Məhkəmə qərarları › İş №1-1(093)-203/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-203/2025

23.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-203/2025 23.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X12 Arif oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru prokuror metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1980-ci il tarixdə Ağdam rayonunun Nəmirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, Ağdam rayonu Seyidli ərazi dairəsi Sarıhacılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Normativ aktların hüquqi ekspertizası şöbəsinin baş zabiti-şöbə rəisinin müavini vəzifəsində, ədliyyə polkovnik-leytenantı hərbi rütbəsində xidmət etmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Hüquq İdarəsinin Normativ aktların hüquqi ekspertizası şöbəsinin baş zabiti-şöbə rəisinin müavini vəzifəsində, ədliyyə polkovnik-leytenantı hərbi rütbəsində xidmət etdiyi müddət ərzində 2022-ci ilin iyul ayının əvvəllərində xidmət yoldaşı, həmin vaxt Hüquq İdarəsində xidmət edən, ehtiyatda olan ədliyyə polkovniki Zərərçəkmiş şəxs1 ilə aralarında olan söhbət zamanı sonuncunun 20 il qüsursuz xidmətə görə dövlət tərəfindən mənzillə təmin olunacağını bilib, Zərərçəkmiş şəxs1 həmin mənzilin məhz Bakı şəhəri mərkəzindən verilməsi arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə guya yüksək vəzifədə çalışan tanışları vasitəsilə özünə 5900 (beş min doqquz yüz) ABŞ dolları məbləğində pulun verilməsi müqabilində onun Bakı şəhəri mərkəzində mənzillə təmin olunmasını təşkil edəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs1 özünə inandırmaqla razılığını almış, bundan sonra 05 iyul 2022ci il tarixdə axşam saatlarında Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 şəxsən verdiyi milli məzənnə ilə 10.030 (on min otuz) manat dəyərində olan 5900 (beş min doqquz yüz) ABŞ dolları pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 2023-cü ilin oktyabr ayının sonları-noyabr ayının əvvəllərində həmin vaxt xidmət yoldaşı olan Hüquq idarəsinin hərbi qulluqçusu, ədliyyə polkovnik-leytenantı Zərərçəkmiş şəxs2 ilə aralarında olan söhbət zamanı sonuncunun Bakı şəhəri Xəzər rayonunda qeydiyyatda olan tanışı, vətəndaş Şahid3 növbəti hərbi xidmətə çağırışdan azad olunması arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə özünün əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışdığı bildirərək bu səbəbdən guya yüksək vəzifədə çalışan tanışları vasitəsilə 8000 (səkkiz min) manat məbləğində pulun verilməsi müqabilində Şahid3 növbəti hərbi xidmətə çağırışdan azad olunmasını təşkil edəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs2 özünə inandırmaqla razılığını almış, bundan sonra növbəti günlərdə, yəni 2023-cü ilin oktyabr ayının sonları-noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal rayonu “Baku Mall” adlanan ticarət mərkəzinin qarşısında şəxsən verdiyi 5000 (beş min) manat və bir neçə gün sonra Yasamal rayonu Eldar Ağayev 116 ünvanında yerləşən Hüquq İdarəsinin inzibati binasında verdiyi 2700 (iki min yeddi yüz) manat, olmaqla ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs hərbi xidmətdən istefaya buraxıldıqdan sonra 2025-ci ilin mart ayında əvvəllər iş yoldaşı olan X6 ilə aralarında olan söhbət zamanı sonuncunun qohumu vətəndaş Zərərçəkmiş şəxs3 müəllim kimi iş yerini Qəbələ rayonu Yemişanlı kənd Ş.Eyvazov adına tam orta məktəbindan Bakı şəhəri və ya Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə dəyişmək arzusunda olduğunu öyrəndikdən sonra öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlib, bu məqsədlə guya geniş əlaqələri olduğu bildirərək, özünə ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pulun verilməsi, ümumi məbləğin yarısının isə işin əvvəllərində çatdırılması müqabilində Zərərçəkmiş şəxs3 iş yerini Bakı şəhəri və ya Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə dəyişdirilməsini təşkil edəcəyinə dair yalan vəd verib, Şahid4 vasitəsilə Zərərçəkmiş şəxs3 özünə inandırmaqla razılığını almış, bundan sonra Zərərçəkmiş şəxs3 04 aprel 2025-ci il tarixdə 5000 (beş min) manat, 16 may 2025-ci il tarixdə isə 4000 (dörd min) manat olmaqla Qəbələ rayonu ərazisində sonuncuya məxsus mobil tətbiq vasitəsilə adına olan “****3176” nömrəli bank kartına köçürdüyü ümumilikdə 9000 (doqquz min) manat pulunu alıb ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmiş, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 guya sonuncuya dövlət tərəfindən mənzil verilərkən arzusuna uyğun olaraq veriləcək evin məhz şəhər ətrafı ərazidən deyil, şəhərin mərkəzindən verilməsində köməklik edəcəyinə dair vəd verib 5900 ABŞ dolları almışdır. 2022-ci ilin iyul ayının əvvəllərində o Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evində təmir işləri apardığı dövrdə maddi imkanı aşağı olmuş və yüksək məbləğdə pulu kimdənsə borc istədiyi halda kiminsə ona borc verməyəcəyini düşünmüşdür. Bu səbəbdən Zərərçəkmiş şəxs1 şəhər mərkəzindən ev almaq arzusunu bildikdən sonra sonuncuya 5900 ABŞ dolları qarşılığında köməklik edəcəyini demişdir. Bununla bağlı heç bir səlahiyyətə sahib olmamış, nə də ki, bu işdə köməklik edəcək tanışı olmamışdır. Təsadüfən Zərərçəkmiş şəxs1 şəhər mərkəzindən ev veriləcəyi halda sonuncuya həmin məsələni özünün həll etdiyini deyəcəyini fikirləşmişdir. 05 iyul 2022-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsində Zərərçəkmiş şəxs1la görüşmüş və orada sonuncu 100 dollarlıq əskinaslarla 5900 (beş min doqquz yüz) ABŞ dolları pulu ona işinin həll olunmasına görə vermişdir. Lakin, o əldə etdiyi pulu evinin təmirinə və digər şəxsi ehtiyaclarına sərf etmiş, Zərərçəkmiş şəxs1 işinin həll olunması üçün heç bir iş görməmişdir. Təxminən həmin ilin sonunda Zərərçəkmiş şəxs1 şəhər mərkəzində deyil, Hövsan qəsəbəsində dövlət tərəfindən ev verildiyini öyrəndikdən sonra sonuncu ondan pulunu tələb etməyə başlamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 2023-cü ilin oktyabr ayının sonları-noyabr ayının əvvəllərində iş yerlərində, yəni Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayonu Eldar Ağayev 116 ünvanında yerləşən Hüquq İdarəsində söhbət zamanı onun əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışdığını bildiyindən Xəzər rayonunda qeydiyyatda olan, qohumu olduğunu dediyi vətəndaş Şahid3 növbəti çağırışdan saxlanılması məsələsində sonuncuya köməklik etməyini istəmişdir. O da həmin vaxt maddi çətinlikləri olduğundan, borclarının da olması səbəbindən Zərərçəkmiş şəxs2 müəyyən məbləğdə pul almağı, işin gedişatına uyğun alınmasa pulu geri qaytarmağı düşünmüşdür. Bu məqsədlə guya tanışları vasitəsilə həmin işi həll edəcəyini, bunun qarşılığında yüksək vəzifədə çalışan tanışına, həkim komissiyası üzvlərinə ümumilikdə 8000 manat pul verilməli olduğunu demişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 razılığını bildirmiş və növbəti gün Bakı şəhəri Yasamal rayonu “Baku Mall” adlanan ticarət mərkəzinin qarşısında onunla görüşərək ilkin olaraq ona 5000 manat vermişdir. Pulun yerdə qalanını isə 3-5 gün ərzində iş yerlərində ona çatdırmışdır. O isə sonuncuya hörmət əlaməti olaraq 300 (üç yüz) manat vermiş, sonuncu da həmin pulu götürmüşdür. Verdiyi vəd üzrə o Şahid3lə görüşmüş, sonuncu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayonu şöbəsinə və həkim komissiyasına gedərkən işin gedişatını izləmək üçün yanında olmuşdur. Lakin, R.E.Balaşikiyevin xidmətə yararsız hesab edilməsi, hərbi xidmətdən saxlanılması üçün heç bir addım atmamış, pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Şahid3 tibbi yoxlanışlardan keçməsi bir müddət uzandıqdan sonra yeni qanunda dəyişiklik olduğundan hərbi xidmətə çağırış yaşı 35 yaşdan 30 yaşa endirilmişdir, bundan sonra sonuncu artıq hərbi xidmətə çağırılmamışdır. Zərərçəkmiş şəxs2 də ona verdiyi pulu tələb etməyə başlamışdır. Bundan əlavə, hərbi xidmətdən istefaya buraxıldıqdan sonra 2025-ci ilin mart ayında əvvəllər iş yoldaşı olan, onunla birlikdə Hüquq İdarəsində çalışmış X6 ondan maraqlanaraq qohumu vətəndaş Zərərçəkmiş şəxs3 müəllim kimi iş yerini Qəbələ rayonu Yemişanlı kənd Ş.Eyvazov adına tam orta məktəbindan Bakı şəhəri və ya Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə dəyişmək arzusunda olduğunu demiş və həmin məsələdə köməklik edə biləcək tanışının olub-olmadığını söyləmişdir. O da həmin vaxt borcları olduğuna görə guya təhsil sahəsində geniş əlaqələrinin olduğunu bildirərək, özünə ümumilikdə 17000 (on yeddi min) manat məbləğində pulun verilməsi, ümumi məbləğin yarısının isə işin əvvəllərində çatdırılması müqabilində Zərərçəkmiş şəxs3 iş yerini Bakı şəhəri və ya Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə dəyişdirilməsini təşkil edəcəyinə dair vəd vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 04 aprel 2025-ci il tarixdə 5000 (beş min) manat, 16 may 2025-ci il tarixdə isə 4000 (dörd min) manat olmaqla onun adına olan Kapital banka məxsus “****3176” nömrəli bank kartına ümumilikdə 9000 (doqquz min) manat pul köçürmüş, o həmin pulu əldə edib şəxsi ehtiyaclarına və borclarına sərf etmişdir. Məhkəmədən törədiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını, onlara vurulmuş maddi ziyanı tam ödəməsini, özünün müharibə iştirakçısı olması və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq barəsində amnistiya qərarının tətbiq edilərək cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin iyul ayının əvvəllərində Müdafiə Nazirliyinin Hüquq İdarəsində təhqiqat şöbəsinin rəisi vəzifəsində, ədliyyə polkovniki hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, onunla eyni idarədə xidmət edən, ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışıq zamanı 20 il qüsursuz xidmətə görə dövlət tərəfindən mənzillə təmin olunmağı barədə söhbət apararkən, sonuncu ona Bakı şəhəri mərkəzindən evlə təmin olunmağına köməklik göstərə biləcəyini demişdir. Belə ki, o 20 ildən artıq qüsursuz xidmət etdiyi üçün onsuzda dövlət tərəfindən verilən mənzillər üçün sırada olmuş və yaxın zamanlarda evlə təmin olunacaqmış. Təqsirləndirilən şəxs də bunu bilmişdir. Danışıq zamanı o Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisindən və ya Bakı şəhər mərkəzindən başqa bir yerdən ev istədiyini demişdir. Təqsirləndirilən şəxs də bu məsələdə, yəni ona veriləcək evin məhz şəhər ətrafı ərazidən deyil, şəhərin mərkəzindən verilməsində köməklik edəcəyini bildirmişdir. O da, Təqsirləndirilən şəxs həm iş yoldaşı olduğuna, eləcə də xidmətdənkənar da normal münasibətləri yarandığına görə inanmış və onunla bu məsələnin həlli istiqamətində söhbətə davam etmişdir. Təqsirləndirilən şəxs ona 10000 (on min) manat pul müqabilində bu məsələni qısa müddətə həll edə biləcəyini vəd etmişdir. Bundan sonra o Təqsirləndirilən şəxslə razılaşaraq, özündə həmin məbləğ olmadığından mülki tanışı Nurəddindən 6000 (altı min) ABŞ dolları borc almışdır. Bundan sonra, həmin məsələnin həlli üçün 05 iyul 2022-ci il tarixdə axşam saatlarında Qaraçuxur qəsəbəsi, Neftçilər parkında Təqsirləndirilən şəxslə görüşmüş və sonuncuya 100-lük əskinazlarla ümumilikdə 5900 ABŞ dolları vermişdir. Lakin, həmin məsələdən xeyli müddət keçməsinə baxmayaraq, Təqsirləndirilən şəxs vədinə əməl etməmişdir. Ona dövlət tərəfindən şəhər mərkəzindən deyil, təxminən 2022-cü ilin sonunda püşkatma yolu ilə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsindən ev verilmişdir. Təqsirləndirilən şəxs pulunu tələb etdikdə əvvəlcə 2000 manat, barəsində şikayət etdikdən sonra isə yerdə qalan 8000 manatı ona qaytarmışdır. Ona vurulan ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid3 onun qohumudur. Şahid3 səhhətində olan xəstəliklə əlaqədar mütəmadi olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsindən 3 il müddətinə möhlət hüququ almış, növbəti şəhadətləndirilmə vaxtı da təxminən 2024-cü ilin yanvar ayına təsadüf etmişdir. Adı çəkilən şəxs 18 yaşından etibarən 3 ildən bir olmaqla şəhadətləndirilmiş və hər dəfə səhhətində olan xəstəliklə bağlı möhlət hüququ almış və hərbi biletinə müvafiq möhür vurulmuşdur. 2023-cü ilin sonralarında çağırışçıların şəhadətləndirilməsi qaydalarında dəyişikliklər olduğundan, yəni tibbi yoxlanışların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılması və rəy verilməsi məsələsi ortaya çıxdıqdan sonra Şahid3 və anası sonuncunun hərbi xidmətə göndərilə biləcəyindən narahat olmuş və bu yeni prosedurla bağlı hüquqşünas olaraq ondan maraqlanmışdırlar. Həmin vaxt Şahid3 30 yaşı olmuş və hansısa özəl şirkətdə çalışmışdır. Sözügedən dövrdə hərbi xidmətə çağırışın son yaş həddi isə 35 olmuşdur. 2023-cü ilin oktyabr-noyabr ayında iş yerində Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi ekspertiza şöbəsində xidmət etmiş ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs ilə söhbət zamanı bu barədə sonuncudan maraqlandıqda Təqsirləndirilən şəxs əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışması səbəbindən geniş əlaqələrinin olduğunu bildirərək Xəzər rayonunda qeydiyyatda olan qohumu, vətəndaş Şahid3 növbəti çağırışdan saxlanılması məsələsini həll edə biləcəyini, bunun üçün 8000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O da bu barədə Şahid3 demişdir. Həmçinin, sonuncunun ailəsinin maddi durumunun aşağı olduğunu bildiyi üçün qeyd olunan məbləği hələlik özünün verə biləcəyini demiş, Şahid3 də razılığını bildirərək hər ay maaşından ona borcunu qaytaracağını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aralarında olan danışığa əsasən bir neçə gün sonra, yəni 2023-cü ilin oktyabr-noyabr ayları ərzində Bakı şəhəri Yasamal rayonu “Baku Mall” adlanan ticarət mərkəzinin qarşısında onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid3 növbəti çağırışdan saxlanılması üçün 8000 manat pulu verib həmin pulun Ramin adlı qohumunun verdiyini dedikdə Təqsirləndirilən şəxs guya ona hörmət əlaməti olaraq 300 manat pul çıxarıb vermişdir. Halbuki həmin pul ümumiyyətlə özünə məxsus olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ondan 7700 (yeddi min yeddi yüz) manat pul alaraq məsələni iki ay ərzində həll edəcəyini bildirmiş, lakin təxminən 1 ildən çox vaxt keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ona yalan vədlər verərək müddəti uzatmağa çalışmış, hər gün də ayrı-ayrı bəhanələr gətirərək məsələni həll etməmişdir. Təqsirləndirilən şəxs Şahid3lə təxmini 1-2 dəfə görüşərək SHXÇDX-nin Xəzər rayon idarəsinə getmiş və guya məsələni həll edəcəyini demişdir. Lakin Şahid3 nə hər hansı tibbi yoxlanışlara göndərilməmiş, nə də möhlət hüququ verilməsi ilə bağlı hərbi biletində qeydiyyat aparılmamışdır. Sadəcə sonradan qanunvericilikdə hərbi xidmətə çağırışın son yaş həddinin 30-a endirilməsi səbəbindən Şahid3 ümumiyyətlə çağırışdan azad edilmiş, bu səbəbdən də o Təqsirləndirilən şəxs verdiyi 7700 (yeddi min yeddi yüz) manat pulun geri qaytarılmasını tələb etmişdir. Müəyyən müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onun kartına 2000 (iki min) manat pul ataraq məbləğin qalan hissəsini məsələ ilə bağlı həkim komissiyasının nümayəndələrindən geri götürdükdən sonra qaytaracağına söz vermiş, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs təkrar olaraq yenidən müxtəlif bəhanələr gətirərək yayınmağa başlamışdır. Dəfələrlə onunla telefon “Vatsapp” vasitəsi ilə danışıb sms göndərib pulun geri qaytarılmasını tələb etməsinə baxmayaraq o pulun qalan hissəsini 5700 (beş min yeddi yüz) manatı geri qaytarmamış, bununla bağlı son zamanlar ümumiyyətlə zənglərinə də cavab verməmişdir. Hazırda ona vurulan ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, artıq 20 ildir ki, Qəbələ rayonu Yemişanlı kənd Şükran Eyvazov adına tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Atası vəfat etmişdir, qardaşı isə öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Anasının səhhətində olan xəstəliyi ilə bağlı tez-tez Bakı şəhərinə qardaşının evinə gedib-gəlmişdir. Özü isə həmin vaxtlarda tək yaşamış, bu səbəbdən iş yerinin Bakı şəhərində və ya Abşeron rayonunda olan məktəblərdən birinə dəyişmək arzusunda olmuşdur. Digər yaxınları kimi xalası qızı X3 bu barədə məlumatı olmuşdur. Şahid4 hüquqşünas olmaqla, bir müddət Təhsil Nazirliyinin Təchizat şöbəsində, daha sonra isə Müdafiə Nazirliyinin Hüquq idarəsində çalışmışdır. Söhbət əsnasında 2024-cü ilin yanvar ayında Şahid4 onun köçürmə məsələsinin həll olunması haqqında iş yoldaşı olmuş Təqsirləndirilən şəxs adlı şəxslə danışdığını, sonuncunun müəyyən məbləğdə pulun özünə çatdırılması qarşılığında onun iş yerini Bakı şəhərində yerləşən orta məktəblərdən birinə dəyişə biləcəyini bildirmişdir. O həmin dövrdə maddi imkanı aşağı olduğundan hazırda hər hansı məbləğdə pul verə bilməyəcəyini söyləmiş və həmin vaxt üçün məsələ bağlanmışdır. Bundan sonra 2025-ci ilin mart ayınadək bir neçə dəfə Şahid4 Təqsirləndirilən şəxs onu soruşduğunu demişdir. Şahid4 ona deməsinə görə Təqsirləndirilən şəxs Şahid4 hazırda köçürmə məsələsini həll etməyə imkanının olduğunu, sonradan işin alınmama ehtimalının olduğunu demişdir. Lakin, o müəyyən maddi çətinlikləri olduğundan yalnız 2025-ci ilin mart ayında Təqsirləndirilən şəxslə danışması üçün xalası qızı Şahid4 müraciət etmişdir. 10-15 dəqiqə sonra X7 Baxşalıyevlə danışıb ona geri dönüş edərək sonuncunun 19000 (on doqquz min) manat məbləğində pul qarşılığında müəllim kimi iş yerinin Qəbələ rayonundan Bakı şəhərində yerləşən məktəblərinin birinə yerdəyişməsinin həyata keçirilməsinə köməklik edəcəyini bildirmişdir. O həmin məbləğin çox olduğunu, 16000 (on altı min) manat verə biləcəyini dedikdən sonra Şahid4 yenidən Təqsirləndirilən şəxslə danışıb ona sonuncunun ən son 17000 (on yeddi min) manata bu məsələni həll edəcəyini söyləmişdir. O da razılaşmış və Təqsirləndirilən şəxs Şahid4 vasitəsilə ona deməsinə görə təxminən məbləğin yarısını əvvəlcədən, digər yarısını isə iş həll olunduqdan sonra verməli olmuşdur. Bundan sonra anket məlumatlarını və şəxsiyyət vəsiqəsinin şəklini Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Ardınca aralarında olan razılığa əsasən Şahid4 vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi öz adına olan, lakin hansı banka məxsus olduğunu xatırlamadığı sonu “****3176” ilə bitən bank kartına ilk olaraq 04 aprel 2025-ci il tarixdə yaşadığı Qəbələ rayonu Mıxlıqovaq kəndindən mobil telefonda olan “Kapital bank”a aid proqram vasitəsi ilə 5000 (beş min) manat göndərmiş, növbəti günlərdə o işini maraqlandıqda isə Təqsirləndirilən şəxs əmrin hazırlandığını, artıq imzaya hazır olduğunu və s. sözlər deyərək işi yubandırmışdır. 16 may 2025-ci il tarixdə isə artıq işlərin yekunlaşdığını, ümumi məbləğin yarısını tamamlamaq üçün 4000 (dörd min) manatı da göndərməli olduğunu bildirmişdir. Bu səbəbdən o özünün və anasınının adına Qəbələ rayonunda olan “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı”ndan ayrı-ayrı məbləğlərdə kredit götürmüş, daha sonra isə 16 may 2025-ci il tarixdə Qəbələ rayonunun özündə Təqsirləndirilən şəxs sonu “****3176” ilə bitən bank kartına mobil telefonda olan “Kapital bank”a aid proqram vasitəsi ilə 4000 (dörd min) manat göndərmişdir. O həmin vaxta qədər Təqsirləndirilən şəxslə hər hansı formada əlaqədə olmamışdır. Qeyd etdiyi ümumilikdə 9000 (doqquz kim) manat pulu Təqsirləndirilən şəxs göndərdikdən sonra nə qədər gözləsə də iş yerinin dəyişdirilməsi ilə bağlı hər hansı müsbət nəticə əldə olunmamışdır. Yalnız bundan sonra o Şahid4 Təqsirləndirilən şəxs nömrəsini alıb olunla danışmağa başlamışdır. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr uyduraraq işin həll olunacağını bildirsə də artıq aldadıldığını başa düşmüşdür. Hazırda ona vurulan ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və ehtiyatda olan 1-ci dərəcəli kapitan X5 ilə aralarında dostluq münasibəti olmuş, onlar əvvəllər bir yerdə xidmət etmişlər. Yunis Məmmədov uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşamır. 2022-ci ildə Y.Məmmədov evi satılmış və həmin evin satışından əldə edilən pul müvəqqəti onda olmuşdur. Təxminən 2022-ci ilin iyun ayının sonları iyul ayının əvvəllərində X9 Cəbrayılova 6000 (altı min) ABŞ dolları borca pul lazım olduğunu və özünün onda olan pulundan Zərərçəkmiş şəxs1 verməyini bildirmişdir. Bundan sonra o Yunis Məmmədovun özündə olan pulundan 6000 ABŞ dolları məbləğində pulu borc olaraq Zərərçəkmiş şəxs1 vermişdir. Lakin, həmin vaxt Zərərçəkmiş şəxs1 həmin pulu kimə və hansı səbəbdən verməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, şəxsən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hansısa işə görə pul verməsinin birbaşa şahidi olmamışdır. Sadəcə xidmət yerində ümumi söhbətlər əsasında bilmişdir ki, Təqsirləndirilən şəxs Rövşən və Elnurdan hansısa işi həll etməyə görə müəyyən məbləğdə pul almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 birlikdə Hüquq İdarəsində çalışmış, sonradan onlar ehtiyata buraxılmışlar. Məhkəmə iclasında şahid qismində dindidilmiş Şahid3 Zərərçəkmiş şəxs2 eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindidilmiş Şahid5 və ibtidai istintaq zamanı şahid qismində dindirilərək məhkəmədə ifadəsi elan edilmiş Şahid4 Zərərçəkmiş şəxs3 oxşar ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materaillarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08 iyul 2022-ci il tarixli 189 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ədliyyə polkovnikleytenantı Təqsirləndirilən şəxs Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 iyun 2022-ci il tarixli 0187 nömrəli əmri ilə Hüquq İdarəsinin Normativ aktların hüquqi ekspertizası şöbəsinin baş zabiti-şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28 dekabr 2024-cü il tarixli 363 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, ədliyyə polkovnik-leytenantı Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə istefaya buraxılmışdır. İş materiallarına əlavə edilmiş 17 iyun 2025-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Bakı hərbi prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs Bakı şəhəri mərkəzindən dövlət tərəfindən mənzillə təmin olunmağına köməklik etmək adı ilə onu aldadaraq 5900 (beş min doqquz yüz) ABŞ dolları məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 30 iyul 2025-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Bakı hərbi prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs qohumu vətəndaş Şahid3 növbəti çağırışdan saxlanılması adı ilə onu aldadaraq 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş 03 sentyabr 2025-ci il tarixli təqrirdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Təqsirləndirilən şəxs Bakı şəhərində yerləşən məktəblərdən birinə müəllimə kimi təyinatının verilməsinə köməklik etmək adı ilə onu aldadaraq 9000 (doqquz min) manat məbləğində pulunu ələ keçirməsi barədə məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, bütün zərərçəkmiş şəxslərə dəyiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışmış, barəsində Amnistiya artının tətbiq edilməsini məhkəmədən xahiş edir. X1 Sistemindən edilmiş çıxarışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, həmin tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Bakı hərbi prokurorluğunda qəbul edilmiş 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması həmin Məcəllənin 73-1.2-ci və CPM-in 40.3-cü maddəsinin tələblərinə əsasən rədd edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Məhəmmədəli, xx.xx.2009-cu il təvəllüdlü Rafail, xx.xx.2007-ci il təvəllüdlü Tahirə, xx.xx.2011-ci il təvəllüdlü Üzeyir adlı uşaqları vardır. Vətən müharibəsi iştirakçısıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs səciyyələndirən hallar, yəni Vətən müharibəsi iştirakçısı olması və himayəsində yetkinlik yaşına çatmayan övladları olduğu üçün o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il Qərarının 1.1-ci və 1.16-ci bəndlərində göstərilən şəxslərin dairəsinə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə müdafiə tərəfin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in 39-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar