Məhkəmə qərarları › İş №1-1(093)-152/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-152/2024

12.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-152/2024 12.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi iilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin mühafizə və təminat bölüyünün 1-ci taqımının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən, 13 dekabr 2023-cü il tarixdə saat 07 radələrində etibarnamə əsasında idarə etdiyi “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobillə asfalt örtüyünün ümumi eni 8 metr olan və qırıq-qırıq xətlə işarələnərək ayrılan iki əks hərəkət zolağının olduğu Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində maksimum sürət həddinin yol nişanı ilə saatda 70 kilometrlə məhdudlaşdırılmış ona ayrılan hərəkət zolağında saatda 70-90 kilometr sürətlə hərəkətdə olduğu zaman 40-50 metr irəlidə yolun sağ kənarından sol kənarına doğru adi yerişlə hərəkətdə olan 2-3 metr yol qət etmiş piyada X4 qəflətən görüb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni «Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» tələblərini kobud surətdə pozaraq, müəyyən edilmiş saatda 70 kilometr maksimum sürət həddindən yuxarı sürətlə, yəni saatda 70-90 kilometr sürətlə hərəkət etdiyi və asfalt örtüyünün yaş olmasını nəzərə almadığı üçün həmin vaxt avtomobilin əyləcini tam sıxsa da piyada ilə toqquşmanın qarşısını ala bilməmiş, qarşı tərəfdən, yəni əks istiqamətdən heç bir nəqliyyat vasitəsinin gəlməməsinə baxmayaraq təhlükədən yayına biləcəyi təqdirdə bunu etməyib hərəkətdə olduğu zolağı dəyişməyərək piyada Elgün İmamquliyevi vurmuş və nəticədə ehtiyatsızlıqdan Elgün İmamquliyevin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «Başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altında və maddəsinə qansızmalar, sol gicgah nahiyəsinin dərialtı hematoması, 1-ci və 2-ci boyun fəqərələrinin cisminin sınığı və onurğa beyininin zədələnməsi, hər iki ağciyər kökünə qansızma, sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları, sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı sıyrıq və qançırları» xəsarətlərini alaraq ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Elgün İmamquliyevin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 09 may 2022-ci il tarixdən etibarən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin mühafizə və təminat bölüyünün 1-ci taqımının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətini davam etdirir. 13 dekabr 2023-cü il tarixdə saat 07 radələrində, asfalt örtüyünün yaş, havanın yağmurlu, temperaturun isə müsbət 04-08 dərəcə selsi olduğu şəraitdə rəsmi qaydada ona verilmiş etibarnamə əsasında idarə etdiyi X7 məxsus “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində Sahil qəsəbəsi istiqamətində ümumi eni 08 metr olan iki əks hərəkət zolaqlı yolun ona ayrılan və maksimum sürət həddinin yol hərəkət nişanı ilə saatda 70 kilometr məhdudlaşdırıldığı eni 04 metr olan hissəsində işə tez çatması üçün yüksək sürətlə, yəni saatda 70-90 kilometr arası sürətlə hərəkət edən zaman həmin zolağı 2-3 metr qət etmiş adi yerişlə hərəkətdə olan piyada X4 40-50 metrlik məsafədə qəflətən görmüş, bu zaman dərhal əyləci tam basıb idarə etdiyi avtomobili bir az sola doğru çəksə də, sürətinin yüksək olması və asfalt örtüyünün yaş olmasını nəzərə almadığından avtomobili toqquşma anına qədər dayandıra bilməmiş və avtomobil sürüşmüş, eyni zamanda piyada da avtomobillə arasında 40-50 metr məsafə olduğu zaman təhlükəni görərək dərhal geriyə doğru çevrilmək üçün sola dönən zaman avtomobilin ön sağ hissəsi həmin piyadanın ilkin olaraq ön hissəsinə çırpılmış, zərbənin təsirindən piyada yolun sağ kənarına düşmüşdür. Hadisənin qarşısını almağa imkanı olmuş, lakin işə tələsdiyi üçün asfalt örtüyünün yaş olmasını, dəfələrlə idarə etdiyi avtomobillə hərəkətdə olduğu yolun hadisə baş verən həmin hissəsində avtomobillər üçün nəzərdə tutulmuş maksimum sürət həddinin saatda 70 kilometr olduğunu göstərən yol nişanının tələbini nəzərə almayaraq müəyyən edilmiş sürət həddini aşmış, həmçinin hadisə vaxtı qarşı tərəfdən, yəni əks istiqamətdən heç bir nəqliyyat vasitəsinin gəlməməsinə və əks istiqamətlə hərəkətdə olduğu zolağın asfalt üzərində qırıqqırıq işarələnmiş xətlərlə ayrılmasına baxmayaraq, avtomobilin sükanını daha çox bucaqla çevirib təhlükədən yayına biləcəyi təqdirdə bunu etməyərək həyəcanlı olduğu üçün avtomobilin sükanını daha kiçik bucağla sola doğru çevirmişdir. Həmin vaxt avtomobildə sərnişin qismində ön oturacaqda əyləşən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimi, mayor Şahid baş verənlərin bilavasitə şahidi olmuş, onlardan başqa avtomobildə, həmçinin kənarda baş verənləri görən hər hansı şəxs olmamışdır. Hadisə baş verdikdən dərhal sonra Şahid ilə birlikdə avtomobildən enmiş, Elgün İmamquliyevin hərəkətsiz vəziyyətdə yolun kənarında uzanmış olduğunu görmüş, telefon vasitəsi ilə təcili tibbi yardım xidməti ilə əlaqə saxlanılmış, qəzadan sonra hadisə yerində durmuş, polis əməkdaşları hadisə yerinə gəlmiş və təcili tibbi yardım gələrək Elgün İmamquliyevi təcili tibbi yardım avtomobilinə qoyaraq aparmışlar. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirmiş və spirtli içki qəbul edib-etməməsinin yoxlanılması üçün onu Sumqayıt şəhər Narkoloji Dispanserinə aparmışlar. O, 13 dekabr 2023-cü il tarixdə avtomobil idarə edərkən hər hansı spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, həmin gün onun Sumqayıt şəhər Narkoloji Dispanserdə sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı orqanizmində hər hansı spirtli içki, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir göstərən maddə aşkar olunmamış, idarə etdiyi avtomobil texniki cəhətdən tam işlək vəziyyətdə olmuşdur. Hazırda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını bildirdi. Məhkəmə iclasında Şahid göstərdi ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin maddi-texniki təminat kafedrasının humanitar fənlər silsiləsinin müəllimidir, rütbəsi mayordur. 13 dekabr 2023-cü il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxsla birlikdə sonuncunun idarə etdiyi “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı minik avtomobillə Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində hərəkətdə olmuşlar. Hava rütubətli, görüntü aydın, yağış yağdığı üçün asfalt yol örtüyü isə yaş olmuşdur. Hərəkətdə olduqları yolun həmin hissəsində müəyyən edilmiş maksimum sürət həddi saatda 70 kilometr olmuş, bununla bağlı yol kənarında maksimum sürət həddini göstərən yol hərəkət nişanı olmuş, Təqsirləndirilən şəxs avtomobili saatda 70-90 kilometr sürətlə idarə etmiş, saat 08:00-da işə, yəni Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Bakı şəhəri Qaradağ rayonun ərazisində yerləşən mühafizə və təminat bölüyünün olduğu hərbi şəhərciyə vaxtında çatıb gecikməmək üçün müəyyən olunmuş sürət həddini aşmış, avtomobildə ondan başqa sərnişin olmamış, hər ikisi ayıq vəziyyətdə olmuş, sərxoş olmamış, avtomobil də tam saz vəziyyətdə olmuşdur. Ümumi eni 8 metr olan iki əks istiqamətli hərəkət zolağının olduğu yolun 4 metr enində olan hissəsində hərəkətdə olan zaman avtomobildən 40-50 metr məsafədə qəflətən yolun sağ kənarından sol kənarına doğru adi yerişlə hərəkətdə olan, təxminən 2-3 metr yol qət etmiş mülki geyimdə bir nəfər şəxsi görmüşlər. Piyadanı ilk gördüyü zaman artıq yolu 2-3 metr qət etmiş və adi yerişlə hərəkətdə olmuş, Təqsirləndirilən şəxs dərhal əyləci tam basıb idarə etdiyi avtomobili biraz sola doğru çəksə də, avtomobilin ön sağ hissəsi həmin piyadaya çırpılmışdır. Eyni zamanda piyada da avtomobili görüb sola dönüb geriyə doğru çevrilmək istəyərkən avtomobillə üz-üzə vəziyyətdə olan anda avtomobil piyadaya çırpılmışdır. Zərbənin təsirindən piyada yol kənarına düşmüş, avtomobil toqquşmadan sonra sürüşərək dayanmışdır. Piyadanın düşdüyü yerə yaxınlaşmışlar, sonradan X9 olduğunu öyrəndikləri həmin şəxsin avtomobillə hərəkətdə olduqları istiqamətdə yolun sağ kənarında hərəkətsiz vəziyyətdə uzandığını görmüşlər. Təcili tibbi yardıma və hüquq mühafizə orqanlarına zəng edib hadisə yerində gözləmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi vətəndaş X5 istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 01 may 1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, X8 ilə 1983-cü ildə ailə həyatı qurmuş, bu nikahdan 08 yanvar 1984-cü il tarixdə Elgün İmamquliyev dünyaya gəlmiş, münasibətləri yaxşı olmuş, aralarında hər hansı ədavət olmamışdır. 13 dekabr 2023-cü il tarixdə o, Elgün İmamquliyevin xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən gələn zəng vasitəsi ilə həmin tarixdə saat 07 radələrində Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində oğlunun avtomobil tərəfindən vurularaq ölməsini öyrənmişdir. X19 evli olmuş, övladı olmamış, uşaqlıqdan fiziki və psixoloji cəhətdən normal inkişaf etmiş, hər hansı fiziki və ya psixoloji xəstəlikdən əziyyət çəkməmiş, vəfat etdiyi günədək hər hansı sıxıntısı, xəstəliyi və ya psixi problemi olmamışdır. 14 dekabr 2023-cü il tarixdə X17 şəhərində yerləşən İmamzadə qəbiristanlığında dəfn edilmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra Elgün İmamquliyevin cənazə və yas xərclərini, qəbrin basdırılması və qəbr daşının qoyulması ilə bağlı xərcləri tamamilə qarşılamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizaların rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 tərəfindən təqdim edilmiş 13 dekabr 2023-cü il tarixli, 184 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində xarici müayinə zamanı “Başın küt travması, baş beyin əzilməsi, baş beyinin qişaları altında və maddəsinə qansızmalar, sol gicgah nahiyəsinin dərialtı hematoması, 1-ci və 2-ci boyun fəqərələrinin cisminin sınığı və onurğa beyininin zədələnməsi, hər iki ağciyər kökünə qansızma, sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları, sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları, bədənin çoxsaylı sıyrıq və qançırları” xəsarətləri aşkar edilmiş, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Elgün İmamquliyevin ölümü 13 dekabr 2023-cü il tarixdə saat 11:00-dan 03-05 saat əvvəl baş vermiş, ölümünə səbəb 13 dekabr 2023-cü il tarixdə küt əşyanın(əşyaların) təsiri ilə yaranmış qeyd olunan xəsarətlər olmuş, həmin xəsarətlərin yüksək sürətlə hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gəlmələri mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 tərəfindən təqdim edilmiş 13 may 2024-cü il tarixli, 18/tkb nömrəli hadisə şəraitinin rekonstruksiyası (situasiyon) ekspertizasının rəyinə əsasən X3 aşkar olunmuş xəsarətlərin lokalizasiyasına, morfoloji əlamətlərinə, xarakterlərinə əsaslanaraq müəyyən edilir ki, hadisə zamanı zərərçəkmiş şəxsin ayaqüstə, üzü avtotexniki vasitəyə yönəlmiş vəziyyətdə olmaqla ilkin təmas baş vermişdir, avtotexniki vasitə ilə bədənin ilkin təmas nahiyəsi hər iki baldır nahiyələri olmuş, lakin sağ baldır nahiyəsində açıq sınıqların olmasını nəzərə alaraq demək olar ki, ilkin və güclü zərbə avtomobilin sağ-ön hissəsi ilə(qanad və bufer) şəxsin sağ baldır nahiyəsi olmuşdur. Elgün İmamquliyev aşağı ətraflarından zərbə aldıqdan sonra avtomobilin ön hissəsinə atılmış, başının sol tərəfinin maşının ön alın şüşəsinə çırpılması nəticəsində İ-İİ boyun fəqərələrinin sınıqlarının və sol gicgah nahiyəsinin hematoması xəsarətlərini almış, digər xəsarətləri isə avtomobilin üzərindən yerə düşərkən alması mümkündür. Elgün İmamquliyevin aldığı xəsarətlərin hərəkətdə olan avtomobilə nisbətdə piyadanın yolun sağ kənarından sol kənarına hərəkət edərkən yaranmış təhlükəyə reaksiya verərək, üzü avtomobilə doğru çevrilərkən ilkin təmas nəticəsində yetirilməsinin mümkünlüyü inkar edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07 iyun 2024-cü il tarixli 8/1537 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun 13 dekabr 2023-cü il tarixli raportundan görünür ki, 13 dekabr 2023-cü il tarixdə Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt piyada, ünvan 3 ünvanında qeydiyyatda olan, 1987-ci il təvvəllüdlü X4 vurmuş, nəticədə piyada Elgün İmamquliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Şirinov tərəfindən həmin şöbənin növbətçi hissəsinə verilən 13 dekabr 2023-cü il tarixli məlumatdan görünür ki, 13 dekabr 2023-cü il tarixdə Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində xx xxxxxxx 1993-cü il təvəllüdlü, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 30 mənzil 9 ünvanında qeydiyyatda olan, Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Sahil qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt piyada, ünvan 3 ünvanında qeydiyyatda olan, 08 yanvar 1987-ci il təvvəllüdlü X4 vurmuş, nəticədə piyada Elgün İmamquliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 13 dekabr 2023-cü il tarixli 6269 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ağzından alkoqolun və ya digər güclü təsir göstərən maddələrin iyi hiss olunmamış, havanı müəyyən cihaz vasitəsilə alkoqol aşkar edilməmiş, götürülən sidik nümunəsinin analizi nəticəsində narkotik maddələrin qəbulu aşkar edilməmişdir. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Hacı Zeynalabdin-Sahil qəsəbəsi yolunun Abşeron rayonunun ərazisindən keçən 9-cu kilometrliyində baş vermiş, yolun hərəkət hissəsi düz, yolun örtüyü asfaltbeton olmaqla 2 hərəkət zolağı mövcud olmuş, yol örtüyünün eni 08 metr olmaqla hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 04 metr, hərəkət hissəsində uzununa ağ qırıq-qırıq xətt olmuşdur. Asfalt örtüyü yaş olmuşdur. İşlək hissəyə sağdan çınqıllıq yol çiyni, soldan dəmir çəpər birləşir. Piyada yolun sağ kənarından mərkəzə doğru 2,5 metr məsafədə vurulmuş, piyada hadisədən öncə yolu sağdan sola doğru keçirmişdir. Hadisə “QAZ 31105” markalı avtomobil ilə törədilmiş, yolda şin, tormozlanma və nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri olmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin X10 Mərkəzi tərəfindən təqdim edilmiş diskə baxış protokollarından görünür ki, fayl olaraq “Tağıyev-Sahil qəsəbə yolu 8.8-ci km VM-002-2023-12-13_07h33min00s000ms” adlandırılmış videonun 01-ci dəqiqəsinin 50-ci saniyəsindən etibarən, videoda sabitlənmiş olaraq tarixi və vaxtı göstərən avtomatlaşdırılmış göstəricilərin tarix olaraq 13 dekabr 2023, vaxt olaraq 07:34:47-07:34:52 göstərdiyi müddət ərzində Təqsirləndirilən şəxs hadisə vaxtı “QAZ 31105” markalı “**-DS-***” dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkət zolağında yüksək sürətlə idarə etmiş, avtomobilin sürətinin həmin yolda hərəkət edən digər avtomobillərə münasibətdə daha yüksək olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 20 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, X18 Məmmədovla barışıq əldə etmiş, sonuncuya qarşı hər hansı şikayət və tələbi olmamışdır. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı 398989 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 13 dekabr 2023-cü il tarixdə ölmüşdür. Cinayət işinin materiallarında olan 20 avqust 2023-cü il tarixli “ƏN Vİ” seriyalı “654996” nömrəli nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs vətəndaş X7 məxsus “QAZ 31105” markalı “**- DS-***” dövlət qeydiyyat nişanlı avtomobili 04 iyul 2029-cu il tarixədək idarə etmək hüququnu əldə etmişdir. Cinayət işinin materiallarında olan AE seriyalı 048702 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 07 may 2022-ci il tarixli 108 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə mərkəzin mühafizə və təminat bölüyünün 1-ci taqımının sürücüsü vəzifəsinə vəzifəsinə təyin edilmiş, həmin tarixdən mərkəzin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2-ci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə iştirak edərək “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Müharibə iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş zərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edən şəxs kimi onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə-tibbi və yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, hərbi xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 263.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ilə 3 (üç) il 6 (altı) ay müddəttə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Ancaq məhkəmə işin hallarını, onun ailə vəziyyətini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, hazırda da hərbi xidmətdə olmasını, hələ də Azərbaycan Respublikası SQ-də belə hərbi qulluqçulara ehtiyac olmasını, xüsusən də onun 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah oluna bilər. Ona görə də, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən əsas cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 170 (yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, X6 mülkiyyətində olan «QAZ 31105» markalı «**-DS-***» dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 25 saylı saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 28 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 168 (yüz altımış səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345- 349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 4 (dörd) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 04 (dörd) ay müddətə sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığının sərəncamına göndərilməklə onun davranışı üzərində nəzarətin həyata keçirilməsi xidmət müddətində Təlim və Tədris Mərkəzinin komandanlığına, xidmət yeri dəyişdirilərsə, yeni xidmət yeri üzrə hərbi hissə komandanlığına, tərxis olunarsa, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində komandirlərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirmək, tərxis olunarsa, davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış - X6 mülkiyyətində olan «QAZ 31105» markalı «**-DS-***» dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 170 (yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 168 (yüz altımış səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar