Məhkəmə qərarları › İş №1-1(093)-133/2020

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-133/2020

04.09.2020 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-133/2020 04.09.2020 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Rafiq Qaraxan oğlu Abbasovun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə polkovnik-leytenantı Emin Özbək oğlu Musayev və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ordubad rayonunun Dırnıs kəndində daimi qeydiyyatda olan, Abşeron rayonunun Pirəkəşkül-1 hərbi şəhərciyində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nəcəfov X4 Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edərkən, 2019-cu ilin avqust ayının sonlarında N №-li hərbi hissədə xidmət etdiyi vaxtdan tanıdığı, hazırda N №-li hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən Şahid1 ilə Bakı şəhərində görüşərək ondan xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsini istəyib-istəmədiyini soruşmuş, gizir Şahid1 ailəsindən ayrı yaşadığına görə ona xidmət yerinin Bakı şəhərinə köçürülməsini istədiyini bildirdikdə, o, Müdafiə Nazirliyində yüksək rütbəli tanışının olduğunu, həmin tanışı vasitəsi ilə onun xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsində köməklik göstərə biləcəyini bildirmiş, bundan iki gün sonra baş leytenant Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** mobil nömrəsi ilə gizir Şahid1 istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə zəng vuraraq onunla xidmət yerinin dəyişdirilməsi ilə bağlı görüşmək istədiyini bildirmiş, elə həmin gün onlar Abşeron rayonunun Xırdalan şəhərində yerləşən «AAAF PARK» yaşayış kompleksinin qarşısında görüşərək söhbət etmişlər. Söhbət zamanı baş leytenant Təqsirləndirilən şəxs gizir Şahid1 xidmət yerinin dəyişdirilməsi məsələsini həll etdiyini, bunun müqabilində 3500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Onunla razılaşdıqdan sonra 3500 manat məbləğində pulu ondan alaraq digər şəxsi hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, rüşvət verməyə təhrik etmiş, habelə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü ona, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, gizir Şahid1 Bakı şəhərində məzuniyyətdə olduğu vaxt 2019-cu ilin avqust ayının sonlarında istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon vasitəsi ilə onun istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefonuna zəng edərək ona məzuniyyətdə olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, Şahid1 «xidmətdən çıxdıqdan sonra görüşüb söhbət edərik» demişdir. Xidmətdən çıxdıqdan sonra isə, saat 19 radələrində mobil telefon vasitəsi ilə Şahid1 ilə danışıb görüş yerini Xırdalan şəhərində yerləşən «AAAF PARK» yaşayış kompleksinin qarşısını təyin etmişlər. Saat 20 radələrində həmin yerə gedərək Şahid1 ilə görüşüb onunla söhbət etməyə başlamışdır. Söhbət zamanı Şahid1 ona ailəsinin Bakı şəhərində yaşadığına görə Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülmək istədiyini bildirmişdir. O, bir az düşündükdən sonra yalan danışaraq Şahid1 Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsinə köməklik göstərə biləcəyini bildirmişdir. Ona pul lazım olduğuna görə öz-özlüyündə düşünərək Şahid1 Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsi adı altında onun pulunu ələ keçirib öz şəxsi məqsədləri üçün istifadə etmək qərarına gəlmişdir. Şahid1 yenə yalan danışaraq Müdafiə Nazirliyində yüksək rütbəli bir neçə tanışının olduğunu, həmin tanışları vasitəsi ilə Şahid1 Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürəcəyini bildirmişdir. Şahid1 onun Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsi üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O, daha inandırıcı olsun deyə Şahid1 «tanışımla danışıb nə qədər pul lazım olduğunu dəqiqləşdirdikdən sonra məlumat verəcəm» demişdir. Təxminən 2 (iki) gün keçdikdən sonra, Şahid1 ilə mobil telefon vasitəsi ilə əlaqə yaradaraq ona «köçürülmə» məsələsini danışdığını bildirərək «təcili görüşməliyik» demişdir. Elə həmin gün xidmətdən çıxdıqdan sonra, Xırdalan şəhərinə gedib orada yerləşən «AAAF PARK» yaşayış kompleksinin qarşısında Şahid1 ilə görüşmüşdür. Görüş zamanı o, Şahid1 xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsi məsələsini danışdığını, bunun üçün 3500 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Şahid1 onunla razılaşaraq 3500 manat pul toplayıb ona verəcəyini bildirmişdir. O, Şahid1 yenə yalan danışaraq «pul sabah çatmalıdır,» demişdir. Şahid1 ona «yaxşı burada gözlə, yaxınlıqda yerləşən evə gedib sənin pulunu gətirirəm» deyərək getmiş və təxminən 15-20 dəqiqədən sonra onun yanına gələrək 3500 manat pulu sayaraq ona vermişdir. O, 3500 manat pulu götürdükdən sonra, Şahid1 narahat olmamasını, uzağı bir ay ərzində Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürüləcəyini bildirmişdir. O, həmin 3500 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində Şahid1 mobil telefon vasitəsi ilə onunla əlaqə yaradaraq «köçürülmə» məsələsinin nə yerdə qaldığını soruşmuşdur. O, hər dəfə Şahid1 yalan danışaraq onun Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsi məsələsi üçün 3500 manat pulu tanışına verdiyini, həmin tanışının tezliklə məsələni həll edəcəyini bildirmişdir. Vaxt keçdikcə Şahid1 onun işinin həll olunmadığını görüb tez-tez mobil telefon vasitəsi ilə onunla əlaqə yaratmışdır. 2019-cu ilin noyabr ayının sonlarında Şahid1 mobil telefon vasitəsi ilə onunla əlaqə yaradarkən, o, Şahid1 «köçürülmə» məsələsinin alınmadığını bildirərək, yalandan Şahid1 «3500 manat pul işi düzəldəcək tanışımdadır. Ondan alıb sənə qaytaracam» demişdir. Şahid1 tez-tez onunla mobil telefon vasitəsi ilə əlaqə yaradaraq 3500 manat pulunu istəmişdir. O, da hər dəfə müxtəlif bəhanələr gətirərək 3500 manat pulu Şahid1 verməmişdir. Çünki, onun pulu olmamışdır. Hadisədən bir müddət sonra ona məlum olmuşdur ki, gizir Şahid1 2019-cu ilin dekabr ayının sonlarında Müdafiə Nazirliyinin «Qaynar xətti» nə zəng vuraraq ondan şikayət edərək xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar ona 3500 manat pul verdiyini və pulunu geri ala bilmədiyini bildirmişdir. 2020-ci ilin fevral ayının əvvəllərində o, Bakı şəhəri «20 Yanvar» metrostansiyasının yaxınlığında təklikdə gizir Şahid1 3500 manat pulu tam həcmdə geri qaytarmışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmədən bağışlanmasini xahiş edir. Şahid gizir Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, təxminən 2019-cu ilin avqust ayının sonlarında N nömrəli hərbi hissədə xidmət edərkən 10-12 günlük məzuniyyətə çıxaraq ailəsinin yaşadığı Abşeron rayonu Xırdalan şəhərinə getmişdir. Məzuniyyətdə olduğu müddətdə, 2019-cu ilin avqust ayının sonlarında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölyünün tağım komandiri vəzifəsində xidmət edən zaman tanış olaraq yoldaşlıq etdiyi, N nömrəli hərbi hissədə xidmət edən baş leytenant Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli möbil telefonuna zəng edərək onunla hal-əhval tutmuşdur. Təqsirləndirilən şəxs onun məzuniyyətdə olduğunu bildikdən sonra ona işdən çıxdıqdan sonra görüşərək söhbət etməklərini bildirmişdir. Elə həmin gün onlar Xırdalan şəhərində yerləşən «AAAF PARK» yaşayış məntəqəsinin qarşısında görüşərək söhbət etmişlər. Söhbət zamanı o, ailəsinin Xırdalan şəhərində yaşadığına, ailəsindən uzaq qaldığına görə xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişmək istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs ona Müdafiə Nazirliyində yüksək rütbəli tanışları olduğunu, həmin tanışları vasitəsi ilə onu Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürərək xidmətini davam etdirməsinə köməklik edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs ona bunun üçün nə qədər pul verməli olduğunu bilmədiyini, həmin yüksək rütbəli şəxslərlə danışdıqdan sonra, bu barədə məlumat verəcəyini bildirmişdir. Təxminən 2 (iki) gün keçdikdən sonra, səhər saatlarında Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə onunla əlaqə yaradaraq ona «Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülmə məsələsini danışmışam təcili görüşməliyik» demişdir. Onlar həmin gün axşam saatlarında yenə Xırdalan şəhərində yerləşən «AAAF PARK» yaşayış kompleksinin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs ona xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülməsi məsələsini Müdafiə Nazirliyində işləyən yüksək rütbəli tanışı ilə danışdığını, bunun üçün onlara 3500 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşaraq bir neçə gün ərzində xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində 3500 manat pulu ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 3500 manat pulu sabah həmin tanışına çatdırmaq lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs «yaxınlıqda yerləşən evimizə gedib 3500 manat pulu gətirirəm» deyərək getmiş və evdən 3500 manat pulu götürüb Təqsirləndirilən şəxs yanına qayıdaraq ona vermişdir. Təqsirləndirilən şəxs həmin pulu götürdükdən sonra saymadan cibinə qoymuş, sonra ona «narahat olma sənin işin bir aya, uzağı iki aya hazır olacaqdır» demişdir. O, Təqsirləndirilən şəxsla kafedə sağollaşaraq evlərinə getmişdir. Ona verilmiş məzuniyyət müddəti bitdiyindən o, N nömrəli hərbi hissəyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. O, bir müddət Təqsirləndirilən şəxs ilə mobil telefon əlaqəsi saxlamayaraq onun dediyi kimi işin düzəlməsi üçün lazım olan vaxtı gözləmişdir. O, Təqsirləndirilən şəxs pulu verdikdən 1 (bir) ay müddət keçdikdən sonra, təxminən 2019-cu ilin oktyabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna həm zəng edərək, həm də sms yazaraq ondan işinin nə yerdə olduğu ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs ona hər şeyin qaydasında olduğunu tezliklə xidmət yerinin Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürüləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə bir neçə dəfə eyni qaydada telefon əlaqəsi yaradaraq işinin nə yerdə olduğunu ondan soruşsa da Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldatdığını hiss edərək Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə köçürülmək istəmədiyini, pulunu qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona işinin alınmadığını, pulun bir qismini xərclədiyini, tezliklə pulu qaytaracağını bildirərək onun pulunu qaytarmamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamaq istəsə də, onunla əlaqə yarada bilməmiş və əlaqə yarada bilmədiyini görərək bununla bağlı ondan şikayət etmək qərarına gəlmişdir. 2019-cu ilin dekabr ayının sonlarında Müdafiə Nazirliyinin «Qaynar xətti»nə zəng vuraraq baş vermiş hadisə barədə ətraflı olaraq məlumat vermişdir. Faktla bağlı araşdırma başlanmış və təxminən 2020-ci ilin fevral ayının ərəfələrində Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə zəng edərək verdiyi pulu tam şəkildə qaytarmaq istədiyini və Bakı şəhəri «20 yanvar» dairəsinə gəlib götürməsini bildirmişdir. O, da öz növbəsində xidmət etdiyi hərbi hissədən N günlük icazə alaraq Ağcabədi rayonundan Bakı şəhərinə gedərək Təqsirləndirilən şəxs ilə görüşmüş və «20 yanvar» dairəsində ondan 3500 manat məbləğində pulunu ondan geri almışdır. O, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra ondan nəyə görə belə bir iş tutmasını və işin hansı səbədən alınmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona hər hansı bir iş görmək niyyətində olmadığını və təcili özünün pula ehtiyacı olması səbəbindən onun əlindəki pulu fürsət bilərək işə düzəltmək adı ilə ondan aldığını etiraf etmişdir. Şahid2 oğlu məhkəməyə ifadə verib göstərdi ki, 2020-ci ilin yanvar ayının əvvəllərində gizir Şahid1 ona 2019-cu ilin avqust ayının sonları, sentyabr ayının əvvəllərində Bakı şəhərində məzuniyyətdə olarkən daha əvvəl N nömrəli hərbi hissədə xidmət edən vaxtdan tanıdığı, hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində tağım komandiri vəzifəsində xidmət edən baş leytenant Təqsirləndirilən şəxs ondan xidmət yerini Bakı şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi üçün 3500 manat məbləğində pul aldığını bildirdi. Şahid3 məhkəmə iclasında Şahid2 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin İctimayyətlə Əlaqələr və X5 şöbə rəisinin xx.xx.2019-cu il tarixli raportunun surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir Şahid1 xx.xx.2019-cu il tarixdə istifadəsində olan 050 ***- **-** nömrəli mobil telefon vasitəsi ilə Müdafiə Nazirliyinin «Qaynar xətt» telefon nömrəsinə zəng vuraraq xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar baş leytenant Təqsirləndirilən şəxs 3500 manat pul verdiyini, bu günədək məsələnin həll olunmadığını, pulunun geri qaytarılmadığını bildirərək pulunun geri qaytarılması üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, 2019-cu ilin təxminən avqust ayının sonları, sentyabr ayının əvvəllərində Bakı şəhərində yerləşən başqa hərbi hissəyə köçürülməsi müqabilində Təqsirləndirilən şəxs ondan 3500 manat pul almış, lakin onun başqa bir hərbi hissəyə köçürülməsindən ötrü heç bir iş görməyərək onu aldatmışdır. O, bu barədə Müdafiə Nazirliyinin «Qaynar xətti»nə müraciət etdikdən sonra araşdırma aparılmış, araşdırma aparıldıqdan sonra, 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ondan aldığı 3500 manat pulu tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs onun pulunu tam şəkildə qaytarmasına baxmayaraq, Təqsirləndirilən şəxs bu əməli nəticəsində ona mənəvi zərər dəymişdir. O, Təqsirləndirilən şəxs bu əməlinə görə cəzalanaraq qanun qarşısında cavab verməsini bildirmişdir. xx.xx.2020-ci il tarixli baxış protokolundan aydın olur ki, Təqsirləndirilən şəxs və Şahid1 ifadələrində göstərdiyi tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefon ilə Şahid1 istifadəsində olan 050 ***-**-** nömrəli mobil telefon arasında danışıqlar olmuşdur. Həmçinin 01 oktyabr tarixdən 2019-cu il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək sms məntinlərindən Şahid1 Təqsirləndirilən şəxs işinin alnıbalınmaması bərədə maraqlanması və ona verdiyi 3500 manat pulu müxtəlif cümlələr yazaraq dəfələrlə istədiyi müəyyən edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 194 №-li əmrindən çıxarışdan məlum olur ki, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2018-ci il tarixli 0326 nömrəli əmri ilə 3-cü motoatıcı bölüyün atəş dəstək tağımının komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.2018-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 50 №-li əmrindən çıxarışdan görünür ki, gizir Şahid1 N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 05 gm nömrəli əmri ilə 4-cü taborun 12-ci bölüyünün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. DİN BƏSİİ-i tərəfindən verilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Füzuli Hərbi məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il (bir) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 70-ci maddəsinə əsasən cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1-97-143-2015 nömrəli tarixli hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apeliyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1-1 (106)16/2016 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən üzərində 6 (altı) ay sınaq müddəti təyin edilməklə Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1-97-143-2015 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AZ-İİ 530396 və 537029 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə X3 xx xxxx 2015-ci il təvəllüdlü İnci adlı və xx xxxx 2016-cı il təvəllüdlü Aydın adlı uşaqları vardır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməllər Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsüf edilmişdir və o, həmin maddələr ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, onun gəncliyini, törətdiyi cinayəti səmimi etiraf edib peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan pul tənbehi ilə islah olunmasını mümkün sayır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini də qeyd etməyi zəruri hesab edir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 -cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar