Məhkəmə qərarları › İş №1-1(093)-103/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-103/2025

18.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-103/2025 18.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Sədrlik edən hakim: X7, Məhkəmə iclas katibi: Nağızadə Nanə Vüsal qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 25 avqust 1980-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin Hüquq idarəsinin normativ aktların hüquqi ekspertizası şöbəsinin rəis müavini vəzifəsində xidmət etmiş polkovnik-leytenantı, hazırda işləməyən, Ağdam rayonunun Sarıhacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Əliyev 15C ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviriəsaslandırıcı hissədə CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hüquq idarəsinin normativ aktların hüquqi ekspertizası şöbəsinin rəis müavini vəzifəsində, ədliyyə polkovnik-leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2024-cü ilin yay aylarında aralarında tanışlıq münasibətlərinin olduğu X6 və sonuncunun vasitəsi ilə tanıdığı X4 ilə aralarındakı söhbətlər zamanı Müdafiə Nazirliyinin adlarını çəkmədiyi yüksək vəzifəli səlahiyyətli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu, bu münasibətlərə görə özünün vasitəsi ilə həmin səlahiyyətli vəzifəli şəxslərə müəyyən məbləğdə pul verilməsi müqabilində hər hansı hərbi hissədə xidmət edən hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsini, yuxarı vəzifəyə təyin edilməsini, yaxud onlara növbəti hərbi rütbələrin verilməsini təşkil edə biləcəyini deyərək X6 ilə X2 belə imkanlara malik olduğuna inandırmışdır. Dana sonra Təqsirləndirilən şəxs, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, vətəndaş X6 2024-cü ilin iyun ayında istifadəsində olan 050-234-2U-15 mobil nömrəsindən “Whats app” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq, X1 vasitəsi ilə tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, kapitan Zərərçəkmiş şəxs1 mayor hərbi rütbəsi ala bilməsi üçün yuxarı vəzifəyə təyin olunmaq istədiyini bildirərək, bununla bağlı sonuncuya hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs, tutduğu vəzifə və ya tanışlıq münasibətləri ilə əlaqədar hər hansı hərbi qulluqçunun bu və ya digər vəzifəyə təyin olunmasını təmin etməyə heç bir səlahiyyətlərə və real imkanlara malik olmadığı halda, yaranmış fürsətdən istifadə edib özgə əmlakını qanunsuz olaraq ələ keçirməklə varlanmaq qərarına gələrək, bu niyyətlə vətəndaş X5 özünün vasitəsi adlarını çəkmədiyi Müdafiə Nazirliyinin yüksək vəzifəli səlahiyyətli şəxslərinə ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul verilməsi müqabilində kapitan Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədə mayor hərbi rütbəsinə uyğun vəzifəyə təyin edilməsini təmin edə biləcəyini bildirmişdir. Vətəndaş V.A.Xuduyev ədliyyə polkovnik- leytenantı Təqsirləndirilən şəxs dediklərinə inanıb onun təklifi barədə E.S.Şıxəliyevin və sonuncunun tanışı olan Şahid3 vasitəsi ilə kapitan Zərərçəkmiş şəxs1 məlumat verdikdə o, həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı danışıqdan bir neçə gün sonra, 2024-cü ilin iyun ayının sonlarında vətəndaşlar Şahid3 və E.S.Şıxəliyevin vasitəsi ilə ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs çatdırılması məqsədi ilə vətəndaş Şahid2 7000 (yeddi min) manat məbləğində pul vermişdir. Bundan sonra ədliyyə polkovnik-leytenant Təqsirləndirilən şəxs vətəndaş V.A.Xuduyevlə 01 iyul 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhərinin Bakıxanov qəsəbəsinin ərazisində yerləşən, «Akkordun binaları» adlanan şəhərcikdə təklikdə görüşüb orada ondan özünün idarə etdiyi avtomobilin içərisində 7000 (yeddi min) manat məbləğində pulu almış və ona qısa müddət ərzində kapitan Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədə mayor rütbəsinə uyğun vəzifəyə təyin ediləcəyinə dair vəd verib sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, vətəndaş V.A.Xuduyevin vasitəsi ilə tanıdığı E.S.Şixalıyev 2024-cü ilin sentyabr ayının ortalarında istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “Whats app” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət edən tanışı Zərərçəkmiş şəxs2 gizir hərbi rütbəsi almaq istədiyini bildirərək, bununla bağlı sonuncuya hər hansı köməklik göstərə bilib bilməyəcəyini soruşduqda, ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs, tutduğu vəzifə və ya tanışlıq münasibətləri ilə əlaqədar hər hansı hərbi qulluqçuya hərbi rütbə verilməsini təmin etməyə heç bir səlahiyyətlərə və real imkanlara malik olmadığı halda, yaranmış fürsətdən istifadə edib özgə əmlakını qanunsuz ələ keçirməklə varlanmaq qərarına gələrək, bu niyyətlə vətəndaş E.S.Şıxalıyevə özünün vasitəsi ilə adlarını çəkmədiyi Müdafiə Nazirliyinin yüksək vəzifəli səlahiyyətli şəxslərinə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul verilməsi müqabilində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Zərərçəkmiş şəxs2 gizir hərbi rütbəsinin verilməsini təmin edə biləcəyini bildirmişdir. Vətəndaş E.S.Şixalıyev ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs dediklərinə inanıb təklifi barədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İ.T Paşayevə məlumat verdikdə o, həmin təklifi qəbul edərək razılaşmış və 2024-cü ilin oktyabr ayının ortalarında vətəndaş E.S.Şıxəliyevlə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin hərbi şəhərciyində, yaşadığı mənzildə görüşüb orada ona ədliyyə polkovnik- leytenantı Təqsirləndirilən şəxs çatdırılması üçün 2500 (iki min beş yüz) manat məbləğində pul vermişdir. Bundan sonra ədliyyyə polkovnikleytenantı Təqsirləndirilən şəxs növbəti gün, 2024-cü ilin oktyabr ayının ortalarında vətəndaş E.S.Şıxəliyevlə Bakı şəhərinin Bakıxanov qəsəbəsi ərazisində yerləşən «Shaurma» restoranında təklikdə görüşüb orada ondan çavuş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 2500 (iki min beş yüz) manat məbləğdə pulu almış və ona qısa müddət ərzində Zərərçəkmiş şəxs2 gizir hərbi rütbəsinin veriləcəyinə dair vəd verib sonrakı müddət ərzində verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir iş görməyərək, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında Zərərçəkmiş şəxs1 7000 manat pulunu və Zərərçəkmiş şəxs2 2500 manat pulu aldadaraq dələduzluq yolu ilə ələ keçirdiyini, hazırda zərərçəkmiş şəxslərlə barışaraq bütün ziyanı və dövlət büdcəsinə vurulmuş ziyanın iyirmi beş faizini ödədiyini, barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmədə ərizə və izahat verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın hazırda ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, ona görə də cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə ərizə və izahat verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın hazırda ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, ona görə də cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş zərəri ödəməklə yanaşı cinayət nəticəsində vurulan ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 22 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, təqsirlənddirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş itthamın CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə bağlı ümumi vurulmuş ziyan kimi qəbul edilmiş 9500 (doqquz min beş yüz ) manatı tam şəkildə ödənilmiş və məhkəmə iclasında zərərçəkmiş şəxslər vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdıqlarını bildirmişlər. Kapitalbank ASC-nin xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş 9500 manat ziyanın 25%-i olaraq 2375 manat dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarında olan sübutları nəzərdən keçirib, müdafiə tərəfin vəsatətini müzakirə edərək məhkəmə bu qənaətə gəlir ki, CM-nin 73-1.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin məcəllənin 305.2-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CM-in 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, cinayət qanunvericiliyinin sözügedən maddəsində imperativ olaraq nəzərdə tutulmuşdur ki, həmin maddədə əks olunan hər hansı cinayət əməllərindən birini törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəməklə yanaşı cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə dəymiş 9500 manat maddi ziyan ödəmiş, həmin şəxslə barışıq əldə olunmuş və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarını təşkil edən 2375 manat dövlət büdcəsinə ödənilmişdir.. Beləliklə məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 41 və 305-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar