Məhkəmə qərarları › İş №1-1(093)-62/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-62/2023

31.03.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-62/2023 31.03.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ramazanov Camal Cumar oğlu, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkilli Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Hərbi Məhkəməsinin inzibati binasında, xx xxxxx 2001-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Ucar rayonunun Boyat kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda işsiz, Füzuli Hərbi məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 1(97)-191-2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilməmiş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu- kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş, habelə Azərbaycan Respublikası CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verməsinə baxmayaraq nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin əməliyyat taborunun 3-cü əməliyyat bölüyünün sürücüsü vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmətdə olarkən 15 may 2022-ci il tarixdə saat 23 radələrində “B1, B, C1, C” kateqoriyalı “BD” seriyalı “026041” nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Quba- Dağıstan yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində Bakı şəhərindən Quba rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar”, “1.1-1.3-cü üfüqi nişanlama xətlərini kəsib keçmək qadağandır” “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qutaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.” kimi tələblərini kobud şəkildə pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməmiş və hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda sürət həddini aşaraq 80 km/saat sürətlə idarə etdiyi avtomobil ilə qarşısında eyni istiqamətdə hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün yolun ortasında olan bütöv ağ düz xətti kəsərək qarşı-sol hərəkət zolağına çıxmış və ötmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn vətəndaş Şahid1 idarə etdiyi “Nissan X Trail” markalı **- TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə arasında az məsafə qaldığını görüb öz hərəkət zolağına qayıtmaq üçün idarə etdiyi avtomobili sağa istiqamətləndirmiş, bu zaman idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanad hissəsi “Dacia Logan” markalı “**- SM-***” dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə toqquşmuş, nəticədə “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü vətəndaş Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan “aşağı paraplegiya və çanaq orqanlarının funksiyasının ləngiməsi ilə müşayiət olunan onurğa beyninin aşağı döş nahiyəsinin əzilməsi” diaqnozlu dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarət almasına səbəb olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 15 may 2022-ci il tarixdə saat 23 radələrində Bakı-Quba-Dağıstan yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində Bakı şəhərindən Quba rayonu istiqamətində hərəkətdə olan zaman idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan vətəndaş Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirdikdən sonra nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs olmaqla, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələr baş verdikdən sonra qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 19 mart 2022-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin çevik əməliyyat taborunun 3-cü çevik əməliyyat bölüyünün sürücüsü vəzifəsinə təyin edilmiş və N yanvar 2023-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmışdır. 12 mart 2022-ci il tarixdə “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əldə etmiş və hazırda həmin vəsiqə qüvvədədir. 15 may 2022-ci il tarixdə idarə etdiyi özünə məxsus “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Siyəzən rayonuna yola düşmüş, avtomobildə tək olmuş və “Bakı-Quba-Dağıstan” sərhəd yolundan istifadə etmişdir. Həmin yolun Bakı şəhəri istiqamətində hərəkət zolağı təmirə bağlandığı üçün hər iki istiqamətdə hərəkət edən avtomobillər digər zolaqdan, yəni Quba rayonu istiqamətində olan hərəkət zolağından istifadə etmiş, həmin yolda sürət həddi 60 km/saat olmuşdur. O, 15 may 2022-ci il tarixdə saat 23 radələrində özünə məxsus “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Siyəzən rayonuna gedərkən “Bakı-Quba-Dağıstan” sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində yolda ötmə əməliyyatının qadağan edildiyini bildirən bütöv ağ xətt olmasına və sürət həddinin 60 km/saat olmasına baxmayaraq qarşısında eyni istiqamətdə hərəkət edən “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobili ötmək qərarına gəlmiş və bu məqsədlə sürət həddini aşaraq 80 km/saat sürətlə əks zolağa çıxmış, ötmə əməliyyatını həyata keçirərkən qarşıdan “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini və həmin avtomobillə arasında az məsafə qaldığını görüb öz hərəkət zolağına qayıtmaq üçün idarə etdiyi avtomobili sağa istiqamətləndirmiş, bu zaman idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön qanad hissəsi “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobil sol tərəfə istəqamətlənərək “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda həmin avtomobilin sürücüsü sonradan adını öyrəndiyi vətəndaş Zərərçəkmiş şəxs xəsarət aldığını görmüş, bundan sonra Zərərçəkmiş şəxs özü barədə məlumat vermədən və polis əməkdaşlarını gözləmədən həyəcanlanaraq hadisə yerindən qaçaraq ailəsinin yaşadığı Siyəzən rayonunda yerləşən evə getmişdir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 15 may 2022-ci il tarixdə Bakı şəhərindən Xaçmaz rayonu istiqamətində “Dacia Logan” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Bakı-Quba-Dağıstan” sərhəd yolunun əks istiqaməti təmirlə əlaqədar bağlı olduğu üçün avtomobillər hər iki istiqamət üzrə yolun Quba rayonu istiqamətində olan hərəkət zolağından istifadə etmişlər. “Bakı-Quba- Dağıstan” sərhəd yolunda sürət həddi 60 km/saat olmuş və yol boyunca bütöv düz xətt çəkilməklə ötmək qadağan edilmişdir. O, 15 may 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhərindən Xaçmaz rayonu istiqamətində “Dacia Logan” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bakı-Quba- Dağıstan” sərhəd yolunda hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan bir ədəd “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilin onun arxasında hərəkətdə olduğunu və bir qədər sürətlə ona yaxınlaşdığını görmüşdür. “Chevrolet Aveo” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil “Bakı-Quba-Dağıstan” sərhəd yolunun Siyəzən rayonundan keçən 79,9-cu kilometrliyində “Dacia Logan” markalı avtomobili ötmək üçün sürətini bir qədər də artıraraq əks zolağa çıxdıqdan sonra “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü qarşıdan “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini və sonuncu ilə arasında az məsafə qaldığını görərək öz hərəkət zolağına qayıtmaq istəmiş və bu zaman “Chevrolet Aveo” avtomobil ilə onun idarə etdiyi “Dacia Logan” markalı avtomobil ilə toqquşmuş, bundan sonra isə “Chevrolet Aveo” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfə istiqamətlənərək qarşıdan gələn “Nissan X Trail” markalı avtomobillə toqquşmuşdur. Onun idarə etdiyi “Dacia Logan” markalı avtomobil isə sağ tərəfə istiqamətlənərək yoldan kənara çıxmış, hadisə nəticəsində o, xəsarət almışdır. Hadisədən sonra “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb xəsarət aldığını görsə də, ona heç bir yardım göstərmədən və özü barədə məlumat vermədən hadisə yerindən qaçmışdır. Şahid X2 Zərərçəkmiş şəxs dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonundan Bakı şəhərinə qayıdarkən “Bakı-Quba-Dağıstan” yolundan istifadə etmiş, həmin yolun Bakı şəhəri istiqamətində olan hissəsi təmirlə əlaqədar bağlandığı üçün, hər iki istiqamətdə hərəkət edən avtomobillər digər hərəkət zolağından istifadə etmiş və həmin yolda ötmə əməliyyatı qadağan edilməklə sürət həddi 60 km/saat müəyyən edilmişdir. O, 15 may 2022-ci il tarixdə özünə məxsus “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə qayıdarkən ayıq vəziyyətdə olmuş və yanında qardaşı oğlu Şahid2 başqa heç kəs olmamışdır. O, 15 may 2022-ci il tarixdə saat 23 radələrində “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Bakı-Quba-Dağıstan” yolunda Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində əks zolaqda hərəkətdə olan daha sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobillə qarşısında olan “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobili ötməyə çalışdığını görmüş və bu səbəbdən sürət həddini 50 km/saat sürətdən 30 km/saat sürətə qədər azaltmış, lakin Təqsirləndirilən şəxs aralarında olan məsafənin 35-40 metr olduğunu nəzərə almayaraq ötmə əməliyyatını həyata keçirmiş və ötmə əməliyyatını başa çatdıra bilməyəcəyini anladıqdan sonra öz zolağına geri qayıtmaq istədikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsi “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillin sol arxa yan hissəsi ilə toqquşmuş, bundan sonra “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobil əks hərəkət zolağına istiqamətlənərək onun idarə etdiyi “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Bundan sonra avtomobillər yoldan kənara çıxmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs “Dacia Logan” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, ardınca isə istifadəsində olan “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobili hadisə yerində qoyaraq polis əməkdaşlarını gözləmədən hadisə yerindən qaçmışdır. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilmiş Şahid2 Şahid1 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. 28 iyul 2022-ci il tarixli 161 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində “aşağı paraplegiya və çanaq orqanlarının funksiyasının ləngiməsi ilə müşayiət olunan onurğa beyninin aşağı döş nahiyəsinin əzilməsi” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş və qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yolnəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti 15 may 2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətlərinə əsasən sağlamlığa ağır zərərvurmaya aid edilir. 21 oktyabr 2022-ci il tarixli 8/2895 nömrəli ekspert rəyindən görünür ki, “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Vüqar Əhədovun 15 may 2022-ci il tarixli 499 nömrəli raportundan görünür ki, 15 may 2022-ci il tarixdə saat 23:20 radələrində “Bakı-Quba-Dağıstan” sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində naməlum sürücü idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən, Xaçmaz şəhəri Natəvan küçəsi ev 12-də yaşayan, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi “Dacia Logan” markalı **-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra isə ünvan 2 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMİ-nin Binəqədi rayon Mühafizə idarəsinin manqa komandiri, polis baş serjantı Şahid1 idarə etdiyi “Nissan X Trail” markalı “90TL-705” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Dacia Logan” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Təhmuraz Səmədov tərəfindən həmin şöbənin növbətçi hissəsinə verilən 15 may 2022-ci il tarixli məlumatdan görünür ki, 15 may 2022-ci il tarixdə saat 23:20 radələrində “Bakı-Quba-Dağıstan” sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində naməlum sürücü idarə etdiyi “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən, sürücü xx xxxxxxxx 1990-cı il təvəllüdlü, Xaçmaz şəhəri Natəvan küçəsi ev 12-də yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra isə xx xxx 1979-cu il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə idarəsinin manqa komandiri, polis baş serjantı Şahid1 idarə etdiyi “Nissan X Trail” markalı “90TL-705” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Dacia Logan” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. 16 may 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonunun ərazisindən keçən 79,9-cu kilometrliyində qaranlıq havada baş vermiş, yolun hərəkət hissəsi düz, yolun örtüyü asfaltbeton, örtüyün vəziyyəti quru olmuş, yol örtüyünün eni 9 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissənin eni 4,5 metr olmuş, yol-nəqliyyat hadisəsi baş verdiyi yolda qarşı-qarşıya nəqliyyat axınını ağ düz xətlər ayırmışdır. Yolun hərəkət hissəsi sağdan yol çiyni və torpaq sahə ilə, soldan dəmir mühəccərlərlə birləşmişdir. Bakı şəhəri istiqamətində yolun hərəkət hissəsi təmirlə əlaqədar bağlı olmuşdur. Yolda hərəkət nizamlanmamış, avtomobillərin hərəkətləri üçün maksimum sürət həddi 60 km/saat olmuş və hadisə yeri işıqlandırılmamışdır. Hadisə nəticəsində 3 nəqliyyat vasitəsi toqquşmuş, ilk toqquşma Quba rayonu istiqamətində yolun sağına nəzərən 4,5 metrdə, ikinci toqquşma Bakı şəhəri istiqamətində yolun sağına nəzərən 2,1 metr məsafədə baş vermişdir. “Chevrolet Aveo” markalı və “Dacia Logan” markalı avtomobillər Quba rayonu istiqamətində, “Nissan X Trail” markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hadisə yerində “Chevrolet Aveo” markalı və “Dacia Logan” avtomobillər Quba rayonu istiqamətində yolun ehtiyat hissəsində sağda boş sahədə düzünə vəziyyətdə, “Nissan X Trail” markalı avtomobil Bakı şəhəri istiqamətində düzünə dayanmışdır. Hadisənin baş verdiyi yolda şin və tormozlama izləri olmamışdır. Hadisə yerinin müayinəsi zamanı “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində qalsa da, sürücüsü hadisə yerini tərk edərək qaçmışdır. “BD” seriyalı 026041 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1 və C” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. Həmin sürücülük vəsiqəsi 12 mart 2032-ci il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən təqdim edilmiş məktubdan görünür ki, xx xxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə (12 mart 2032-ci il tarixədək etibarlı olan) “BD” seriyalı 026041 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2022-ci il tarixli 096 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs 0N aprel 2022-ci il tarixdən N nömrəli hərbi hissəyə ezamiyyətə gəlmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N iyun 2022-ci il tarixli 0164 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin 19 mart 2022-ci il tarixli 0016 nömrəli əmri ilə kiçik gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin çevik əməliyyat taborunun 3-cü çevik əməliyyat bölüyünün sürücüsü vəzifəsinə təyin edilmiş və 7 iyun 2022-ci il tarixdə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 030 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin çevik əməliyyat taborunun 3-cü çevik əməliyyat bölüyünün sürücüsü, kiçik gizir Təqsirləndirilən şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) vəzifəsindən azad edilməklə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, onunla 16 sentyabr 2020-ci il tarixdə bağlanmış bağlaşma ləğv edilmiş və 29 yanvar 2023-cü il tarixdə şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə göndərilmişdir. Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 1-1(097)-191-2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 338-31/2-6-300/22023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs artıq Silahlı Qüvvələrdən ehtiyyata buraxıldığı üçün barəsindəki yuxarıda qeyd edilən hökmün icra edilməsi mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 264-cü maddəsində isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. . Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmadığını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona təqsirli bilinəcək maddələrdə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və təyin olunmuş cəzalar Azərbaycan Repsublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Repsublikası CM-in 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-ci maddələrində isə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin yerinə yetirməli olan vəzifələr müəyyən edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzaları ayrılıqda təyin edilməklə Azərbaycan Repsublikası CM-in 66.4-cü maddəsinə əsasən qəti əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.4-cü maddəsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 45.1-ci maddəsinə görə isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bundan başqa, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 1-1(097)-191-2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməsi başlanılımamışdır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Silahlı Qüvvələrdən ehtiyyata buraxıldığı üçün Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 1-1(097)-191-2022 nömrəli hökmü ilə ona Azərbaycan Respublikası CM-in 333.4cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının icra edilməsinin qeyri mümkünlüyü qeyd edilməklə, eyni zamanda nəzərə alınmalıdır ki, həmin hökmün icrasız qalması da, qanuna ziddir. Qanunvericiliyin tələblərinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzaya məhkum olunmuş şəxs hökmlə müəyyən edilmiş cəza müddətinin qurtarmasına qədər qanunvericilikdə nəzərdə tutulan əsaslarla hərbi xidmətdən tərxis oluna bilər. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, ona Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cəzalar müstəqil icra edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi zərər və mülki iddia yoxdur. İş üzrə təşkil etmiş məhkəmə xərcləri –məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 128 (yüz iyirmi səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat olmaqla ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mülkiyyətində olan “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı, vətəndaş Şahid1 mülkiyyətində olan “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı və vətəndaş X1 mülkiyyətində olan “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası CPM-in 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə təqsirli bilinib CM-in 263.1-1-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına cəzasına məhkum edilsin. Təyin olunmuş əsas və əlavə cəzalar Azərbaycan Repsublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 1-1(097)-191-2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təyin edilmiş aylıq pul təminatından 15% tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə əvəz edilməklə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə toplanılmaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması və500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzası cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Azərbaycan Respubdlikasının ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, hər gün saat 24:00dan saat 06:00-dək olan müddət ərzində yaşayış yerini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə təşkil etmiş məhkəmə xərcləri –məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 128 (yüz iyirmi səkkiz) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 50 (əlli) manat olmaqla ümumilikdə 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs mülkiyyətində olan “Chevrolet Aveo” markalı “**-KS-***” dövlət qeydiyyat nişanlı, vətəndaş Şahid1 mülkiyyətində olan “Nissan X Trail” markalı “**-TL-***” dövlət qeydiyyat nişanlı və vətəndaş X1 mülkiyyətində olan “Dacia Logan” markalı “**-SM-***” dövlət qeydiyyat nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 gün sonra qanuni qüvvəsini alır. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar