Məhkəmə qərarları › İş №1-1(093)-127/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-127/2025

07.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-127/2025 07.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 08 dekabr 2024-cü il tarixdə saat 23 radələrində həmin divizionun şəxsi heyətinin yerləşdiyi əsgər yataqxanasına daxil olub şəxsi heyəti yoxlayarkən giriş qapısından sağda yerləşən çarpayıda yatmış həmin divizionun idarəetmə taqımının atəş dəstək qrupunun baş kəşfiyyatçısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər X3 mobil telefondan istifadə etdiyini zənn edərək sonuncunu yuxudan oyadıb telefonu verməsini tələb etdikdə, Pərviz Şəfiyev üzərində mobil telefon olmadığını bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı sonuncuya otaqdan çıxaraq silah otağının yanında dayanmasını tapşırmışdır. Ardınca otağı yoxladıqdan sonra silah otağının yanına gələrək sağ əli ilə Pərviz Şəfiyevin alt geyim köynəyinin yaxasından tutub telefonu verməsini tələb etmiş və sonuncu yenidən mobil telefonunun olmadığını dedikdə, Teymur Qaraxanov əsəbi halda qarşısında hərəkətsiz vəziyyət dayanmış Pərviz Şəfiyevin üzərinə gedib sağ əli ilə yaxasından tutmaqla əlini yumruq şəklində sıxaraq tabeliyində olan Pərviz Şəfiyevin sinəsinə iki yumruq zərbəsi vurub hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olmaqla öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayından etibarən Müdafiə Nazirliyinin Qusar rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində, əsgər X10 isə 2024-cü ilin yanvar ayından etibarən həmin divizionunun idarəetmə taqımının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət etmişlər, Pərviz Şəfiyevə rəis hesab edilmişdir. 08 dekabr 2024-cü il tarixdə saat 23 radələrində cavabdehlik xidməti zamanı həmin divizionun şəxsi heyətinin yerləşdiyi əsgər yataqxanasına daxil olmuş, şəxsi heyəti yoxlayarkən həmin yataqxananın giriş qapısından sağ tərəfdə yerləşən çarpayıda yatmış vəziyyətdə olan Pərviz Şəfiyevin mobil telefondan istifadə etdiyini güman edərək sonuncunu yuxudan oyatmış, telefonu verməsini tələb etdikdə, Pərviz Şəfiyev üzərində mobil telefon olmadığını demiş və aralarında mübahisə yaranmış, Pərviz Şəfiyevə otaqdan çıxaraq silah otağının yanında dayanmasını tapşırmışdır. Özü də otağı yoxladıqdan sonra silah otağının yanına gələrək sağ əli ilə Pərviz Şəfiyevin alt geyim köynəyinin yaxasından tutmuş, telefonu verməsini tələb etsə də, Pərviz Şəfiyev üzərində hər hansı mobil telefon olmadığını demiş, sonuncunun cavabından əsəbiləşərək hərəkətsiz vəziyyət dayanmış Pərviz Şəfiyevin üzərinə gedib sağ əli ilə köynəyinin yaxasından tutmaqla əlini yumruq şəklində sıxmış, Pərviz Şəfiyevin sinəsinə iki yumruq zərbəsi vurmuşdur. Bundan sonra hərəkətlərini dayandırmışdır. Hadisə baş verən zaman yalnız Şahid1 və Şahid2 hadisənin birbaşa şahidləri olmuşlar. Ailəlidir, xx.xx.2018ci il və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır, 2020-ci ilin sentyabr ayında aparılan döyüş əməliyyatlarında iştirak etmişdir, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının baş sürücüsüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şahid1 göstərdi ki, o, 08 dekabr 2024-cü il tarixdən 09 dekabr 2024-cü il tarixədək N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionun 2-ci batareyası üzrə cavabdeh təyin olunmuş, həmin sutka ərzində divizion üzrə cavabdehlik xidmətinə isə mayor Təqsirləndirilən şəxs təyin olunmuş, 08 dekabr 2024-cü il tarixdə saat 23 radələrində mayor Təqsirləndirilən şəxs divizionun şəxsi heyətinin yerləşdiyi əsgər yataqxanasını yoxlamağa başlamış, divizionun idarəetmə taqımının yataq otağına daxil olduqdan sonra giriş qapıdan sağda yerləşən çarpayıda sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 oyadaraq mobil telefonu verməsini tələb etdiyini görmüş, Pərviz Şəfiyev anidən ayağa qalxaraq “Cənab mayor, məni zibilə salmayın. Məndə telefon yoxdur. İcazə verin tərxis olum gedim.” sözlərini demiş, aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Pərviz Şəfiyevə silah otağının qarşısında dayanmasını göstəriş vermiş, silah otağının qarşısına gələrək Pərviz Şəfiyevin yaxasından tutaraq telefonu harada gizlətdiyini soruşmuş, sonuncu üzərində mobil telefon olmadığını bildirdikdə əsəbi halda sinəsindən sağ əli ilə iki yumruq zərbəsi vurmuş, Pərviz Şəfiyev hərəkətsiz vəziyyətdə dayanmış və Təqsirləndirilən şəxs qarşı hər hansı hərəkət etməmişdir. Bir neçə dəqiqə sonra mayor Təqsirləndirilən şəxs əsgər Pərviz Şəfiyevə yatması barədə əmr vermiş, sonuncu isə yataq otağına getmişdir. Hadisə zamanı ətrafdan ondan başqa yalnız əsgər Şahid2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının 1-ci taqımının 1-ci topun top komandiri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək 08 dekabr 2024-cü il tarixdə mayor Təqsirləndirilən şəxs əsgər Pərviz Şəfiyevin sinəsindən tutaraq iki yumruq zərbəsi vurmasını təsdiq etmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs X10 (hazırda tərxis edilmişdir, ehtiyatdadadır, məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamış, ifadəsi tədqiq edilmişdir) ifadəsində göstərmişdir ki, o, hərbi hissəsinin haubitsalı artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, mayor Təqsirləndirilən şəxs xidmət müddəti ərzində 2024-cü ilin yanvar ayından etibarən tanımış, o, həmin divizionunun idarəetmə taqımının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyindən Təqsirləndirilən şəxs ona rəis hesab edilmiş, 08 dekabr 2024-cü il tarixdə yat komandasından sonra divizionun yerləşdiyi əsgər yataqxanasında yataraq istirahət etmiş, saat 23 radələrində radələrində Təqsirləndirilən şəxs cavabdehlik xidmətini təşkil edən zaman həmin divizionun şəxsi heyətinin yerləşdiyi əsgər yataqxanasına daxil olmuş, onu yuxudan oyatmış, telefonu verməsini tələb etdikdə, Təqsirləndirilən şəxs üzərində mobil telefon olmadığını demiş, aralarında mübahisə yaranmış, ona otaqdan çıxaraq silah otağının yanında dayanmasını tapşırmış, bir dəqiqə sonra otağı yoxlayaraq silah otağının yanına gəlmiş, sağ əli ilə onun alt geyim köynəyinin yaxasından tutmuş, telefonu verməsini tələb etsə də o, üzərində hər hansı mobil telefon olmadığını demiş, Təqsirləndirilən şəxs sonuncunun cavabından əsəbiləşərək onun üzərinə gedib sağ əli ilə köynəyinin yaxasından tutmaqla əlini yumruq şəklində sıxmış və sinəsinə iki yumruq zərbəsi vurmuşdur. Hadisə zamanı o, hərəkətsiz vəziyyət dayanmış, ətrafda yalnız Şahid1 və Şahid2 hadisənin birbaşa şahidləri olmuşlar. Bundan sonra baş verənlərlə bağlı komandanlıq tərəfindən müvafiq araşdırma başlanılmışdır. İş materiallarında olan “şübhəli şəxs qismində tanımaq və qətimkan tədbiri seçmək haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tanınmışdır və onun barəsində “başqa yerə getməmək haqqımda iltizam” növündə qətikan tədbiri seçilmişdir.. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 təqdim edilmiş 15 fevral 2025-ci il tarixli, 198 nömrəli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində xəsarət aşkar edilməmiş, müayinə zamanı 08 dekabr 2024-cü il tarixdə mayor Təqsirləndirilən şəxs sinə nahiyəsindən tutub zor tətbiq etdiyini bildirmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, mayor Təqsirləndirilən şəxs ilə əsgər X10 arasında tabelik münasibətləri vardır, yəni Təqsirləndirilən şəxs Pərviz Şəfiyevə rəis hesab edilir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N fevral 2023-cü il tarixli 60 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə təyin edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2024-cü il tarixli, 22 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X10 bütün növ təminatlara qoyulmuş və hərbi hissənin haubitsalı artilleriya divizionunun idarəetmə taqımının atəş dəstək qrupunun baş kəşfiyyatçısı vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2025-ci il tarixli, 07 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər X10 müddətli həqiqi hərbi xidməti başa vurduğuna görə N yanvar 2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumuna göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 17 fevral 2025-ci il tarixli, 1088 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə mayor Təqsirləndirilən şəxs müsbət cəhətdən xasiyyətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs X1 ilə rəsmi nigahdadır və himayəsində iki azyaşlı uşağı var. (X4 xx.xx.2015-ci il təvəllüdlü və X6 xx.xx.2018-ci il) Cinayət işi materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən Müharibəsi” zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Laçının azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxs, şahid ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, 44 günlük Vətən Müharibəsində iştirak etməklə medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 07 (yeddi) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişdiyi halda isə xidmət etdiyi hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar