Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-43/2023 06.02.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Qurban oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Nigar İbrahim qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Sumqayt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kiçik leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmətdə olarkən 17 avqust 2022-ci il tarixdə saat 08:30 radələrində artilleriya divizionunun əsgər yataqxanasının inzibati binasının qarşısında sıra düzülüşü zamanı tabeliyində olan həmin divizionun 1-ci batareyasının 1-ci taqımının 2-ci topunun heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs düzülüşün bitməsini gözləmədən sağ əlini qaldıraraq sanitar qovşağa getmək üçün ondan icazə istəməsinə əsəbiləşərək hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı qanuni tədbirlər görmək əvəzinə tabeliyində olan şəxsi cəzalandırmaq məqsədi ilə sağ əlində tutduğu bel kəməri ilə qarşısında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs sağ qoluna bir dəfə qüvvətli zərbə vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığa zərərvurmayan “sağ saidin orta 1/3-nin arxa səthinin sıyrılmış yarası” xəsarətini yetirməklə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib məhkəməyə ifadə verərək göstərdi ki, o, 2022-ci ilin yanvar ayından Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsində xidmət etməyə başlamış, hazırda N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edir. 17 avqust 2022-ci il tarixdə səhər saatlarında N nömrəli hərbi hissənin komandanlığı tərəfindən günün nizam qaydalarına uyğun olaraq bütün şəxsi heyətə ümumi səhər düzülüşü keçirilmiş, həmin tarixdə saat 08:30 radələrində səhər düzülüşü bitdikdən sonra artilleriya divizionu komandirinin vəzifəsini icra edən artilleriya divizionunun qərargah rəisi, kapitan Zəfər İbrahimov artilleriya divizionunun şəxsi heyətini əsgər yataqxanasının qarşısında düzərək tapşırıqlarını verdikdən sonra əsgər yataqxanasının inzibati binasına daxil olmuş və o, sıranın qarşısında qalmışdır. Həmin vaxt sırada dayanan artilleriya divizionunun 1-ci batareyasının 1-ci taqımının 2-ci topunun heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs sağ əlini qaldıraraq ondan sanitar qovşağa getmək məqsədi ilə icazə istəmişdir. O, şəxsi problemləri ilə əlaqədar olaraq gərgin olduğundan əsgər Zərərçəkmiş şəxs sıranın dağılmasını gözləmədən sanitar qovşağa getmək üçün icazə istəməsinə əsəbiləşərək Zərərçəkmiş şəxs yaxınlaşıb sağ əlində olan bel kəməri ilə Zərərçəkmiş şəxs sağ əlinin biləkdən yuxarı hissəsinə bir dəfə qüvvətli zərbə vurub “əlini sal aşağı, mən icazə vermirəm” demişdir. Düzülüşdən sonra o, xidməti vəzifələri ilə məşğul olmuş və bir müddət sonra onun əsgər Zərərçəkmiş şəxs sağ qoluna bel kəməri ilə vurması nəticəsində Zərərçəkmiş şəxs qolunda sıyrıqların yarandığını və əsgər Zərərçəkmiş şəxs aiddiyyəti üzrə artilleriya divizionunun vəzifəli şəxslərinə məruzə edərək hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini öyrənmiş, bununla əlaqədar barəsində araşdırma başlanılmışdır. Hal-hazırda xidmətini davam etdirir, törətdiyi əməldə səmimi peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu- əsgər Zərərçəkmiş şəxs, hərbi xidmətini 2022-ci ilin sentyabr ayından Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində davam etdirməklə hazırda həmin hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 1-ci taqımının 2-ci topunun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. 17 avqust 2022-ci il tarixdə səhər saatlarında günün nizam qaydalarına uyğun olaraq N nömrəli hərbi hissənin bütün şəxsi heyətinə ümumi səhər düzülüşü keçirilmiş, səhər düzülüşü bitdikdən sonra saat 08:30 radələrində artilleriya divizionunun komandiri vəzifəsini icra edən artilleriya divizionunun qərargah rəisi, kapitan Zəfər İbrahimov artilleriya divizionunun şəxsi heyətini əsgər yataqxanasının qarşısında düzərək tapşırıqlarını verdikdən sonra əsgər yataqxanasının inzibati binasına daxil olmuş və sıranın qarşısında artilleriya divizionunun 1-ci batareyasının atəş dəstək qrupunun komandiri, kiçik leytenant Təqsirləndirilən şəxs qalmışdır. Həmin vaxt o, sanitar qovşağa getmək istədiyindən sağ əlini qaldıraraq kiçik leytenant Təqsirləndirilən şəxs sanitar qovşağa getmək məqsədi ilə icazə istəmiş, lakin Təqsirləndirilən şəxs əsəbiləşərək ona yaxınlaşıb sağ əlində olan bel kəməri ilə onun sağ qolunun biləkdən yuxarı hissəsinə bir dəfə qüvvətli zərbə vurub uca səslə “əlini sal aşağı, mən icazə vermirəm, olmaz heç bir yerə” demişdir. Düzülüşdən sonra onun sağ qolunda Təqsirləndirilən şəxs bel kəməri ilə bir dəfə qüvvətli zərbə vurması nəticəsində sıyrıqlar yaranmış və qolunun həmin nahiyəsi şişmişdir. Həmin hadisədən sonra o, sağ qolunda güclü ağrı hiss etdiyindən, habelə qolu şişdiyindən xidmət etdiyi artilleriya divizionunun vəzifəli şəxslərinə bu barədə məruzə edərək hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Kiçik-leytenant Təqsirləndirilən şəxs bağışlayıb, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş əsgər Şahid1, əsgər X2, sabiq əsgər X3 və ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş sabiq əsgər Şahid2 ifadələrində Zərərçəkmiş şəxs ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəyini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2022-ci il tarixli 5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Təqsirləndirilən şəxs Quru Qoşunları komandanının 25 dekabr 2021-ci il tarixli 075 nömrəli əmri ilə N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun haubitsalı artilleriya batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N yanvar 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının atəş dəstək qrupunun komandiri vəzifəsində xidmət etdiyindən artilleriya divizionunun 1-ci batareyasının 1-ci taqımının 2-ci topunun heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs bilavasitə rəisi hesab olunmuşdur. Təqsirləndirilən şəxs xidməti vərəqəsindən görünür ki, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 13 iyul 2022-ci il tarixli 282 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı endirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 22 sentyabr 2022-ci il tarixli 11422 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2021-ci il tarixli 283 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 070 nömrəli və 19 iyul 2021-ci il tarixli 076 nömrəli əmrlərinə əsasən gənc əsgərlərin ümumqoşun ixtisas hazırlığı keçən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs N sentyabr 2021-ci il tarixdən N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun 1-ci batareyasının 1-ci taqımının 2-ci topunun heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən təqdim edilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi, onun özünün həmin cinayəti törətdiyini tam etiraf etməsi ilə yanaşı, iş üzrə zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarına əsasən (cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər), məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməklə törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışladığını, ona qarşı heç bir şikayəti və tələbi olmaması barədə məhkəməyə ərizə təqdim etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə olunmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-349, 351-353, 355-356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120(yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1-1(093)-43/2023
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-43/2023
06.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver