Məhkəmə qərarları › İş №1-1(093)-108/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-108/2025

17.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-108/2025 17.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Hərbi Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5(beş) faiz məbləğində pul tutulmaqla 04(dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, çəzası başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N -ci əməliyyat taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 10 fevral 2025-ci il tarixdə saat 10 radələrində həmin bölüyün yerləşdiyi əsgər yataqxanasına daxil olub bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerdə olan dolabın rəfini çəkdikdə orada çay paketləri və alma qabıqlarını görüb bölük növbətçisi xidmətində olan həmin bölüyün N -ci taqımının 2-ci manqasının kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs yanına çağıraraq sonuncuya xidmət yerini nəyə görə natəmiz saxladığını və gün növbətçilərini idarə edə bilmədiyini söyləyərək irad bildirmiş və əsəbi halda qarşısında hərəkətsiz vəziyyət dayanmış Zərərçəkmiş şəxs üzərinə gedib sağ baldır nahiyəsinə sol ayağının diz nahiyəsi ilə bir zərbə və baş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hərbi hissənin N -ci əməliyyat taborunun 3-cü bölüyünün N -ci taqımının 2-ci manqasının kəşfiyyatçıtuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs xidmət müddətində tabeliyində olan hərbi qulluqçu kimi tanımış, həmin hərbi hissənin N -ci əməliyyat taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 10 fevral 2025-ci il tarixdə saat 10 radələrində baş çavuşu olduğu bölüyün yerləşdiyi əsgər yataqxanasına daxil olmuş, bölük növbətçilərinin fəaliyyətinə nəzarət etməli olduğundan onların xidmətini yoxlamağa başlamış, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerdə olan dolabın rəfini çəkdikdə orada çay paketləri və alma qabıqlarını görüb əsəbiləşmiş, bölük növbətçisi xidmətində olan həmin bölükdə xidmət edən Zərərçəkmiş şəxs qışqıraraq yanına çağırmış, sonuncuya xidmət yerini nəyə görə səliqəli saxlamadığını və gün növbətçilərini idarə edə bilmədiyini deyərək irad bildirmiş, əsəbləşdiyindən qarşısında hərəkətsiz vəziyyət dayanmış Zərərçəkmiş şəxs üzərinə gedib cəzalandırmaq üçün sağ baldır nahiyəsinə sol ayağının diz nahiyəsi ilə bir zərbə və baş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuş, həmin vaxt ətrafda yalnız bölüyün gün növbətçisi əsgər Şahid olmuşdur. Zərərçəkmiş şəxs baş nahiyəsini tutaraq ağrı hiss etdiyini görüb hərəkətlərini dayandırmışdır. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşağı vardır, vətən müharibəsi iştirakçısıdır, məhkəmədən qeyd olunanları nəzərə alınması və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hərbi hissənin N -ci əməliyyat taborunun 3-cü bölüyünün baş çavuşu, gizir Təqsirləndirilən şəxs xidmət müddəti ərzində tanımışdır. 10 fevral 2025-ci il tarixdə saat 10 radələrində xidmət etdiyi 3-cü bölüyün növbətçisi xidmətində olarkən, həmin bölüyün yerləşdiyi əsgər yataqxanasına Təqsirləndirilən şəxs daxil olmuş, bölük növbətçilərinin fəaliyyətinə nəzarət etdiyindən onların xidməti necə təşkil etdiklərini yoxlamağa başlamış, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerə yaxınlaşıb orada olan dolabın rəfini çəkdikdə çay paketləri və alma qabıqlarını görüb əsəbiləşmiş, bölük növbətçisi olduğundan onu qışqıraraq yanına çağırmış, ona xidmət yerini nəyə görə səliqəli saxlamadığını və gün növbətçilərini idarə edə bilmədiyini deyərək irad bildirmiş, özündən çıxıb onun üzərinə gedib sağ baldır nahiyəsinə sol ayağının diz nahiyəsi ilə bir zərbə və baş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuşdur. Hadisəni bölüyün gün növbətçisi əsgər Şahid görmüşdür. O, Təqsirləndirilən şəxs qarşı hər hansı hərəkət etməyərək hərəkətsiz vəziyyətdə dayanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının heyət nəfəri, əsgər Şahid ifadəsində göstərdi ki, 10 fevral 2025-ci il tarixdə saat 10 radələrində xidmət etdiyi 3-cü bölüyün gün növbətçisi xidmətində, əsgər Zərərçəkmiş şəxs isə bölüyün növbətçisi xidmətində olarkən, həmin bölüyün yerləşdiyi əsgər yataqxanasına Təqsirləndirilən şəxs daxil olmuş, bölük növbətçilərinin fəaliyyətinə nəzarət etdiyindən onların xidməti necə təşkil etdiklərini yoxlamağa başlamış, bölüyün gün növbətçisinin dayanması üçün nəzərdə tutulan yerə yaxınlaşıb orada olan dolabın rəfini çəkdikdə çay paketləri və alma qabıqlarını görüb əsəbiləşmiş, bölük növbətçisi xidmətində olan Zərərçəkmiş şəxs qışqıraraq yanına çağırmış, sonuncuya xidmət yerini nəyə görə səliqəli saxlamadığını və gün növbətçilərini idarə edə bilmədiyini deyərək irad bildirmiş, Zərərçəkmiş şəxs üzərinə gedib sağ baldır nahiyəsinə sol ayağının diz nahiyəsi ilə bir zərbə və baş nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs baş nahiyəsini tutaraq ağrı hiss etdiyini görüb Təqsirləndirilən şəxs hərəkətlərini dayandırmışdır. Cinayət işinin sənədlərindən görünür ki, cinayət işi 28 fevral 2025-ci il tarixdə Sumqayıt Hərbi prokuroru tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etməsi faktına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə başlanılmışdır. 25 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, 26 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdfirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Naziliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən tərtib edilmiş 14 fevral 2025-ci il tarixli, 78 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmiş, müayinə zamanı 10 fevral 2025-ci il tarixdə gizir Təqsirləndirilən şəxs dizi ilə onun sağ bud nahiyəsinə və yumruqla baş nahiyəsinə vurmasını bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N may 2023-cü il tarixli 164 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün baş çavuşu vəzifəsinə təyin edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Bağlaşmaya əsasən Təqsirləndirilən şəxs gizir kimi xidmət müddəti 5 (beş) il müddətinə, 24 fevral 2028-ci il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2024-cü il tarixli, 424 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs bütün növ təminatlara qoyulmuş və hərbi hissənin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün 1-ci taqımının 2-ci manqasının kəşfiyyatçı-tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 3-cü bölüyünün komandiri baş leytenant Elxan İsayevin 10 fevral 2025-ci il tarixli raportundan görünür ki, gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 20 fevral 2025-ci il tarixli, 1178 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri vardır, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəis hesab edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” və Respublika Psixiatriya Xəstəxanası” X4 xx.xx.2025-ci il tarixli və 16 aprel 2025-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Oakiddin oğlu və Zərərçəkmiş şəxs mərkəz və xəstəxanada qeydiyyatları yoxdur. Qusar Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)-1154/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2013-cü il tarxdə bağladığı nikah pozulmuş və 2014-cü il təvəllüdlü Murad adlı uşağı onun himayəsinə verilmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5(beş) faiz məbləğində pul tutulmaqla 04(dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Cəzasını çəkmişdir. Məhkumluğu ödənilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, CM 59.2-ci maddəsinə əsasən onun “Vətən müharibəsi iştiraçısı”, Cəbrayılın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən halları olduğunu vurğulayır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 6 (altı) manat olmaqla 150 (yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “FİDES” Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 08 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “FİDES” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar