Məhkəmə qərarları › İş №1-1(093)-140/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-140/2025

31.07.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-140/2025 31.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X8 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 3 saylı Vəkil Börosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR ünvan 1 ünvanında daimi qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quliyev X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci divizionunun rabitə rəisiidarəetmə tağımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olmaqla Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Baş X1 bölməsində stasionar müalicədə olarkən, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində həmin bölmədə stasionar müalicədə olan N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs onun qaldığı 217 nömrəli palatada stasionar müalicədə olan N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X3 palatadan çölə çıxmağa qoymamasına əsəbiləşib, palatadan psixiatriya bölməsinin dəhlizinə çıxaraq, tabeliyində olan əsgər Zərərçəkmiş şəxs əli ilə divara itələmiş, daha sonra sonuncunun başının arxa nahiyəsinə bir dəfə yumruq zərbəsi və sağ göz nahiyəsinə bir dəfə diz zərbəsi vurmaqla ona sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ göz orbitinin hematoması” diaqnozu ilə müşayiət olunan xəsarət yetirərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci divizionunun rabitə rəisi-idarəetmə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs ona elan edilmiş ittham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müayinə və müalicə məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın psixiatriya bölməsində stasionar müalicədə olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində o, çarpayıda oturub palata yoldaşı ilə söhbət edən zaman Zərərçəkmiş şəxs onun qaldığı palatanın qapısını açmış, həmin palatada qalan X3 palataya salmağa çalışdığını görmüş və Zərərçəkmiş şəxs nəyə görə bunu etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs isə, cavab olaraq növbədə olduğunu, Məhəmməd Mehdiyevin çölə çıxmayacağını bildirərək palatanın qapısını örtmüşdür. O, Zərərçəkmiş şəxs bu hərəkətinə əsəbiləşərək palatadan çölə, dəhlizə çıxmış sol dizi ilə sonuncunun sağ bud nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Hadisə zamanı onunla Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuş, o, sonuncuya münasibətdə rəis hesab olunmuşdur. Hadisənin təfərrüatını bilmədən Zərərçəkmiş şəxs vurduğuna görə sonuncudan üzr istəmiş, onunla barışmış, törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs göstərmişdir ki, xidmət dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində stasionar müalicədə olmuşdur. xx.xx.2025-ci il tarixdə psixiatriya bölməsində müalicədə olan zaman, saat 22:00-da həmin bölmənin inzibati binasının ikinci mərtəbəsində həmin vaxt növbədə olan sanitar-təlimatçı Şahid3 tərəfindən verilən yat komandasından təxminən 5 dəqiqə sonra o, yuyunmaq və siqaret çəkmək üçün sonuncudan icazə alaraq sanitar qovşağına getmişdir. Yuyunub, siqaret çəkdikdən sonra qaldığı 211 nömrəli palataya qayıdarkən 217 nömrəli palatada qalan əsgər X2 palatanın qapısını açaraq dəhlizə çıxmaq istədiyini görmüş və sonuncuya çölə çıxmamasını bildirəndə həmin palatada qalan baş leytenant Təqsirləndirilən şəxs ondan kim olduğunu və nəyə görə Məhəmməd Mehdiyevə çölə çıxmağa imkan vermədiyini soruşmuş, o isə, cavab olaraq bildirmişdir ki, artıq yat komandası verilmiş, Məhəmməd Mehdiyev çölə çıxacağı halda sonuncuya görə müalicədə olan şəxsləri sıraya düzəcəklərni demişdir. Bu zəmində onunla baş leytenant Təqsirləndirilən şəxs arasında sözlü mübahisə yaranmış, sonuncu palatada, yatdığı çarpayıdan qalxaraq ona hücum edərək psixiatriya bölməsinin dəhlizində öncə onun başının arxa nahiyəsinə güclü yumruq zərbəsi, bundan sonra isə sol dizi ilə sağ göz nahiyəsinə bir zərbə vurmuşdur. Həmin zərbə nəticəsində gözünün altı tez bir zamanda qızarmış, daha sonra isə qaralmışdır. Həmin vaxt növbətçi sanitar-təlimatçı Elsəvər Kərimov gəlmiş və Təqsirləndirilən şəxs ondan kənara çəkmişdir. Bundan sonra o, qaldığı 211 nömrəli palataya getmiş, palata yoldaşları ondan nə baş verdiyi soruşduqda, hadisəni olduğu kimi danışmışdır. Bundan sonra Şahid3 müayinə olunmaqdan ötrü onu növbətçi tibb bacısı Şahid2 yanına aparmış, Şahid2 ona baxış keçirmiş, ilkin tibbi yardım göstərmiş, daha sonra isə növbətçi həkimə hadisə barədə məlumat vermişdir. Təqsirləndirlən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Baş X1 bölməsinin sanitar-təlimatçısı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:00-da gecə növbəsinə çıxmışdır. Gecə növbəsi 16 saat, xx.xx.2025-ci ili tarixdə saat 09:00-dək davam etmişdir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində xəstələrə qəbul edəcəkləri dərmanları paylamış və saat 22:00-da yat komandası vermişdir. Yat komandasından sonra o, palatalara daxil olaraq xəstələrin yerlərinə keçib-keçməmələrini yoxlayarkən, saat 22:30 radələrində dəhlizdən səs-küy gəldiyini eşitmişdir. Səs gələn tərəfə baxdıqda görmüşdür ki, həmin bölmədə stasionar müalicədə olan baş leytenant Təqsirləndirilən şəxs müalicədə olan əsgər Zərərçəkmiş şəxs yaxasından tutmuş, dartışdırmışdır. O, dərhal özünü onlara çatdırmış, aralamış və qaldıqları palatalara ötürmüşdür. Zərərçəkmiş şəxs qaldığı 211 nömrəli palataya ötürdükdən sonra, sağ gözünün altının qızardığını görüb, ondan nə səbəbə görə Təqsirləndirilən şəxslə mübahisə etdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, yat komandasından sonra bölmədə müalicə olunan Məhəmməd Mehdiyevi dəhlizdə görüb qaldığı 217 nömrəli palataya ötürüb və palatadan çıxmamasını tapşıran zaman Təqsirləndirilən şəxs əsəbiləşək palatanın girişində dayanan Zərərçəkmiş şəxs üzərinə hücum çəkmişdir və Təqsirləndirilən şəxs sag dizi ilə vurduğu zərbə nəticəsində qızarmışdır. Hadisənin səhəri günü Zərərçəkmiş şəxs sağ gözünün altı qaralmış və şişmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Baş X1 bölməsinin tibb bacısı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində o, psixiatriya bölməsinin 2-ci mərtəbəsində manipulyasiya otağında olan zaman dəhlizdən səs-küy eşidib çölə çıxmış, orada baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, növbətçi sanitar-təlimatçısı Şahid3 isə müdaxilə edərək onları aralamasını görmüşdür. Hadisə zaman Zərərçəkmiş şəxs yaxınlaşanda sonuncunun sağ gözünün altında qızartı olduğunu görmüş, orada olan Elsəvər Kərimov xəsarətin yaranma səbəbi kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ gözündən vurmasını göstərmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, daha sonra hadisə barədə psixiatriya bölməsinin rəisi, tibb polkovnik-leytenantı X4 zəng edərək məlumat vermişdir. Məhkəmədə prosess iştirakçılarının razılığı ilə ibtidai istinaq dövründə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü tarixdən xx.xx.2025-ci il tarixədək Müdafiə Nazirliyinin Baş X1 bölməsində stasionar müalicədə olduğu müddətdə, baş leytenant Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs da həmin bölmədə stasionar müalicədə olmuşlar. Təqsirləndirilən şəxs bölmənin ikinci mərtəbəsində yerləşən 217 nömrəli palatasında, Zərərçəkmiş şəxs 211 nömrəli palatasında o isə, 207 nömrəli palatasında qalmışdır. xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində o, bölmənin ikinci mərtəbəsində tualetdə olan zaman dəhlizdən səs-küy eşidib çölə çıxmış və dəhlizdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başından tutub aşağı çəkərək sol dizi ilə sonuncun sağ gözünə bir zərbə, başına isə bir yumruq zərbəsi vurduğunu görmüşdür. Həmin vaxt o, və orada olan növbətçi sanitar-təlimatçı Şahid3 və adlarını xatırlamadığı bölmədə müalicədə olan digər xəstələr Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs aralamışlar. Bundan sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsindən ötrü növbətçi tibb bacısı Şahid2 yanına aparılmışdır. Cinayət işinin sənədlərindən görünür ki, cinayət işi xx.xx.2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci divizionunun rabitə rəisi-idarəetmə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 329.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə barəsində cinayət təqibi davam etdirilmiş və xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 216 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 0511 nömrəli əmrinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən gəlmiş hesab edilmiş, xx.xx.2019-cu il tarixdən hərbi hissənin 2-ci özüyeriyən artilleriya divizionun rabitə rəisi - idarəetmə tağımının komandiri vəzifəsinə təyin edilərək həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 331 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müalicə və müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 21 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müalicə həmin tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından, müalicədən xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 93 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə hərbi hissənin 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 6-cı minaatanın heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 46 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin 2-ci taborunun minaatan batareyasının 2-ci tağımının 6-cı minaatanın heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmış, xx.xx.2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılaraq sənədləri qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyi Baş Klinik Hospitalının həkimi, polkovnik-leytenant Rafiq Əmirgüniyevin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, növbətçi tibb bacısı tərəfindən verilən məlumata əsasən, əsgər Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs ilə mübahisə etmiş və sonuncu ona zor tətbiq etmişdir. N nömrəli hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti kapitanı Hünər Vəliyevin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əsgər Zərərçəkmiş şəxs ilə baş leytenant Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, nəticədə Zərərçəkmiş şəxs “sağ gözün hematoması” xəsarəti almışdır. Müdafiə Nazirliyi Baş X1 bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “psixiatriya bölməsində xəstələrin müşahidəsinin qeydiyyatı kitabı”da qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində MN BKH-ın psixiatriya bölməsində stasionar müalicədə olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmuş, nəticədə Təqsirləndirilən şəxs sonuncunun sağ gözünün altına dizi ilə vurmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 531-Ə nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət “sağ göz orbitinin hematoması” bərk küt əşyanın (əyşaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti qərarın təsviri hissəsində göstərilənlərə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunmuş arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuşdur. Cinayət işinə əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2025-ci il tarixli, 1304 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavramaq və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Cinayət işinə əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in xx.xx.2025-ci il tarixli, 1442 nömrəli rəyindən görünür ki, Şahid1 iş üçün əhəmiyyətli halları düzgün qavramaq iqtidarındadır. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs xidməti cəhətdən müsbət xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs xidməti cəhətdən mənfi xarakterizə olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 7088 nömrəli arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və sıradankənar hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o, həmin maddə ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun “Vətən müharibəsi iştiraçısı”, Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzasını yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlindən peşman olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun hazırda hərbi xidmətini davam etdirməsini nəzərə alır və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 04 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar