Məhkəmə qərarları › İş №1-1(092)-9/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-9/2021

17.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-9/2021 17.03.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı və müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, N №-li hərbi hissənin 4-cü taborun inzibati binasında xx xxx 2002-ci ildə Babək rayonunun Qaraçuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhərinin Qaraçuq kəndində daimi qeydiyyatda olan, N №-li hərbi hissədə heyət nəfəri vəzifəsində xidmət edən, barəsində 19 yanvar 2021-ci ildə komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs silah tətbiq etməklə sağlamlığına qəsdən yüngül zərər vuran xəsarət yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 4-cü taborun 12-ci bölüyünün 1ci pulemyot manqasının heyət nəfəri vəzifəsində xidmət edərkən 10 noyabr 2020-ci ildə, saat 18:25 radələrində Babək rayonu ərazisində yerləşən, “Qaraquzey” postunda döyüş növbətçiliyində olduğu vaxt növbəni dəyişməyə gələn, tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs ona müşahidə məntəqəsində yatmasını bildirdiyindən aralarında mübahisə yaranmış, daha sonra Zərərçəkmiş şəxs müşahidə məntəqəsinin girişində yerdə oturub həmin səbəbdən mübahisəni davam etdirdikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələbini pozaraq xidməti istifadəsində olan və ona təhkim edilmiş AK-74 markalı, ******* nömrəli avtomat silahı əsgər Zərərçəkmiş şəxs alın nahiyəsi istiqamətinə yönəldib qoruyucunu açıb, təlim mərmisini patron yuvasına yeridərək onu qorxutmaq məqsədilə tətiyi sıxıb bir atəş açaraq ona “sağ alın nahiyəsinin əzilmiş-cırılmış yarası” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığına qəsdən yüngül zərər vuran xəsarət yetirərək silah tətbiq etməklə qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 332.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 10 noyabr 2020-ci ildə saat 16:00-dan 18:00-dək əsgər Əli Məmmədli ilə döyüş növbətçiliyinə təyin olunduğunu, özünün saat 15:45 radələrində silah otağından, baş atıcı əsgər Şahid2 adına təhkim edilmiş AK-74 markalı, ******* nömrəli avtomat silahı, 4 ədəd daraq və digər ləvazimatları təhvil alıb döyüş növbətçiliyini təşkil etmək üçün müşahidə məntəqəsinə tək getdiyini, ona verilmiş 4 ədəd darağın 1-dən 4-dək nömrələndiyini, 1-ci darağın 1-ci mərmisinin boş, təlim mərmisi olduğunu, müşahidə məntəqəsinə səngərlə tək getdiyi üçün qorxduğundan 1 №-li darağı silaha birləşdirdiyini, lakin qoruyucunu açmadığını, silahı doldurmadığını, müşahidə məntəqəsinə çatdıqdan sonra döyüş növbətçiliyinə başladığını, 2 saat müşahidə məntəqəsində və müşahidə məntəqəsinin yan tərəfində olan səngərdə tək hava müşahidəsi apardıqdan sonra yorulduğunu, saatın artıq 18:05 radələri olduğunu, müşahidə məntəqəsinə girib dincəlmək üçün orada 2-3 dəqiqəlik yerə oturduğunu, həmin vaxt özü də istəmədən gözlərinin yumularaq mürgülədiyini, əsgər Zərərçəkmiş şəxs səsinə gözünü açıb tez ayağa durduğunu, saata baxdıqda 18:10 radələri olduğunu gördüyünü, Zərərçəkmiş şəxsla əsgər Şahid1 postda onu dəyişməyə gəldiklərini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsində ona yatdığını dedikdə ona yatmadığını bildirdiyini, buna görə mübahisə edərək müşahidə məntəqəsindən çölə çıxdıqlarını, bir neçə dəqiqə orada mübahisə etdikdən sonra sakitləşdiklərini, Zərərçəkmiş şəxs onlara müşahidənin sol tərəfində olan aşağı səngərə gedib oradan düşmən postunu müşahidə etmələrini dediyi üçün oraya getdiklərini, sonra geri qayıdaraq müşahidə məntəqəsinin girişinə gəldiklərini, yataqxanaya getməyə hazırlaşdığını, həmin vaxt Zərərçəkmiş şəxs ona özlərinin aşağıda işlədiklərini, onun da burada yatdığını dedikdə yatmadığını dediyini, yenə mübahisə etməyə başladıqlarını, həmin vaxt silahı çiynindən götürüb hər iki əli ilə tutub lüləsini Zərərçəkmiş şəxs tərəf çevirdiyini, çünki ona hey yatdığını dediyini, Zərərçəkmiş şəxs həmin vaxt yerdə oturduğunu, özünün ayaqüstə dayandığını, silahın lüləsini ona tərəf tutduqdan sonra silahın qoruyucusunu axıra qədər açdığını, çaxmaq çərçivəsini geri çəkib buraxaraq silahı doldurub sonra tətiyi bir dəfə basdığını, həmin vaxt silahdakı boş mərmidən bir dəfə atəş açılaraq güllənin Zərərçəkmiş şəxs alnının sağ tərəfinə dəydiyini, onun alnının yaralanaraq qanamağa başladığını, sağ gözünə qan dolduğunu, onun Şahid1 şarfını alıb alnına bağladığını, onu hansı mərmi ilə vurduğunu soruşduqda boş mərmi ilə vurduğunu dediyini, onu tutacaqlarını deyərək həyacandan və qorxudan yerə çöküb ağlamağa başladığını, Zərərçəkmiş şəxs üzr istəyib onunla barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 10 noyabr 2020-ci ildə saat 18:00-dan 20:00-dək əsgər Şahid1la döyüş növbətçiliyinə təyin olunduğunu, döyüş növbətçiliyi ilə əlaqədar hər hansı bir tədbir keçirilmədiyini, döyüş növbətçiliyi müddətində nə edəcəkləri barədə heç nə deyilmədiyini, bəzi işlərlə məşqul olub istirahət etmədən posta çıxdıqlarını, saat 18 radələrində əsgər Şahid2 onlara silah-sursatlarını verdikdən sonra Şahid1la birlikdə posta getdiklərini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs müşahidə məntəqəsində xidmətdə olduğunu, müşahidə məntəqəsinə çatdıqda saat 18:10 radələri olduğunu, müşahidə məntəqəsinə daxil olaraq postu dəyişmək istədikdə Təqsirləndirilən şəxs yatdığını gördüyünü, onu oyadıb niyə yatdığını soruşduqda yatmadığını dediyini, buna görə aralarında mübahisə yarandığını, çölə çıxaraq mübahisəni davam etdirdiklərini, daha sonra sakitləşdiklərini, müşahidə məntəqəsinin sol tərəfində olan aşağı səngərə gedib oradan düşmən postunu müşahidə edərək geri qayıtdıqlarını, artıq saatın 18:25 radələri olduğunu, özünün müşahidə məntəqəsinin girişində yerə oturduğunu, Təqsirləndirilən şəxs niyə yatmasını soruşduqda onun acıqlı şəkildə yatmadığını bildirdiyini, yenə mübahisə etməyə başladıqlarını, Təqsirləndirilən şəxs onların aşağıda işlədiklərini, yatmağı özünə necə sığışdırdığını dedikdə Təqsirləndirilən şəxs əsəbi şəkildə ona “beynimi xarab etmə” deyərək AK-74 markalı avtomat silahının lüləsini ona tərəf tutaraq qoruyucunu açıb silahı doldurub tətiyi basaraq qəsdən ona bir dəfə atəş açdığını, Təqsirləndirilən şəxs həmin vaxt ayaq üstə olduğunu, ondan 60-70 sm aralıda dayandığını, güllənin özünün alnının sağ tərəfinə dəydiyini, sağ gözünə qan dolduğunu, güclü ağrı hissi keçirdərək ayağa qalxdığını, əlini alnına sürtdükdə nəsə batdığını hiss etdiyini, həmin şeyi dartıb çıxartdıqda boş mərminin gülləsinin ərimiş vəziyyətdə alnına batdığını gördüyünü, həmin plastiki tullayaraq Şahid1 şərfini götürüb başına, qanayan yerə bağlayaraq qan gəlməsinin qarşısını almağa çalışdığını, alnının güllə dəyən yerindən qan axdığını, Təqsirləndirilən şəxs onu hansı mərmi ilə vurduğunu soruşduqda boş mərmi ilə vurduğunu dediyini, Təqsirləndirilən şəxs həmin vaxt qorxduğundan silahını yerə atdığını, ona silahını və sursatını götürüb getmələrini dediyini, sonra öz silahını və daraqlarınıda ona verib birlikdə yataqxanaya getdiklərini, yataqxananın yaxınlığında MAHHXHQ-su əsgər Şahid4 onları gördüyünü, baş leytenant Sübəhən Əjdərovun da oraya gəldiyini, Təqsirləndirilən şəxs həmin vaxt ağladığını, sonra onu yataqxanaya aparıb tibbi yardım göstərdiklərini, post böyüyü baş leytenant S.Əjdərovun bölük komandiri baş leytenant Tural Atayevə və sonra tabor komandiri polkovnik-leytenant Şəmistan Bəylərova hadisə barədə məruzə etdiyini, saat 19 radələrində tabor komandiri polkovnik-leytenant Ş.Bəylərovun posta gələrək onu tabora apardığını, həkim tibb xidməti leytenantı Şahid5 onun alnına tibbi yardım göstərib sarğı qoyduğunu, 5 gün tabor mərkəzində qalaraq müalicə olunduqdan sonra 16 noyabr 2020-ci ildə N №-li hərbi hissəyə ezam edildiyini, əsgər Təqsirləndirilən şəxsla münasibətlərinin hər zaman normal olduğunu, əvvəllər aralarında hər hansı mübahisənin, narazılığın, ziddiyyətin olmadığını, onu silahdan atəş açıb vuraraq xəsarət yetirsə də Təqsirləndirilən şəxs hər hansı şikayətinin, tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 10 noyabr 2020-ci ildə saat 18:00-dan 20:00-dək əsgər Zərərçəkmiş şəxsla birlikdə cədvəl üzrə döyüş növbətçiliyinə hazırlaşdıqlarını, silah otağından silah-sursatlarını və digər ləvazimatları təhvil aldıqdan sonra müşahidə məntəqəsinə getdiklərini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs müşahidə məntəqəsində xidmətdə olduğunu, onun saat 16:00-dan döyüş növbətçiliyini təşkil etdiyini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsinə çatdıqda dəbilqəsini çıxarıb səngərə qoyduğunu, saat 18:10 radələri olduğunu, sonra onun müşahidə məntəqəsinə daxil olduğunu, Zərərçəkmiş şəxs qışqıraraq Təqsirləndirilən şəxs niyə yatdığını dedikdə Təqsirləndirilən şəxs da qışqıraraq yatmadığını dediyini, buna görə mübahisə etdiklərini, mübahisə edərək müşahidə məntəqəsindən çölə çıxdıqlarını, daha sonra Zərərçəkmiş şəxs təklifi ilə müşahidə məntəqəsinin sol tərəfində olan aşağı səngərə getdiklərini, düşmən tərəfə doğru “Qarabağ Azərbaycandır” şüarını ucadan qışqırdıqlarını, sonra müşahidə məntəqəsinin qarşısına gəldiklərini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsinin girişində yerə oturduğunu, Təqsirləndirilən şəxs onunla üzbə-üz durduğunu, həmin vaxt saat 18:25 radələri olduğunu, Zərərçəkmiş şəxs yenidən mübahisəni davam etdirərək Təqsirləndirilən şəxs uca səslə niyə yatdığını dedikdə onun da yatmadığını bildirdiyini, mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsəbi şəkildə “beynimi xarab etmə” deyərək sağ əlində tutduğu AK-74 markalı avtomat silahı Zərərçəkmiş şəxs tərəf hər iki əlində tutaraq sonra silahı doldurub bir dəfə atəş açdığını, güllənin Zərərçəkmiş şəxs sağ alın nahiyəsinə dəydiyini, alnından qan axdığını, əvvəl Zərərçəkmiş şəxs öldüyünü düşünüb qorxduğunu, Təqsirləndirilən şəxs da qorxaraq silahını yerə tulladığını, bir neçə saniyə sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq əlini alnına tutduğunu, özünün şarfını çıxarıb alnına bağlaması üçün ona verdiyini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu hansı mərmi ilə vurduğunu soruşduqda Təqsirləndirilən şəxs boş mərmi ilə vurduğunu dediyini, sonra onların aşağı getdiklərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 10 noyabr 2020-ci ildə saat 15:50 radələrində manqa komandiri MAHHXHQ-su əsgər Şahid3 döyüş növbəsinin dəyişilmə vaxtı olduğunu, əsgərlər Əli Məmmədli ilə Təqsirləndirilən şəxs yeni döyüş növbətçiləri olduqlarını dediyini, MAHHXHQ-su əsgər Şahid3 ona Təqsirləndirilən şəxs növbəni dəyişməyə tək getməsi barədə göstəriş verdikdən sonra Təqsirləndirilən şəxs adına təhkim edilmiş AK-74 markalı, ******* nömrəli avtomat silahı, hər birində 30 ədəd mərmi olmaqla 4 ədəd daraq, zirehli gödəkçə, dəbilqə verərək onu postu dəyişməyə göndərdiyini, Ə.Məmmədlinin həmin vaxt postun ərazisində işlədiyini, saat 18:00 radələrində yenidən postun dəyişilmə vaxtı olması barədə MAHHXHQ-su əsgər Şahid3 məlumat verdiyini, saat 18:00-dan 20:00-dək yeni döyüş növbətçilərinin əsgər Şahid1la əsgər Zərərçəkmiş şəxs olduqlarını, onlara da silah-sursatlarını təhvil verib posta gedərək Təqsirləndirilən şəxs dəyişmələrini dediyini, həmin gün saat 18:35 radələrində əsgərlər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs yataqxanaya gəldiklərini, Təqsirləndirilən şəxs həmin vaxt ağladığını, Zərərçəkmiş şəxs başına nəsə bağladığını, alın nahiyəsində yara, sağ gözünə qan dolduğunu gördüyünü, post böyüyü baş leytenant Sübəhən Əjdərovun Zərərçəkmiş şəxs tibbi yardım göstərərək hadisə barədə bölük komandiri baş leytenant Tural Atayevə və tabor komandirinə məruzə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 10 noyabr 2020-ci ildə saat 16 radələrində baş atıcı əsgər Şahid2 postun dəyişilmə vaxtı olduğunu dediyini, saat 16:00-dan 18:00-dək döyüş növbətçiliyinə təyin edildiyini, əsgər Əli Məmmədlinin posta çıxmayaraq ərazidə işləməsi, əsgər Təqsirləndirilən şəxs silahsursatını götürüb posta getməsi barədə göstəriş verdiyini, postda iş çox olduğundan posta çıxan əsgərlərin ərazidə işlədiyini, istirahət üçün vaxt verilmədiyini, saat 18 radələrində ərazidə işləyərkən Şahid2 ona postun dəyişilmə vaxtı olduğunu, əsgərlər Şahid1la Zərərçəkmiş şəxs yeni növbə olduqlarını dediyini, Şahid2 onlara silah-sursatlarını verib posta göndərməsini tapşırdığını, saat 18:30 radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs postdan yataqxanaya doğru gəldiklərini gördüyünü, yaxınlaşanda Zərərçəkmiş şəxs alnına şarf sarındığını, şarfın qana bulaşdığını, Təqsirləndirilən şəxs həmin vaxt qorxudan titrəyərək ağladığını, onların hər ikisinin də silahının Təqsirləndirilən şəxs çiynində olduğunu gördüyünü, baş leytenant S.Əjdərova postdan rabitə ilə məlumat verildiyi üçün onun da yataqxanadan oraya gəldiyini, həmin iki əsgəri nə olması ilə bağlı sorğu-sual etməyə başladığını, özünün Təqsirləndirilən şəxs çiynində olan 2 ədəd AK-74 markalı silahı alıb aparıb boşaldaraq, həm də daraqları alıb aparıb yoxlayaraq silah otağına qoyduğunu, daraqların hamısının dolu olduğunu, yalnız Təqsirləndirilən şəxs verilmiş 1-ci darağın üzərində olan boş mərminin olmadığını gördüyünü, sonra tibbi yardım çantasını götürüb yataqxanadan bayıra çıxdığını, onların yataqxananın qarşısına gəlib çatdıqlarını, baş leytenant S.Əjdərovun həmin vaxt postda olan MAHHXHQ-su əsgər Şahid4 köməkliyi ilə Zərərçəkmiş şəxs tibbi yardım göstərdiyini, Zərərçəkmiş şəxs alnının sağ tərəfində, qaşının üzərində yara olduğunu, lakin çox dərin olmadığını, həmin yerdən qan axıb onun sağ gözünə dolduğunu, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boş mərmidən atəş açdığını dediyini, sonra baş leytenant S.Əjdərovun hadisə barədə bölük komandiri baş leytenant Tural Atayevə, daha sonra tabor komandiri polkovnik-leytenant Şəmistan Bəylərova məruzə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində komandiri olduğu manqanın Qaraquzey postunda xidmət apardığını, 10 noyabr 2020-ci ildə saat 18:30 radələrində yataqxanadan çıxıb ayaqyoluna gedərkən postun əsgərləri Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs müşahidə mövqeyi tərəfdən yataqxanaya doğru gəldiklərini gördüyünü, onların hər ikisinin silahının Təqsirləndirilən şəxs olduğunu, yaxınlaşanda Zərərçəkmiş şəxs alnının sağ tərəfinin yaralanıb qanadığını, onun alnına şarf bağladığını gördüyünü, onun paltarlarının da qana bulaşdığını, həmin vaxt Təqsirləndirilən şəxs ağladığını, post böyüyü baş leytenant Sübəhən Əjdərovun da oraya gəldiyini, birlikdə Zərərçəkmiş şəxs yataqxanaya apardıqlarını, orada ona ilk tibbi yardım göstərdiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs AK-74 markalı silahdan 1 dəfə boştəlim mərmisi ilə atəş açıb alnından vurduğunu, bir qədər sonra tabor komandiri polkovnikleytenant Şəmistan Bəylərovun posta gəldiyini, onun Zərərçəkmiş şəxs öz xidməti maşını ilə aşağıya apardığını, sonradan Təqsirləndirilən şəxs postda Zərərçəkmiş şəxsla mübahisə etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən silahdan boş mərmi ilə atəş açaraq Zərərçəkmiş şəxs alnından vurmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində taborun tibb məntəqəsinin rəisi olduğunu, 2020-ci ilin noyabr ayının 10-da saat 20 radələrində tabor mərkəzində yerləşən, tibb məntəqəsinə məxsus xidməti otağında olarkən tabor komandiri polkovnik-leytenant Şəmistan Bəylərovun oraya gəldiyini, onun özü ilə Qaraquzey postunun əsgəri Zərərçəkmiş şəxs da gətirdiyini, ona ilk tibbi yardım göstərməsini dediyini, həmin vaxt əsgərin başında “çeçenka” papaq olduğunu, Zərərçəkmiş şəxs papağını çıxartdıqdan sonra alnının sağ tərəfinə sarğı qoyulduğunu, sağ gözünə qan dolduğunu gördüyünü, yaradan qanın axıb dayandığını, sarğını açıb ilk olaraq yaranı təmizlədikdən sonra yaraya baxış keçirtdiyini, yaranın alnın sağ tərəfində, sağ qaşüstü nahiyədə olmaqla 1 ədəd dairəvi formada iri, onun ətrafında isə səpələnmiş şəkildə, 2 ədəd kiçik formalı yara olduğunu gördüyünü, yaranı təmizləyərkən dairəvi formada olan əsas yaranın içərisindən xırda ölçüdə bərk qırıntı aşkar edərək qırıntını yaradan çıxartdığını, sonra yaraya və ətrafında olan kiçik sıyrıntılara dərman vuraraq üzərlərinə sarğı qoyduğunu, polkovnikleytenant Ş.Bəylərovun ona Zərərçəkmiş şəxs tibb məntəqəsində saxlayıb müalicə etməsini tapşırdığını, onun tapşırığına əsasən tibb məntəqəsində qeydiyyata almadığını, bu barədə hərbi hissənin tibb xidmət rəisinə məlumat vermədiyini, Zərərçəkmiş şəxs tibbi yardım göstərdikdən sonra onun çıxıb getdiyini, 5 gün taborun tibb məntəqəsinə gələrək onun tərəfindən müalicə edildikdən sonra başqa hərbi hissəyə göndərildiyini, sonradan əsgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mübahisə zamanı qəsdən silahdan atəş açıb vurduğunu eşitdiyini göstərmişdir. Cinayət işinin 1-ci cildinin 112-113-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 dekabr 2020-ci il tarixli, 284 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətin-sağ alın qabarı nahiyəsinin çapıq toxumasının sağalan əzilmiş-cırılmış yaranın izi olduğu, müddətinin şəxsin məhkəmə-tibbi ekspertizasından 1 aya qədər əvvələ uyğun gəldiyi, müxtəlif şəraitlərdə törənə biləcəyi, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, lokalizasiyasına və xüsusiyyətlərinə əsasən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu, xəsarətin sağalaraq çapıqlaşdığı üçün məxsusi əlamətləri itirdiyindən və şəxsin adına tərtib edilmiş tibb kitabçasında xəsarətin alınan zamandakı vəziyyəti barədə qeydiyyat olmadığından atəşin məsafəsi və kalibri barədə dəqiq fikir söyləməyin mümkün olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 11-13-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 31 dekabr 2020-ci il tarixli, 298 №-li ekspert rəyində əsgər Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs 10 noyabr 2020-ci il tarixdə, saat 18:25 radələrində döyüş növbətçiliyində olarkən əsgər Təqsirləndirilən şəxs ona təhkim olunmuş silahla 0,5 metr məsafədən boş patronla atəş açmış, daraqdakı ilk boş patron Zərərçəkmiş şəxs alın nahiyəsinə dəymiş və nəticədə xəsarət almışdır. Cinayət işinin 1-ci cildinin 120-123-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının 14 dekabr 2020-ci il tarixli, 213/20 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş bir ədəd silahın 5,45 mm kalibrli olmaqla 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, «1190537» №-li «AK-74» konstruksiyalı, yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz olmaqla atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab edilən qüvvənin (1,5-1,7 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd predmetin zavod üsulu ilə istehsal edilmiş «AK-74», «AKC-74», «AKC-74У» və s. konstruksiyalı avtomat silahlarda, «PПК-74» və «PПКC-74» əl pulemyotlarında və s. silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən 5,45 mm kalibrli plastik gülləli (mərmili) patronların hissəsi-gilizi olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş bir ədəd gilizin «1190537» №-li «AK-74» konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş «1190537» №-li «AK-74» konstruksiyalı avtomat tüfəngdən son təmizləmədən sonra atəş açılmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 118-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli 2634 №-li arayışda Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 258 №-li əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Təqsirləndirilən şəxs 4-cü taborun 12-ci bölüyünün 1-ci pulemyot manqasının heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri yoxdur. Cinayət işinin 1-ci cildinin 109-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 332.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 332.2.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi və törətdiyi cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti hərbi vəziyyət zamanı törətməsidir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 332.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Hökmün icrası N №-li hərbi hissənin komandirinə həvalə olunmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 1 ədəd AK-74 markalı avtomat silah N №-li hərbi hissənin istifadəsinə verilməli, vurucu hissəsində 050/12 rəqəmləri yazılmış 1 (bir) ədəd giliz istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 355, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi andan hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan 1 ədəd AK-74 markalı avtomat silah N №-li hərbi hissənin istifadəsinə verilsin, vurucu hissəsində 050/12 rəqəmləri yazılmış 1 (bir) ədəd giliz istifadəyə yararsız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar