Məhkəmə qərarları › İş №1-1(093)-39/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-39/2023

06.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-39/2023 06.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlunun sədrliyi, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxx 2003-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 02 oktyabr 2022-ci il tarixdə saat N radələrində 1-ci taborun əsgər yataqxanasının məişət otağında olduğu vaxt həmin hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs hərbi bel kəmərini axtarmaq məqsədi ilə məişət otağına daxil olub ondan kəmərini görüb-görməməsini soruşduqda o, Zərərçəkmiş şəxs yanına çağırmış, Zərərçəkmiş şəxs onun yanına gəlmədiyi üçün əsəbiləşərək “demirəm ə bura gəl” sözlərini deməklə Zərərçəkmiş şəxs yenidən yanına çağırmış, Zərərçəkmiş şəxs onun yanına yaxınlaşdıqda Təqsirləndirilən şəxs ilk çağırışdan yanına gəlməməsinə görə əsəbiləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrində qeyd olunmuş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli” kimi tələblərini kobud surətdə pozub özünü üstün göstərmək məqsədilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs qarnının aşağı nahiyəsinin sağ və sol hissələrinin hər birinə 2 (iki) zərbə olmaqla ümumilikdə 4 (dörd) qüvvətli yumruq zərbəsi vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «qarnın sol yan divarının aşağı şöbəsinin hematoması və sağ yan divarının aşağı şöbəsinin qançırı» xəsarətlərini yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu–əsgər Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, 2 oktyabr 2022-ci il tarixdə saat N radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci taqımının 3-cü manqasının istehkamçısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında yerləşən məişət otağına girib hərbi bel kəmərini götürmək məqsədilə gəldiyini bildirərək “kəmərimi görməmisən?” dedikdə sonuncunu “bura gəl” deyərək yanına çağırmış, öz üstünlüyünü göstərmək məqsədilə ona “demirəm ə bura gəl” deyərək bir daha yanına çağırmış, Zərərçəkmiş şəxs yanına yaxınlaşdıqda sonuncunun qarnının sağ və sol hissələrinə yumruqla ümumilikdə 4 qüvvətli zərbə vurmuş, Zərərçəkmiş şəxs əzab vermək niyyəti olmamış, həmin yumruq zərbələrini sonuncunun ona gec cavab verməsinə əsəbiləşərək endirmiş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs qarnını tutub otağı tərk etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, istintaq hərəkəti protokolları, sənədlər və sair sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2 oktyabr 2022-ci il tarixdə saat N radələrində bel kəmərini götürmək məqsədilə xidmət yeri olan N nömrəli hərbi hissənin 1-ci taborunun əsgər kazarmasında yerləşən məişət otağına girdikdən sonra orada olan 1-ci taborun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs “kəmərimi görməmisən?” dedikdə sonuncu “bura gəl” deyərək yanına çağırmış, yanına getməməsinə əsəbiləşərək “demirəm ə bura gəl” sözlərini deməklə onu yenidən yanına çağırmış, yanına yaxınlaşdıqda Təqsirləndirilən şəxs onun ilk çağırışdan yanına gəlməməsinə əsəbiləşərək qarnının sağ və sol hissələrinə yumruqla ümumilikdə dörd zərbə vurmuş, zərbələrin təsirindən qarnında kəskin ağrı hiss edib qarnını tutaraq otağı tərk etmiş, həmin zərbələrin təsirindən qarnının sağ və sol hissələrində qançırlar əmələ gəlmiş, 07 oktyabr 2022-ci il tarixdə tibb xidmət rəisi, tibb xidməti baş leytenantı Şahid tibb məntəqəsində bədən baxışı keçirərkən sonuncu tərəfindən bədənində həmin xəsarətlər aşkar edilmiş, müayinədən sonra tibb xidmət rəisi tərəfindən bu barədə raport tərtib edilərək hərbi hissə komandanlığına təqdim edilmişdir. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, tibb xidməti baş leytenantı Şahid göstərmişdir ki, o, hərbi hissənin tibb xidmət rəisi vəzifəsində, tibb xidməti baş leytenantı hərbi rütbəsində xidmətdə olarkən 07 oktyabr 2022-ci il tarixdə tibb məntəqəsində gənc əsgərlərə bədən baxışı keçirərkən hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs bədənində qarnın sağ və sol yan divarlarının qançırı xəsarətini aşkar etmiş, Zərərçəkmiş şəxs xəsarətin yaranma səbəbini soruşduqda sonuncu cavab olaraq 02 oktyabr 2022-ci il tarixdə saat N radələrində hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasının məişət otağında Təqsirləndirilən şəxs qarnının aşağı nahiyəsinin sağ və sol hissələrinin hər birinə 2 (iki) zərbə olmaqla ümumilikdə 4 (dörd) qüvvətli yumruq zərbəsi vurmasını bildirmiş, Zərərçəkmiş şəxs bədəninə baxış keçirib müayinə edərkən sonuncunun qarnının aşağı nahiyəsinin sağ və sol hissələrinin səthində bədən baxışı keçirdiyi tarixə münasibətdə 05 (beş) gün öncə yaranması ehtimal olunan sıyrıntılar aşkar etmiş, həmin sıyrıntılar Zərərçəkmiş şəxs müraciəti zamanı Təqsirləndirilən şəxs tərəfindən zor tətbiq edilməsi ilə bağlı bildirdiyi hadisəyə tam uyğun gəlmiş, Zərərçəkmiş şəxs tibbi müayinə etdiyi zaman bədəninin digər səthində başqa xəsarət aşkar edilməmiş, sonuncunun sağlamlığı ilə bağlı digər hər hansı şikayəti olmamış, Zərərçəkmiş şəxs müayinə etdikdən dərhal sonra aşkar etdiyi “qarnın sağ və sol yan divarlarının qançırı” xəsarətini “zədələrin və travmaların qeydiyyatı” kitabına qeyd edərək hadisə ilə bağlı tibb xidmət rəisi kimi hərbi hissə komandirinə raport yazmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin 10 oktyabr 2022-ci il tarixli, 1365 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş “qarnın sol yan divarının aşağı şöbəsinin hematoması və sağ yan divarının aşağı şöbəsinin qançırı” xəsarəti küt əşyanın təsirindən əsgər Zərərçəkmiş şəxs göstərdiyi müddətdə və şəraitdə, yəni 02 oktyabr 2022-ci il tarixdə yumruq zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. N nömrəli hərbi hissəsinin tibb xidmət rəisi, tibb xidməti baş leytenantı Şahid 07 oktyabr 2022-ci il tarixli raportundan görünür ki, hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs bədəninə baxış keçirilərkən “qarnın sağ və sol yan divarlarının qançırı” xəsarəti aşkar edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2021-ci il tarixli, 47 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Baş Qərargah rəisinin 6 noyabr 2021-ci il tarixli, 033 nömrəli sərəncamına əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə N dekabr 2021-ci il tarixindən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 4-cü əməliyyat bölüyünün 2-ci taqımının 2-ci qrupunun kəşfiyyatçı-tuşlayıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli, 129 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun 1-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı heyət nəfəri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli, 300 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidməti başa vurduğuna görə N oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, 30 oktyabr 2022-ci il tarixdən isə pul təminatından çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2022-ci il tarixli, 256 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının 22 avqust 2022-ci il tarixli 052 nömrəli sərəncamına əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəldiyinə görə N avqust 2022-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuş və N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımının 3-cü manqasının istehkamçısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: əsgər Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 16 noyabr 2022-ci il tarixli, 13372 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində yüngül cəzanın tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından düzgün sayır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarına əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğuna görə Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinin tələblərinə əsasən barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının tətbiq edilməsinin mümkün olmadığını və Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəza növü olan azadlıqdan məhrum etmənin təyin edilmisini açıq aşkar ədalətsiz hesab etdiyinə görə belə qənaətə gəlir ki, ona həmin maddədə nəzərdə tutulmayan daha yüngül cəza növü təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsi kimi cəzasını yüngülləşdirən halı müstəsna hal kimi qəbul edib barəsində Azərbaycan Respublikası CMin 62.1-ci maddəsi tətbiq edilərək ictimai işlər cəzasının təyin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-in 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-ci maddəsinə görə ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası CM-in 47.3-ci maddəsinə əsasən bu cəzaya məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə ictimai işlərin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun ictimai işləri yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş dörd saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya səkkiz saat ictimai işə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilərək, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzalardan daha yüngül cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi həm qanunun tələblərinə, həm də cəzanın məqsədlərinə uyğundur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 350 (üç yüz əlli) saat müddətə ictimai işlər cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Cəlilabad rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyusun. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasının başlanğıcı onun cəzanın icrasına faktiki başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar