Məhkəmə qərarları › İş №1-1(093)-119/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-119/2023

11.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-119/2023 11.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi məhkəməsinin hakimi Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi- “Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov 18 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Bakı Hərbi məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32,4 312.1-ci maddələri ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci sülhməramlı qüvvələr taborunun 6-cı sülhməramlı bölüyünün komandiri vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında gəlməmişdir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci sülhməramlı qüvvələr taborunun 6-cı sülhməramlı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N aprel 2023-cü il tarixdə saat 08:00-dan 24 aprel 2023-cü il tarixdə saat 15:10-dək hərbi hissəni özbaşına tərk etmişdir. Bununla da o, on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən, N aprel 2023-cü il tarixdə saat 08:00-da hərbi hissəni özbaşına tərk etmiş və 24 aprel 2023-cü il tarixdə saat 15:10-da barəsində aparılan araşdırma ilə bağlı Sumqayıt Hərbi prokurorluğunun Sumqayıt şəhərinin ərazisində yerləşən inzibati binasına gələrək izahat vermişdir. Onun hərbi hissəni özbaşına tərk etməsinə səbəb şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk edərkən hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. O, N aprel 2023-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdikdən sonra yaşadığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən evinə getmiş və şəxsi işləri ilə məşğul olmuşdur. O, törətdiyi əməlin cinayət məsuliyyətinə səbəb olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən ona qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, N nömrəli hərbi hissədə olan digər hərbi qulluqçularla onun arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. O, hərbi hissəni özbaşına tərk etdiyi tarixlərdə bununla bağlı öz rəislərinə və komandirlərinə məlumat verməmiş və onlardan icazə almamışdır. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N aprel 2023-cü il tarixdə saat 08:00-dan 24 aprel 2023-cü il tarixdə saat 15:10dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, hərbi qulluqçu Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından etibarən hərbi xidmət müddətində tanımış, onunla arasında xidməti münasibətdən savayı dostluq, düşmənçilik və s. olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N aprel 2023-cü il tarixdə saat 08:00-dan 24 aprel 2023-cü il tarixdə saat 15:10dək hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində özünü nizam-intizamsız hərbi qulluqçu kimi göstərmiş, xidmət zamanı bəzi nöqsanlara yol vermiş və hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi şəxsi və ailə problemləri olmuş, hərbi hissəni özbaşına tərk etdiyi vaxtlarda bununla bağlı öz rəislərinə məlumat verməmiş, onlardan icazə almamış və törətdiyi əməlin cinayət olmasından xəbərdar olmuş, xidmət dövründə N nömrəli hərbi hissənin hərbi qulluqçuları tərəfindən Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış və ya ləyaqəti alçaldılmamış, digər hərbi qulluqçularla Təqsirləndirilən şəxs arasında heç bir düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N noyabr 2022-ci il tarixli 334 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 15 oktyabr 2022-ci il tarixli 0284 nömrəli əmrinə əsasən N hərbi hissənin 2-ci sülhməramlı qüvvələr taborunun 6-cı sülhməramlı bölüyünün komandiri vəzifəsinə təyin edilmiş və N noyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış N aprel 2023-cü il tarixli 4180 nömrəli raportdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri, baş leytenant Təqsirləndirilən şəxs N aprel 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə çıxmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2023-cü il tarixli 99 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün komandiri, baş leytenant Təqsirləndirilən şəxs N aprel 2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 04 may 2023-cü il 4846 nömrəli arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Sumqayıt Hərbi prokurorluğunun “Vətəndaşların hərbi prokurorluğun inzibati binasına buraxılmasının qeydiyyatı kitabından” edilmiş çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs 24 aprel 2023-cü il tarixdə saat 15:10-da prokurorluğun inzibati binasına daxil olmuşdur. Səhiyyə Nazirliyinin Məhkəmə X4 tərəfindən təqdim edilmiş 15 may 2023-cü il tarixli 1335 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törədərkən anlaqlı olmuşdur, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X5” PHŞ tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “X5” PHŞ-yə müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli X2 müraciət etməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32,4 312.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək cəzaları qismən toplamaq yolu ilə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı (xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6) övladları vardır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü övladı X7 “Qlikogenin toplanma xəstəliyi, genetik müayinə zamanı təsdiqlənib. AGL-c1460G>T;c.1899G>T mutasiyaları aşkarlanmışdır. Ağırlaşma D53.9. Qidalanma ilə bağlı olan dəqiqləşdirilməmiş anemiya, Defisit anemiya” diaqnozu qoyulmuş, ikinci dərəcə əlillik təyin edilmişdir. Medal vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, himayəsində olan iki azyaşlı uşaqlarından birinin xəstə olmaqla ikinci dərəcə əlil olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən hallarının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar