Məhkəmə qərarları › İş №1-1(092)-55/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-55/2024

23.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-55/2024 23.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Şərur rayonunun Daşarx kəndində anadan olmuş, həmin yerdə qeydiyyatda olmaqla Şərur rayonunun Xanlıqlar kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli (iki uşaq atası), orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımın komandirinin müavini manqa komandiri vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər, 14 avqust N24-cü il tarixdə barəsində başqa yerə getməmək haqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, baş əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin Sədərək rayonu ərazisində yerləşən, şərti olaraq “Araz” adlanan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman, 26 may N24-cü il tarixdə, saat 18:10-da mövqenin yataqxanasına gəldikdə tabeliyində olan, həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs yataqxanada ucadan danışıb səs-küy salmasını görüb əsəbiləşərək sağ əlinin iki barmağı ilə çənəsinin altından, papağının arxa tərəfi ilə sifətinin sağ tərəfindən və sağ əlinin üstü ilə çənəsinin altından vuraraq ona qarşı nalayiq ifadə işlətmiş, Zərərçəkmiş şəxs ona etirazını bildirdikdə zorakı hərəkətlərini davam etdirərək sağ əli ilə onun kitelinin yaxasından tutub dartaraq digər əli ilə onun sinəsindən və sağ çiynindən 2-3 dəfə itələyərək onu çölə çıxarmış, çöldə olarkən sol əli ilə Zərərçəkmiş şəxs sinəsindən itələdikdə sonuncu arxaya doğru gedib ağaca ilişərək yerə yıxıldıqdan sonra onun ünvanına nalayiq ifadə işlədərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 26 may N24-cü ildə saat 12 radələrində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Emil Əliyevin mövqeyə gələrək əsgərlərlə profilaktik söhbət etdiyini, sonra hərəsinə bir ədəd kağız verib kağıza hərəsinin bir şeir yazmalarını dediyini, onun məqsədinin əsgərləri güldürüb keflərini daha da düzəltmək olduğunu, hamı yazanda əsgər Zərərçəkmiş şəxs yazmadığını gördüyünü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahid5 ondan niyə yazmadığını soruşduqda Zərərçəkmiş şəxs ona “mən yazsam gərək məni burdan aparalar” dediyini, Şahid5 və baş leytenant E.Əliyevin ondan niyə elə dediyini soruşduqda onun cavab vermədiyini, nəsə probleminin olmasını demədiyini, həmin gün baş leytenant E.Əliyev mövqedən getdikdən sonra saat 18 radələrində çavuş Şahid5 əsgərləri sıraya düzərək Zərərçəkmiş şəxs təkrar niyə elə dediyini soruşduqda Zərərçəkmiş şəxs əsəbi şəkildə “dedim dedimda” cavabını verdiyini, ona kobud cavab verdiyinə görə Şahid5 Zərərçəkmiş şəxs irad bildirəndə Zərərçəkmiş şəxs da “bu nə xidmətdi orada əsgər sıxışdırır, burdada MAXE” dediyini, Şahid5 onu sıranın önünə çıxararaq ondan kimin onu sıxışdırdığını soruşduqda Zərərçəkmiş şəxs bir gün əvvəl şəxsi heyətlə hamama yuyunmaq üçün gedərkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 onları yuyunmaq üçün növbəyə bölərkən ilk öncə onun yuyunmasını tapşırdığını, həmin vaxt əsgər Toğrul İbrahimovun ona “köhnə priziv durarkən yeni prizivin niyə birinci yuyunduğunu” dedikdə aralarında mübahisə olduğunu dediyini, sonra çavuş Şahid5 Zərərçəkmiş şəxs yataqxanaya göndərdiyini, Zərərçəkmiş şəxs yataqxanaya girdikdən sonra uca səslə qışqıraraq danışmağa başladığını, özünün içəri daxil olub ona əsgərlərin istirahət vaxtı olduğunu, yatanlar olduğunu, qışqırmamasını dediyini, həmin vaxt istirahətdə olan əsgər Şahid2 yuxudan oyanıb səs-küyə narazılıq etdiyini, özünün həmin vaxt buna əsəbiləşib əvvəl sağ əlinin iki barmağı ilə Zərərçəkmiş şəxs çənəsinin altından 1 dəfə, sonra yay günlüklü papağının arxa tərəfi ilə onun üzündən 1 dəfə, sağ əlinin üstü ilə çənəsinin altından 1 dəfə vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs onu niyə vurduğunu dedikdə sağ əli ilə onun kitelinin yaxasından tutub dartıb digər əli ilə onu sinəsindən, çiyinindən 2-3 dəfə itələyə-itələyə çölə çıxardığını, çölə çıxan zaman onu yenidən sol əli ilə sinəsindən itələdikdə Zərərçəkmiş şəxs arxaya gedərək ağaca ilişdiyindən yerə yıxıldığını, mövqenin əsgərlərinin onları aralaşdırdıqlarını, özünün həmin vaxt ona qarşı yenə nalayiq ifadələr işlətdiyini, həmin vaxt saat 18:10 radələri olduğunu, Zərərçəkmiş şəxs hər hansı xəsarət almadığını, sonra bu barədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Mircəlal Zeynalova zəng edərək məruzə etdiyini, sonradan araşdırma başlandığını, etdiyi əməldən peşiman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmə icasında ifadə vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 25 may N24-cü ildə yuyunmaq üçün hamama getdiklərini, həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid3 növbəyə qoyan zaman birinci onun yuyunmasını dediyini, Şahid3 gedəndən sonra əsgər Toğrul İbrahimovun ona “bu nədi ki, köhnə priziv dura-dura təzə priziv birinci çimir” dediyini, onun danışığı xoşuna gəlmədiyindən “sən nə deyirsən ey, priziv söhbəti edirsən” dediyini, buna görə aralarında sözlü mübahisə yarandığını, 26 may N24-cü ildə saat 12 radələrində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Emil Əliyevin mövqeyə gəldiyini, əsgərlərlə söhbət etdiyini, hamıya ağ vərəq verərək kağıza şeir yazmalarını dediyini, özünün şeir bilmədiyi üçün yazmadığını, manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahid5 ondan niyə yazmadığını soruşduqda zarafatla “mən yazsam gərək məni buradan aparalar” dediyini, bunu eşidən baş leytenant E.Əliyevində ondan niyə yazmadığını soruşduqda ona da elə dediyini, sonra yadında qalan hansısa şeiri yazıb verdiyini, həmin sözü deyərkən T.İbrahimovla aralarında olan mübahisəni nəzərdə tutduğunu, həmin gün günortadan sonra baş leytenant E.Əliyev mövqedən getdikdən sonra manqa komandiri Şahid5 əsgərləri yataqxananın qarşısında düzərək ondan niyə elə dediyini soruşduqda özünün ona “dedim dedimda, nə var ki burda” cavabını verdiyini, Şahid5 onun həmin cavabına görə irad bildirdiyini, həmin vaxt əsəbləşdiyi üçün “bu nədi ey, orada əsgər sıxışdırır, burda maxe sıxışdırır” dediyini, Şahid5 onu sıranın qarşısına çıxarıb onu kimin sıxışdırdığını soruşduqda T.İbrahimovla aralarında olan hamam söhbətini dediyini, sonra Şahid5 ona yataqxanaya getməsini dediyini, yataqxanaya gedəndə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ondan nə baş verdiyini soruşduqda əsəbiləşdiyindən uca səslə ona T.İbrahimovla aralarında olan hamam söhbətini dediyini, səsə oyanan əsgər Şahid2 ona yavaş danışmasını, yatdığını dediyini, həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Təqsirləndirilən şəxs yataqxanaya gəlib səs-küy saldığına görə ona irad tutaraq sonra sağ əlinin iki barmağı ilə çənəsinin altından 1 dəfə, sonra papağının arxası ilə sifətinin sağ tərəfindən 1 dəfə, sağ əlinin üstü ilə çənəsinin altından 1 dəfə vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, onu niyə vurduğunu deyəndə Təqsirləndirilən şəxs sağ əli ilə onun kitelinin yaxasından tutaraq dartıb sonra həmin əli ilə yaxasından tutmuş vəziyyətdə sol əli ilə onun sinəsindən, sağ çiynindən 2-3 dəfə itələyərək onu çölə çıxartdığını, çölə çıxan zaman onu yenə sol əli ilə sinəsindən itələdikdə özünün arxaya gedərək arxasında olan ağaca ilişdiyindən yerə yıxıldığını, sonra onları aralaşdırdıqlarını, ayağa qalxandan sonra Təqsirləndirilən şəxs ona qarşı yenidən nalayiq ifadələr işlətdiyini, həmin vaxt saat 18:10 radələri olduğunu, özünün heç bir xəsarət almadığını, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 26 may N24-cü ildə saat 18:10-da əsgər Zərərçəkmiş şəxs yataqxanaya daxil olduğunu, MAHHX HQ əsgər Şahid3 ondan nə problemi olduğunu, nə baş verdiyini soruşduqda onun əsəbləşdiyindən uca səslə əsgər Toğrul İbrahimovla hamamda birinci çimmək üstündə mübahisə etdiklərini dediyini, yataqxanada yatan əsgər Şahid2 Zərərçəkmiş şəxs yavaş danışmasını, yatdığını dediyini, həmin vaxt 1-ci manqanın komandiri MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs oraya gəlib səs-küy saldığına görə Zərərçəkmiş şəxs irad tutaraq papağının arxası ilə onun sifətindən bir dəfə, sağ əlinin üstü ilə çənəsinin altından bir dəfə vuraraq ona nalayiq sözlər dediyini, Zərərçəkmiş şəxs onu niyə vurduğunu dedikdə Təqsirləndirilən şəxs onun yaxasından tutaraq dartıb digər əli ilə onu sinəsindən itələyə-itələyə çölə çıxardığını, həmin vaxt Zərərçəkmiş şəxs ayağı ağaca ilişdiyindən yerə yıxıldığını, sonra onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenidən nalayiq sözlər dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 26 may N24-cü ildə döyüş növbətçiliyində xidmətdə olub yataqxanada yatarkən saat 18:10 radələrində əsgər Zərərçəkmiş şəxs səsinə yuxudan oyandığını, MAHHX HQ, əsgər Şahid3 ondan nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs uca səslə ona bir gün əvvəl hamamda birinci kimin yuyunacağına görə əsgər Toğrul İbrahimovla arasında olan mübahisəni dediyini, özünün həmin vaxt Zərərçəkmiş şəxs yavaş danışmasını, yatdığını dediyini, həmin vaxt MAHHX HQ, baş əsgər Təqsirləndirilən şəxs içəri gəlib səs-küy saldığına görə Zərərçəkmiş şəxs irad tutduğunu, sonra onun üzərinə qışqıraraq sağ əlinin üstü ilə çənəsinin altından bir dəfə vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs onu niyə vurduğunu dedikdə Təqsirləndirilən şəxs onun yaxasından tutaraq dartıb sonra digər əli ilə sinəsindən və çiynindən itələyə-itələyə çölə çıxartdığını, özünün çölə çıxanda Zərərçəkmiş şəxs yerdə olan ağaca ilişərək yerə yıxıldığını gördüyünü, sonra onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenidən nalayiq ifadələr işlətdiyini, Zərərçəkmiş şəxs da oradan çıxıb getdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ifadəsində “Araz” mövqeyində xidmət etdiyini, 25 may N24-cü ildə mövqenin əsgərlərini yuyunmaq üçün ərazidə düzdüyünü, onlara növbə ilə yuyunmalarını, qalan əsgərlərin ərazini təmizləmələrini tapşırdığını, sonra birinci əsgər Zərərçəkmiş şəxs yuyunmasını tapşırdığını, çünki onun növbəyə çıxacağını, sonra yataqxanaya getdiyini, 26 may N24-cü ildə, saat 12 radələrində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Emil Əliyevin mövqeyə gəldiyini, mövqenin şəxsi heyəti ilə söhbət edərək hamıya ağ vərəq verərək şeir yazmalarını, oxuyub deyibgüləcəklərini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs yazmadığını, bunu onun manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid5 görüb onun niyə yazmadığını soruşduqda Zərərçəkmiş şəxs “mən yazsam gərək məni burdan aparalar” dediyini, bunu eşidən baş leytenant Emil Əliyevin də ondan niyə yazmadığını soruşduqda Zərərçəkmiş şəxs ona da elə dediyini, lakin bunun səbəbini demədiyini, sonra onun nəsə şeir yazıb verdiyini, günortadan sonra baş leytenant Emil Əliyev mövqedən getdikdən sonra Şahid5 əsgərləri yataqxananın qarşısında düzərək Zərərçəkmiş şəxs niyə elə dediyini soruşduğunu, özünün həmin vaxt yataqxanaya getdiyini, orada daha nə olmasını bilmədiyini, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs əsəbi halda yataqxanaya daxil olduğunu, ondan nə baş verdiyini soruşduqda onun uca səslə bir gün əvvəl hamamda birinci yuyunduğu üçün əsgər Toğrul İbrahimovla aralarında mübahisə yarandığını dediyini, həmin vaxt yataqxanada növbədən çıxıb yatan əsgər Şahid2 səsə oyanıb Zərərçəkmiş şəxs yavaş danışmasını, yatdığını dediyini, həmin vaxt müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Təqsirləndirilən şəxs içəri gələrək səs-küy saldığına görə Zərərçəkmiş şəxs irad tutub papağının arxası ilə onun sifətindən bir dəfə vurduğunu, sonra sağ əlinin üstü ilə onun çənəsinin altından bir dəfə vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, Zərərçəkmiş şəxs onu niyə vurduğunu dedikdə Təqsirləndirilən şəxs onun yaxasından tutaraq dartıb digər əli ilə onu sinəsindən itələyəitələyə çölə çıxardığını, özünün çölə çıxanda Zərərçəkmiş şəxs yerə yıxıldığını gördüyünü, Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs qarşı yenidən nalayiq ifadə işlətdiyini, sonra Zərərçəkmiş şəxs oradan çıxıb getdiyini, həmin vaxt saat 18:10 radələri olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 ifadələrində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunda ifadə vermişdirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 iyul N24-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 13-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N aprel N24-cü il tarixli, 94 №-li əmrindən çıxarışdan görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin siyahısına daxil edilməklə hərbi hissənin 4-cü motoatıcı taborun 11-ci motoatıcı bölüyünün, 2-ci motoatıcı taqımının, 2-ci motoatıcı manqasında heyət nəfəri-atıcı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N oktyabr N22-ci il tarixli, 282 №-li əmrindən çıxarışdan təqsirləndirilən şəxs MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü motoatıcı taborun, 11-ci motoatıcı bölüyünün, 2-ci motoatıcı taqım komandirinin müavini-manqa komandiri vəzifəsinə təyin edildiyi görünür. Cinayət işinin 1-ci cildinin 15-16-cı vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs müsbət, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs isə mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 18-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən çıxarışdan təqsirləndirilən şəxs MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs həvəsləndirilmədiyi, lakin xx.xx.N22-ci il, xx.xx.N23-cü il tarixlərdə müxtəlif səbəblərdən iki dəfə “Töhmət” cəzası ilə cəzalandırıldığı görünür. Cinayət işinin 1-ci cildinin 19-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissədən verilmiş xidməti vərəqəsindən zərər çəkmiş şəxs, heyət nəfəri-atıcı əsgər Zərərçəkmiş şəxs həvəsləndirilmədiyi və cəzalandırılmadığı görünür. Cinayət işinin 1-ci cildinin 23-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N24-cü il tarixli, 1198 №-li arayışdan görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsinə əlavə edilmiş 24 iyun N24-cü il tarixli, 512 №-li arayışdan görünür ki, təqsirləndirilən şəxs MAHHX HQ baş əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 56-58-ci vərəqələrinə əlavə edilmiş xx.xx.N24-cü il tarixli, 1171 №-li ekspert rəyindən görünür ki, N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izlərinin müəyyən edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 138-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 verilən xx.xx.N24-cü il tarixli, 1298 №-li məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 160-cı vərəqəsinə əlavə edilmiş 380 №-li, xx.xx.N24-cü il tarixli, məhkəmə-tibbi ekspert rəyindən görünür ki, MAHHXHQ baş əsgər Təqsirləndirilən şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni xx.xx.N24-cü il tarixdə baş vermiş hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu, baş əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, etdiyi əməlindən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağın olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.1, 59.1.4-cü və 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel N12-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 avqust N24-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 15% (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar