Məhkəmə qərarları › İş №1-1(093)-16/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-16/2023

23.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-16/2023 23.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi- Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasının Altay vilayəti Biysk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əyləc paraşüt sistemlərinin hazırlanması və reqlament qrupunun rəisi vəzifəsində, mayor hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 28 dekabr 2021-ci il tarixdə saat 21 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, özünə məxsus “Mercedes Benz C 180” markalı **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Xocasən-Lökbatan avtomobil yolu ilə Lökbatan dairəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, həmin istiqamətdə yolun sağ kənarında yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobilin qabaq sağ tərəfi ilə yolu soldan sağa düzünə, adi qaçışla keçən piyada, xx.xx.1975-ci il təvəllüdlü, Türkiyə Respublikasının vətəndaşı X8 vuraraq, ona ehtiyatsızlıqdan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid «Koma İİ tip, baş beynin sol alın, sağ ənsə paylarında hemorragik əzilmə ocaqları, subaraxnoidal qanaxma, monro dəliyi nahiyəsinə qansızma, baş beynin travmatik ödemi, baş beynin əzilməsi, diffuz aksonal zədələnmə, L3-L5 (3-cü, 5-ci bel) fəqərələrinin cisminin yerdəyişməmiş xətti sınıqları, sağ 1 qabırğanın anterior hissəsinin xətti sınığı, Pnevmotoraks və hər iki ağciyərdə kontuziya sahələri, sağ alın-təpə nahiyəsinin kəsilmiş yarası, qapalı kəllə beyin travması» xəsarətlərini yetirməklə sonuncunun 23 aprel 2022-ci il tarixdə stasionar müalicədə olduğu Tükiyə Respublikasının Artvin şəhərində yerləşən X6 aldığı bədən xəsarətlərindən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi, özünə məxsus “Mercedes Benz C klass” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə Xocasən-Lökbatan avtomobil yolu ilə Lökbatan dairəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən hərəkət istiqaməti üzrə avtomobil yolunun sağ kənarında yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtomobilin qabaq sağ tərəfi ilə yolu soldan sağa düzünə, adi qaçışla keçən piyadanı vurmuşdur. O, dərhal avtomobili saxlamış və yerdə uzanmış piyadanı cəld avtomobilinə əyləşdirib Lökbatan qəsəbəsində yerləşən 15 saylı X22 Stansiyasına, sonra isə 1 saylı KTM-ə aparmışdır. Orada bilmişdir ki, vurduğu şəxsin adı X9r. Bir gün sonra isə vurduğu piyadanı EGE hospitalına aparmışdır. Hadisədən altı gün sonra vurduğu şəxsi qardaşı Türkiyə Respublikasına aparmışdır. 23 aprel 2022-ci il tarixdə vurduğu piyadanı müalicə olunduğu, Türkiyə Respublikasının Artvin şəhərində yerləşən X6 ölmüşdür. Türkiyə Respublikasının vətəndaşı X7 müalicə və digər xərcləri qarşılayaraq vurduğu şəxsin qardaşı zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışıq əldə etmişdir. Əməlindən peşmandır, məhkəmədən onu bağışlamasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş mərhumun X7 qardaşı Türkiyə Respublikasının vətəndaşı X11 ifadəsində göstərmişdir ki, qardaşı Cengiz Akbıyık TİR markalı iri tutumlu yük avtomobilinin sürücüsü olmuşdur və sonuncunun Türkiyə Respublikasında yaşayan arvadı və üç övladı vardır. 28 dekabr 2021-ci il tarixdə axşam saatlarında o, Türkiyə Respublikasında olan zaman qardaşı Cengiz Akbıyıkun sürücü tanışlarından biri onunla telefon vasitəsilə əlaqə saxlamış və qardaşı C.Akbıyıkun Bakı şəhərində avtomobil vurması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildirmişdir. Bundan sonra səhəri gün, yəni 29 dekabr 2021-ci il tarixdə o, Bakı şəhərinə gəlmiş və maraqlandıqda qardaşının EGE hospitala yerləşdirildiyini bilmişdir. O, Ege hospitala gəldikdə qardaşının reanimasiya bölməsində olduğunu öyrənmiş və komada olduğu üçün qardaşı ilə söhbət edə bilməmişdir. O, qardaşı C.Akbıyıku reanimasiya bölməsində görən zamanı sağ alın nahiyəsində, həmçinin bədənin müxtəlif nahiyələrində xəsarətlər olduğunu müşahidə etmiş və qardaşını avtomobillə vuran, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs həmin gün onunla görüşərək hadisə barədə söhbət etmişdir. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs qardaşı C.Akbıyıkun anidən qarşısına çıxdığını, avtomobili saxlaya bilmədiyini demiş və o, qardaşının vurulduğu Mercedes Benz markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobili görməsə də, Təqsirləndirilən şəxs hadisə nəticəsində avtomobilin kaport hissəsinin, ön alın şüşəsinin zədələndiyini bildirmişdir. Qardaşı C.Akbıyık bir neçə gün Ege hospitalda müalicədə olsa da, komadan ayılmamış və vəziyyəti ağır olduğu üçün o, 07 yanvar 2022-ci il tarixdə qardaşını müalicəsini davam etdirməsi üçün Türkiyə Respublikasına aparmışdır. Qardaşı C.Akbıyık bir müddət Türkiyə Respublikasında müalicə olunsa da, yenə də, komadan ayılmamış və 23 aprel 2022-ci il tarixdə müalicə olunduğu, Türkiyə Respublikasının Artvin şəhərində yerləşən X6 almış olduğu xəsarətlərdən ölmüşdür. O, onlara dəyən bütün maddi və mənəvi ziyan hadisəni törədən Təqsirləndirilən şəxs tərəfindən qarşılandığı üçün sonuncuya qarşı hər hansı maddi tələbi və ya şikayəti yoxdur. Məhkəmədən onu bağışlamasını və həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən BİG.X.Trade MMC şirkətində mühasib kimi işləyir və Türkiyə Respublikasının vətəndaşı X13 həmin şirkətdə TİR markalı iri tutumlu yük avtomobilinin sürücüsü kimi çalışdığı üçün onu orada işlədiyi müddətdə tanımışdır. X13 ilə münasibəti həmişə normal olmuş və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Təqsirləndirilən şəxs isə heç vaxt tanımamışdır. O, 28 dekabr 2021-ci il tarixdə axşam saatlarında çalışdığı BİG.X.Trade MMC şirkətində olan zaman Cengiz Akbıyık idarə etdiyi TİR markalı yük avtomobili ilə şirkətin ərazisinə daxil olmuş və avtomobili şirkətin dayanacağında saxladıqdan sonra avtomobildən düşərək şirkətin meneceri Pərviz adlı şəxslə bir qədər söhbət etmişdir. Daha sonra C.Akbıyık harasa gemək istədiyini demiş və Pərviz onu apara biləcəyini təklif etsə də, C.Akbıyık özünün gedəcəyini bildirmişdir. Bir qədər sonra saat 21 radələrində iş vaxtı bitdiyi üçün o, iş yerindən ayrılmış və piyada yaxınlıqdan keçən Xocasən-Lökbatan avtomobil yoluna tərəf getmişdir. O, Xocasən-Lökbatan avtomobil yolunun Qaradağ Rayon Polis İdarəsi istiqamətində gedən hissəsinin sağ kənarında yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsinin sol tərəfinə gəldikdə Cengiz Akbıyıkun yolun qarşı tərəfində, yəni avtomobil yolunun Qaradağ Rayon Polis İdarəsinin qarşısında yerləşən dairədən üzü Meyvəli Bazarına gedən hissəsində dayandığını görmüş və heç bir söz demədən sol tərəfə çevrilib avtomobil yolunun kənarı ilə piyada Meyvəli Bazarı istiqamətində getmişdir. O, təxminən 20-25 metr getdikdən sonra birdən avtomobilin tormozlama səsini, ardınca isə avtomobilin nəyəsə çırpılma səsini eşitmiş və əvvəlcə avtomobillərin toqquşduğunu zənn etmişdir. O, çevrilib arxaya baxdıqda “Mercedes Benz” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin “TOSOİL” yanacaqdoldurma məntəqəsinə çatmağa az qalmış avtomobil yolunun orta hissəsində, yəni hərəkət hissələrini ayıran qoşa xəttin üzərində dayandığını görmüş və bu zaman avtomobilin yanına başqa adamlar toplaşmışdır. Bundan sonra o, nə baş verdiyini öyrənmək üçün arxaya qayıdaraq Mercedes Benz markalı avtomobilin yanına gəlmiş və avtomobilin qarşısında bir şəxsin yerə, yəni asfaltın üzərinə uzandığını görüb, avtomobilin piyadanı vurduğunu başa düşmüşdür. O, yaxınlaşan zaman avtomobilin vurduğu piyadanın TİR sürücüsü, Türkiyə Respublikasının vətəndaşı X13 olduğunu görmüş və həmin vaxt sonuncu hərəkətsiz vəziyyətdə yerdə uzanmışdır. C.Akbıyık təxminən 10 dəqiqə bu vəziyyətdə yolda qalmış və bu zaman o, mobil telefonu ilə sonuncunun fotoşəkillərini və qısa videosunu çəkmişdir. Həmin vaxt “Mercedes Benz” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs təclili-tibbi yardıma zəng etsə də, ətrafa toplaşan adamlar təcili-tibbi yardımın gec gələcəyini demiş və C.Akbıyıku öz avtomobili ilə xəstəxanaya aparmasını bildirdikləri üçün həmin şəxs ətrafda olan şəxslərin köməyi ilə C.Akbıyıku öz avtomobilinə mindirmişdir. C.Akbyukun vəziyyəti ağır olduğu üçün bir neçə gün xəstəxanada qalaraq, daha sonra müalicəsini davam etdirməsi üçün yaxınları tərəfindən Türkiyə Respublikasına aparılmış və bir müddət sonra o, C.Akbıyıkun aldığı xəsarətlərdən Türkiyə Respublikasında öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Xocasən-Lökbatan avtomobil yolunun kənarında yerləşən “TOSOİL” yanacaqdoldurma məntəqəsində operator kimi çalışır və bir ay ərzində on dəfə gecə, on dəfə gündüz növbəsində işə çıxır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və Türkiyə Respublikasının vətəndaşı X8 əvvəllər tanımamış və onlarla heç vaxt ünsiyyətdə olmamışdır. 28 dekabr 2021-ci il tarixdə o, yenə də, gecə növbəsində olduğu üçün həmin gün saat 20:00-da iş yerinə getmiş və səhəri gün, yəni 29 dekabr 2021-ci il tarixdə saat 08:00-dək növbədə olmuşdur. O, 28 dekabr 2021-ci il tarixdə növbəyə başladıqdan bir qədər sonra saat 21 radələrində “TOSOİL” yanacaqdoldurma məntəqəsinin ön tərəfində yerləşən, avtomobillərə yanacaq doldurmaq üçün nəzərdə tutulmuş aparatın (kalonka) yanında olan zaman əvvəllər tanımadığı bir şəxsin “TOSOİL” yanacaqdoldurmə məntəqəsinin sol tərəfindən avtomobil yoluna daxil olub mobil telefonla danışa-danışa adi yerişlə piyada avtomobil yolunun qarşı tərəfinə, yəni yolun Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin qarşısında yerləşən dairədən üzü Meyvəli Bazarına gedən hissəsinə keçdiyini görmüş və daha sonra yanında dayandığı aparatın olduğu yerə yanacaq doldurmaq üçün avtomobil gəldiyindən həmin adama fikir verməmişdir. Təxminən 2-3 dəqiqə sonra o, birdən avtomobilin tormozlama səsini, ardınca isə avtomobilin nəyəsə çırpılma səsini eşitmiş və çevrilib baxan zaman qara rəngli “Mercedes C klass” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobilin bir qədər əvvəl yolu piyada keçən şəxsi yanacaqdoldurma məntəqəsinə çatmağa az qalmış, durduğu yerdən təxminən 25-30 metr aralıda yolunun orta hissəsində, yəni hər iki hissəni ayıran qoşa xəttin üzərində vurduğunu, həmin şəxsin avtomobilin qarşı tərəfində yerə uzandığını görmüşdür. Axşam vaxtı olsa da, hava aydın olduğu üçün dayandığı yerdən hadisənin baş verdiyi yeri rahatlıqla gördüyünü və avtomobillə vurulan şəxsin bir qədər əvvəl piyada avtomobil yolunun qarşı tərəfinə keçən şəxs olmasını həmin şəxsin xarici görünüşündən, həmçinin həmin vaxt ərazidə ondan başqa heç kimin olmamasından bildiyini göstərmişdir. Avtomobilin tormozlama səsindən sonra çevrilib baxan zaman o, həmçinin avtomobil yolunun yanacaqdoldurma məntəqəsinə tərəf olan hissəsinin kənarına ekranının işığı yanılı vəziyyətdə olan bir ədəd mobil telefonun düşdüyünü görmüş və həmin telefonun avtomobillə vurulan şəxsə məxsus olduğunu düşünmüşdür. Növbədə olan zaman yanlarında dayandıqları aparatın (kalonka) yanından ayrılmağa icazə verilmədiyi üçün o, oradan ayrılıb hadisənin baş verdiyi yerə gedə bilməmiş və bir qədər sonra hadisənin baş verdiyi yerə çoxlu adam toplaşmışdır. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs avtomobilə mindirilərək xəstəxanaya aparılmış və təxminən bir saatdan sonra o, hadisənin baş verdiyi yerə tanımadığı və rütbəsini xatırlamadığı bir polis əməkdaşının gəlib nəsə axtardığını görmüşdür. Daha sonra polis əməkdaşı onların yanına gəlmiş və bir qədər əvvəl Türkiyə Respublikası vətəndaşının avtomobillə vurulduğunu deyərək, həmin şəxsin mobil telefonunu görüb-görmədiklərini soruşmuşdur. Bu zaman o, polis əməkdaşına mobil telefonun düşdüyü yeri göstərmiş və polis əməkdaşı mobil telefonu götürdükdən sonra heç nə deməyərək oradan ayrılmışdır. Səhəri gün o, iş yerində olan zaman “TOSOİL” yanacaqdoldurma məntəqəsinin arxa tərəfində yerləşən meyvə anbarında çalışan tanımadığı bir şəxs yanlarına gələrək əvvəlki gün avtomobilin vurduğu şəxsin mobil telefonunu görübgörməmələri ilə maraqlanmış və aralarındakı söhbət zamanı avtomobillə vurulan şəxsin tır sürücüsü Cengiz Akbıyık olduğunu demişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizaların rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən Xocasən-Lökbatan avtomobil yolunun “TOSOİL” yanacaqdoldurma məntəqəsinin qarşısından keçən hissəsidir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2894 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C 180” markalı 10US581 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətinin tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanın yolun sol kənarından hərəkət hissəsinə daxil olduğu andan yaranmışdır. Aparılmış hesabata əsasən tədqiq olunan şəaitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 41,6 metrdir. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 96,8 metr aralı məsafədə olmuşdur. Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 tərəfindən aparılmış hadisənin şəraitinin rekonstruktiv (situasiyon) ekspertizasının xx.xx.2022-ci il tarixli 53/tkb nömrəli rəyindən görünür ki, baş vermiş hadisə nəticəsində X13 “Koma İİ tip, baş beynin sol alın, sağ ənsə paylarında hemorragik əzilmə ocaqları, subaraxnoidal qanaxma, Monro dəliyi nahiyəsinə qansızma, baş beynin travmatik ödemi, baş beynin əzilməsi, diffuz aksonal zədələnmə, L3-L5 (3cü, 5-ci bel) fəqərələrinin cisminin yerdəyişməmiş xətti sınıqları, sağ 1 qabırğanın anterior hissəsinin xətti sınığı, pnevmotoraks və hər iki ağciyərdə kontuziya sahələri, sağ alın-təpə nahiyəsinin kəsilmiş yarası, qapalı kəllə beyin travması” xəsarətlərini almışdır. Bu xəsarətlərdən sağ alın-təpə nahiyəsində olan yaranın “ulduzvari” formada olmasına, qabırğanın döş qəfəsinin sağ yarısında sınmasına, 3-cü, 5-ci bel fəqərələrinin cisimlərində olan sınıqların yerdəyişməmiş xətti xarakterli olmasına əsaslanaraq demək olar ki, zərərçəkmiş şəxs ayaqüstə, bədəninin sağ tərəfi avtonəqliyyat vasitəsinə yönəlmiş vəziyyətdə ola bilərdi, aldığı zərbədən şəxsin başı avtonəqliyyat vasitəsinin alın şüşəsinə, döş qəfəsi isə kaporta dəyə bilərdi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 66 nömrəli rəyindən görünür ki, X7 adına tərtib edilmiş tibbi sənədlərə əsasən onda «Koma İİ tip, baş beynin travmatik ödemi, baş beynin əzilməsi, L3-L5 (3-cü, 5-ci bel) fəqərələrinin cisminin yerdəyişməmiş xətti sınıqları» xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər. Həmin xəsarətlər xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Komission məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli K/173 nömrəli rəyindən görünür ki, X7 ölümünə səbəb “Koma İİ tip, baş beynin sol alın, sağ ənsə paylarında hemorragik əzilmə ocaqları, subaraxnoidal qanaxma, Monro dəliyi nahiyəsinə qansızma, baş beynin travmatik ödemi, baş beynin əzilməsi, diffuz aksonal zədələnmə, L3-L5 (3-cü, 5-ci bel) fəqərələrinin cisminin yerdəyişməmiş xətti sınıqları, sağ 1 qabırğanın anterior hissəsinin xətti sınığı, pnevmotoraks və hər iki ağciyərdə kontuziya sahələri, sağ alın-təpə nahiyəsinin kəsilmiş yarası, qapalı kəllə beyin travması nəticəsində inkişaf edən baş beynin ödemi” olmuşdur. C.Z.Akbıyıkun 28 dekabr 2021-ci il tarixdə saat 21 radələrində avtoqəza nəticəsində almış olduğu travma ilə onun ölümü arasında birbaşa səbəbli əlaqə vardır. EGE Hospitaldan daxil olmuş xx.xx.2022-ci il tarixli 673 nömrəli məktubdan, həmçinin ******* nömrəli xəstəlik tarixinin surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X13 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin reanimasiya şöbəsində müayinə və müalicə olunmuşdur. Türkiyə Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-X12 Məhkəmə-Tibb Şöbəsinin xx.xx.2022ci il tarixli 2022/121 nömrəli arayışından görünür ki, X13 xx.xx.2022-ci il tarixdə müalicə aldığı X6 ümumi bədən travması ilə əlaqədar qabırğa qırığı ilə birlikdə beyin zədəsi, beyin qanaması, pnevmotraks, daxili orqanın yaralanması və bunlardan sonra inkişaf edən ağırlaşmalar səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində hadisənin baş verdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində hava sakit, küləksiz olmuş və yağıntı qeydə alınmamışdır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktından görünür ki, xx.xx.2021-ci il tarixli 2/38745 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs adına olan AC 733119 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, ona xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AD 324753 nömrəli nəqliyyat vastəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C 180 markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən Təqsirləndirilən şəxs məxsus olmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 197 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2009-cu il tarixli 0234 nömrəli əmri ilə N nömrəli hərbi hissənin mühəndis-aviasiya təminatı bölməsinin manqanın texniki istismar hissəsinin baş texniki (MİQ-29) vəzifəsinə təyin edilmiş leytenant Təqsirləndirilən şəxs Nofəl oğlu xx.xx.2009-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 320 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2019-cu il tarixli N nömrəli əmri ilə hərbi hissənin əyləc paraşüt sistemlərinin hazırlanması və reqlament qrupunun rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 26 mart 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə düşmən təxribatının qarşısının alınması, həmçinin əks-həmlə əməliyyatlarında iştirak etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X4 31 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, və hadisə nəticəsində ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və iddası yoxdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 06 fevral 2023cü il tarixli məktubda Təqsirləndirilən şəxs təcrübəli zabit qismində apardığı hərbi xidmətin yüksək səviyyədə olması qeyd olunmuş, habelə onun hərbi xidmətdən kənarlaşdırılmasının hərbi hissənin döyüş hazırlığına əhəmiyyətli dərəcədə təsir edə biləcəyi vurğulanmışdır. Cinayət işinin materiallarını əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində üç azyaşlı (xx.xx.2010-cü il təvəllüdlü X14, xx.xx.2012ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X15) övladları vardır. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2020-ci il tarixli 2718 nömrəli tibbi sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci təvəllüdlü övladı X1 baş beyin xəstəliyi nəticəsində (simptomatik fokal ikincili generalizə olunmuş epilepsiya) orta dərəcəli əqli gerilik, davranış pozuntusu, nitq inkişafının spesifik pozuntusu diaqnozu qoyulmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanılmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün tam etirafı ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahid ifadələri, ekspert rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, CM-nin 59.1.12- maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbindən göründüyü kimi, cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş maddi və mənəvi ziyanı ödəməsini, ailənin yeganə qazanc gətirəni olmasını, himayəsində biri xəstə olmaqla üç azyaşlı uşağının olmasını cəzasını onun yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi, lakin Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halların olmasını, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində biri xəstə olmaqla üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş maddi və mənəvi ziyanı ödəməsini, xidmət yeri üzrə müsbət xarakterizə olunmasını onun islah olunmaq yolunda olması kimi qiymətləndirir və özünün daxili inamına əsasən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edib sınaq müddəti verilməklə şərti məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ədalət və humanizm prinsipləri baxımından Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə, xidmət yeri dəyişdirilərsə, həmin xidmət yerinin rəisinə, tərxis olunarsa, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində xidmət zamanı rəisin icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa, davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış- «Mercedes Benz C 180» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil vətəndaş X2 istifadəsində olması və avtomobilin sınmış, əzilmiş hissələrinin təmir edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının aparılması ilə bağlı məhkəmə xərci olan ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. İş üzrə maddi ziyan yoxdur. Mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il müddətə sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs xidmətini davam etdirməsi üçün hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığının sərəncamına verilsin. Təyin olunmuş sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə, xidmət yeri dəyişdirilərsə, həmin xidmət yerinin rəisinə, tərxis olunarsa, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində xidmət zamanı rəisin icazəsi olmadan heç yerə getməmək, tərxis olunarsa, davranışına nəzarət edən orqana, daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış- «Mercedes Benz C 180» markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil vətəndaş X2 istifadəsində olması və avtomobilin sınmış, əzilmiş hissələrinin təmir edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının aparılması ilə bağlı məhkəmə xərci olan ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar