Məhkəmə qərarları › İş №1-1(093)-142/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-142/2023

28.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-142/2023 28.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi: Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 1-ci barareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 01 may 2023-cü il tarixdə saat 12 radələrində N nömrəli hərbi hissənin avtomobil parkında yerləşən topların saxlandığı saxlancın qarşısında dayanıb siqaret çəkən zaman həmin hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs həmin divizionun komandirinin göstərişinə əsasən təlimlərdə istifadə edilməsi üçün çadırlar qurduğunu, lakin hava küləkli olduğundan çadırları qurmaqda çətinlik çəkdiyini bildirərək ondan çadırların qurulmasında köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs köməklik etməyəcəyini bildirdikdə Zərərçəkmiş şəxs ondan köməklik etməməsinin səbəbini soruşmuş, bu zaman Təqsirləndirilən şəxs əsəbi və kobud şəkildə köməklik etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs kobud davranışına qarşılıq olaraq Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməklə onun bu cür davranışına iradını bildirmiş, həmin nalayiq ifadələrdən əsəbləşən Təqsirləndirilən şəxs öz üstünlüyünü göstərmək və nüfuzunu bərpa etmək niyyəti ilə, həmçinin Zərərçəkmiş şəxs qəsdən zor tətbiq etməklə cəzalandırmaq məqsədilə Zərərçəkmiş şəxs digər hərbi qulluqçuların görə bilməyəcəyi yerə, yəni avtomobil parkında yerləşən topların saxlandığı saxlancın arxa tərəfinə çağırmış, Zərərçəkmiş şəxs saxlancın arxasına getməkdən imtina etsə də, daha sonra Təqsirləndirilən şəxs təkidi ilə onunla birgə həmin saxlancın arxa tərəfinə getmişdir. Təqsirləndirilən şəxs hər hansı hərbi qulluqçunun onları görmədiyindən əmin olduqdan sonra əsəbi şəkildə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs üstünə gedib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud surətdə pozaraq hər iki əli ilə qarşısında hərəkətsiz vəziyyətdə dayanan Zərərçəkmiş şəxs qış səhra gödəkçəsinin yaxasından tutaraq özünə çəkməklə sonuncunun burun nahiyəsinə 1 (bir) baş zərbəsi vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «hər iki gözaltı nahiyənin və burun kökünün qançırları ilə müşayiət olunan burun sümüklərinin cüzi yerdəyişən sınığı» xəsarətlərini yetirməklə zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 01 may 2023-cü il tarixdə səhər saatlarında günün nizam qaydasına uyğun olaraq ona avtomobil parkında saxlanılan avtomobillərin yuyulması və təmizlənməsi tapşırığı verilmiş, həmin tapşırığa əsasən o, avtomobil parkında işləyərkən siqaret çəkmək məqsədilə avtomobil parkında yerləşən topların saxlanılması üçün nəzərdə tutulmuş saxlancın qarşısına gedərək siqaret çəkməyə başlamış, bu zaman həmin hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq çadırların qurulmasında köməklik etməsini xahiş etmiş, lakin o, Zərərçəkmiş şəxs köməklik edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ondan köməklik etməməsinin səbəbini soruşmuş, o,isə yorğun və fikirli olması ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs kobud ifadələrlə köməklik etməyəcəyini bildirmiş, daha sonra Zərərçəkmiş şəxs onun sözlərinə qarşılıq olaraq nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsindən əsəbləşib sonuncunu cəzalandırmaq qərarına gəlmiş və bu məqsədlə Zərərçəkmiş şəxs digər hərbi qulluqçuların görə bilməyəcəyi yerə, yəni avtomobil parkında yerləşən topların saxlanılması üçün nəzərdə tutulmuş saxlancın arxa tərəfinə çağırmış və bununla da, onlar həmin yerə gedərək mübahisələrini davam etmişlər. O, mübahisə zamanı qarşısında hərəkətsiz vəziyyətdə dayanan Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib hər iki əli ilə onun qış səhra gödəkçəsinin yaxasından tutub özünə çəkməklə burun nahiyəsinə 1 (bir) baş zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs geriyə doğru gedib burnunu tutaraq hərəkətsiz vəziyyətdə dayanmış, bunu görən Təqsirləndirilən şəxs isə hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs üzr istəmiş və hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 01 may 2023-cü il tarixdə səhər saatlarında ona avtomobil parkının yaxınlığında təlimlərdə istifadə olunması üçün çadırların qurulması tapşırığı verilmiş, həmin tapşırığa əsasən o, çadırları qurarkən saat 12 radələrində havanın küləkli olması ilə əlaqədar çadırları qurmaqda çətinlik çəkdiyindən digər əsgər yoldaşlarından köməklik istəmək qərarına gəlmiş, bu məqsədlə o, avtomobil parkına doğru gedərək orada yerləşən topların saxlanılması üçün nəzərdə tutulmuş saxlancın qarşısında əsgər yoldaşı Təqsirləndirilən şəxs siqarət çəkdiyini görüb sonuncuya yaxınlaşaraq çadırların qurulmasında ona köməklik etməsini xahiş etdikdə Təqsirləndirilən şəxs ona köməklik etməyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs köməklik etməməsinin səbəbini soruşduqda sonuncu ona kobud ifadələrlə köməklik etməyəcəyini bildirmiş, o, Təqsirləndirilən şəxs yaşca böyük olmasına baxmayaraq sonuncunun onunla bu cür kobud ifadələrlə danışmasından əsəbiləşib nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs öz iradını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs onu avtomobil parkında yerləşən topların saxlanılması üçün nəzərdə tutulmuş saxlancın arxa tərəfinə çağırmış, lakin o, ilkin olaraq Təqsirləndirilən şəxs təklifini rədd etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ilə avtomobil parkında yerləşən topların saxlanılması üçün nəzərdə tutulmuş saxlancın arxa tərəfinə keçərək hərəkətsiz vəziyyətdə dayanmış, bu vaxt Təqsirləndirilən şəxs mübahisəni davam etdirərək nalayiq ifadələr işlədib hər iki əli ilə onun qış səhra gödəkçəsinin yaxasından tutaraq özünə çəkməklə burun nahiyəsinə 1 (bir) baş zərbəsi vurmuşdur. O, zərbənin təsirindən geriyə doğru gedib burnunu tutduqda burnundan qan axmağa başlamış və bunu görən Təqsirləndirilən şəxs dərhal oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, onunla barışmışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, Məhkəmədən onun bağışlanmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ifadə verib göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 01 may 2023-cü il tarixdə saat 17 radələrində günün nizam qaydalarına uyğun olaraq şəxsi heyəti idman məşğələsinə aparmaq məqsədilə şəxsi heyətin düzülməsi barədə göstəriş verdikdə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsində şişkinlik və göyərti olduğunu aşkar etmiş və Zərərçəkmiş şəxs yanına çağıraraq nə baş verdiyini soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs xəsarət almasının səbəbini çadırları qurarkən burun nahiyəsinin dəmirə dəyməsi ilə əlaqələndirsə də, daha sonra həqiqəti deyərək əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini və sonuncunun onu baş zərbəsi ilə vurduğunu etiraf etmişdir. Bundan sonra, o, baş vermiş hadisə barədə aidiyyəti üzrə yuxarı komandanlığa məlumat vermiş, əsgərlər: Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tibb məntəqəsinə göndərilərək müayinələrdən keçirilmiş və faktla bağlı araşdırma başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ifadə verib göstərdi ki, 01 may 2023-cü il tarixdə saat 12 radələrində siqaretini yandırmaq məqsədilə əsgər Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Bu zaman əsgər Zərərçəkmiş şəxs Elzamin oğlu da gələrək Təqsirləndirilən şəxs çadırları qurmaqda ona köməklik etməsini istəmişdir. O, siqaretini yandırdıqdan sonra işlədiyi yerə qayıtdığından əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs mübahisə etdiklərini görməmişdir. Səhərisi gün, hərbi hissənin adlarını xatırlamadığı hərbi qulluqçularından əsgər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini eşitmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 558 nömrəli 03 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – hər iki gözaltı nahiyyənin və burun kökünün qançırları ilə müşayiət olunan burun sümüklərinin cüzi yerdəyişən sınığı, bərk küt əşyanın (əşyaların) təsirindən bilavasitə yerli zərbəvi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə (xx.xx.2023) və şəraitdə əmələ gəlməsi inkar olunmur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 5644 nömrəli 02 may 2023-cü il tarixli raportdan görünür ki, 01 may 2023-cü il tarixdə saat 18:15 radələrində əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və ilkin tibbi müayinə zamanı sonuncunun bədənində “burun kökünün küt travması, burun sümüyünün yerdəyişmiş sınığı” diaqnozlu xəsarət aşkar olunmuşdur. Zərərçəkmiş şəxs qeyd olunan xəsarəti əsgər Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun ona kəllə zərbəsi vurması nəticəsində aldığını bildirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 5643 nömrəli 02 may 2023-cü il tarixli raportdan görünür ki, 01 may 2023-cü il tarixdə saat 12 radələrində əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə xəsarət yetirmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, əsgərlər: Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinə əsasən tabelik münasibətləri olmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli 24 mart 2022-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 03 mart 2022-ci il tarixli 07 nömrəli sərəncamına əsasən gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs 24 mart 2022-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla daxil edilmiş və hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 1N nömrəli 25 iyun 2022-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 20 iyun 2022-ci il tarixli 030 nömrəli sərəncamına əsasən gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlarla daxil edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli 28 iyun 2022-ci il tarixli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – Quru Qoşunları komandanının 20 iyun 2022-ci il tarixli 030 nömrəli sərəncamına əsasən gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 2-ci taqımının 1-ci topun heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 05 may 2023-cü il tarixli 5076 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs adı qeyd olunmuş mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir bir məlumat yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs bağışlamış, onunla barışmışlar və ona qarşı şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlini özünün etirafi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə iclasında dindirilən şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini etiraf edib əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını və ona qarşı heç bir şikayət, tələbinin və mülki iddiasının olmamasını, gənc olmasını, xidmətini davam etmək arzusunda olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyası həddində intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin etməyi, lakin onun törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışdığını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində tətbiq ediləcək intizam xarakterli hərbi hissədə saxlama cəzasının şərti tətbiq edilməsi haqqında qərar qəbul edilməsini mümkün və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir.Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsipləri baxımından barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyin edilməsini, xidmətini davam etdirməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə təhvil verilməsini, sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etməyi vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına, tərxis olunarsa onda daimi yaşadığı yer üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə Bakı şəhər Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına təhvil verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi hərbi hissənin komandanlığına, tərxis olunduqdan sonra daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində xidmət etdiyi hərbi hissə komandanlağının icazəsi olmadan müəyyən yerlərə getməmək, tərxis olunduqdan sonra yaşadığı yer üzrə Bakı şəhər Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar