Məhkəmə qərarları › İş №1-1(093)-136/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-136/2023

21.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-136/2023 21.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı vəkil bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2005-ci ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun İnəkboğan kəndində qeydiyyatda olan və yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində yol texniki taborunun 1-ci mühəndis-yol bölüyünün mühəndis-yol taqımının 1-ci mühəndis yol manqasının sürücüsü vəzifəsində əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan zaman, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində gənc əsgərlər bölüyünün yataqxanasında özü ilə birlikdə xidmət edən və aralarında tabelik münasibətləri olmayan, yol-texniki taborunun 2-ci mühəndis-yol bölüyünün, 2-ci mühəndis-yol taqımının 3-cü mühəndis-yol manqasının mexanik-sürücüsü, əsgər Zərərçəkmiş şəxs irad tutaraq onun çarpayısında dırnaqlarını təmizləməməsini, çarpayısından qalxmasını bildirmiş, sonuncunun buna cavab olaraq yerindən qalxmayacağını bildirməsi və bu səbəbdən aralarında yaranmış nəticəsində ona 1 təpik zərbəsi vurmasından əsəbiləşmiş və tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozmaqla əlləri ilə Zərərçəkmiş şəxs sinəsindən vuraraq itələmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs müvazinətini itirib arxaarxaya gedərək çarpayıya dəyib yerə yıxılmış və nəticədə dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid olan “sağ bazu oynağının önə tam çıxığı” diaqnozlu xəsarətini almış, bununla da o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, 2023-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etməyə başlamış, Zərərçəkmiş şəxs xidmət müddətində tanımışdır. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində günorta yeməyindən qayıtdıqdan sonra asudə vaxt olduğu üçün bölüyün digər şəxsi heyəti ilə birlikdə əsgər yataqxanasına keçmiş və öz çarpayısına yaxınlaşmışdır. Həmin zaman o, Zərərçəkmiş şəxs çarpayısının üzərində oturub dırnaqlarını təmizlədiyini gördüyü üçün sonuncudan onun çarpayısından qalxmasını xahiş etmiş, Zərərçəkmiş şəxs isə buna cavab olaraq qalxmayacağını bildirmişdir. Bundan sonra o, yerini zibillədiyi üçün özünə irad bildiriləcəyini Zərərçəkmiş şəxs dedikdə, sonuncu ona “başımı-beynimi xarab eləmə qalxmayacam dedim” demişdir. Bundan sonra isə o, Zərərçəkmiş şəxs bir daha çarpayısından qalxmasını istədikdə sonuncu əsəbiləşərək ayağa qalxıb onun üzərinə gəlmiş və sol ayağının bud nahiyəsinə təpik zərbəsi vurmuşdur. Bundan sonra o, Zərərçəkmiş şəxs bu hərəkətlərindən əsəbiləşdiyi üçün sonuncunun sinəsindən əlləri ilə zərblə vurub itələmiş və Zərərçəkmiş şəxs həmin zərbənin təsirindən arxa-arxaya gedərək çarpayıya dəyib yerə yıxılmışdır. Həmin zaman orada olan əsgərlər Şahid1 Eyyub oğlu və Şahid2 onları ayıraraq aralarında olan əlbəyaxa davaya son qoymuşlar. Bundan sonra isə bölük üzrə məsul cavabdeh şəxs Şahid3 əsgər yataqxanasına daxil olub səsküyün səbəbini öyrənmək üçün bölüyə düzülüş vermişdir. Həmin zaman Zərərçəkmiş şəxs Ə.Ə.Əsgərova yaxınlaşaraq öz ehtiyatsızlığı nəticəsində çarpayıya dəydiyini, buna görə də qolunun çıxdığını bildirmişdir. Şahid3 isə Zərərçəkmiş şəxs dərhal hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Bundan sonra Şahid3 tibb məntəqəsindən gəldikdə bir daha bölüyü düzüb nə baş verdiyini, əsgər Zərərçəkmiş şəxs hansı səbəbdən çiyninin çıxdığını soruşduqda o, Zərərçəkmiş şəxs vurduğu üçün sonuncunun qolunun çıxdığını deməmiş, daha sonra isə həmin fakt üzrə hərbi hissədə aparılan araşdırma zamanı o, öz əməllərini etiraf edərək Zərərçəkmiş şəxs əlləri ilə itələdiyi üçün sonuncunun çarpayıya dəyib qolunun çıxdığını bildirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs çarpayısında oturub dırnaqlarını təmizlədiyinə görə çarpayısını batırdığı üçün sonuncudan çarpayısından qalxmasını istədiyi zaman Zərərçəkmiş şəxs buna cavab olaraq “baş-beynimi xarab eləmə, qalxmayacam dedim” deməsi, habelə ona bir təpik zərbəsi vurması kimi sonuncunun qanunsuz hərəkətləri barədə komandir heyətindən kiməsə məruzə edərək məlumat verməmiş, əsgərlər arasında xəbərçi əsgər kimi tanınmaqla ona qarşı xidmət yoldaşları tərəfindən münasibətlərin pisləşməsindən ehtiyat etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, xx.xx.2023-cü il tarixdə bölüyün şəxsi heyəti nahar yeməyindən gəldikdən sonra saat təxminən 14:30 radələrində o, digər şəxsi heyətlə birlikdə əsgər yataqxanasına daxil olub Təqsirləndirilən şəxs çarpayısını boş olduğunu gördüyü üçün əyləşərək dırnaqtutanla dırnaqlarını səliqəyə salmağa başlamışdır. Az sonra Təqsirləndirilən şəxs oraya gəlmiş və dırnaqtutanı yavaş formada onun əlindən almış, o isə sonuncuya dırnaqtutanın özünə lazım olduğunu deyərək qaytarmasını istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs dırnaqtutanı ona qaytarıb onun dırnaqlarını təmizləməklə yatdığı çarpayını çirkləndirdiyini bildirmiş, həmçinin “sən mənimlə bir dənə dırnaqtutan söhbəti eliyirsən mən də səninlə yer söhbəti eliyirəm, qalx mənim yerimdən.” demişdir. O, həmin zaman Təqsirləndirilən şəxs zarafat etdiyini düşünüb heç bir əhəmiyyət verməmiş, daha sonra isə Təqsirləndirilən şəxs bir neçə dəfə ondan qalxmağını istədiyi üçün qalxmayacağını demiş, daha sonra isə sonuncu yenə də ondan yerindən qaxlmasını tələb etdiyi üçün əsəbiləşərək ayağa qalxıb sağ ayağı ilə onun sol ayağının bud nahiyəsinə bir dəfə təpik zərbəsi vurmuş, bu zaman da Təqsirləndirilən şəxs da hər iki əlləri ilə onun sinəsindən zərblə vuraraq itləmiş, o isə zərbənin təsirindən müvazinətini saxlaya bilməyib arxa-arxaya gedərək çarpayıya zərblə dəyib yerə yıxılmış, çarpayıya dəyən zaman sağ çiyin nahiyəsindən səs gəldiyi üçün çiyninin yerindən çıxdığını başa düşmüşdür. Bundan sonra orada olan əsgərlər Şahid1 Teyyub oğlu və Şahid2 onları aralayaraq aralarında olan əlbəyaxa davaya son qoymuşlar və həmin gün üçün bölük üzrə məsul cavabdeh şəxs, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 əsgər yataqxanasına daxil olaraq yaranmış səs-küyün səbəbini öyrənmək üçün düzülüş vermiş, o isə həmin vaxt Şahid3 yaxınlaşaraq öz ehtiyatsızlığından çarpayıya dəydiyini və nəticədə çiyninin çıxdığını demişdir. Şahid3 ona bunun inandırıcı olmadığını, çiyninin niyə çıxdığını bir daha soruşmuş, o isə problem yaranacağından qorxub sonuncuya qəti şəkildə qolunun ehtiyatsızlıqdan çarpayıya dəydiyini buna görə də çiyninin çıxdığını demişdir. Bundan sonra isə o, hərbi hissənin tibb məntəqəsinə oradan isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına təxliyyə edilmişdir. Daha sonra isə hərbi hissədə bu fakt üzrə araşdırma başlanan zaman işin ciddiyətinin fərqinə varıb həqiqəti, yəni əsgər Təqsirləndirilən şəxsla arasında yaranmış mübahisə nəticəsində sonuncunun onu itələdiyini və arxa-arxaya gedərək çarpayıya dəyib yıxılmağı nəticəsində qolunun çıxdığını bildirdi. Hazırda təqsirlənqdirilən şəxslə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur.Məhkəmədən təsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 Teyyub oğlu məhkəməyə ifadə verib göstərdi ki, o, 2023cü ilin yanvar ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidmət müddətində tanımış, hər ikisi ilə arasında münasibətləri xidməti olmuş, aralarında heç bir dostluq, düşmənçilik, qohumluq əlaqələri, ədavət və s. olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta təxminən 14:30 radələrində bölükdə asudə vaxt olan zaman o, Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə əsgər yataqxanasında çarpayıda oturmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs çarpayısında oturub dırnaqtutanla dırnaqlarını səliqəyə salarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlindəki dırnaqtutanı bir dəqiqəlik verməsini istəmiş, Zərərçəkmiş şəxs isə “vermirəm” demiş, bu cavabına görə Təqsirləndirilən şəxs ayağa qalxaraq Zərərçəkmiş şəxs yerindən durmasını istəmiş, Zərərçəkmiş şəxs isə durmayacağını dediyi üçün Təqsirləndirilən şəxs təxminən 3 dəfə sonuncudan yerindən durmasını istəmiş, hər dəfə yerindən durmayacağını deyən Zərərçəkmiş şəxs sonuncuya “mənim başımı xarab eləmə, durmayacam” demiş, daha sonra isə ayağa qalxaraq sağ ayağı ilə Təqsirləndirilən şəxs sol ayağına bir təpik zərbəsi vurmuşdur. Bundan əsəbiləşən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsindən sərt şəkildə itələmiş, bunun nəticəsində də Zərərçəkmiş şəxs özünü saxlaya bilməyərək arxaarxaya getmiş və sağ çiyni çarpayının tininə dəymiş, daha sonra isə yerə yıxılmışdır. Bu zaman o və Şahid2 araya girərək Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs aralamışlar və aralarında olan davaya son qoymuşlar. Bundan sonra isə yaranmış səs-küyə görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 bölüyə düzülüş vermiş, düzülüş zamanı sonuncu Zərərçəkmiş şəxs sağ qolunun sol qoluna nisbətən uzun olduğunu, yəni bir az artıq sallandığını görüb nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs guya qolunun çarpayıya dəyməsi nəticəsində qolunun çıxdığını demiş, bundan sonra Şahid3 bölük komandiri, baş leytenant Şahid5 məruzə edərək bu barədə bildirmiş və bundan sonra Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə göndərilmişdir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 Şahid1 Teyyub oğlunun ifadəsinə oxşar ifadə verdi. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid3 məhkəməyə ifadə verib göstərdi ki, o, 2022-ci ilin yanvar ayından etibarən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə başlamış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, aralarındakı münasibətlər yalnız xidməti olmuş, aralarında hər hansı dostluq, düşmənçilik, ədavət, qohumluq əlaqələri və s. olmamışdır. xx.xx.2023-cü il tarixdə o, gənc əsgərlər bölüyündə bölük üzrə məsul cavabdeh şəxs kimi xidmətdə olmuş, həmin gün saat 14:30 radələrində o, gənc əsgərlər bölüyünün şəxsi heyətini günorta yeməyindən gətirdikdən sonra şəxsi heyəti əsgər yataqxanasına aparmış, şəxsi heyət əsgər yataqxanasına girdikdən təxminən 10-15 dəqiqə sonra o, özü bölükdə abu-havanı yoxlamaq məqsədi ilə əsgər yataqxanasına daxil olmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq ehtiyatsızlıqdan sağ çiyninin çarpayıya dəyərək çıxdığını məruzə etmişdir. O, həmin zaman Zərərçəkmiş şəxs sağ çiyninin bir az aşağıda olduğunu, sağ qolunun sol qoluna nisbətən uzun olduğunu görmüş, bundan sonra dərhal bölük komandiri Şahid5 zəng edərək məruzə etmiş və həmin Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Tibb məntəqəsində olan zaman bölük komandiri, baş leytenant Şahid5 özü də oraya gəlmiş və ona bölüyə qayıtmağı barədə göstəriş vermişdir. O, bölüyə gəldikdən az sonra Şahid5 ona zəng edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə dalaşdığını, sonuncunun Zərərçəkmiş şəxs vurması nəticəsində xəsarət aldığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yanına çağıraraq bu barədə soruşmuş, sonuncu isə ona Zərərçəkmiş şəxs günorta yeməyindən qayıtdıqdan sonra sonuncunun çarpayısının üstündə oturub, dırnağını kəsdiyini, dırnaq kəsdiyinə görə çarpayısını çirkləndirdiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs irad bildirərək yerindən qalxmasını, onun yerində dırnaq tutmamasını dedikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə gələrək sol ayağına təpik vurduğunu, buna görə də əsəbiləşərək Zərərçəkmiş şəxs sinəsindən itələdiyini, nəticədə sonuncunun çarpayıya çırpılıb yerə yıxıldığını və bunun nəticəsində də sağ çiyninin çıxdığını etiraf etmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs bu intizamsızlığına görə irad tutmuş və həmin fakt üzrə hərbi hissədə araşdırma başlanmışdır. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, tibb xidməti baş leytenantı Şahid4 məhkəməyə ifadə verib göstərdi ki, o, 2017-ci il tarixdə Azərbaycan Tibb Univeristetinin Hərbi Tibb fakültəsindən məzun olduqdan sonra tibb xidməti leytenatı rütbəsini almaqla Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit kimi xidmət etməyə başlamış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onlarla münasibətləri xidməti olmaqla, aralarında dostluq, düşmənçilik, ədavət, qohumluq əlaqələri və s. olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta təxminən 15 radələrində Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə gətirmişlər ki, həmin zaman Zərərçəkmiş şəxs sağ çiyninin çiyin səviyyəsindən aşağıda olması, sağ qolunun sol qolundan uzun olması müəyyən olunmuşdur. Həmin zaman o, sonuncunun sağ çiyninin çıxmasından şübhələnmiş, özündən həmin xəsarətin hansı şəraitdə almasını soruşmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs ona ehtiyatsızlıqdan sərt şəkildə çarpayıya dəydiyini, nəticədə çiyninin çıxdığını bildirmişdir. Bundan sonra isə o, Zərərçəkmiş şəxs ixtisaslı müayinə və müalicə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməsi barədə tibb kitabçasına qeyd etmiş və sonuncu həmin gün hospitala göndərilmişdir. Bundan sonra isə hospitalda Zərərçəkmiş şəxs “sağ bazu oynağının ön tam çıxığı” diaqnozu qoyulmuş və qapalı üsulla reduksiya olunmuş, hərbi hissəyə gətirildikdən sonra təxminən N gün hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə qalmışdır. Sonradan isə o, hərbi hissədə aparılan araşdırma zamanı əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs ilə arasında olan mübahisə nəticəsində sonuncunun Zərərçəkmiş şəxs itələyərək çarpayıya çırpdığını eşitmiş, lakin konkret olaraq hansı səbəbdən onların dalaşdıqlarını dəqiq bilimir. Əsgər Təqsirləndirilən şəxs konkret olaraq hansı səbəbdən və hansı formada əsgər Zərərçəkmiş şəxs zor tətbiq etməsi barədə dəqiq məlumatı olmamışdır. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Şahid5 məhkəməyə ifadə verib göstərdi ki, o 2022-ci ilin iyul ayından etibarən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit kimi xidmət etməyə başlamış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onlarla münasibətləri yalnız xidməti olmaqla, aralarında dostluq, düşmənçilik, ədavət, qohumluq əlaqələri və s. olmamışdır. xx.xx.2023-cü il tarixdə günorta təxminən 14:30 radələrində günün nizam qaydasına uyğun olaraq zabitlərin nahar fasiləsi olduğu üçün hərbi hissədən kənarda olmuş, həmin vaxt üçün əsgərlərin də asudə vaxtı olmuşdur. O, hərbi hissədən kənarda olan zaman bölük növbətçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid3 mobil telefonla ona zəng edərək gənc əsgərlər bölüyünün 2 nəfər əsgərinin dalaşdığını, əsgərlərdən birinin çiyninin çıxdığını məruzə etmiş və onun bölüyə gəlməyini bildirmişdir. O, həmin zaman dərhal hərbi hissəyə gəlmiş və çatan zaman Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsində olduğu üçün sonuncunun yanına tibb məntəqəsinə gedərək nə baş verdiyini, çiyninə nə olduğunu soruşduqda, Zərərçəkmiş şəxs ona həmin gün saat təxminən 14:30 radələrində gənc əsgərlər bölüyünün yataqxanasında xidmət yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı sonuncunun itələməsi nəticəsində arxa-arxaya gedərək əsgər yataqxanasındakı çarpayıya dəyərək yerə yıxıldığını, çarpayıya dəyməsi nəticəsində çiyninin çıxdığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoluna nə olduğunu soruşduqda, R.Əkbərov sonuncunun dediklərini təsdiq etmişdir. Bundan sonra qeyd olunan halın araşdırılması üçün rəsmi qaydada hərbi hissə komandiriə raportla müraciət etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyulmuş, əsgər hərbi rütbəsi verilməklə müvəqqəti olaraq yol texniki taborunun 1-ci mühəndis-yol bölüyünün mühəndisyol taqımının 3-cü mühəndis-yol manqasının mexanik-sürücüsü vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 7 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, Zərərçəkmiş şəxs həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara qoyulmuş, əsgər hərbi rütbəsi verilməklə müvəqqəti olaraq yol texniki taborunun 2-ci mühəndis-yol bölüyünün 2-ci mühəndis-yol taqımının 1-ci mühəndis-yol manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş arayışdan məlum olur ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri mövcud deyildir. N nömrəli hərbi hissədə zədələnmələrin qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 14:50-də “sağ çiyin oynağının çıxığı” diaqnozlu xəsarətlə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli 177 və xx.xx.2023-cü il tarixli 344/ə nömrəli ekspert rəylərindən aydın olur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində hər hansı xüsusat, xəsarət və ya xəsarət izi aşkar olunmamış, lakin sağ bazu oynağında hərəkətlər natamam və ağrılı müəyyən olunmuşdur. Tibbi sənədlərindən də göründüyü kimi Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə rentegnoloji təsdiq olunmuş “sağ bazu oynağının önə tam çıxığı” diaqnozu qoyulmuşdur ki, həmin xəsarət küt mexanizmdən, bərk küt (əşya) əşyaların təsirindən həmin oynağın fizioloji imkanlarından artıq önə, arxaya, içəriyə və bayra kəskin hərəkəti nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə (xx.xx.2023) və şəraitdə əmələ gəlməsi inkar olunmur dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1947 nömrəli arayışdan məlum olur ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika və İnformiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi cinayətə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini,törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, müsbət xarakterizə olunmasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə kimi cəza növləri nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4cü maddəsi) məhkəmə, Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Eyni zamanda məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun barəsində intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzasının real olaraq tətbiq edilməsini ədalət və humanizm, eləcə də cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinəəsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, cinayət işinin materiallarına nəzər saldıqda görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmış, hazırkı cinayət əməlini həmin ilin fevral ayının əvvəlində, yəni xidmətə uyğunlaşma dövründə törətmiş, cinayət əməlini törətdikdən sonra uzun müddət xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Qeyd edilənləri, həmçinin Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, zərər çəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini (məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə əsasən), hərbi xidmətinin davam etdirmək arzusunda olduğunu, cəzasını ağırlaşdıran halın olmadığı, habelə işin halları ilə bağlı yuxarıda göstərilənlər onun artıq ictimai təhlükəli olmamasına dəlalət edir, bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilər, onun əməlindən səmimi peşmançılıq hissi keçirərək günahını etiraf etməsi də təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi məsələsinə xidmət edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyası həddində intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən hallar olmasını nəzərə alaraq və eləcə də təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 38 (otuz səkkiz) iş saatına görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-in 332.1-ci maddəsi ilə 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq edilsin və barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişirsə həmin hərbi hissənin komandanlığına, tərxis olunarsa daimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 38 (otuz səkkiz) iş saatına görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar