Məhkəmə qərarları › İş №1-1(093)-189/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-189/2024

25.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-189/2024 25.09.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Yusifov Rəfail Mübariz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan əsgər, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs zabit kimi hərbi xidmətdə olarkən, bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Belə ki, Həsənov X2 Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin ponton-körpü bölüyünün sahil taqımının ekskavatorçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xx.xx.2024-cü il tarixdə saat 13:00-da nahar fasiləsinə getmiş, həmin gün saat 14:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız xx.xx.2024cü il tarixdə saat 08:00-da hərbi hissəyə gəlməklə bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, N nömrəli hərbi hissəsinin ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 13:00-da hərbi hissəni tərk etmək qərarına gəlmiş, nəzarət buraxılış məntəqəsindən çıxan zaman bölük komandiri baş leytenant Nail Əliyevlə qarşılaşmış və Nail Əliyevə getdiyini və bir daha geri gəlməyəcəyini demiş, baş leytenant Nail Əliyev isə ona nahar fasiləsindən sonra xidmət yerinə qayıtmadığı təqdirdə barəsində xidmət yerini özbaşına tərk etməsi ilə bağlı raport tərtib ediləcəyini, buna görə məsuliyyət daşıyacağını, tərxis olunması ilə bağlı təqdimatın yuxarı komandanlığa göndərildiyini, səbrli olub tərxis əmrinin verilməsini gözləməsini bildirmişdir. Nail Əliyevin dediklərinə məhəl qoymayaraq yaşadığı Sabirabad rayonuna getmiş, xx.xx.2024-cü il tarixdə hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı Xəzər Əmirov ona zəng edərək hərbi hissəyə gəlməli olduğunu, barəsində araşdırma aparıldığını, bu səbəbdən izahatının alınmalı olduğunu bildirdiyindən xx.xx.2024-cü il tarixdə N nömrəli hərbi hissəyə gəlmiş və baş leytenant Xəzər Əmirov tərəfindən izahatı alınmışdır. İzahatı alınan zaman baş leytenant Xəzər Əmirov ona cinayət məsuliyyəti daşıdığını, hərbi hissə komandirinin tərxis olunması ilə bağlı müvafiq əmri olmadan xidmət yerini tərk etdiyi halda məsuliyyətinin ağırlaşacağını bildirdiyindən o, xidmət yerini tərk etməmiş və hərbi hissədə qalmışdır. xx.xx.2024-cü il tarixdə isə N nömrəli hərbi hissə komandirinin əmri ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət yerinə vaxtında qayıtmadığı bütün müddətlərdə yaşadığı Sabirabad rayonunda olmuşdur. xx.xx.2024-cü il tarixdə xidmət yerini özbaşına tərk etməsinin səbəbi atasının xəstə olması ilə bağlı ordu sıralarından tərxis olunmaq istəməsi, bununla bağlı təqdimatın Müdafiə Nazirliyinə göndərildiyini öyrənməsi olmuş, həmin vaxt təqdimat göndərildikdən sonra ordu sıralarından tərxis olunmuş hesab olunduğunu düşünmüşdür. Hazırda etdiyi əmələ görə peşmandır, nişanlıdır, məhkəmədən ağır ailə vəziyyətini və gəncliyini, nişanlı olmasını, köməyə ehtiyacı olan gələcək qaynanasına baxmasını nəzərə almağı xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmənin davamında bildirmişdir ki, atasının xəstə olması ilə bağlı ehtiyata tərxis olunmaq istəmiş, şifahi qaydada komandirlərə müraciət etsə də nəticəsi olmamışdır. Ona demişlər ki, intizam pozuntusuna yol versə, cinayət eləsə tərxis oluna bilər. Bu səbəbdən hissəni özbaşına tərk etmə hallarına yol vermişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur. Rütbəsi leytenantdır. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024cü il tarixdə saat 14:30-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyini öyrənmişdir. O, bu barədə ponton-körpü bölüyünün komandiri baş leytenant X3 məruzə etdikdə, Nail Əliyev ona saat 13:00-da nahar fasiləsinə gedərkən Təqsirləndirilən şəxsla N nömrəli hərbi hissənin nəzarət buraxılış məntəqəsində qarşılaşdıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs ona geri gəlməyəcəyini dediyini bildirmişdir. Bundan sonra isə bölük komandiri tərəfindən raport tərtib edilərək baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məlumat verilmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmış, xx.xx.2024-cü il tarixdə isə N nömrəli hərbi hissə komandirinin əmri ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. Bundan başqa Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs xidmət yerinə gəlməməsinin səbəbi barədə soruşduqda ona aldığı maaşın onu qane etmədiyini, mülki həyatda kənd təsərrüfatı ilə məşğul olmaq istədiyini, bu səbəbdən xidmət yerinə vaxtında gəlmədiyini demişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusudur, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 14:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməyərək, yalnız xx.xx.2024-cü il tarixdə saat 08:00da xidmət yerinə qayıtmışdır. Xidmət yerinə qayıtdıqdan sonra o, Təqsirləndirilən şəxsla söhbət edərək etdiyi hərəkətin doğru olmadığını, bu hərəkətlərinə görə məsuliyyət daşıyacağını dedikdə Təqsirləndirilən şəxs ona xidmət etməyi bacarmadığını, buna görə ordu sıralarından tərxis olunmaq istədiyini demişdir. xx.xx.2024-cü il tarixdə isə Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin əmri ilə xidməti uyğunsuzluğa görə ordu sıralarından ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul haqqında 2023-cü il tarixli bağlaşmadan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 134 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 069əç nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissədə müvafiq vəzifəyə təyin olunduğuna görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 140 nömrəli əmrindən çıxarışdan görünür ki, 2023-cü ilin aprel ayında Azərbaycan Ordusunun Təlim və Tədris mərkəzinin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kursu”nu bitirmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənov X2 nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2023-cü il tarixli 069əç nömrəli əmrinə əsasən Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edildiyinə görə, xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, xx.xx.2023-cü il tarixdən ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu vəzifəsinə təyin olunmuş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin ponton-körpü bölük komandirinin xx.xx.2024-cü il tarixli 4222 daxilolma nömrəli raportundan görünür ki, ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da nahar yeməyinə getmiş, saat 14:30-da xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 164 nömrəli əmrindən çıxarışdan görünür ki, ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının buldozerçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində xidmət yerini özbaşına tərk etmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin ponton-körpü bölük komandirinin xx.xx.2024-cü il tarixli 5348 daxilolma nömrəli raportundan görünür ki, ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının ekskavatorçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 212 nömrəli əmrindən çıxarışdan görünür ki, ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının buldozerçisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 243 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin ponton-körpü bölüyünün sahil taqımının sahil manqasının buldozerçisi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli 085əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işləri və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 4204 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan “X1 Sistemi”ndən Təqsirləndirilən şəxs məhkumluq məlumatları barədə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan protokola və məlumatlara əsasən Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. İş materiallarında olan Qətimkan tədbirinin seçilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, həbsdən azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsinə görə müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə qayıtmaması (hissəni özbaşına tərk etməsi) iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs hazırda ordu sıralarından tərxis edildiyindən ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi və ya təyin edilən cəzanın şərti hesab edilməsi üçün əsas yoxdur. Eyni zamanda, qeyd edilməlidir ki, bu cür işlərdə cəza təyin edərkən məhkəmə tərəfindən təyin edilən cəzanın Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabitlərin, gizirlərin, miçmanların, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçuların, kontrakt üzrə xidmət edən şəxslərin xidmətə yanaşmalarına, mənəvi-psixoloji durumuna, nizam intizamına təsiri, bu kateqoriyadan olan şəxslərin bu cür əməllər törətməklə hərbi xidmətdən yayınmalarına şərait yarada biləcək halları nəzərə alır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq saxlanmış və xx.xx.2024-cü il il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 18 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil 108 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində "həbs" qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 18 (on səkkiz) iş saatına görə 108 (yüz səkkiz) manat məbləğində vəsait Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar