Məhkəmə qərarları › İş №1-1(093)-115/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-115/2023

03.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-115/2023 03.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, Quliyev Yusif Nazim oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi- “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq hazırlanmış hüquq verən rəsmi sənədlərdən saxta olduğunu bilə-bilə istifadə etmişdir. Belə ki, Sadıqov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmətdə olmaqla məzuniyyətdə olan zaman, yüksək məbləğdə kredit əldə etmək məqsədilə Şirvan şəhəri, Xəqani küçəsində qonşuluğunda yaşayan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Nicat” adlı mülki vətəndaşdan məzmunu həqiqətləri əks etdirməyən və yalan məlumatlar daxil olunmaqla qanunsuz hazırlanmış hüquq verən sənədi, yəni onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlərin aparıldığı və onun fotoşəkili yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə SQ № 0076901” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş sənədi 27 fevral 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında əldə edib, qeyd olunan sənədin saxta olduğunu bilə-bilə kredit götürmək məqsədilə "xxxx" ASC-nin Müştəri Xidməti Mərkəzinə daxil olmaqla bank əməkdaşına təqdim edərək bilə-bilə saxta sənəddən istifadə etmiş, lakin bank əməkdaşları tərəfindən həmin şəxsi vəsiqənin həqiqəti əks etdirməyən saxta sənəd olması aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 2023-cü ilin fevral ayında məzuniyyət götürərək Şirvan şəhərinə gəlmiş, 26 fevral 2023-cü il tarixdə qonşusu və yaxın dostu olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ilə ünvan 2 ünvanında məhlədə söhbət edərkən pula ehtiyacının olduğunu, lakin 2022-ci ilin dekabr ayında “online” qaydada “Kapital bank”-dan kredit götürdüyü üçün heç bir bankın ona kredit vermədiyini söyləmiş və şəxsi ehtiyacları üçün krediti haradan, necə əldə edə biləcəyi barədə Şahid1 soruşmuşdur. Həmin vaxt Şahid1 kredit məsələsini həll edən soyadını və ata adını demədiyi “Nicat” adlı şəxs tanıdığını bildirməklə götürəcəyi pulun bir hissəsinin həmin şəxsə çatacağını söyləmişdir. Şahid1 dedikləri ilə razılaşdıqdan sonra kredit götürmək istədiyini bildirərək həmin adamla əlaqə saxlamağını, hansı üsulla köməklik edəcəyini soruşmağı Şahid1 xahiş etmişdir. Şahid1 onun yanında həmin şəxslə danışdıqdan sonra ona “Nicat” adlı şəxsin saxta vəsiqə düzəltməklə kredit götürməyinə köməklik edəcəyini bildirmişdir. Özü pula ehtiyacı olduğu üçün saxta vəsiqə ilə kredit götürməyə razı olmuşdur. Çünki, 2 ildir ki müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyinə baxmayaraq ona şəxsi vəsiqə verilməmiş, həmçinin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına zaminsiz kredit verilmədiyini üçün özünün adi qaydada kredit əldə edə bilməyəcəyini bilmişdir. Həmin “Nicat” adlı şəxsin göstərişi ilə Şahid1 ilə 27 fevral 2023-cü il tarixdə həmin şəxslə görüşüb kredit götürmək üçün Bakı şəhərinə getməyi planlaşdırmışlar. Bundan sonra məhləni tərk etmiş, səhəri gün, yəni 27 fevral 2023-cü il tarixdə saat 09-10 radələrində Şahid1 və özü Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "xxxx"-ın Müştəri Xidməti Mərkəzinin yaxınlığına gəlmişlər. Həmin vaxt Şahid1 sonuncuya aid olan “**********” saylı nömrədən ona aid sənədlərin şəkillərini həmin tanımadığı şəxsin bilmədiyi whatsapp nömrəsinə göndərmişdir. Təxminən 1-2 saat sonra həmin şəxs Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "xxxx"-ın Müştəri Xidməti Mərkəzinin yaxınlığına gələrək təklikdə ona saxta gizirin, miçmanın şəxsi vəsiqəsini gətirərək təqdim etmişdir. Həmin şəxsin göstərişi ilə o, vəsiqənin birinci səhifəsində imza etmiş, bundan sonra həmin şəxsə qorxduğunu, özünü həbs edəcəklərini bildirmişdir. Həmin “Nicat” adlı şəxs isə ona qorxmamağı, saxta vəsiqənin əslindən fərqlənmədiyini, heç bir problem olmayacağını bildirmişdir. Həmin şəxs vəsiqəni verdikdən sonra ona vəsiqənin içərisində yazılmış qeydlərlə bağlı izah vermiş və banka girdikdən sonra bankın nümayəndəsi ilə hansı qaydada danışmağı, nə vaxt rütbə almağı və nə vaxtdan hərbi qulluqçu kimi işləməyi barədə deməyi üçün onu təlimatlandırmışdır. Eyni zamanda “Nicat” adlı şəxs öz mobil telefonu ilə onu tanımadığı bir nəfərlə danışdırmış, həmin şəxs də eyni qaydada onu mobil telefon vasitəsilə təlimatlandırmışdır. Bundan sonra “Nicat”-ın göstərişi ilə həmin Nəsimi rayonu ərazisində yerləşən "xxxx"-ın Müştəri Xidməti Mərkəzinə daxil olaraq hansı sənədlərin lazım olduğunu maraqlanmış və ona şəxsi vəsiqə ilə “Birbank”-dan çıxarışın zəruri olduğu bildirilmişdir. Bundan sonra çölə çıxaraq öz mobil telefonunda problem olduğundan dostu Şahid1 mobil telefonunu sonuncudan xahiş edərək orada “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçmişdir. Bundan sonra təxminən saat 12 radələrində saxta şəxsi vəsiqə və Şahid1 mobil telefonu ilə banka tək daxil olaraq sıra nömrəsi götürmüş, Şahid1 isə həmin vaxt bankın çölündə dayanmışdır. Təxminən 10 dəqiqə gözlədikdən sonra bankda olan qadın kredit mütəxəssisinə yaxınlaşmış və 3000 manat məbləğində kredit götürmək istədiyini həmin mütəxəssisə bildirmişdir. Həmçinin maksimum özünə nə qədər kredit verilə biləcəyini soruşduqda həmin mütəxəssis 5000 manat verilə biləcəyini söyləmiş, bundan sonra o, 5000 manat istədiyini bildirmiş və bank əməkdaşı onun sənədlərini götürərək təhlil ediləcəyini demişdir. Həmin mütəxəssis sənədlərinə baxdıqdan bir neçə dəqiqə sonra onu bir nəfər vəzifəli şəxsin yanına yaxınlaşmağını istəmiş, həmin yerə yaxınlaşdıqda orada olan tanımadığı bank əməkdaşı onun vəsiqəsinin saxta olub-olmaması soruşduqda sənədin əsli olduğunu demişdir. Bundan sonra onların sözlü mübahisəsi yaranmış, qorxduğu üçün vəsiqənin saxta olduğunu etiraf etməmişdir. Daha sonra həmin bankın 3-cü mərtəbəsinə aparılaraq oradakı otaqda saxlanılmış, təxminən bir saat gözlədikdən sonra hərbi polis əməkdaşlarının müşayiəti ilə Bakı Hərbi Prokurorluğuna gətirilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, təxminən 2022-ci ilin ortalarında “instaqram” mobil tətbiqində özünə aid “kamran_nabiyev” adlı hazırda sildiyi profilində təsadüfən “Nicad_” adlı istifadəçi profillə tanış olmuş, söhbət əsasında həmiş şəxs özünü Nicat kimi təqdim etmişdir. Həmin şəxs onun hərbi qulluqçu olduğunu bildikdən sonra ehtiyac olarsa banklardan kredit götürülməsi üçün hərbi qulluqçulara köməklik etdiyini bildirmiş və “***-***-**- **” saylı mobil nömrəsini ona vermişdir. Özü isə nə vaxtsa ehtiyac olar deyə həmin nömrəni yaddaşa qeyd etmişdir. Lakin, həmin vaxt istifadə etmək kimi bir niyyəti olmamışdır. 25-26 fevral 2023-cü il tarixlərdə hərbi hissədən buraxılışa çıxaraq ailəsinin yanına Şirvan şəhərinə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs da məzuniyyətdə olmuşdur. 26 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ünvan 2 ünvanında məhlədə söhbət edərkən sonuncu pula ehtiyacı olduğunu, lakin 2022-ci ilin dekabr ayında “online” olaraq “Kapital bank”-dan kredit götürdüyü üçün heç bir bankın kredit vermədiyini bildirmiş, lakin şəxsi ehtiyacları üçün krediti haradan və necə tapmağı barədə ondan soruşmuşdur. Həmin vaxt ağlına “instagram” sosial şəbəkəsində tanış olduğu “Nicat” adlı şəxs gəlmiş və 26 fevral 2023-cü il tarixdə həmin “Nicat” adlı şəxsin mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəli telefonla “whatsap” mobil tətbiqi ilə zəng vuraraq bir nəfər dostunun bankdan kredit götürmək istədiyini bildirmişdir. Bundan sonra həmin Nicat adlı şəxs kredit məsələsini alındıra biləcəyini, bunu saxta vəsiqə hazırlayaraq edəcəyini söyləmişdir. Özü yalnız həmin vaxt “Nicat” adlı şəxsin saxta sənəd hazırlamaqla bankdan kredit götürülməsində köməklik edəcəyini bilmişdir. Bunun qanunsuz olduğunu bildiyi üçün bu barədə Təqsirləndirilən şəxs bildirmiş, lakin Təqsirləndirilən şəxs anasının xəstə olması və dərmanların alınması üçün pula ehtiyacı olduğu üçün saxta vəsiqə istifadə etməyə razı olmuşdur. Bundan sonra “Nicat” adlı şəxs növbəti gün səhər Təqsirləndirilən şəxsla onun Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "xxxx"-ın filialının yaxınlığına gəlmələrini və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini göndərməsini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs anket məlumatlarını (iş yeri, maaşı və.s) soruşmuşdur. Onlar 27 fevral 2023-cü il tarixdə təxminən saat 9-10 radələrində həmin yerə, yəni Bakı şəhəri Nəsimi rayonunda yerləşən "xxxx"-ın filialının yaxınlığına çatmış, ora çatdıqdan sonra “Nicat”ın dediyi sənədlərin şəklini çəkərək sonuncuya göndərmişdir. Təxminən 1-2 saat sonra isə həmin saxta sənəd düzəldən “Nicat” adlı şəxs "xxxx"ın filialının qarşısına piyada gəlmiş, sonuncu onlara yaxınlaşıb salam verdikdən sonra Təqsirləndirilən şəxsla biraz ondan uzaqlaşmaqla kənara çəkilərək saxta yaşıl rəngdə Gizirin, miçmanın şəxsi vəsiqəsini Təqsirləndirilən şəxs vermiş və bir qədər söhbət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəqiqəlik bankın inzibati binasına daxil olub geri qayıtmış və onun istifadəsində olan «X9 8» modelli, ağ və açıq göy rəngli telefonu götürüb “Birbank” proqramından bankda lazım olacağını bildirmişdir. Özü telefonunu könüllü Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin telefonda bank hesabını qeydiyyatdan keçirmiş və saxta vəsiqə ilə birlikdə tək halda banka daxil olmuşdur. Bundan sonra o, bankın çöl tərəfindən gözləməyə başlamış, Təqsirləndirilən şəxs isə Nəsimi rayonunda yerləşən "xxxx"-ın filialının qapısından keçərək içərisinə daxil olmuşdur. Həmin saxta sənəd gətirən “Nicat” adlı şəxs isə ondan xeyli aralıda dayanaraq mobil telefonla danışmış, sonradan isə gözdən itmişdir. Təqsirləndirilən şəxs təxminən 1 saatdan çox bankın çölündə gözlədikdən sonra bankın hər şeyi aşkar etdiyindən şübhələnmiş, üzərində də telefon olmadığından Təqsirləndirilən şəxs zəng vura bilməmişdir. Buna görə də həmin yeri tərk edərək yaşadığı Şirvan şəhərinə qayıtmış, evə çatdıqdan sonra ev telefonu ilə Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vursa da sonuncu telefonu açmamışdır. Bundan təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs ev telefonunu yığaraq hərbi polis tərəfindən tutulmağını bildirmişdir. Həmin gün evdən çıxaraq Qubadlı rayonunda yerləşən xidmət etdiyi N nömrəli hərbi hissəyə yola düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, 05 noyabr 2021-ci il tarixdən 15 mart 2023-cü il tarixədək Müştəri Xidmətləri Mərkəzinin Pərakəndə xidmət şöbəsinin satış məsləhətçisi vəzifəsində çalışdıqdan sonra “Rəqəmsal 3” filialının satış məsləhətçisi vəzifəsinə təyinat almışdır. 27 fevral 2023-cü il tarixdə səhər saatlarında nahar fasiləsindən əvvəl bir nəfər mülki geyimdə olan şəxs həmin vaxt işlədiyi "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzində növbə götürərək ona yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməklə hərbi qulluqçu olduğunu və kredit götürmək istədiyini bildirmişdir. Həmin vaxt şəxsiyyət vəsiqəsinə ilkin olaraq baxdıqda həmin şəxsin ad, soyad və ata adının Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini və şəxsi vəsiqəsini götürdükdən sonra şəxsin kredit öhdəliyinin olub-olmaması, müsbət halda kredit öhdəliyinin vaxtı-vaxtında ödənilibödənilməməsi barədə məlumatlar əldə etmək üçün AKB (Azərbaycan Kredit Bürosu) tarixçəsi tərəfindən sorğulanmışdır. Aralarında olan danışıq zamanı Təqsirləndirilən şəxs narahat olduğunu, sonuncunun özünü bir qədər şübhəli aparmasının şahidi olmuşdur. Bununla da onda Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqənin saxta olmasına şübhələr yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs kredit verilib-verilməyəcəyini ondan soruşmuş, o da öz növbəsində Təqsirləndirilən şəxs bu barədə dəqiq məlumat verə bilməyəcəyimi, son qərarın bank rəhbərliyi tərəfindən veriləcəyi barədə məlumat vermişdir. Eyni vaxtda sonuncunun sənədlərini yoxlanılması üçün Baş ofisin Filiallarla iş şöbəsinə göndərmişdir. Təxminən 30 dəqiqə sonra filialın müdir müavini Şahid3 onları yanına dəvət etdiyi üçün Təqsirləndirilən şəxsla birlikdə Şahid3 yanına getmişlər. E.A.Sadiqovu fililalın müdir müavininin otağına dəvət edərək özü otağı tərk etmişdir. Bundan sonra şübhələrinin əsaslı olduğunu, həqiqətən də Təqsirləndirilən şəxs təqdim etdiyi hərbi vəsiqəsinin saxta olmasını öyrənmiş və kredit sorğusunu dayandırmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq olunmuş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək ittihamda göstərilənləri təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertizanın rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Bank Təhlükəsizliyi Departamentindən daxil olmuş 27 fevral 2023-cü il tarixli 6-3/xx/xx-1513 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə bankın Müştəri Xidməti Mərkəzinə müraciət edərək öz fotoşəkli və anket məlumatları əks olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gizirinə məxsus “Gizirin, Miçmanın şəxsi vəsiqəsi”ni kredit götürmək məqsədilə özünə məxsus sənəd kimi bank əməkdaşına təqdim etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim olunan arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik-çavuş hərbi rütbəsində xidmət edir. Şəxsi vəsiqəyə baxış keçirilməsi haqqında 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına hazırlanan yaşıl rəngli üzərində Azərbaycan Respublikasının gerbi həkk olunmuş, “Gizirin, miçmanın şəxsi vəsiqəsi” və Azərbaycan Respublikası Müdafiə Nazirliyi yazıları yazılmış “SQ” seriyalı “0076901” nömrəli şəxsi vəsiqənin 1-ci səhifəsində foto yerində onun “gizir” hərbi rütbəli fotoşəkli yapışdırılmış, 2-ci səhifədə olan 3-cü “anadan olduğu yer” qrafasında Şirvan şəhəri olduğu, 5 və 6-cı “vəsiqə verən”, “vəsiqə verən vəzifəli şəxsin imzası” qrafalarında 24 iyun 2020-ci il tarixdə X2 Tədris Mərkəzinin rəisi polkovnik rütbəli hərbi qulluqçu tərəfindən imzalanaraq vəsiqənin verilməsi, 3-cü səhifədə olan 8-ci qrafada “verilmiş hərbi rütbələr” qrafasında “MN-nin 1-ci müavini SQBQR-nin 20 iyun 2020-ci il tarixli 0202/1 №-li əmri ilə gizir hərbi rütbəsi verilib” sözləri yazılaraq “gizir” hərbi rütbəsinin verilməsi barədə qeyd aparılmış, alt hissədə isə “N nömrəli h/h polkovniki” sözləri yazılaraq imza edilmişdir. 5-ci səhifədə olan 9 nömrəli “vəzifəyə təyin olunmalar” qrafasında “SQ-in BQR-nin 20 iyun 2020-ci il tarixli 0202/1 nömrəli əmri ilə N nömrəli h/h-nin taqım komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli h/h komandiri polkovnik” sözləri yazılmış və imza edilmişdir. Bundan başqa həmin qrafada 212 nömrəli h\h komandirinin 04 mart 2022-ci il tarixli 045\2 nömrəli əmri ilə 3-cü kəşfiyyat bölüyünün tağ.kom müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli h\h komandiri polkovnik-leytenant imza çəkmişdir. 7-ci səhifədə olan vəsiqənin “silah gəzdirməyə icazə verilmişdir” qrafasında “silahın sistemi, seriyası və nömrəsi” bəndində “7.62 mm AKMS” sözləri və “1441052” nömrəsi yazılmış, “nə vaxt və kim tərəfindən verilmişdir” bəndində isə “xx.xx.2020 və Ömərov S. yazılaraq imza edilmişdir. 12-ci qrafada “Arsn” Şirvan rayon mərkəzi xəstəxanası publik hüquqi şəxs kliniki laboratoriya qan qrupu O(İ) Rh+ sözləri və xx.xx.2020-ci il tarixdə imzalanmaqla göstərilmişdir. Vəsiqənin 1 və 2-ci səhifələri AO-nun X5 möhürü ilə, 3,9 və 10-cu bəndləri isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin möhürü ilə təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş 31 mart 2023-cü il tarixli 4/479-5/422 nömrəli məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan SQ seriya ******* nömrəli şəxsi vəsiqənin 5-ci səhifəsində “hərbi hissə komandiri, polkovnik-leytenant” yazıları qarşısındakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, 2-ci səhifədə “Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, polkovnik” yazıları qarşısındakı imza – X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, həmin vəsiqənin 2,3 və 5-ci səhifələrindəki möhür əksləri axınlı printerdə çap edilmişdir, möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş müvafiq olaraq Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin və N nömrəli hərbi hissənin möhürlərinin eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr 2022-ci il tarixli 294 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci taborun 3-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının baş atıcısı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məhkumluq barədə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə "xxxx" ASC-yə təqdim etdiyi onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlərin aparıldığı və onun fotoşəkili yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə SQ № 0076901” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş saxta sənəd 22 may 2023-cü il tarixdə cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənəddən bilə-bilə istifadə etməsi tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbində əsasən cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “ Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu CM-nin 320.2-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinin tələblərinə əsasən islah işləri və ictimai işlər cəzası hərbi qulluqçulara təyin edilmir (CM-nin 49.4-47.4.5-ci maddələri). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzası hərbi xidmət əleyhinə deyil, başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir (CM-nin 50.1-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur (CM-nin 50.2-ci maddəsi). Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz (CM-nin 50.3-cü maddəsi). Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarını nəzərə alaraq ona CM-nin 320.2-ci maddəsi ilə, həmin Məcəllənin 50.1-ci maddəsinin müddəalarına əsasən aşağı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs xidmət yeri üzrə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlərin aparıldığı və onun fotoşəkili yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə SQ № 0076901” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş saxta sənəd cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizasının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi ziyan yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gizir hərbi rütbəsində xidmət etməsi barədə qeydlərin aparıldığı və onun fotoşəkili yapışdırılmış, üzərində “Şəxsi Vəsiqə SQ № 0076901” kimi sözlər yazılmış, gerbli möhürlə möhürlənərək guya müvafiq səlahiyyətli şəxslərin imzaları ilə təsdiq edilmiş saxta sənəd cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə-xətşünaslıq, sənədlərin texniki ekspertizasının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfi təşkil edən 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar