Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-142/2025 28.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X10 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən N nömrəli hərbi hissəsinin S-N PMU- divizionlar qrupu texniki batareyasının kompressor qurğuları heyətinin sürücü-kompressorçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, 16 oktyabr 2024-cü il tarixdə saat 08:20-də xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 31 may 2025-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb istintaq orqanına təqdim edilməklə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi üzrlü səbəblər olmadan üç aydan artıq müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirdikdən sonra 2019-cu il tarixdən 2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş, 2024-cü ilin sentyabr ayından etibarən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşdur. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində iki ay hərbi xidmət göstərdikdən sonra anasının xəstəliyi və sevdiyi qızla ailə həyatı qura bilməməsi kimi bəzi problemlər onda sıxıntılar yaratmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə anasısının səhhətində problemlər olduğu üçün xidmət yerinə gəlməyərək anasına qulluq etmişdir. Xidmət yerində olmadığı müddətdə 186 nömrəli avtobusda dispetçer işləmiş və daima anasına qulluq etməklə ailə işləri ilə məşğul olmuşdur. Tərxis olunmaq üçün hansı qaydada müraciət olunduğu barədə məlumatı olmamış, xidmət yerinə qayıtmadıqdan sonra aylıq məvacibi maaş kartına yüklənmədiyi üçün tərxis olunduğunu düşünmüşdür. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində, 186 nömrəli avtobusun sonuncu dayanacağında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayaraq istintaqa təhvil vermişlər. Əməlindən peşmandır, ailə vəziyyətinin məhkəmə tərəfindən nəzərə alınaraq ona mümkün qədər yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə üç il müddətinə bağlaşma bağlayaraq xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissənin S- N PMU- divizionlar qrupu texniki batareyasının kompressor qurğuları heyətinin sürücü-kompressorçusu vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs xidmət göstərdiyi qısa müddət ərzində onunla bağlı narazılığı olmamış, yəni onda intizamsızlıq görməmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, atası vəfat etdiyi üçün anası ilə birgə yaşayır. O, Təqsirləndirilən şəxs hərbi xidmətə başlamazdan əvvəl harada çalışdığını soruşanda, Elvin ona bir müddət gəmidə işlədiyini, ali təhsilli olduğunu, Azərbaycan Dövlət Dəniz Akademiyasından məzun olduğunu söyləmişdir. O, gəmidə işlədiyi müddət təxminən 2500 manat məbləğdə aylıq məvacib aldığını bildirmiş, gəmidəki işindən ayrılmasının səbəbini anasının tək olması ilə əlaqələndirmişdir. Hərbi hissə komandiri müddətdən artıq həqiqi hərbi xidmətə başlayanlarla görüşəndə Təqsirləndirilən şəxs özünü xidmətdə doğrultmasını və ali təhsilli olduğuna görə gələcəkdə kurslara qatılıb leytenant hərbi rütbəsini ala biləcəyi barədə bildirmişdir. Lakin Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdən etibarən xidmət yerinə qayıtmamış və bunu dayısının vəfat etməsi ilə əlaqələndirmişdir. Şahid1 bölüyün baş çavuşu, baş gizir Şahid2 və manqa komandirini çağırıb yas mərasiminin harada olduğu barədə onlardan soruşmuş, onlar isə yas mərasiminin Maştağa qəsəbəsində yerləşən Cümə Məscidində olduğunu söyləmişdirlər. O, Şahid2 həmin yerə getməsini tapşırmış və həqiqətən də orada yas mərasimi olduğu halda kollektiv şəkildə oraya getməklərinin lazım olduğu barədə demişdir. Lakin sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin yerdə deyil və heç bir yas mərasimi baş tutmamışdır. Onlar bu hadisədən sonra bir neçə dəfə Elvin zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. Sonradan Təqsirləndirilən şəxs Şahid2la telefon əlaqəsi zamanı anasının əməliyyat olması səbəbində gələ bilmədiyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs öz kurs yoldaşlarına hal-hazırda ailəvi problemlərinin olduğunu və yaxın zamanda xidmət yerinə qayıdacağına söz vermişdir. Həmçinin o, Neftçilər metrostansiyasından Bakıxanov qəsəbəsinə gedən avtobusların birində konduktor kimi çalışdığını öyrənmişdir. O, bölüyün baş çavuşu Şahid2la birgə Maştağa ərazisinə getmiş, Təqsirləndirilən şəxs dəqiq ünvanı barədə məlumatı olmadığı üçün onun şəklini orada yaşayan vətəndaşlara göstərib tapmağa çalışmışlar. Bundan onlar polis bölməsinə yaxınlaşmış, lakin Təqsirləndirilən şəxs ünvanını dəqiq bilmədikləri üçün kömək ala bilməmişdirlər. Sonradan Təqsirləndirilən şəxs bölüyün baş çavuşu Şahid2 ilə whatsapp mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, Şahid2 isə ona komandirinin də yanında olduğunu və vəziyyəti izah etmək üçün görüşməli olduqlarını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs telefonunu söndürmüşdür. Onlar hərbi hissəyə qayıtdıqdan sonra hərbi hissənin təhqiqatçısına izahat vermiş, olan vəziyyəti danışmışdırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, cinayət işi 25 fevral 2025-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin S-N PMU- divizionlar qrupu texniki batareyasının kompressor qurğuları heyətinin sürücü-kompressorçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə başlanmış, 10 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamış, həmin tarixdə təqsirləndirilən şəxs qismində axtarışı elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 31 may 2025-ci il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarısinin əməkdaşları tərəfindən tutulub istintaqa təqdim edildiyinə görə cinayət işi üzrə icraat təzələnərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 3 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” bağlaşmadan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qulluq etməyə öhdəlik götürmüşdür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 272 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs bağlaşma əsasında üç il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş və S-N PMUdivizionlar qrupu texniki batareyasının kompressor qurğuları heyətinin sürücükompressorçusu vəzifəsinə təyin edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin S-N PMU- divizionlar qrupu texniki batareyasının komandiri, mayor Şahid1 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:20-də xidmət yerinə gəlməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 311 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:20-də xidmət yerinə çıxmadığına görə, bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 7182 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2793 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olmamışdır. Azərbaycan Respublikası Baş X2 İnformasiya sistemindən alınmış məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs valideynləri X4 ilə X3 arasında başlanmış nikah 21 aprel 2010-cü il tarixdə pozulmuşdur. 29 may 1966-cı il təvəllüdlü X1 06 fevral 2021-ci il tarixdə Uniklinikada müəyinədən keçmiş, hər iki periventrikulyar nahiyədə T2 və FLAİR rejimlərində hiperitens qlioz ocaqları aşkar olunmuş, həmin tarixdən sonra müxtəlif illər üzrə yanlız həkim tövsiyyəsi ilə reseptlər yazılmış, 26 fevral 2025-ci il tarixdə N.Şahgəldiyeva ödündən Yeni Klinik xəstəxanasında əməliyyat olunmuş, 01 mart 2025-ci il tarixdə evə buraxılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, və şahid ifadəsi, eləcə də toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olduğu, törətdiyi əməldən peşman olması əməlindən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması üç aydan artıq törədildikdəüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə hansı cəzanın təyin edilməsi məsələsini nəzərdən keçirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, lakin cinayət əməlinin törədilməsinə yaranan şərait, səbəb və üsula diqqət yetirilməli, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs valideynləri arasında nikaha xitam verildiyi üçün xəstə anası onun himayəsində olmaqla, ailənin yeganə qazanc gətirən şəxs olduğu məhkəmə nəzərə alınmalıdır. Məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və ailə vəziyyətini, ali təhsilli olmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər kimi xidmət etməsi, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəzə çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və sınaq müddəti müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, şərti olaraq sınaq müddəti təyin edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəza təyin edilərkən Təqsirləndirilən şəxs 31 may 2025-ci il tarixdən hökm çıxarılan günə qədər onun həbs saxlanılması müddəti əsas cəzaya hesablanmamalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 25-ci bəndində göstərilir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 333.4-1-ci oğluna təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01(bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarətin gücləndirilməsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin, tərxis edildiyi təqdirdə həmin nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1-1(093)-142/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-142/2025
28.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver