Məhkəmə qərarları › İş №1-1(093)-66/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-66/2023

19.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-66/2023 19.05.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Kalbalıyev Aslan Kalbalı oğlunun sədrliyi, hakimlər Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: Quliyev Yusif Nazim oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 və təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, vətəndaşlığı olmayan, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə xx xxxxxx 1996-cı il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə xx xxxx 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı maddi ziyan vurmaqla quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 28 iyul 2022-ci il tarixdə saat 02 radələrində aralarında dostluq münasibəti olan Təqsirləndirilən şəxs2 və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 ilə birlikdə Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığındakı kafedə oturub çay içən zaman kafedən bir qədər aralıda dayanaraq qızla söhbət edən və hərəkətlərindən sərxoş vəziyyətdə olması müşahidə olunan, əvvəllər tanımadıqları, xx.xx.1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Zərərçəkmiş şəxs göstərib, həmin şəxsin bir qədər sonra söhbət etdiyi qızla cinsi əlaqədə olmaları üçün yaxınlıqda yerləşən yaşayış binalarının arasındakı ağaclıq yerə keçəcəklərini deyərək, həmin yerə keçdikləri zaman onların arxasınca gedib, qorxutmaqla, həmçinin zor tətbiq etməklə həmin şəxsdən pul ala biləcəklərini təklif etmiş və həmin vaxt Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 onun bu təklifi ilə razılaşmışlar. Bir qədər sonra Zərərçəkmiş şəxs yanındakı qızla birlikdə cinsi əlaqədə olmaları üçün yaxınlıqdakı yaşayış binalarının arasında olan ağaclıq yerə keçdikdə onlar dərhal kafedən çıxaraq arxalarınca getmiş və Zərərçəkmiş şəxs yaxınlaşdıqdan sonra yalandan həmin binada yaşadıqlarını deyərək, nə üçün yaşadıqları binanın qarşısında qızla cinsi əlaqədə olmasını soruşmuşlar. Aralarında apardıqları vəzifə bölgüsünə uyğun olaraq Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sağ tərəfində, Təqsirləndirilən şəxs3 sol tərəfində, Təqsirləndirilən şəxs1 isə qarşısında dayanmış və Zərərçəkmiş şəxs belə bir halın olmadığını, yəni qızla cinsi əlaqədə olmadığını dedikdə əvvəlcə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs alın nahiyəsinə, ardınca Təqsirləndirilən şəxs1 baş nahiyəsinə, sonda isə Təqsirləndirilən şəxs3 boyun nahiyəsinə bir yumruq zərbəsi vurmuşlar. Zərərçəkmiş şəxs zərbələrin təsirindən yerə yıxıldıqdan sonra hər üç şəxs onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq, təpik zərbələri vuraraq, ona dərəcəsi təyin edilməyən «alın, boyun nahiyələrinin sırıqları, sağ bazu nahiyəsinin və sağ dirsək oynağı nahiyəsinin qançırları» xəsarətlərini yetirməklə müqavimətini qırmış, bu zaman Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs şalvarının arxa cibindəki, üzərində hər birinin dəyəri 4 (dörd) manat olan iki ədəd GSM nömrənin olduğu, dəyəri 180 (yüz səksən) manat olan «Redmi Note 9 Forest Green» markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 isə içərisində 2018-ci ildə 7 (yeddi) manata aldığı, üzərində “Emporio Armani” sözləri yazılmış və süni dəridən hazırlanmış pul kisəsinin, adına olan «Unibank» və «Paşabank» banklarına məxsus iki ədəd bank kartının və 30 manat nəğd pulun olduğu, 2021-ci ildə 8 (səkkiz) manata aldığı, üzərində «Adidas» sözlərinin yazıldığı, parça materialdan hazırlanmış və kəməri ilə sinə nahiyəsinə keçirdiyi çantasını ələ keçirib, dərhal qaçaraq oradan uzaqlaşmış və həmin gün Zərərçəkmiş şəxs adına olan «Paşabank» bankına məxsus bank kartı vasitəsilə nağdsız ödəniş edib, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Rahat” marketdən 359.18 (üç yüz əlli doqquz manat on səkkiz qəpik) manat məbləğində ərzaq məhsulları alaraq, zərərçəkmiş şəxsə ümumilikdə 592.18 (beş yüz doxsan iki manat on səkkiz qəpik) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən iyul ayının ortalarında Bakı şəhərində özünə iş axtaran zaman 20-22 yaşlı bir oğlanın 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən istirahət parkındakı oturacağın üzərində yatdığını görmüş və oyadıb kim olduğunu, nə üçün parkda yatdığını soruşduqda həmin şəxs adının Əyyub olduğunu, Şəki rayonundan gələrək özünə iş axtardığını, qalmağa yeri olmadığı üçün parkda yatdığını demişdir. O, Xocasən qəsəbəsində kirayə tutduğu evdə tək qaldığı üçün Əyyuba onunla birlikdə qalmasını təklif etmiş və sonuncu onun təklifini qəbul etdiyi üçün həmin gündən sonra birlikdə qalmışlar. O, Əyyubla özü haqqında ətraflı söhbət etdikdə soyadının Süleymanov olduğunu bilmiş və sonrakı günlərdə onlar özlərinə iş axtarsalar da, tapa bilməmişlər. Bir neçə gün sonra o, Təqsirləndirilən şəxs3la birlikdə 20 Yanvar metrostansiyasının yaxınlığında olan zaman təsadüfən bir neçə il əvvəl 5 saylı cəza çəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Təqsirləndirilən şəxs2 görmüş və aralarındakı söhbət zamanı sonuncunun qalmağa yerinin olmadığını, özünə iş axtardığını bildiyi üçün onlarla birlikdə qalmasını təklif etmişdir. Təqsirləndirilən şəxs2 onun bu təklifini qəbul etdiyi üçün həmin gündən sonra onlar birlikdə qalmış və 28 iyul 2022-ci il tarixdə gecə saat 02 radələrində onlar 20 Yanvar metrostansiyasının yaxınlığında olan zaman əvvəllər tanımadıqları, gənc yaşlarında olan bir oğlanın yaşayış binalarının yanında bir qızla cinsi əlaqədə olmasını görmüşlər. Həmin şəxsin başqasının yaşadığı evin pəncərəsinin qarşısında cinsi əlaqədə olması ona pis təsir etdiyi üçün o, yaxınlaşaraq nə üçün başqasının pəncərəsinin qarşısında bu cür hərəkətlər etdiyini soruşmuş və bu zaman həmin şəxs özünü polis əməkdaşı kimi təqdim edərək, hansısa əməliyyat tədbirinin keçirilməsi ilə əlaqədar orada olduğunu demişdir. O, tanımadığı həmin oğlana yaxınlaşan zaman yanındakı qız dərhal oradan uzaqlaşmış və həmin şəxs yaxınlaşıb yenə də polis əməkdaşı olduğunu deyəndə o, sonuncunun sərxoş vəziyyətdə olmasını hiss etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 da, yanlarında olmuş və o, mübahisə düşməməsi üçün söhbət etdiyi şəxsi kənara çəkmək istədikdə həmin şəxs onu vurmasından ötrü üzərinə gəlmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 yaxınlaşaraq həmin şəxsin sifətinə bir sillə zərbəsi vurmuş və bundan sonra o, mübahisənin böyüyəcəyini, problem yaranacağını düşündüyü üçün dərhal oradan ayrılaraq tək Memar Əcəmi metrostansiyası istiqamətində getmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yanından ayrıldığı üçün orada nə baş verdiyini bilməmiş və bir qədər sonra yaşadığı Xocasən qəsəbəsinə getməsi üçün 20 Yanvar metrostansiyasının qarşısına gəldikdə orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la rastlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs3 bir qədər əvvəl mübahisə etdikləri şəxsə nə etdiklərini deməyərək, sadəcə olaraq həmin şəxsin qaçıb getdiyini bildirmiş və özü bu barədə ətraflı soruşmamışdır. Bundan sonra onlar Xocasən qəsəbəsinə getmələri üçün taksiyə minmiş və Xocasən qəsəbəsinə çatmağa az qalmış, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Rahat” marketin qarşısında taksidən düşmüşlər. Taksidən düşdükdən sonra Təqsirləndirilən şəxs3 bir qədər əvvəl mübahisə etdikləri şəxsin üzərindən pul kisəsini götürdüyünü, pul kissəsinin içərisində bank kartının olduğunu demiş və kartdan nağdsız ödəniş etmələri üçün Rahat marketə daxil olmalarını təklif etmişdir. Həmin vaxt o, heç nə deməmiş və Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs2 marketə daxil olduqdan bir qədər sonra o, da arxalarınca getmişdir. Marketə daxil olduqdan sonra onlar özləri üçün ərzaq məhsulları, içkilər, siqaret almış və Əyyub aldıqları məhsulların pulunu bank kartı vasitəsilə ödədikdən sonra onlar piyada yaşadıqları evə getmişlər. Onlar evə gəldikdən sonra Təqsirləndirilən şəxs3 bir qədər əvvəl 20 Yanvar metrostansiyasının yaxınlığında mübahisə etdikləri şəxsin üzərindən mobil telefon da götürdüyünü demiş və bu zaman o, hər ikisinə iradını bildirərək etdikləri hərəkətin düzgün olmadığını bildirmişdir. Səhər tezdən onlar birlikdə evdən çıxıb Bakı şəhərində bir qədər gəzişsələr də, daha sonra o, dost-tanışı ilə görüşməsi üçün yanlarından ayrılmış və həmin gecə dostunun evində qalmışdır. 30 iyul 2022ci il tarixdə axşam saatlarında o, yaşadığı evə getməsi üçün 20 Yanvar metrostansiyasının qarşısına gəldikdə orada üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmış və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə aparılmışdır. O, polis şöbəsinə gətirildikdən sonra 28 iyul 2022-ci il tarixdə saat 02 radələrində mübahisə etdikləri şəxsin şikayəti əsasında araşdırma aparıldığını, bununla əlaqədar olaraq saxlanıldığını bilmiş və araşdırma zamanı həmin şəxsin əvvəllər tanımadığı, Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs sadəcə olaraq etdiyi əxlaqsız hərəkətə görə irad bildirmək məqsədilə yaxınlaşdığını, mübahisə zamanı özünün sonuncuya qarşı fiziki zorakılıq etmədiyini və üzərindən heç nə götürmədiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyun ayının ortalarında cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra qohumlarının yaşadığı Ucar rayonuna getmiş və bir neçə gün orada qaldıqdan sonra iş tapması üçün Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində xalasıoğlu X3 evində qalmış və özünə iş axtarsa da, tapa bilməmişdir. Bakı şəhərinə gəldikdən bir neçə gün sonra, yəni 28 iyul 2022-ci il tarixdə saat 01-02 radələrində təsadüfən 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərin qarşısından keçən zaman kimsə kafedən onu səsləmiş və çevrilib baxdıqda həmin şəxsin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğunu Təqsirləndirilən şəxs1 olduğunu görüb yaxınlaşaraq onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanına tanımadığı bir şəxs olmuş və tanış olduqdan sonra həmin şəxsin Təqsirləndirilən şəxs1 dostu, əslən Şəki rayonunda olan Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Onlar bir qədər kafedə oturduqdan sonra oradan ayrılaraq piyada hərəkət etməyə başlamış və kafedən bir qədər kənarlaşdıqdan sonra tanımadığı cavan bir oğlanın yaxınlıqda yerləşən yaşayış binalarının pəncərəsinin qarşısında dayanıb bir qızla söhbət etdiyini görmüşdür. Həmin vaxt o, hərəkətlərindən oğlanın içkili vəziyyətdə olduğunu başa düşmüş və sonuncunun başqasının yaşadığı evin pəncərəsinin qarşısında qızla söhbət etməsi ona pis təsir etdiyi üçün o, həmin şəxsə yaxınlaşmışdır. O, həmin şəxsin yanına gəldikdən sonra qız orada uzaqlaşmış və o, oğlandan nə üçün başqasının yaşadığı evin pəncərəsinin qarşısında dayanıb qızla söhbət etdiyini soruşduqda həmin şəxs ona “sən öz anana, bacına cavabdeh ol” demişdir. Həmin şəxsin bu sözü ona pis təsir etdiyi üçün o, başı ilə sifətinə, ardınca yumruqla sinəsinə zərbə endirmiş və bu zaman Təqsirləndirilən şəxs1la, Təqsirləndirilən şəxs3 qaçaraq yanlarına gəlmişlər. Yanlarına gəldikdən sonra Təqsirləndirilən şəxs3 həmin şəxsin üzərində olan əl çantasını götürmüş və qaçaraq yanlarından uzaqlaşmışdır. Təqsirləndirilən şəxs3 bir qədər qaçdıqdan sonra polisin gəldiyini dediyi üçün o, Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 arxasınca qaçmış və Şamaxinka adlanan yerə gəldikdən sonra Təqsirləndirilən şəxs1 kirayə tutduğu, Xocasən qəsəbəsində yerləşən evinə getmələri üçün taksiyə minmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs3 çantanı açıb baxdıqda içərisində bir ədəd mobil telefon, iki ədəd bank kartı olduğunu görmüş və onlar Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Rahat” marketin qarşısında taksidən düşdükdən sonra Təqsirləndirilən şəxs3 marketə daxil olub bank kartı vasitəsilə ərzaq məhsulları almağı təklif etmişdir. Onlar Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşdıqları üçün birlikdə marketə daxil olmuş və təxminən 200 manat dəyərində ərzaq məhsulları alaraq pulunu bank kartı vasitəsilə ödəmişlər. Onlar marketdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş və o, həmin gecə orada qaldıqdan sonra səhəri gün Ucar rayonuna qayıtmışdır. O, Ucar rayonunda olan zaman Təqsirləndirilən şəxs3 hərbi qulluqçu olduğunu, hərbi xidmətdən yayındığı üçün polis tərəfindən saxlanılaraq xidmət yerinə qaytarıldığını, Təqsirləndirilən şəxs1 28 iyul 2022-ci il tarixdə saat 01-02 radələində döydüyü şəxsin şikayəti əsasənda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmiş və təxminən 02-03 avqust 2022-ci il tarixdə o, Ucar rayonunda olan zaman Nəsimi Rayon Polis İdarəsinin 19cu Polis Şöbəsinin əməkdaşları gələrək onu saxlamışlar. Polis əməkdaşları onu Bakı şəhərinə gətirdikdən sonra o, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində mübahisə etdiyi şəxsin Zərərçəkmiş şəxs adında bir şəxs olduğunu, sonuncunun şikayəti əsasənda aparılan araşdırma ilə əlaqədar saxlanıldığını bilmiş və daha sonra barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə ona elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 09 iyul 2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və qulluq etməsi üçün Müdafiə Nazirliyinin Xocavənd rayonu Hadrut qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. O, həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci tağımının 1-ci qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən hərbi hissə komandirinin əmri ilə N iyun 2022-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək beş günlük məzuniyyətə buraxılmış və həmin gün valideyninin yaşadığı Şəki rayonuna getmişdir. O, dörd gün Şəki rayonunda qaldıqdan sonra 30 iyul 2022-ci il tarixdə xidmət yerinə qayıtması üçün əvvəlcə Bakı şəhərinə gəlmiş və həmin gün xalasıqızı Nigar Mehdizadənin yaşadığı evdə qalaraq səhəri gün xidmət yerinə getməsi üçün oradan ayrılmışdır. O, xalasıqızının yaşadığı evdən ayrıldıqdan sonra anasının maddi imkansızlığı ona pis təsir etdiyi üçün bir müddət Bakı şəhərində qalıb işləyərək anasına pul göndərmək qərarına gəlmiş və buna görə də, xidmət yerinə qayıtmayaraq Bakı şəhərində qalıb özünə iş axtarmışdır. O, xalasıqızının yaşadığı evə getmədiyi üçün sonrakı günlərdə Bakı şəhərində yerləşən istirahət parklarında qalmış və özünə iş axtarsa da, tapa bilməmişdir. Bir neçə gündən sonra o, Şamaxinka adlanan ərazidə yerləşən istirahət parkında yatan zaman tanımadığı 27-28 yaşlarında bir oğlan onu yuxudan oyatmış və nə üçün parkda yatdığını soruşdqda o, özünə iş axtardığını, qalmağa yerinin olmaması səbəbindən parkda yatdığını demişdir. Tanış olan zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmiş və işsiz olduğu üçün özünə iş axtardığını demişdir. Aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs1 Xocasən qəsəbəsində kirayədə yaşadığını deyib, ona birlikdə qalmağı təklif etdikdə o, razılaşmış və sonrakı günlərdə onlar birlikdə iş axtarsalar da tapa bilməmişlər. Onlar digər günlərdə olduğu kimi 27 iyul 2022-ciil tarixdə səhər saatlarında yenə də birlikdə yaşadıqları evdən çıxaraq özlərinə iş axtarmış, lakin iş tapa bilmədikləri üçün saat 20-21 radələrində 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Tantuni” adlı kafeyə getmişlər. Onlar kafenin həyətində oturduqdan sonra çay içməyə başlamış və getməyə yerləri olmadığı üçün orada çox qalmışlar. Bir neçə saat sonra, yəni 28 iyul 2022-ci il tarixdə saat 02 radələrində onlar kafenin həyətinə oturub çay içən zaman o, Təqsirləndirilən şəxs1 diqqətlə təxminən 30-40 metr aralıda dayanıb söhbət edən qızla oğlana baxdığını görmüş, lakin nə üçün həmin şəxslərə baxmasını soruşmamışdır. O, baxdıqda geyimindən qızın yüngül həyat tərzi keçirən biri olduğunu, oğlanın isə sərxoş vəziyyətdə olduğunu başa düşmüş və həmin şəxslər onlardan bir qədər aralıda dayandıqları üçün o, nə danışdıqlarını eşitməmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 kafenin qarşısından keçən bir şəxsi səsləyərək yanlarına çağırmış və həmin şəxs yanlarına gələrək onlarla birlikdə oturmuşdur. Tanış olan zaman o, həmin şəxsin Təqsirləndirilən şəxs1 tanışı, əslən Ucar rayonundan olan Təqsirləndirilən şəxs2 olduğunu bilmiş və Təqsirləndirilən şəxs2 yanlarına gəldikdən sonra Təqsirləndirilən şəxs1 bir qədər əvvəl baxdığı, kafedən bir qədər aralıda dayanaraq qızla söhbət edən oğlanı göstərib, həmin şəxsin içkili vəziyyətdə olduğunu, qorxudaraq, eləcə də fiziki zorakılıq edərək ondan pul ala biləcəklərini demişdir. Həmin vaxt onlar Təqsirləndirilən şəxs1 təklifinə etiraz etməmiş və bu zaman oğlan yanındakı qızla birlikdə yaxınlıqda yerləşən yaşayış binalarının arasına keçdiyi üçün onlar dərhal kafedən çıxaraq arxalarınca getmişlər. Onlar həmin şəxslərin cinsi əlaqədə olmaq məqsədilə yaşayış binalarının arasına keçdiklərini başa düşdükləri üçün arxalarınca getmiş və yaşayış binalarının yerləşdiyi yerə gəldikdə bir qədər əvvəl söhbət edən qızla oğlanın orada cinsi əlaqədə olduqlarını görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs2 yüksək səslə orada nə etdiklərini soruşduğu üçün qız dərhal qaçaraq oradan uzaqlaşmış və onlar qızla cinsi əlaqədə olan oğlana yaxınlaşdıqda onun həqiqətən sərxoş vəziyyətdə olduğunu görmüşlər. Yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 həmin şəxsə yalandan yanında dayandıqları binada yaşadığını deyərək, nə üçün yaşadığı binanın qarşısında əxlaqsız hərəkətlər etdiyini soruşmuş və həmin şəxs polis əməkdaşı olduğunu bildirərək, bir qədər əvvəl yanında olan qızla birlikdə əməliyyat keçirməyə gəldiklərini demişdir. Təqsirləndirilən şəxs2 həmin şəxsin yalan danışdığını başa düşdüyü üçün ünvanına nalayiq söz işlətmiş və sonuncu həmin nalayiq sözü Təqsirləndirilən şəxs2 ünvanladıqda Təqsirləndirilən şəxs2 əvvəlcə yumruqla, daha sonra isə başı ilə sifətinə iki zərbə vurmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 mübahisə etdiyi şəxsin sol tərəfində dayandığı üçün sol qolundan tutumuş və baxdıqda üzərində kəmərini boyun nahiyəsinə keçirdiyi bir ədəd çanta, şalvarının arxa cibində isə bir ədəd mobil telefon olduğunu görmüşdür. O, əlini atıb mobil telefonu götürmək istədikdə həmin şəxs buna imkan verməmiş və bu zaman əvvəlcə Təqsirləndirilən şəxs1 həmin şəxsin başına, o, isə sol böyür nahiyəsinə yumruq zərbəsi vurmuşlar. Onların ardınca Təqsirləndirilən şəxs2 başı ilə daha bir zərbə vurduğu üçün həmin şəxs zərbənin təsirindən yerə yıxılmış və bundan sonra hər üçün həmin şəxsin bədənin müxtəlif nahiyələrinə çoxsaylı yumruq, təpik zərbələri endirməyə başlamışlar. Onlar yerə yıxdıqları şəxsin artıq müqavimət göstərmədiyini gördükləri üçün o, şalvarının arxa cibində olan mobil telefonunu, Təqsirləndirilən şəxs2 isə üzərində olan çantasını götürmüş və qaçaraq oradan uzaqlaşmışlar. Onlar qaçan zaman yolda Təqsirləndirilən şəxs2 baxdıqda çantanın içərisində yalnız pul kisəsinin olduğunu görmüş və pul kisəsini götürərək çantanı yerə atmışdır. Onlar qaçaraq Şamaxinka adlanan yerə gəldikdən sonra Təqsirləndirilən şəxs1 kirayə tutduğu, Xocasən qəsəbəsində yerləşən evə getmələri üçün taksiyə minmiş və yolda olan zaman Təqsirləndirilən şəxs1 onun götürdüyü Redmi 9 Note markalı mobil telefonu ondan almışdır. Onlar Xocasən dairəsinin yaxınlığında yerləşən “Rahat” marketin qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 taksini saxlatmış və onlar düşdükdən sonra Təqsirləndirilən şəxs2 pul kisəsinin içərisində bank kartlarının olduğunu deyərək, həmin bank kartları vasitəsilə marketdən ərzaq məhsulları almağı təklif etmişdir. Pul kissəsinin içərisində döydüklərin şəxsə məxsus şəxsiyyət və sürücülük vəsiqəsi olduğu üçün onlar baxdıqda həmin şəxsin Zərərçəkmiş şəxs adında biri olduğunu bilmiş və Təqsirləndirilən şəxs2 həmin sənədləri kənara tulladıqdan sonra onlar marketə daxil olmuşlar. Onlar marketə daxil olduqdan sonra bir paket siqaret almış və kassada yoxladıqda bank kartlarının yalnız birində pul olduğunu bilmişlər. Onlar bank kartında ümumilikdə nə qədər pul olduğunu bilmədikləri üçün marketdən hissə-hissə olmaqla bir neçə dəfəyə ərzaq məhsulları, siqaret, içki almış və Zərərçəkmiş şəxs məxsus bank kartından nağdsız qaydada təxminən 300 manat məbləğində pul xərcləmişlər. Onlar lazım olan məhsulları aldıqdan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş və orada aldıqları ərzaq məhsullarını yemişlər. Evdə olan zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus mobil telefonu satıb evin kirayə pulunu vermək istədiyini dedikdə onlar razılaşmış və səhər tezdən birlikdə evdən çıxaraq həm telefonu satmaq, həm də Təqsirləndirilən şəxs2 hansısa tanışı ilə görüşmələri üçün Bakı şəhərinə gəlmişlər. Onlar Bakı şəhərinə gəldikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs2 tanışı ilə görüşmüş və kafedə oturub bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs1 işinin olduğunu deyərək yanlarından ayrılmışdır. Onlar gözləsələr də, Təqsirləndirilən şəxs1 gəlməmiş və mobil telefonu olmadığı üçün onlar sonuncu ilə əlaqə saxlaya bilməmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs2la birlikdə taksiyə minərək Təqsirləndirilən şəxs1 kirayə tutduğu evə getmiş və həmin gecə onlar orada qalsalar da, Təqsirləndirilən şəxs1 evə gəlməmişdir. Səhəri gün, yəni 29 iyul 2022ci il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə evdən çıxaraq Təqsirləndirilən şəxs1 axtarmaq üçün 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmiş və orada olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq Təqsirləndirilən şəxs3 olubolmamasını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşı ona avtomobilə minməsini bildirmiş və bu zaman Təqsirləndirilən şəxs2 yanından ayrılmışdır. O, polis avtomobilinə mindikdən sonra xidmət etdiyi bölüyün komandiri, baş leytenant Toğrul Hüseynli və sonuncunun qardaşı mülki geyimdə onun yanına oturmuş və onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə gətirdikdən sonra polis əməkdaşları sənədləşmə apararaq xidmət yerinə qayıtmadığı üçün onu bölük komandirinə təhvil vermişlər. Həmin gecə bölük komandiri, baş leytenant T.Hüseynov onu xidmət etdiyi N nömrəli hərbi hissəyə aparmış və N oktyabr 2022ci il tarixdə Beyləqan rayonunun Mil qəsəbəsində yerləşən Füzuli Hərbi Prokurorluğuna aparılmışdır. O, Füzuli Hərbi Prokurorluğuna gəldikdən sonra Zərərçəkmiş şəxs şikayəti əsasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində cinayət işinin başlanıldığını, Təqsirləndirilən şəxs1la, Təqsirləndirilən şəxs2 artıq həbs edildiklərini bilmiş və həmin gün o, Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyul 2022-ci il tarixdə axşam saatlarında Masazır qəsəbəsində təşkil olunmuş məclisdə iştirak etdikdən sonra taksi ilə “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlmiş və spirtli içki qəbul etdiyi üçün yaşadığı evə piyada getmək istəmişdir. O, bir qədər piyada hərəkət edib yaxınlıqda yerləşən “Taktuni” adlı kafenin qarşısından keçdikdən sonra səkinin kənarında dayanmış 25-30 yaşlarında bir qız onu səsləyərək haraya getdiyini soruşmuş və o, nə üçün maraqlandığını soruşduqda sonuncu cinsi əlaqədə ola biləcəklərini təklif etmişdir. O, bunun harada baş tutacağını soruşduqda tanımadığı həmin qız ona arxasınca gəlməsini demiş və onu yaxınlıqda olan ağaclıq yerə aparıb orada onunla cinsi əlaqədə olmaq istəmişdir. O, həmin yerdə cinsi əlaqədə olmağa əvvəlcə tərəddüd etsə də daha sonra razılaşmış və bu zaman kimsə yüksək səslə “məhəlləmizdə qız ilə görüşürsən” dediyi üçün yanında olan qız dərhal oradan uzaqlaşmışdır. O, çevrilib arxaya baxdıqda üç nəfər cavan oğlanın ona tərəf gəldiyini görmüş və yaxnılaşdıqdan sonra həmin şəxslərdən biri sağ tərəfində, digəri sol tərəfində, üçüncüsü isə qarşısında dayanmışdır. Həmin şəxslər ondan nə üçün yaşadıqları binanın qarşısında qız ilə görüşdüyünü soruşduqda o, belə bir halın olmadığını demiş və bu zaman sol tərəfindən dayanan şəxs şalvarının arxa cibində olan, özünə məxsus “Redmi Note 9” markalı mobil telefonu götürmək istədikdə o, buna imkan verməmişdir. O, həmin şəxslərin onu qarət etmək istədiklərini başa düşdüyü üçün yalandan polis olduğunu demiş və həmin şəxslər ona inanmadığı üçün sol tərəfindən dayanan şəxs sol qolundan, sağ tərəfində dayanan şəxs isə sağ qolundan tutmuşdur. Bundan sonra sağ tərəfində dayanan şəxs alın nahiyəsindən, qarşı tərəfində dayan şəxs başından, sol tərəfində dayanan şəxs isə boyun nahiyəsindən yumruq zərbəsi vurmuş və o, müqavimətini itirib yerə yıxıldıqdan sonra sol tərəfində dayanan şəxs şalvarının arxa cibində olan mobil telefonu, sağ tərəfində dayanan şəxs isə kəmərini boyun nahiyəsinə keçirdiyi, içərisində pul kissəsinin, şəxsiyyət və sürücülük vəsiqəsinin, iki ədəd bank kartını və 30 manat pulun olduğu çantanı götürmüşdür. Bundan sonra həmin şəxslər bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq, təpik zərbələri vurmuş və bir müddət sonra o, özünə gəlib ayağa qalxdıqda həmin şəxslərin orada olmadıqlarını görmüşdür. O, bir qədər hərəkət etdikdə ona məxsus çantanın yerə atıldığını, içərisindəkilərin götürüldüyünü görmüş və taksafon vasitəsilə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayaraq baş vermiş hadisə barədə məlumat verdiyi üçün bir qədər sonra əraziyə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları onu 19-cu polis şöbəsinə gətirdikdən sonra o, baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmış və həmin gün Paşa Bankla əlaqə saxlayıb adına olan bank kartının bloklanmasını istədikdə hadisədən sonra həmin bank kartından Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Rahat” marketdən 359,18 (üç yüz əlli doqquz manat on səkkiz qəpik) manat məbləğində pul xərcləndiyini bilmişdir. Daha sonra faktla bağlı araşdırma aparılmağa başlanmış və araşdırma zamanı ona qarşı cinayət törədən şəxslərin əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduqları müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin barəsində cinayət işi başlanılmış və istintaqın gedişində o, hadisə zamanı sağ tərəfindən dayanaraq çantasını götürən şəxsin Təqsirləndirilən şəxs2, qarşısında dayanan şəxsin Təqsirləndirilən şəxs1, sol tərəfində dayanaraq mobil telefonunu götürən şəxsin isə Təqsirləndirilən şəxs3 olduğunu bilmişdir. Hazırda hər üç şəxsdən şikayətçidir və onların qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmalarını istəyir. Təqsirləndirilən şəxslərin cinayət əməlləri aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportan görünür ki, Zərərçəkmiş şəxs həmin gün saat 04:02-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə tanımadığı üç şəxsin Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 74 ünvanının qarşısında onu döyərək mobil telefonunu, pul kisəsini əlindən almaları barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Nəsimi rayonu Moskva prospekti 74 saylı binanın qarşısında üç nəfər tanımadığı şəxsin heç bir səbəb olmadan onu döyərək ona məxsus Redmi Note 9 markalı mobil telefonu, içərisində 30 manat nəğd pul, iki ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqəsinin olduğu pul kisəsini ələ keçirmələri barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cü Polis şöbəsinə məlumat vermişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 39 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci tağımının 1-ci qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsinə təyin edilmiş, əsgər Təqsirləndirilən şəxs3 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 188 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün 1-ci tağımının 1-ci qrupunda kəşfiyyatçı-heyət nəfəri vəzifəsində xidmət edən, əsgər Təqsirləndirilən şəxs3 5 günlük məzuniyyətə buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 193 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs3 növbəti məzuniyyətdən xidmət yerinə qayıtmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 225 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 03:00-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 5 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs3 həmin tarixdə ehtiyata buraxıldığına görə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmə-tibbi ekspertin xx.xx.2022-ci il tarixli 964 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “alın, boyun nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin və sağ dirsək oynağı nahiyəsinin qançırları” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmin xəsarətlərin döyülmə nəticəsində əmələ gəlməsi ekspert tərəfindən mümkün hesab edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus, hadisə zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən talanmış əmlakların dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8901 nömrəli rəyindən görünür ki, Redmi Note 9 Forest Green markalı mobil telefonun hadisə baş verən tarixə dəyəri 180 manat, üzərində iolan iki ədəd GSM nömrənin hər birinin dəyəri isə 4 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2022-ci il tarixli 2/17684 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin gün orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi satış çeklərindən görünür ki, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ələ keçirdikləri Paşa Bank bankına məxsus bank kartı vasitəsilə Rahat marketdən 359 manat 18 qəpik məbləğində ərzaq məhsulları almışlar. Cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs adına olan Paşa Bank bankına məxsus bank kartından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə həmin bank kartından nağsız qaydada 359 manat 18 qəpik məbləğində pul xərclənmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə cəzasına, Ucar Rayon Məhkəməsinin 06 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 600 manat cərimə cəzasına, Ucar Rayon Məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Şəki Rayon Məhkəməsinin 3 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Füzuli Hərbi Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir və hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş arayışa əsasən Təqsirləndirilən şəxs3 ona təyin edilmiş ictimai işlər növündə cəzadan 152 (yüz əlli iki) saatını çəkmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 7(007)- 793/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş hissəsindən (27) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər məhkəmədə işin obyektiv halları ilə uzlaşmayan ifadə verərək belə bir cinayət hadisəsini törətmədiklərini bildirmişlər. Hadisə zamanı zərərçəkmişə şəxsə yaxınlaşmaqda məqsədin sadəcə ona irad bildirmək olduğunu qeyd etsələr də, ona hansı səbəbdən xəsarət yetirdiklərini, eləcə də niyə zərərçəkmiş şəxsin üzərindəki mobil telefon və digər maddi nemət olan pul və bank kartlarını götürdüklərini ağlabatan şəkildə izah edə bilməmişlər. Məhkəmə onların bu ifadələrini qeyrisəmimi davranışlarının nəticəsi kimi qiymətləndirərək, təqsirləndirilən şəxslərin həmin cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalarının digər sübutlarla kifayət qədər əsaslı olmasını nəzərə alaraq, ittihamı təkzib edən sübut qismində qəbul etmir. İttiham olunduqları cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi onların özlərini qismən təqsirli bilmələri, iş üzrə olan zərərçəkmiş şəxsin ifadəsi, eləcə də məhkəmə ekspertiza rəyləri, müvafiq istintaq hərəkətləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq is üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, CPM-in 144-146-cı maddəsinə əsasən yuxarıda sadalan dəlilləri iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut növləri kimi qəbul edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 23-cü bəndinin tövsiyyələrində qeyd olunur ki, “Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun.” Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətin residivinin olması, həmçinin cinayəti tamah məqsədi ilə törətmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən onların cəzasını ağırlaşdıran hallardır ki, cəza təyini zamanı da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs3 cinayəti tamah məqsədi ilə törətməsi Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə kollegiyası cəza təyini zamanı bu halı vurğulamağı zəruri hesab edir ki, cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Cinayət qanunvericiliyində cinayətlərin çoxluğu termininin adı çəkilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrində cinayətlərin çoxluğuna aid olan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi və onun növləri ilə bağlı olan məsələlər tənzimlənir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən, şəxsin əməlində residivin mövcud olması üçün iki şərt tələb olunur: - şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması; - şəxsin qəsdən cinayət törətməsi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsində residivin 3 növü müəyyən olunmuşdur: sadə, təhlükəli və xüsusilə təhlükəli. Bu maddənin mənasına və mahiyyətinə görə residiv aşağıdakı əsaslara görə təsnifləşdirilmişdir: - şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterinə; - şəxsin məhkumluqlarına; - qəsdən törədilən cinayətlərin ağırlıq dərəcəsinə görə. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.4-cü maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə ictimai işlərin səkkiz saatı bərabər tutulur. Buna görə də Təqsirləndirilən şəxs3 Füzuli Hərbi Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 1-xx-xx/2023 saylı hökmü ilə təyin edilmiş 300 (üç yüz) saat ictimai işlər cəzasının çəkilməmiş 148 (yüz qırx səkkiz) saat hissəsi CM-in 68.1.4-cü maddəsinə əsasən 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi hesablanaraq hazırkı hökmlə tam birləşdirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, onlar, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müssəsində çəkməklə, cəzaçəkməsinin əvvəli 22 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi ziyan olan 592.18 (beş yüz doxsan iki manat on səkkiz qəpik) manat ödənilməmiş, bununla bağlı mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsə yuxarıda göstərilən hüquqları izah edilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə ekspertizasının aparılması ilə bağlı 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, Büdcə təsnifatı kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı (X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN № **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 1-xx-xx/2023 saylı hökmü ilə təyin edilmiş 300 (üç yüz) saat ictimai işlər cəzasının çəkilməmiş 148 (yüz qırx səkkiz) saat hissəsinin 08 (səkkiz) saatı azadlıqdan məhrum etmə cəzasının 01 (bir) günü hesab edilməklə 18 gün təşkil edir, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasıyla tam toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 19 may 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza xərci təşkil edən ümumilikdə 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Zərərçəkmiş şəxsə mülki icraat qaydasında mülki iddia verməsi izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aslan Kalbalıyev Hakimlər Camal Ramazanov Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar