Məhkəmə qərarları › İş №1-1(093)-201/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-201/2023

23.11.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-201/2023 23.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fİkrət Hüseyn oğlunun sədrliyi ilə, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasının baş mühafizəçisi vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində xidmət etmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Muğanlı kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Namazov X10 Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasının baş mühafizəçisi vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində hərbi xidmətdə olarkən 29 sentyabr N2-cü il tarixdə saat 12:05-də "BC" kateqoriyalı, AD 310604 seriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi «Kia Rio» markalı «**-FC-***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ilə Qələbə dairəsi istiqamətinə təxminən 50-55 km/saat sürətlə hərəkətini düzünə davam etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin «svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub hərəkətini davam etdirərkən avtomobilin ön sol hissəsi ilə Mətbuat prospektində piyada xətti ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan ona həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid açıq, ağır kəllə beyin travması, baş beyinin əzilməsi və digər xəsarətlərini yetirdiyindən Zərərçəkmiş şəxs aldığı həmin xəsarətlər nəticəsində 09 may N3-cü il tarixdə müalicədə olduğu Respublika Klinik Xəstəxanasında ölmüşdür. Bununla da, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, N nömrəli hərbi hissənin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasının baş mühafizəçisi vəzifəsində xidmətdə olarkən hərbi hissə komandirinin əmri ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində yerləşən Müdafiə Nazirliyinin 52A hərbi şəhərciyində təmir tikinti işlərinə cəlb olunmuşdur. 29 sentyabr N2-ci il tarixdə N nömrəli həmin hərbi hissənin hərbi qulluqçusu, kiçik-çavuş Şahid2 ilə birlikdə şəxsi istifadəsində olan “Kia Rio” modelli «**-FC-***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xidmət etdiyi hərbi hissənin ərazisindən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 31/66 ünvanına doğru Mətbuat prospekti ilə orta hərəkət zolağı ilə hərəkət edərkən həmin yolun A.M.Şərifzadə küçəsi ilə kəsişməsinə yaxınlaşdıqda həmin hərəkət zolağında sıxlıq olduğunu, sağ zolağın isə boş olduğunu görərək sağ zolağa keçmişdir. O həmin zolaqla bir qədər hərəkət etdikdən sonra A.M.Şərifzadə küçəsi ilə kəsişmədəki işıqforun yaşıl yandığını görüb həmin hərəkət zolağından da sağa keçərək təxminən 60-65 (altmış-altmış beş) km/saat surətlə hərəkətinə davam etmişdir. O yol ayrıcına daxil olarkən sol tərəfdə yerləşən hərəkət zolağında sərnişin avtobusu olmuşdur. Yol ayrıcının sonunda yerləşən piyada keçidinə təxminən 1 (bir) metr qalmış o sol tərəfində olan sərnişin avtobusunun surətini azaltdığını görmüş və o da surətini azaltmaq üçün əyləcə basmışdır. Bu vaxt o, sərnişin avtobusunun qarşısından piyada keçidi ilə bir nəfər qızın yolu keçdiyini görmüş və idarə etdiyi avtomobili sol tərəfində yerləşən sərnişin avtobusuna doğru sıxmağa başlamışdır. Buna baxmayaraq o hadisənin qarşısını ala bilməmiş və təxminən 50-55 (əlli-əlli beş) km/saat surətlə sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs vurmuşdur. O avtomobili saxladıqdan sonra kiçik-çavuş Şahid2 ilə birlikdə avtomobildən düşmüş və X.A.Qarakiyevanın yerdə uzandığını görüb Təcili və X5 çağırmışdır. Daha sonra o Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra TTTY əməkdaşları gələrək X.A.Qarakiyevanı 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. X.A.Qarakiyeva uzun müddət müalicə olunsa da 09 may N3-cü ildə Respublika Klinik Xəstəxanasında ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 bildirdi ki, 29 sentyabr N2ci il tarixdə o işdə olan zaman qızı Zərərçəkmiş şəxs telefonundan ona zəng gəldiyini görmüş və zəngə cavab verdikdə onunla danışan tanımadığı bir nəfər şəxs Zərərçəkmiş şəxs avtomobil vurduğunu ona demişdir. Daha sonra o TTTY avtomobilinin sürücüsü ilə danışaraq Zərərçəkmiş şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığını öyrənmiş və özü də dərhal həmin xəstəxanaya getmişdir. O xəstəxanaya çatdıqda həkimlər Zərərçəkmiş şəxs TTTY maşınında olan zaman ürəyinin dayandığını, lakin həkimlərin tibbi yardımından sonra ürək döyüntülərinin bərpa olunduğunu, sonuncunu cərrahi əməliyyata hazırladıqlarını ona bildirmişlər. Daha sonra o ətrafada olan adamlardan məlumat alaraq Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Rio» markalı, **-FC-*** dövlət nömrə nişanlı avtomobil ilə Mətbuat prospekti ilə Qələbə dairəsi istiqamətinə hərəkətdə olarkən piyada keçidi vasitəsi ilə yolu keçən Zərərçəkmiş şəxs vurduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs müxtəlif xəstəxanalarda çoxsaylı cərrahi əməliyyatlar keçirərək müalicə olunsa da 9 may N3-cü il tarixdə stasionar müalicə olunduğu Respublika Klinik Xəstəxanasında ölmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müalicə və müayinəsi üçün çəkilmiş xərcləri qarşılamış, onunla barışmışdır. Onun hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur, cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, o, 29 sentyabr N2-ci il tarixdə Mətbuat prospekti və Ayna Sultanova küçələrinin kəsişməsindəki piyada keçidinin başlandığıcında tanışı Elvin adlı şəxslə söhbət edərkən işıqforun yaşıl işığı yanmış və nəqliyyat vasitələri hərəkət etməyə başlamışdır. Bir neçə saniyə sonra o tormoz səsi eşitmiş və həmin istiqamətə baxdıqda piyada keçidində yolu keçməkdə olan, şəxsiyyətini sonradan öyrəndiyi Zərərçəkmiş şəxs “Kia Rio” markalı minik avtomobilinin vurduğunu görmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs bir qədər irəlidə yerə çırpılmışdır. O sonuncunun yanına getdikdə başından qan axdığını görmüş və dərhal TTTY xidmətinə zəng etmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs məxsus mobil telefonun yerdə olduğunu görmüş və telefonu götürdükdə telefonda bir nəfər şəxsin danışdığını eşitmişdir. O həmin şəxslə danışaraq Zərərçəkmiş şəxs avtomobil vurduğunu həmin şəxsə demiş və daha sonra telefonun kitabçasında “ATA” adı ilə qeyd olunmuş hazırda xatırlamadığı nömrəyə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə sonra TTTY hadisə yerinə gələrək Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Bu vaxt o sonuncuya məxsus əşyaları yerdən yığaraq TTTY-ın əməkdaşlarına vermiş və həmin əşyaları Zərərçəkmiş şəxs ailə üzvlərinə verməyi tapşırmışdır. Hadisə baş verən zaman, yəni tormozlama səsisini eşidib həmin istiqamətə baxdıqda digər nəqliyyat vasitələrinin hərəkət etdiyini görmüşdür. Buna görə də başa düşmüşdür ki, Zərərçəkmiş şəxs piyadalar üçün yaşıl, nəqliyyat vasitələri üçün qırmızı işıq yanan zaman yolu keçməyə başlamış, lakin yolu tam keçib qurtarmamış, yəni piyada keçidinin üzərində olarkən nəqliyyat vasitələri üçün işıqfor yaşıl yanmış və nəqliyyat vasitələri hərəkətə başlamışdır. Ən sağ zolaqla hərəkət edən “Kia Rio” markalı avtomobil hərəkətə başladıqdan sonra piyadanı görə bilməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında Şahid2 bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsnin hərbi qulluqçusudur, kiçik-çavuşdur, 29 sentyabr N2-ci il tarixdə onunla birlikdə həmin hərbi hissədə xidmət edən kiçik-çavuş Təqsirləndirilən şəxs ilə birlikdə xidmət etdikləri Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində yerləşən Müdafiə Nazirliyinin 52A hərbi şəhərciyindən çıxaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” modelli «**-FC-***» dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qələbə dairəsi istiqamətinə Mətbuat prospekti ilə orta hərəkət zolağı ilə hərəkət edərkən sonuncu həmin zolaqda sıxlıq olduğu üçün sağ tərəfdə yerləşən hərəkət zolağına keçmiş və hərəkətinə davam etmişdir. Bir qədər irəlilədikdən sonra o A.M.Şərifzadə küçəsi ilə yolun kəsişməsində yerləşən işıqforun yaşıl yandığını görüb sağ tərəfdə asfalt örtüyünün genişləndiyi hissəyə keçərək təxminən 60-65 (altmış-altmış beş) km/saat surətlə yol ayrıcına daxil olmuşdur. O, yol ayrıcından sonra piyada keçidinə təxminən 1 (bir) metr qalmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən sol tərəfdə hərəkətdə olan sərnişin avtobusunun yavaşıdığını və avtobusun qarşısından bir nəfər qadın cinsli şəxsin piyada keçidi ilə yolu keçdiyini görmüşdür. Təqsirləndirilən şəxs qəzadan yayınmağa çalışsa da təxminən 50-55 (əlli-əlli beş) km/saat surətlə şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs vurmuşdur. Onlar dərhal avtomobildən düşərək sonuncunun yanına getdikdə onun hərəkətsiz olaraq yerdə uzandığını görmüşlər. Bu vaxt Təqsirləndirilən şəxs Təcili və X5 çağırmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 29 sentyabr N2-ci il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində baş vermişdir. Yol örtüyü düz asfalt olmaqla yol örtüyünün vəziyyəti quru olmuşudr. Təqsirləndirilən şəxs “Kia Rio” markalı, “**-FC-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində hərəkətdə olan zaman yolu küçən şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin 9 may N3-cü il tarixli 55 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi və xəstəxanada müayinəsi zamanı aşkar edilmiş açıq, ağır kəllə beyin travması, baş beyinin əzilməsi, sol alın-təpə-gicgah nahiyələrinin lövhəvarı subdural hematoması, sağ gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol gicgah nahiyəsinin əzilmiş yarası, sağ ağciyər toxumasının əzilməsi, sağ körpücük sümüyünün sınığı, Vİİ boyun, İ-İİ döş fəqərələrinin sağ yan çıxıntısının və əl darağı sümüyünün sınıqları xəsarətləri bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarətlər 29 sentyabr N2-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, törənmə müddəti onun “X14” publik hüquqi şəxsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 29 sentyabr N2-ci il tarixə uyğundur, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərərvurmanın əlamətlərini daşıyır, ölümün baş vermə səbəbi ilə əlaqəlidir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 25 avqust N3-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək qeyd olunanları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr N3-cü il tarixli 8/3002 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Rio markalı, ** FC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan qeydiyyat şəhadətnamə №-si BB199999 olan nəqliyyat vasitəsinin uçot kartoçkasına əsasən “**-FC-***” dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı nəqliyyat vasitəsinin sahibi X4r. İş materiallarında olan 26 avqust N3-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərara əsasən “**-FC-***” dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış, sahibi X3 adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi X1 verilmişdir. İş materiallarında olan 06 sentyabr N2-ci il tarixdə verilmiş etibarnaməyə əsasən X3 adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi X11 tərəfindən Təqsirləndirilən şəxs 15 fevral N3-cü il tarixədək “**-FC-***” dövlət qeydiyyat nişanlı “Ka Rio” markalı nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, 17.09.N-ci il tarixdə Təqsirləndirilən şəxs AD310604 seriya və nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və xx.xx.2030-cü il tarixədək etibarlıdır. İş materiallarında olan xx.xx.N2-ci il tarixli 2/32667 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N1-ci il taixli 103 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin 25 mart N1-ci il tarixli 095 əç nömrəli əmrinə əsasən Azəbaycan Respublikası Qanununun 36.1.1 və 38.1.2-ci maddələrinə və Hərbi xidmət keçmə haqqında əsasnamənin 33-cü maddəsinin “b” bəndinə və 72-ci maddəsinin “v” bəndinə müvafiq olaraq, Azərbaycan Ordusunda bağlaşmaya əsasən 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin mühafizə taborunun xüsusi mühafizə bölüyünün xüsusi mühafizə taqımının xüsusi mühafizə manqasının baş mühafizəçisi vəzifəsinə təyin olunduğuna görə N aprel N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N3-cü il taixli 122 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 7 aprel N3-cü il tarixli 066 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N may N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə göndərilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmaqla cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan 7 sentyabr N3-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən verilmiş ərizəyə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müalicə aldığı müddətdə lazım olan bütün xərcləri ödədiyini və onunla barışdığını, buna görə də ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinə görə svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13 maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi ilə əlaqədar 170 (yüz yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış “**-FC-***” dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı nəqliyyat vasitəsinin sahibi X3 adından etibarnamə əsasında hərəkət edən nümayəndəsi X8 təhvil verilməsi nəzərə alınmalı və sahibinə qaytarılmış hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 170 (yüz yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “**-FC-***” dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı nəqliyyat vasitəsinin sahibi X3 adından etibarnamə əsasında nümayəndəsi X8 təhvil verilməsi nəzərə verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsain. Hökmdən 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar