Məhkəmə qərarları › İş №1-1(093)-151/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-151/2023

24.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-151/2023 24.10.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı Hərbi Məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil qızının, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 3cü tədris bölüyünün 32-ci taqımının 3-cü manqasının sabiq kursantı, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Belə ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidməti Akademiyasının təlim tədris taborunun 3-cü tədris bölüyünün 32-ci taqımının 3-cü manqasının kursantı olarkən 6 mart 2023-cü il tarixdə saat 22 radələrində xidmət etdiyi bölüyün yataqxanasında şəxsi heyətə sıra düzülüşü olan zaman bölüyün qurutma otağında aralarında tabelik münasibəti olmayan, həmin taqımın 2-ci manqa komandiri, kursant Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədib, sıra düzülüşünə getməsini bildirməsi səbəbindən əsəbiləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38 və 138-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs sağ əlinin V barmağını barmaqlarının arasına salıb burmaqla, ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “sağ əlin V barmağının əsas falanqasının yerdəyişməyən sınığı” ilə müşayiət olunan bədən xəsarətini yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Dövlət Sərhəd Xidməti Akademiyasında təlim-tədris taborunun 3-cü tədris bölüyünün 32-ci taqımının 3-cü manqasının kusantı kimi təhsil almış, kursant Zərərçəkmiş şəxs 2018-ci ildən tanımaqla, aralarında düşmənçilik münasibətləri olmamışdır. 6 mart 2023-cü il tarixdə axşam yoxlanışından sonra saat 22 radələrində 3-cü tədris bölüyünün yataqxanasında bədən baxışı üçün sıra düzülüşü zamanı su içmək məqsədilə qurutma otağına getmiş, orada olan kursant Zərərçəkmiş şəxs onu görüb ünvanına nalayiq ifadə işlədərək, düzülüşə getməsini bildirmiş, o da əsəbiləşərək düzülüşdən xəbərinin olduğunu deyib, sağ əli ilə onun sağ əlinin 4 və 5-ci barmaqlarını barmaqlarının arasına salıb, ani olaraq arxaya doğru burmuşdur. Zərərçəkmiş şəxs barmağını buran zaman “şaqqıltı” səsi eşidib barmağının sındığını ehtimal edərək tez əlini çəkmişdir. Zərərçəkmiş şəxs də “əlim, əlim” deyə qışqıraraq, ona əlinin çox ağrıdığını bildirmişdir. Həmin vaxt qurutma otağında olan kursantlar Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs yaxınlaşaraq, nə baş verdiyini soruşmuşlar, o da V barmağının sındığını bildirmişdir. O, Zərərçəkmiş şəxs barmağını tərpədə bilibbilmədiyini soruşmuş, o da cavabında barmağını tərpədə bildiyini, lakin çox ağrıdığını bildirmişdir. Bədən baxışı zamanı kursant Zərərçəkmiş şəxs bölük üzrə cavabdeh, kapitan Məmməd Nəsibliyə yaxınlaşaraq sağ əlinin V barmağının ağrıdığını, tibb məntəqəsinə getmək istədiyini bildirmiş, kapitan M.Nəsibli Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda, o ilkin olaraq yalan məlumat verib onunla zarafatlaşan zaman barmağından xəsarət aldığını bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs sıra düzülüşündən tibb məntəqəsinə göndərmişlər. Zərərçəkmiş şəxs tibb məntəqəsindən qayıtdıqdan sonra, ona sağ əlinin V barmağının sındığını, onu DSX-in Hospitalına aparacaqlarını bildirmişdir. Bundan sonra, onlar baş verənləri olduğu kimi kapitan M.Nəsibliyə danışmış və hadisə ilə bağlı raport yazılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdən Dövlət Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 3-cü tədris bölüyünün 32-ci taqımının 2-ci manqa komandiri vəzifəsində xidmət edir. Kursant Təqsirləndirilən şəxs 2018-ci ildən tanımış, onunla birgə DSX-in Xüsusi Məktəbdində təhsil almış, sonra Akademiyada eyni taqımda xidmət etmişlər. Onunla münasibəti xidməti olmuş, 6 mart 2023-cü il tarixdə saat 22 radələrində 3-cü tədris korpusunda 3-cü tədris bölüyünün yataqxanasında sıra düzülüşü olan zaman yuduğu corabları asmaq üçün qurutma otağına getmiş, orada corabını asdıqdan sonra kursant Təqsirləndirilən şəxs görərək ona sıra düzülüşünə getməsini bildirmiş, lakin, Təqsirləndirilən şəxs “gedəcəm də” deyərək sözünə əhəmiyyət verməmişdir. O da əsəbiləşərək Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədərək düzülüşə getməsini bildirmiş, Təqsirləndirilən şəxs də sağ əli ilə onun sağ əlinin V barmağını barmaqlarının arasına salıb, arxaya doğru burmuşdur. Həmin vaxt barmağında şiddətli ağrı hiss etdiyindən, “əlim, əlim” deyərək qışqırmışdır. Həmin vaxt otaqda olan kursantlar Şahid2 və Şahid1 ondan özünü necə hiss etdiyini soruşmuş, o da barmağının ağrıdığını, çətinliklə tərpədə bildiyini demişdir. Bundan sonra sıra düzülüşünə getmiş, bölük üzrə cavabdeh, kapitan Məmməd Nəsibliyə yaxınlaşaraq barmağında şiddətli ağrı olduğunu bildirmiş, M.Nəsibli də ona tibb məntəqəsinə getməsi barədə göstəriş vermişdir. Tibb məntəqəsində həkim ona sağ əlinin V barmağının sındığını deyib ilkin yardım göstərmiş və onun 7 mart 2023-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına göndəriləcəyini bildirmişdir. Tibb məntəqəsindən qayıtdıqdan sonra, Təqsirləndirilən şəxs ilə arasında baş vermiş mübahisə zamanı sonuncunun ona qarşı zor tətbiq etməsi nəticəsində xəsarət alması ilə bağlı kapitan M.Nəsibliyə məlumat vermiş və 7 mart 2023-cü il tarixdə onu DSX-in Hərbi Hospitalına aparmışlar. Hospitalda sağ əlinin V barmağını rentgen aparatına salıb, barmağında yerini dəyişməyən sınığın olduğu müəyyən edilmişdir. Hospitalda barmağına gips qoyulduqdan sonra həmin gün Akademiyaya qayıtmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı hər hansı şikayəti və tələbi yoxdur. Şahid2 göstərmişdir ki, o, 29 avqust 2022-ci il tarixdən Dövlət Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 3-cü tədris bölüyünün 32-ci taqımının 3-cü manqasının kusantıdır. 6 mart 2023-cü il tarixdə saat 22 radələrində Akademiyanın 3-cü tədris korpusunda 3-cü tədris bölüyünün yataqxanasında sıra düzülüşü zamanı islanmış üst geyimini asmaq üçün qurutma otağına getmiş, həmin vaxt qurutma otağında olan kursantlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sıra düzülüşünə getməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs “gedəcəm də” deyərək onun sözünə məhəl əhəmiyyət verməmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədərək sıraya getməsini bildirmiş, Təqsirləndirilən şəxs də əsəbiləşərək ona nalayiq ifadə ilə cavab verib, sağ əli ilə Zərərçəkmiş şəxs sağ əlinin barmaqlarından tutaraq burmuşdur. Bu zaman Zərərçəkmiş şəxs “əlim, əlim” deyə qışqıraraq, barmağının şiddətli ağrıdığını bildirmiş, o da, Zərərçəkmiş şəxs yaxınlaşaraq özünü necə hiss etdiyini soruşmuş, Zərərçəkmiş şəxs cavabında barmağının sındığını bildirmişdir. Budan sonra, onlar bədən baxışı üçün sıra düzülüşünə getmişlər. Sırada olan zaman Zərərçəkmiş şəxs bölük üzrə cavabdeh, kapitan Məmməd Nəsibliyə barmağının ağrıdığını bildirmişdir. Kapitan M.Nəsibli də Zərərçəkmiş şəxs tibb məntəqəsinə göndərmişdir. Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 342 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid “sağ əlin V barmağının əsas falanqasının yerdəyişməyən sınığı” ilə müşayiət olunan bədən xəsarəti aşkar olunmuş, müayinə olunanın göstərdiyi tarixdə və şəraitdə yetirilməsi inkar olunmamışdır. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisinin xx.xx.2022-ci il tarixli 0192 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə, kursant vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisinin xx.xx.2022-ci il tarixli 0192 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilməklə, kursant vəzifəsinə təyin edilmişdir. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisinin xx.xx.2023-cü il tarixli 0139 nömrəli əmrindən çıxarışdan görünür ki, kursant Təqsirləndirilən şəxs həmin tarixdə şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmışdır. DSX Akademiyasından verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən hadisə baş verən zaman 2-ci taqımın 3-cü manqasının kursant Təqsirləndirilən şəxs ilə həmin taqımın 2-ci manqasının komandiri Zərərçəkmiş şəxs arasında nizamnamədən irəli gələn tabelik münasibətləri olmamışdır. Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 919 nömrəli MHHK-nın arayışına əsasən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş cəzaların tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı müstəsna hal kimi qiymətləndirir və barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilərək cərimə cəzasının təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Beləliklə, məhkəmə hesab edir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilərək, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzalardan daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsi həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil qızına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti Bakı şəhəri 20 saylı vəkil bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 100 (bir yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil sərf etdiyi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 20 saylı vəkil bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar