, Şahid3 olduğunu, sıraya durduqdan sonra MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs onlara sağa bax düzlən komandasın verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs nəyəsə görə başını arxaya tərəf çevirdiyini, Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs yaxınlaşaraq “fikrin məndə olsun, komandanı düzgün yerinə yetir” deyərək sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından 1 dəfə təpiklə vurduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində N avqust 2023-cü ildə saat 16 radələrində MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs taborun şəxsi heyətinə yataqxanada düzülüş komandası verdiyini, yataqxanada düzüldüklərini, həmin vaxt sırada onun, əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 olduğunu, sıraya düzüldükdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs sağa bax düzül komandasın verdiyini, lakin həmin vaxt Zərərçəkmiş şəxs başını arxaya tərəf çevirdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs yaxınlaşaraq “fikrin məndə olsun, komandanı düzgün yerinə yetir” deyərək sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayağından 1 dəfə təpiklə vurduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N avqust 2023-cü ildə saat 16 radələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs xidmət etdikləri taborun şəxsi heyətinə düzülüş komandası verdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs onlara sağa bax düzül komandasın verdiyini, həmin vaxt sırada olan əsgər Zərərçəkmiş şəxs başını arxaya tərəf çevirdiyini, kiçik çavuş Təqsirləndirilən şəxs buna görə ona yaxınlaşaraq “fikrin məndə olsun, komandanı düzgün yerinə yetir” deyərək sağ ayağı ilə Zərərçəkmiş şəxs sol ayağından 1 dəfə təpiklə vurduğunu, ona başqa nəsə etmədiyini, sonradan Zərərçəkmiş şəxs sol ayağının təpik zərbəsindən sıyrıldığını eşitdiyini göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 26 mart 2023-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24 avqust 2023-cü il tarixli 279 nömrəli rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs “sol baldırın ön səthinin sıyrığı” xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin N avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən təpiklə vurulma nəticəsində əmələ gəlməsi ekspert tərəfindən inkar olunmamışdır. Cinayət işinin 1-ci cildinin 104-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsindən sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlara və istintaq materiallarına əsasən müəyyən olunmuşdur ki, cinayətin baş verdiyi vaxt təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs birbaşa rəisi olmaqla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tabeliyində xidmət etmişdir. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin 49-cu vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş olan 08 sentyabr 2023-cü il tarixli 942 №-li arayışda MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 47-ci və 141-145-ci vərəqələrinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistika bölməsindən verilmiş tələbnamədən və Xəzər rayon məhkəməsi tərəfindən sorğu əsasında göndərmiş olduğu 1(003)-230/2011 saylı 29 iyul 2011-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon məhkəməsinin 29 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 700 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya aktına əsasən təyin edilmiş cərimə cəzasından azad edilmiş və hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs tabeliyində olan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxs MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olması, zərər çəkmiş şəxslə barışıq əldə edib onunla barışması və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşiman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı N oktyabr 2023-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar