Məhkəmə qərarları › İş №1-1(093)-57/2024

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-57/2024

15.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-57/2024 15.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Bayoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Əmirov X3 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N iyul N-cü il tarixdə saat 07:00-dan etibarən üç aydan artıq müddətə hərbi hissəni özbaşına tərk etmiş və 06 dekabr N-cü il tarixdə saat 15:10-da Sumqayıt Hərbi prokurorluğuna gələrək özünü istintaq orqanına könüllü təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.4-1ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, N nömrəli hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 2-ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N-cü ilin iyul ayının əvvəllərindən etibarən arvadı ilə ailədaxili mübahisələri yaranmış, bu səbəbdən də ailə və şəxsi problemləri ilə əlaqədar N iyul N-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlməli olduğu halda hərbi hissəni özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış, yalnız 06 dekabr N-cü il tarixdə barəsində istintaq olunan cinayət işi ilə bağlı Sumqayıt Hərbi prokurorluğuna könüllü olaraq gəlmişdir. Hərbi xidmətə münasibəti normal olmuş, hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır.Hazırda törətdiyi əməldən peşmandır. Hərbi xidmətinə davam edir. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün komandiri, kapitan Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs həmin hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 1-ci taqımının 2ci qrupunun komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N iyul N-cü il tarixdə saat 07:00-da xidmət yerinə gəlməli olduğu halda hərbi hissəni özbaşına tərk etmiş, xidmət yerinə qayıtmamış, yalnız 06 dekabr N-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna könüllü olaraq gəldiyini eşitmiş, Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsinin səbəbi ailə problemləri ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 3-cü əməliyyat taqımının 2-ci qrupunun komandiri, gizir Şahid2 Şahid1lə eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs ailə və şəxsi problemləri səbəbindən N iyul N-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyini, 06 dekabr N-cü il tarixdə Sumqayıt Hərbi prokurorluğuna könüllü olaraq gəldiyini təsdiq etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 136 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 2-ci əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edilmiş və vəzifəsinin icrasına başlamışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N-cü il tarixli 220 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin 2-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün komandiri, kapitan Şahid1 N iyul N-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 07:00-da hərbi hissəni özbaşına tərk etmişdir. İş materiallarında olan 06 dekabr N-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 15:10-da Sumqayıt Hərbi prokurorluğuna gələrək özünü istintaq orqanına könüllü təqdim etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs N iyul N-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmiş və 06 dekabr N-cü il tarixədək xidmət yerinə qayıtmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 07 dekabr N-cü il tarixli 3402 nömrəli ambulator məhkəmə-psixiatrik ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, hal-hazırda öz hərəkətləri üçün məsuliyyət daşıyır və onları idarə etmək qabiliyyətinə malikdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən təqdim edilmiş 15 dekabr N-cü il tarixli 13631 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nin Hacıəlibəy kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr N-cü il tarixli, 584№-li xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 13 noyabr N-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (X1, xx.xx.2019-cu il təvəllüdlü) uşağı var. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. X2 əməli Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə həmçininin, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkdiyini bildirməsini, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Eyni zamanda, törədilən cinayət az ağır cinayətdir. Məhkəmə işin hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah olunmasını mümkün hesab edir. Məhkəmə iclasında araşdırma zamanı Təqsirləndirilən şəxs ailədaxili problemlərinin olduğu, hazırda boşanma ərəfəsində olduğu, həmin səbəbdən hissəni özbaşına tərk etməsi, ancaq hərbi xidmətini davam etdirmək arzusunda olması təsdiq edildi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin baş verməsinə səbəb olmuş halın aradan qalxması nəticəsində hal-hazırda ordu sıralarında hərbi xidmətinə davam etməsini və onun hərbi xidmət keçmə arzusunu müsbət hal kimi qəbul edir. Həmçinin, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəlilik dərərcəsini və xarakterini, bu əməlin törədilməsinə bilavasitə səbəb olmuş vəziyyətin aradan qalxmasını və cəzasını yüngülləşdirən halları, işin hallarını, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirini, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təcrübəni nəzərə alır və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli aylıq pul təminatından dövlət nəfinə pul tutulduğu andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar