Məhkəmə qərarları › İş №1-1(093)-29/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-29/2023

26.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-29/2023 26.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşayan, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, ədliyyə leytenantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 335.1 və 312-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa maddi neməti istəmiş və almış, habelə hərbi qulluqçunu sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmağa köməkçilik etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə leytenantı hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N1-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımının sürücüsü, əsgər Şahid2 taborun inzibati binasında yaxınlaşıb təklikdə söhbət edərək, onunla səmimi münasibət qurmuş və daha sonra ondan yaşadığı evə getmək istəyib-istəmədiyini soruşmuşdur. Əsgər Şahid2 ona evlərinə getmək istədiyini bildirdikdə, Təqsirləndirilən şəxs hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmasını və hərbi hissə komandirinin köməkçisi kimi ona etibar etməsini nəzərə alıb, məhz bu mövqeyinə görə hər hansı əsgərin xəstə olması barədə yalan məlumat verməklə həmin əsgərin hospitala göndərilməsi üçün göndəriş verilməsi barədə hərbi hissənin həkimlərindən hər hansı birinə müraciət edəcəyi təqdirdə onun xahişinə rədd cavabı verilməyəcəyinə əmin olaraq, bununla bağlı yaranmış əlverişli şəraitdən, eləcə də öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. O, əsgər Şahid2, alacağı puldan hər hansı vəzifəli şəxsə pul verib-verməyəcəyi ilə bağlı heç bir məlumat vermədən, 300 (üç yüz) manat məbləğində pul verilməsi müqabilində onun müayinə və müalicə üçün hərbi hospitala göndərilməsi adı ilə göndəriş yazdıraraq, təxminən 10 (on) gün müddətinə yaşadığı evdə qalmasını təşkil və təmin edə biləcəyini dedikdə Şahid2 onun həmin təklifini qəbul edərək razılaşmışdır. Aralarındakı sövdələşməyə əsasən, növbəti gün, N1-ci ilin iyun ayının əvvəllərində axşam saatlarında ədliyyə leytenantı Təqsirləndirilən şəxs otağında tək olduğu vaxt əsgər Şahid2 gətirdiyi 300 (üç yüz) manat pulu qəbul etməklə, öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət istəmiş və almışdır. Ədliyyə leytenantı Təqsirləndirilən şəxs aldığı pulun müqabilində növbəti gün hərbi hissənin tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Şahid4 yaxınlaşıb, əsgər Şahid2 səhhətindən hər hansı şikayətinin olmadığı və onun hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bildiyi halda, guya səhhətindəki şikayətlərlə bağlı ona müraciət etməsi, hərbi hissə komandirinin bundan məlumatlı olması və sonuncunun daha əsaslı müayinə olunması üçün onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə (səyyar tibb bölüyünə) göndərilməli olmasına dair yalan məlumatlar verib əsgər Şahid2 xəstə olmasına inandırmış, N iyun N1ci il tarixdə səhər saatlarında tibb xidməti leytenantı Şahid4 tərəfindən əsgər Şahid2 barəsində raport tərtib edilməsinə və həmin raportun hərbi hissə komandirinə təsdiq etdirilməsinə nail olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əsgər Şahid2 N nömrəli hərbi hissəyə (səyyar tibb bölüyünə) müayinəyə getməsi ilə bağlı onda mövcud olmamış diaqnoz qeyd edildiyi göndəriş tərtib etdirərək, elə həmin gün sonuncunu hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən çıxarıb oradan N nömrəli hərbi hissəyə (səyyar tibb bölüyünə) deyil, birbaşa yaşadığı Bakı şəhərinin Qaradağ rayonuna göndərmiş və o, 12 (on iki) gün müddətində yaşadığı evdə qalıb N iyun N1-ci il tarixdə hərbi hissəyə qayıtmış, bununla da Təqsirləndirilən şəxs əsgər Şahid2 sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına köməkçilik etmişdir. Təqsirləndirilən şəxs hərbi vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, hərbi hissənin maddi-texniki təminat bölüyünün 1-ci manqasının sürücüsü, əsgər Şahid1 N1-ci ilin iyun ayının sonlarında səhər saatlarında hərbi hissənin ərazisində təklikdə ona yaxınlaşaraq 1 (bir) həftəlik yaşadığı evə getmək istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Ədliyyə leytenantı Təqsirləndirilən şəxs hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmasını və hərbi hissə komandirinin köməkçisi kimi ona etibar etməsini nəzərə alıb, məhz bu mövqeyinə görə hər hansı əsgərin xəstə olması barədə yalan məlumat verməklə həmin əsgərin hospitala göndərilməsi üçün göndəriş verilməsi barədə hərbi hissənin həkimlərindən hər hansı birinə müraciət edəcəyi təqdirdə onun xahişinə rədd cavabı verilməyəcəyinə əmin olaraq, bununla bağlı yaranmış əlverişli şəraitdən, eləcə də öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. O, əsgər Şahid1 alacağı puldan hər hansı vəzifəli şəxsə pul verib-verməyəcəyi ilə bağlı heç bir məlumat vermədən, 150 (yüz əlli) manat məbləğində pul verilməsi müqabilində onun müayinə və müalicə üçün hospitala göndərilməsi adı ilə 1 (bir) həftəlik yaşadığı evdə qalmasını təşkil və təmin edə biləcəyini dedikdə, əsgər Şahid1 həmin təklifi qəbul edərək razılaşmışdır. Aralarındakı sövdələşməyə əsasən, təxminən bir saat sonra ədliyyə leytenantı Təqsirləndirilən şəxs tək halda xidməti otağında əsgər Şahid1 gətirdiyi 150 (yüz əlli) manat pulu qəbul etməklə, öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa maddi nemət istəmiş və almışdır. 2-3 gün sonra, N1-ci ilin iyun ayının sonlarında ədliyyə leytenantı Təqsirləndirilən şəxs aldığı pulun müqabilində, hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti baş leytenantı Şahid5 yaxınlaşıb əsgər Şahid1 səhhətindən hər hansı şikayətinin olmadığı və onun hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bildiyi halda, guya səhhətindəki şikayətlərlə bağlı ona müraciət etməsi, hərbi hissə komandirinin bundan məlumatlı olması və sonuncunun daha əsaslı müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməli olmasına dair yalan məlumatlar verib əsgər Şahid1 xəstə olmasına inandırmış, N iyun N1-ci il tarixdə səhər saatlarında tibb xidməti baş leytenantı Şahid5 tərəfindən əsgər Şahid1 barəsində raport tərtib edilməsini təmin edib həmin raportu hərbi hissə komandirinə təsdiq etdirmişdir. Təqsirləndirilən şəxs əsgər Şahid1 hospitala müayinəyə getməsi ilə bağlı onda mövcud olmamış diaqnoz qeyd edilmiş göndəriş tərtib olunmasına nail olub, həmin göndərişi özü şəxsən götürərək elə həmin gün əsgər Şahid1 təqdim edib onu hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən çıxararaq oradan hospitala deyil, birbaşa yaşadığı Bakı şəhərinin Qaradağ rayonuna göndərmişdir. Əsgər Şahid1 təxminən 1 (bir) həftə müddətində yaşadığı evdə qalaraq N iyul N1-ci il tarixdə hərbi hissəyə qayıtmış, bununla da Təqsirləndirilən şəxs sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına köməkçilik etmişdir. Təqsirləndirilən şəxs, hərbi vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, hərbi hissənin 4-cü taborunun avtomatik qumbaraatanlar tağımının baş sürücüsü, əsgər Şahid3 03 iyul N1-ci il tarixdə saat N radələrində xidməti otağında təklikdə ona yaxınlaşmış və 1 (bir) həftəlik yaşadığı evə getmək istədiyini bildirib, bununla bağlı ona hər hansı köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman ədliyyə leytenantı Təqsirləndirilən şəxs hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmasını və hərbi hissə komandirinin köməkçisi kimi ona etibar etməsini nəzərə alıb, məhz bu mövqeyinə görə hər hansı əsgərin xəstə olması barədə yalan məlumat verməklə həmin əsgərin hospitala göndərilməsi üçün göndəriş verilməsi barədə hərbi hissənin həkimlərindən hər hansı birinə müraciət edəcəyi təqdirdə onun xahişinə rədd cavabı verilməyəcəyinə əmin olaraq, bununla bağlı yaranmış əlverişli şəraitdən, eləcə də öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, qanunsuz qazanc əldə etməklə varlanmaq qərarına gəlmişdir. O, əsgər Şahid3 alacağı puldan hər hansı vəzifəli şəxsə pul verib-verməyəcəyi ilə bağlı heç bir məlumat vermədən, 200 (iki yüz) manat məbləğində pul verilməsi müqabilində onun müayinə və müalicə üçün hospitala göndərilməsi adı ilə 1 (bir) həftəlik yaşadığı evdə qalmasını təşkil və təmin edə biləcəyini dedikdə, əsgər Şahid3 həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı sövdələşməyə əsasən, 04 iyul N1-ci il tarixdə 200 (iki yüz) manat məbləğində pulu həmin vaxt hərbi hissədə olmayan ədliyyə leytenantı Təqsirləndirilən şəxs tapşırığına əsasən, «Kapital Bank»a məxsus olan və sonuncunun öz adına olmayan kartlardan birinin hesabına köçürmüş, daha sonra ədliyyə leytenantı Təqsirləndirilən şəxs həmin pulu kartdan məxaric etməklə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa maddi nemət istəmiş və almışdır. Ədliyyə leytenantı Təqsirləndirilən şəxs aldığı pulun müqabilində, hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti baş leytenantı Şahid5 əsgər Şahid3 səhhətindən hər hansı şikayətinin olmadığı və onun hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bildiyi halda, guya səhhətindəki şikayətlərlə bağlı ona müraciət etməsi, hərbi hissə komandirinin bundan məlumatlı olması və sonuncunun daha əsaslı müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməli olmasına dair yalan məlumatlar verib əsgər Şahid3 xəstə olmasına inandırmışdır. N iyul N1-ci il tarixdə səhər saatlarında tibb xidməti baş leytenantı Şahid5 tərəfindən əsgər Şahid3 barəsində raport tərtib edilməsini təmin edib həmin raportu hərbi hissə komandirinə təsdiq etdirmiş, əsgər Şahid3 hospitala müayinəyə getməsi ilə bağlı onda mövcud olmamış diaqnoz qeyd edilmiş göndəriş tərtib etdirib, həmin göndərişi Şahid3 tibb məntəqəsindən götürməsini tapşırmışdır. Şahid3 elə həmin gün hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən çıxıb hospitala deyil, birbaşa yaşadığı Sumqayıt şəhərinə getmiş və təxminən 1 (bir) həftə müddətində yaşadığı evdə qalaraq N iyul N1-ci il tarixdə hərbi hissəyə qayıtmış, bununla da Təqsirləndirilən şəxs əsgər Şahid3 sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmasına köməkçilik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 335.1 və 312-1.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, N nömrəli hərbi hissənin hüquqşünası vəzifəsində hərbi xidmətdə olduğu zaman hospital adı ilə yaşadığı ünvana gedən şəxslərin gələcəkdə aşkar olunmayacağını fikirləşib ona müraciət edən əsgərləri qanunsuz olaraq evə göndərdiyi hallar olmuşdur. N1-ci ilin iyul ayının əvvəllərində hərbi hissənin əsgəri Şahid3 xidməti otağında yaxınlaşıb yaşadığı evə getmək istədiyini bildirmişdir. O, əsgər Şahid3 bunun mümkün olduğunu, ancaq hospital adı ilə hərbi hissədən çıxacağını demişdir. 200 manat pul verəcəyi halda onu bir həftəlik yaşadığı ünvana göndərəcəyini bildirmişdir. Aralarında ümumi razılıq olduqdan sonra əsgər Şahid3 növbəti gün ona zəng edib əlaqə saxladıqda həmin vaxt hərbi hissədən kənarda olduğuna görə üzərində olan öz adına rəsmiləşdirilməmiş bank kartlarından birinin hesabına 200 (iki yüz) manat məbləğində pulu köçürməsini tapşırmışdır. Elektron ödəmə terminalı vasitəsi ilə həmin pulu onun dediyi hesaba köçürmüşdür. O, hərbi hissənin həkimlərindən birinə zəng edib əsgər Şahid3 xəstə olmasını, onun hospitala göndərilməsi üçün göndəriş tərtib edilməsini və hərbi hissə komandirinin bundan məlumatlı olmasını bildirmişdir. Eyni zamanda hərbi hissə komandirinə əsgərlərin şəxsən təqdim olunmayacağını bildiyinə görə əsgərin xəstə olmasının aşkar edilməyəcəyinə əmin olmuşdur. Onun sözündən sonra əsgər Şahid3 barəsində raport yazılaraq göndəriş tərtib olunmuş və həmin göndəriş hazır olduqdan sonra bu barədə ona məlumat verilmişdir. O, əsgər Şahid3 məlumat verib göndərişi tibb məntəqəsindən götürməsini bildirib yaşadığı ünvana getməsini tapşırmışdır. Əsgər Şahid3 aldığı pulu özü üçün istifadə etmiş, bununla bağlı heç kəsə heç nə deməmiş və həmin puldan heç kəsə hər hansı məbləğdə pul verməmişdir. Bir həftə sonra əsgər Şahid3 hərbi hissəyə qayıtması barədə ona məlumat verdikdən sonra o, da öz növbəsində bu barədə hərbi hissənin həkimlərinə deyib əsgərin guya hospitaldan qayıtması barədə raport yazdırıb şəxsi heyyətin siyahısına əlavə etdirmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu, əsgər Şahid3 məhkəməyə ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. N nömrəli hərbi hissədə hərbi xidmətdə olduğu zaman ümumi olaraq hərbi hissənin tibb məntəqəsindən hospital adı ilə evə getməyin mümkün olduğunu eşitmiş, buna görə 03 iyul N1-ci il tarixdə saat N radələrində hərbi hissənin hüquqşünası, ədliyyə leytenantı Təqsirləndirilən şəxs xidməti otağına daxil olub onunla təklikdə söhbət edərək evə getmək istədiyini bildirmişdir. Ona bunun mümkün olduğunu ancaq bir həftə müddətində yaşadığı evə getmək üçün ondan 200 manat məbləğində pul alacağını demiş, onunla razılaşmış və pulu növbəti gün verəcəyini bildirmişdir. Növbəti gün o, ailə üzvlərinə ehtiyacı olduğuna görə ona pul göndərmələrini demiş, üzərində olan 100 manatı da həmin pula əlavə edib 200 manat pul düzəldib Təqsirləndirilən şəxs otağına gedərək həmin pulu ona vermək istədikdə, yerində olmadığından ona zəng etmişdir. Təqsirləndirilən şəxs onun sosial şəbəkələrdə olan hesablarından birinə kart nömrəsi göndərdiyinə görə həmin karta “MilliÖn” ödəmə terminalı vasitəsi ilə 200 manat məbləğində pul köçürmüş, kart “Kapital Bank”a məxsus olsa da, üzərində olan ad və soyad başqasına məxsus olmuşdur. Ədliyyə leytenantı Təqsirləndirilən şəxs ilə danışıb ona pulu köçürdüyünü demiş, sonuncu isə ona hərbi hissənin tibb məntəqəsinə yaxınlaşmasını tapşırmışdır. Həmin gün o, tibb məntəqəsinə yaxınlaşmış, lakin çıxış olmadığına görə hərbi hissədən çıxa bilməmişdir. Növbəti gün səhər saatlarında tibb məntəqəsinə təkrar yaxınlaşıb orada olan həkimlərdən birindən göndəriş alaraq hərbi hissənin nəzarət-buraxılış məntəqəsindən çıxıb hospitala yox, yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs ilə razılaşdığı kimi N iyul N1-ci il tarixdə tək halda nahar vaxtına kimi hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs ona aldığı pulu hər hansı şəxsə verməyi barədə heç nə deməmiş, həmin pulu digər şəxsə verməsi üçün istəməmiş, göndərişi də kimdən aldığı barədə ona heç bir məlumat verməmişdir. Şahid N nömrəli hərbi hissənin sabiq tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Şahid4 məhkəməyə ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır. Əsgər Şahid2 xatırlamır, həmin əsgərin hospitala və ya hospital adı ilə yaşadığı ünvana getməsi ilə bağlı hər hansı şəxsin ondan pul almasından məlumatı olmamış, həmin əsgərin yaşadığı evə getməsində heç bir maddi marağı olmamışdır. Şahid2 və ya hər hansı başqa şəxsin hospitala göndərilməsi üçün Təqsirləndirilən şəxs heç bir səlahiyyəti olmamışdır. Həmin dövrd N nömrəli hərbi hissənin tibb bölməsinə N nömrəli hərbi hissədən müayinə olunmaq üçün xəstə göndərilməsinə icazə verilmişdir. Bütün hallarda həkim kimi onun tibb rəyi, yəni diaqnoz yazılan gödərişi və hərbi hissə komandirin icazəsi olan raport təsdiq edildikdən sonra əsgərin hospitala getməsinə icazə verilmişdir. Hərbi qulluqçunun hospitala göndərilməsi üçün əvvəlcə xəstə kimi tibb məntəqəsinə müraciət etməli, xəstə olduğu halda ardınca göndəriş yazılmaqla raport tərtib edilməli və bundan sonra hospitala göndərilməsi təmin edilməlidir. İ.Ç.İlyas oğlunun hansı qaydada və müayinə olunmadan adına göndəriş tərtib edildiyini bilmir, ancaq ola bilər ki, Təqsirləndirilən şəxs hərbi hissənin hüquqşünası və hərbi hissə komandirin köməkçisi olduğuna görə onun sözlərinə inanıb əsgərin xəstə olduğunu bildirdikdən sonra həmin əsgərin barəsində raport yazıb göndəriş tərtib etməklə, hərbi hissə komandirinə həmin raportu imzaladıb əsgəri hospitala göndərmişdir. Təqsirləndirilən şəxs isə əsgərin hospitala yox, evə getməsini tapşırmışdır. N nömrəli hərbi hissədə gənc əsgərlər kurs keçdiyinə görə tibb məntəqəsinə və hospitala gedən çox sayda xəstə əsgər olduğundan faktiki olaraq həmin əsgərlərə nəzarət etmək imkanı olmamışdır. Ona görə də əsgərin hosptitala getməsi və xidməti yerinə qayıtması ilə bağlı ancaq ona verilən məlumat əsasında barəsində raport yazıb xidməti yeri qayıdanların siyahısına əlavə etmişdir. Şahid N nömrəli hərbi hissənin sabiq tibb xidməti rəisi, tibb xidməti baş leytenantı Şahid5 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Şahid4 ilə eyni məzmunlu ifadə verərək əsgərlər Şahid1 və Şahid3 tanımadığını bildirib onların hospital adı ilə yaşadığı ünvana getməsində heç bir maddi marağının olmadığını, əsdliyyə leytenantı Təqsirləndirilən şəxs dediklərinə əsasən barələrində göndəriş və raport tərtib edib hospitala göndərə biləcəyini təsdiq etmişdir. Şahid N nömrəli hərbi hissənin sabiq komandiri polkovnik, Şahid6 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xidməti müddətində tanımışdır. Həmin hərbi hissənin komandiri olduğu müddətə hər hansı şəxs ona hərbi hissənin əsgəri və ya digər hərbi qulluqçusunun hospitala getməsi adı ilə qanunsuz olaraq evə getməsinə görə maddi vəsait, pul və ya digər nemət verməmiş və ya təkilf etməmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının müayinə və müalicə olması, stasionar müalicəyə göndərilməsi, hospitalda stasionar müalicədə olduğu zaman ona nəzarət edilməsi ilə bağlı təşkilatı işlər birbaşa tibb xidməti rəsinin və ya hərbi həkimlərin səlahiyyətində olmuşdur. Hərbi hissə komandiri olduğu zaman hər hansı şəxsə qanunsuz olaraq hospitala hərbi qulluqçunu göndərməsi ilə bağlı heç bir göstəriş verməmiş, ümumiyyətlə hər hansı əsgərin hospitala getməsi üçün onun əvvəlcə tibb məntəqəsinə müarciət etməsi, bundan sonra hərbi hissənin hərbi həkimləri tərəfindən müayinəsi həyata keçirilmiş, daha sonra əsgərin müayinə olunması və ixtisaslı həkim qəbuluna göndərilməsi qərarına gələn tibb xidməti rəisi hərbi hissə komandiri kimi ona raport yazaraq və göndəriş hazırlayaraq əsgərin hospitala göndərilməsini təşkil etmişdir. Tibb xidməti rəisinin raportu əsasında göndəriş hazırlanmış və həmin göndəriş onun tərəfindən və tibb xidməti rəisi tərəfindən imzalandıqdan sonra möhürlənməsi üçün qərargah rəisinə təqdim olunmuşdur. Əsgərlərin hospitala göndərilməsi ilə bağlı həkimin göndərişi, yəni onun gəldiyi rəy əsas götürülmüşdür. O, komandir kimi buna icazə vermişdir. Əsgərin sağlamlıq vəziyyətinə cavab verən şəxs tibb xidməti rəisi olduğuna görə əlavə olaraq əsgərin səhhətini hospitala gedərkən yoxlamamışdır. Heç bir halda hərbi hissənin hüquqşünası Təqsirləndirilən şəxs göstəriş verib hər hansı əsgəri hospital adı ilə evə göndərməsini tapşırmamış, xidməti müddətində ona şəxsən şikayət edən və ya başqa formada əsgərin səhhətində narahatlıq olması barədə məlumat aldığı zaman həmin əsgərin müayinə olunmasını həkimlərə tapşırmışdır. Hərbi hissə komandiri olduğu müddətdə hər hansı şəxsdən pul alınaraq onun hospital adı ilə yaşadığı ünvana göndərilməsi barədə məlumatı olmamışdır. Hərbi hissənin əsgərləri Şahid1, Şahid3 və Şahid2 tanımır, onlardan pul alınaraq hospitala yox yaşadığı evə getməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onun adından istifadə edib həkimləri aldatmasını istisna etmir, bununla bağlı hərbi hissənin həkimləri ona heç nə deməmiş, adları qeyd olunan əsgərlərin hospitala göndəriş yazılmaqla yaşadığı ünvana getməsi ilə bağlı heç bir halda ədliyyə leytenantı Təqsirləndirilən şəxs göstəriş verməmişdir. Şahid1 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, N nömrəli hissədə hərbi xidmətdə olduğu zaman hərbi hissənin hüquqşünası, ədliyyə leytenantı Təqsirləndirilən şəxs ilə münasibəti yaranmışdır. N1-ci ilin iyun ayının sonlarında səhər saatlarında Təqsirləndirilən şəxs hərbi hissənin ərazisində yaxınlaşıb evə getmək istədiyini demişdir. Təqsirləndirilən şəxs bu barədə köməklik edib-etməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona bir həftə müddətinə evə getməsi müqabilində 150 manat pul alacağını dedikdə, onunla razılaşıb təxminən bir saat sonra ailə üzvləri ilə məsləhətləşib həmin pulu xidməti otağına gedib təkildə ədliyyə leytenantı Təqsirləndirilən şəxs vermişdir. İki-üç gün sonra, saat 12 radələrində ədliyyə leytenantı Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb göndəriş verərək hospital adı ilə yaşadığı ünvana gedəcəyini bildirmişdir. O, da həmin gün nəzarət-buraxılış məntəqəsindən çıxıb oradan taksi ilə yaşadığı ünvana getmiş və razılaşdıqları qaydada bir həftə sonra xidməti yerinə qayıdıb ona verilən göndərişi ədliyyə leytenantı Təqsirləndirilən şəxs verib bölməsinə gedib xidmətini davam etdirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu hər hansı digər şəxsə verib-verməməsi barədə heç nə deməmiş, onun göndərişi hansı qaydada aldığını bilməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Şahid2 istintaqda verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, N nömrəli hərbi hissədə xidmətdə olduğu zaman hərbi hissənin hüquqşünası, ədliyyə leytenantı Təqsirləndirilən şəxs ilə ümumi xidməti münasibəti yaranmışdır. Hərbi hissədə hərbi xidmətdə olduğu zaman hərbi hissənin tibb məntəqəsindən hospital adı ilə evə getməyin mümkün olduğunu eşitmişdir. N1-ci ilin iyun ayının əvvəllərində nahar vaxtı 2-ci taborun ərazisində ədliyyə leytenantı Təqsirləndirilən şəxs ondan evə getmək istəyibistəmədiyin soruşduqda ona müsbət cavab vermişdir. Təqsirləndirilən şəxs ona 300 manat məbləğində pul müqabilində onu təxminən 10 gün müddətində yaşadığı ünvana göndərə biləcəyini bildirmişdir. O, ailə üzvlərinə zəng edib 300 manat məbləğində pul müqabilində yaşadığı evə gəlməsinin mümkün olduğunu bildirib bu məqsədlə onlardan pul istəmiş, buna etiraz etməmiş ailə üzvləri tərəfindən də ona həmin pul göndərilmişdir. Növbəti gün axşam saatlarında ədliyyə leytenantı Təqsirləndirilən şəxs xidməti otağına gedib təklikdə 300 manat məbləğində pulu ona vermiş, pulu verdikdən bir gün sonra səhər saatlarında ədliyyə leytenantı Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb göndəriş verib N nömrəli hərbi hissəyə müalicə olunmaq adı ilə ezam kimi göndərildiyini, ancaq evə gedəcəyini bildirmişdir. Onu şəxsən nəzarət buraxılış məntəqəsindən çıxarıb takisyə əyləşdirib yola salmışdır. Razılaşdıqları kimi o, təxminən 10 gün sonra xidməti yerinə qayıtmış, həmin göndəriş vərəqəsini Təqsirləndirilən şəxs özünə qaytarmışdır. Xidməti yerinə gedib adi qaydada xidmətini davam etdirmişdir. Şahid qeyd etdi ki, Təqsirləndirilən şəxs ona aldığı pulu hər hansı şəxsə verməyi barədə heç nə deməmiş, həmin pulu digər şəxsə verməsi üçün istəməmiş, göndərişi də kimdən aldığı barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs 15 yanvar N0-ci il tarixli, 15 №-li əmrlə həmin tarixdən N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsinə təyin edildiyinə görə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək leytenant hərbi rütbəsində vəzifələrinin icrasına başlamışdır. Təqsirləndirilən şəxs 14 noyabr N2-ci il tarixli, 325 №-li əmrlə N nömrəli hərbi komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsinə təyin edildiyinə görə hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisinin, o cümlədən hərbi hissənin sabiq hüquqşünası vəzifəsində xidmət etmiş, ədliyyə leytenantı Təqsirləndirilən şəxs hərbi hissədən xəstəni hospitala və ya digər hərbi hissənin tibb bölməsinə göndərmək səlahiyyəti olmamışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 161 №-li əmrindən çıxarışdan aydın olur ki, tibb xidməti leytenantı Şahid4 raportu əsasında əsgər Şahid2 həmin gün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 173 №-li əmrindən çıxarışdan görsənir ki, tibb xidməti leytenantı Şahid4 raportu əsasında əsgər Şahid2 həmin gün N nömrəli hərbi hissədən qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 181 №-li əmrindən çıxarışdan məlum olur ki, tibb xidməti baş leytenantı Şahid5 raportu əsasında əsgər Şahid1 həmin gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli, 190 №-li əmrindən çıxarışdan görünür ki, tibb xidməti baş leytenantı Şahid5 raportu əsasında əsgər Şahid1 həmin gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından hərbi hissəyə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli, 189 №-li əmrindən çıxarışdan aydın olur ki, tibb xidməti baş leytenantı Şahid5 raportu əsasında əsgər Şahid3 həmin gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N1-ci il tarixli, 196 №-li əmrindən çıxarışdan məlum olur ki, tibb xidməti baş leytenantı Şahid5 raportu əsasında əsgər Şahid3 həmin gün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından hərbi hissəyə qayıtmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materialarına əsasən Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etməklə medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamına əsasən Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2714 nömrəli Sərəncamına əsasən Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə biri digərini təkzib etməməklə təsdiq edən sübutlara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli, onun həmin əmələ aidiyyatı və təqsirliliyi ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, həmçinin özünün etiraf ifadəsi, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir.Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxş Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5, 335.1 və 312-1.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan 44 günlük Vətən müharibəsində iştirak etməsini, göstərdiyi şücayətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Füzuli, Cəbrayıl, Xocavəndin” azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, eləcə də hazırda düşmənlə təmas xəttində xidmət etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 32.5, 335.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini təkrar törətməsi, CM-in 61.1.1-ci maddəsinə əsasən,Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-in 312-1.1 və 32.5, 335.1-ci maddələrinin sanksiyasında cərimə, azadlıqdan mərhum etmə, hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzasları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələbinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs bu cəzanın tətbiq edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə, işin faktiki hallarını və təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalət və humanizm prinsipləri baxımından məqsədə müvafiq hesab etmir. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edib hesab edir ki, onun barəsində CM-nin 62-ci maddəsinin (cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməklə məhkəmə tərəfindən nəzərə alınıb Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər) müddəaları tətbiq olunmaqla təqsirli bilindiyi CM-in 312-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və həmin Məcəllənin 32.5, 335.1-ci maddəsi ilə hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasının təyin edilməsini, CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti cəzanın təyin olunmasını və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 98 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına dövlət büdcəsi vəsaiti hesabına 588 (beş yüz səksən səkkiz ) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 335.1 və 312-1.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinnsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 335.1-ci maddəsi ilə aylıq pul təminatından dövlət nəfinə 5 % (beş faiz) məbləğdə pul tutulmaqla 2 (iki) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğdə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq aylıq pul təminatından dövlət nəfinə 5% (beş faiz) məbləğdə pul tutulmaqla 2 (iki) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası və 500 (beş yüz) manat məbləğdə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icrası xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 təqsirləndirilən şəxsə göstərilmiş 98 (doxsan səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 588 (beş yüz səksən səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar